______________Milli Kitabxana_____________
61
nəticəsində ehram tikmək mümkün idi. Riyazi sahədə ən böyük
nailiyyət onluq hesablama sisteminin yaradılması idi. Yazıda 1,
10, 100, 1000, 10000, 100000 bildirən işarələr tətbiq olunurdu.
Hətta milyonu bildirən işarə vardı: bu təəccübdən əllərini
qaldırmış adam şəklində təsvir olunurdu.
Həndəsə sahəsində müəyyən inkişaf vardı. Misirlilər
düzbucağın, yarım bucağın, xüsusilə bərabəryanlı üçbucağın,
trapesiyanın və dairənin səthini müəyyənləşdirə bilirdilər. Cəbr
sahəsində bir naməlum tənliyi çıxara bilirdilər. Astronomiya
sahəsində müəyyən nailiyyətlər əldə edilmişdi. Planeti ulduzdan
fərqləndirirdilər, ulduzların xəritəsini cıza bilirdilər. Misirlilər
xüsusi təqvim yaratmışdılar. İli hər bir ayı 30 gündən ibarət 12
aya bölmüşdülər. İlin sonunda 5 gün əlavə olunurdu. İl onda 365
gündən ibarət olurdu. Misir təqvim ili tropik ildən dörddə bir
sutka geriyə qalırdı. Bu fərq 120 il ərzində bir aya bərabər olurdu.
Onlar gecə-gündüzü 24 saata bölürdülər. Su və günəş saatları icad
etmişdilər.
Təbabət inkişaf tapmışdı. Diş, göz və başqa xəstəliklər
müalicə olunurdu. Misir həkimləri insanın anatomiyasına bələd
idilər. Meyitin yarılması insan orqanizminin quruluşunu
öyrənməyə imkan yaradırdı. Həkim bacardığını edirdi. Həkim
xəstəyə baxıb xəstəlik əlamətlərini və müalicə vasitələrini
müəyyənləşdirməyi bacarmalı idi. Təbabət etikası mövcud idi.
Həkim öz müalicə imkanlarını xəstəyə əvvəldən bildirməli idi və
bunu belə deməli idi: "Bu xəstəliyi mən müalicə edə bilərəm,
yaxud bu xəstəliyi mən bəlkə müalicə edə bildim, ya da xəstəliyi
mən müalicə edə bilmərəm". Cərrahlıq geniş inkişaf tapmışdı.
Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət (sivilizasiya)
mərkəzlərindən birinə çevrilmişdi. Bu sivilizasiyaya mənsub olan
dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min
il ərzində öz varlığını saxlaya bilmiş, digər ölkələrə təsir
göstərmişdi. Misir Qədim Şərqdə ən uzun ömürlü dövlətlərdən
biri olmuşdu.
Qədim Misirdə həm bədii ədəbiyyat - nağıllar, hökmdarların
öz övladlarına nəsihətləri, fəlsəfi dialoqlar, o cümlədən məşhur
«ümidi boşa çıxmışın öz ruhu ilə söhbəti» və s. geniş yayılmışdı.
|