Ermənistanda öz dədə - baba torpaqlarında yaşayan yüzlərlə soydaşımız qətlə yetirildi (tək bir Quqark rayonunda 70 nəfər azərbaycanlı öldürülmüşdü.) və
100 minlərlə azərbaycanlı Ermənistandan qovuldu. 1988-ci il dekabrın 7-də baş vermiş dəhşətli zəlzələ nəticəsində Spitak şəhərinin
yerlə - yeksan edilməsinə və bu zaman Azərbaycanın bu nankor qonşusuna ilk
kömək əlini uzatmasına baxmayaraq, ermənilər azərbaycanlılara qarşı qanlı
cinayətlərinə son vermədilər.
1988-ci ildə Ermənistandakı 185 azərbaycanlı kəndindən və digər yaşayış məntəqələrindən 230 minə yaxın azərbaycanlı qovulub çıxarılmışdı. Ermənilər rus əsgərlərinin köməyi ilə 1991-ci il avqustun 8-də bir gün
ərzində azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqəsi olan Nüvədi
kəndinin əhalisini də Ermənistandan qovdular. Beləliklə, Ermənistan
ərazisindən
Azərbaycan türklərinin deportasiyasının sonuncu mərhələsi başa çatdı və nəticədə Ermənistan ərazisində bir nəfər də olsun, azərbaycanlı
qalmadı.
SSRİ rəhbərliyi
Qarabağ məsələsinin ədalətli həllinə qətiyyən maraq
göstərmir, Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi bütün qərarlar
Azərbaycanın bu ərazi üzərində hüquqlarının daha da pozulmasına gətirib
çıxarırdı. 1989-cu il yanvar ayının 12-də SSRİ Ali Sovetinin "Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsinin yaradılması haqqında" qərarı ilə əslində bu bölgə Azərbaycanın tabeçiliyindən
çıxarılaraq birbaşa Moskvanın idarəçiliyinə verildi. Ermənipərəst Arkadi
Volskinin başçılıq etdiyi
Xüsusi İdarə Komitəsinin Azərbaycan əleyhinə
yönəlmiş fəaliyyətinin nəticələri respublikamız üçün faciəli oldu: 1) Dağlıq
Qarabağda erməni silahlı quldur dəstələrinin formalaşdırılması prosesi başa
çatdırıldı. 2) Azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələri blokadaya
alındı. 3) Stepanakertdən (Xankəndi) bütün azərbaycanlılar qovulub çıxarıldı. 4)
DQMV-dəki bütün müəssisə və təşkilatlar 6 may 1989-cu il tarixindən
Azərbaycanın tabeçiliyindən çıxarıldı.