336
2.5.5. XX ƏSR RUS MƏDƏNİYYƏTİ
Rus sovet mədəniyyəti
İnqilab Rusiya cəmiyyətinin həyatını kökündən dəyişərək ölkə tarixində yeni mərhələ, əhəmiyyətli dönüş
nöqtəsi olan sovet dövrünün başlancığını qoydu. Gətirdiyi dəyişikliklərin miqyasına və dərinliyinə görə 1917-ci
ilin oktyabr inqiqabını Rusiyanın xristianlığı qəbul etməsi, Rusiya dövlətinin yaranması və Pyotrun islahatları
ilə bir sıraya qoymaq olar. Mədəniyyətin dünya miqyaslı tərəqqisi siyasi və ictimai həyatdakı dəyişikliklərin
ayrılmaz hissəsinə çevrildi.
İnqilabdan dərhal sonra bolşevik partiyası və sovet hökuməti təhsil sistemini nəzarət altına alır. 1917-ci
ilin axırı – 1918-ci ilin əvvəlində kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında dekretlər qəbul
edilir. Xalq maarifinə rəhbərlik A.V.Lunaçarski başda olmaqla Maarif üzrə dövlət komissiyasına həvalə olunur.
1923-cü ildə «Rədd olsun savadsızlıq!» könüllü cəmiyyəti təşkil olunur.
Orta və ali ixtisas təhsilinin demokratikləşməsində əhəmiyyətli uğurlar əldə edilir. Fabrik-zavod
məktəbləri (FZM), kəndli gənclər məktəbləri (KGM) və texnikumlar ixtisaslı fəhlə və orta texniki işçi
hazırlığının kütləvi formalarına çevrilir. Fəhlə və kəndlilərin ali məktəblərə qəbulunu asanlaşdırmaq məqsədilə
1919-cu ildən başlayaraq institut və universitetlər nəzdində fəhlə fakültələri yaranır ki, onların köməyi sayəsində
həmin gənclərin bilik səviyyəsi zəruri pilləyə qaldırılır. Ali məktəblərin sayı sürətlə artır. Qəbul vaxtı «qeyri-
istismarçı» siniflərin nümayəndələri – fəhlələr və əməkçi kəndlilər üstünlüyə malik olur.
Bununla belə, təhsil sisteminin inkişafı ciddi çətinliklərlə üzləşir, müəllim qıtlığı faciəli vüsət alır –
onların əksəriyyəti inqilab illərində məhv edilmiş və ya «burjua ünsürü» kimi ölkədən qovulmuşdu. Problemi
həll etmək məqsədi ilə 1921-ci ildə Qırmızı professorlar institutu təşkil olunur. Buna baxmayaraq tədrisin
keyfiyyəti aşağı düşür.
Bolşevik dövlətinin əlində məktəb güclü ideoloji silaha çevrilir. Tədris proqramları kökündən dəyişdirilir,
onların siyahısından nəinki bərqərar olmuş siyasi rejimin xarakterinə birbaşa zidd olan fənlər (məsələn, ilahiyyat
qanunları) və hətta inqilabi ifratçılıq dalğasında «keçmişin qalıqlarına» aid edilən fəlsəfə, tarix kimi fənlər də
xaric edilir. Onların əvəzinə təhsil alan geniş gənc kütlələrdə marksist (daha doğrusu, bolşevik) dünyagörüşü
formalaşmasına xidmət edən tarixi materializm, proletar diktaturasının iqtisadi siyasəti və bu kimi fənlər daxil
edilir.
Keçmişin mədəni irsinin qorun\ub saxlanması üzrə Sovet hökumətinin yeni sovet mədəniyyətinin
təşəkkülünə yönəldilmiş təcili tədbirləri əhəmiyyətli rol oynadı, halbuki «İnqilabi kütlələrin» şüurunda keçmiş
dövr mədəniyyəti hakim sinfin məişəti ilə əlaqəsi ucbatından bəzən mənasız surətdə vəhşicəsinə məhv edilirdi
(məsələn, A.A.Blokun Şaxmatovo malikanəsi gözəl kitabxanası ilə birgə kəndlilər tərəfindən yandırılmışdı).
Kitabxana, muzey, rəsm qalereyaları, saray və malikanələrin qorunub saxlanması haqqında dekretlər qəbul edil-
di. Vətəndaş müharibəsi və ümumi viranəlik şəraitində nəhəng səylərin bahasına külli miqdarda tarixi və mədəni
abidələr qorunub saxlanıldı, halbuki böyük qismi məhv edilib puç oldu.
Sovet partiya rəhbərliyi ölkənin elmi potensialının qorunub saxlanılmasının və inkişafının zərurətini yaxşı
başa düşürdü. Yeni hakimiyyətə müsbət münasibət bəsləyən, xüsusilə təbiiyyat elmlərinin nümayəndələri olan
görkəmli alimlərin fəaliyyəti üçün şərait yaradılırdı. İlk dövrlərdə, əlbəttə müəyyən hüdudlar çərçivəsində,
onların şüurundakı bəzi siyasi azadfikirlilik belə əfv edilirdi. Onlar hələ inqilabdan qabaq başladıqları
tədqiqatları davam etdirir, vətəndaş müharibəsi və işğalın nəticələrini dəf etməklə dövlətlə əməkdaşlıq edirdilər.
Rus bitki fizioloqları elmi məktəbinin banilərindən biri, REA-nın müxbir üzvü, fotosintez, aqronomiya, elm ta-
rixi sahəsində sanballı əsərlərin müəllifi, darvinçi- təbiətşünas K.A.Timiryazev Mossovetin deputatı idi. Lenin
adına Ümumittifaq kənd təsərrüfatı elmləri Akademiyasının həqiqi üzvü, seleksiyaçı, 300-dən çox meyvə-
giləmeyvə bitki növünün müəllifi İ.V.Miçurinin fəaliyyəti kənd təsərrüfatının inkişafında böyük rol oynadı. Rus
təyyarə konstruktorları da öz işini davam etdirirdi. 1918-ci ildə Mərkəzi aerohidrodinamika institutunun əsası
qoyuldu. Onun baniləri N.Y.Jukovski və S.A.Çanlıgin idi.
Fizikada əhəmiyyətli nailiyyətlər əldə edildi. Müasir yarımkeçiricilər fizikasının banisi akademik A.F.İoffe ol-
du, onun təşəbbüsü nəticəsində Fizika-texniki institut, SSRİ EA Yarımkeçiricilər institutu və s. açıldı. 20-ci illərdə öz
tədqiqat fəaliyyətinə P.L.Kapitsa başladı, gələcəkdə o, akademik, SSRİ EA fizika problemləri institutunun banisi,
Nobel mükafatı laureatı oldu (1978-ci il).
Fizioloq İ.P.Pavlov, raket texnikası nəzəriyyəçisi K.E.Tsiolkovski, sintetik kauçuku kəşf edən kimyaçı
S.V.Lebedev, reaktiv mühərrikin kəşfinin müəllifi konstruktor F.A.Tsander, biogeokimyaçı, neosfer haqqında
nəzəriyyənin müəllifi V.İ.Vernadski öz tədqiqatlarını davam etdirirlər.
Rus elminin inkişafına Vavilov qardaşlarının gətirdiyi töhfə əvəzedilməzdir. Bioloq N.İ.Vavilov
seleksiyasının bioloji əsasları haqqında müasir elmin banisi, akademik, Lenin adına Ümumittifaq kənd
təsərrüfatı elmləri Akademiyasının ilk prezidenti idi. Fizik S.İ.Vavilov fiziki optika elmi məktəbinin banisi,
SSRİ EA-nın prezidenti idi.
337
Ölkə elminin inkişafında aparıcı rolu əvvəlki kimi Peterburq elmlər akademiyası oynayırdı – sonradan
onun adını dəyişib əvvəlcə Rusiya EA, 1925-ci ildən SSRİ EA adlandırdılar. Onun tərkibində yeni elmi-tədqiqat
institutları açılır. Bütün ölkədə filiallar, 30-cu illərin əvvəllərindən başlayaraq ittifaq respublikalarının elmlər
akademiyaları təşkil olunur.
Humanitar və ictimai elmlər sahəsində işləyən alimlərin bolşevik hakimiyyəti ilə münasibəti çətinliklə ye-
rini alırdı. Bu elmlərin ideologiya və siyasətlə qırılmaz əlaqələri səbəbindən dövlətin bu sahədə qeyri-marksist
alimlərlə əməkdaşlığı çətinliklərlə üzləşirdi. Onların əksəriyyəti xaricə getməli oldu (tarixçi, kadet partiyasının
banisi P.N.Milyukov, iqtisadçı P.B.Struve, sosioloq və filosof, sağ eserlərin lideri P.A.Sorokin, filosof
N.A.Berdyayev və bir çox başqaları). Ölkənin humanitar elmində hələ inqilabdan qabaq marksist baxışlara
tərəfdar olan alimlər görkəmli rol oynamağa başladılar. Onların arasında ən görkəmli yeri tarixçi və siyasi xa-
dim M.N.Pokrovski tutur. Pokrovski Oktyabr inqibalının iştirakçısı idi. 1918-ci ildən xalq maarif komissarının
müavini, Kommunist akademiyasının rəhbəri, qırmızı professorlar İnstitutunun rəhbəri və s. vəzifələrdə
çalışırdı. Eyni zamanda o, K.Marks nəzəriyyəsini tarixi tədqiqatda ilk dəfə tətbiq edənlər sırasında olan
görkəmli tarixçi, bütöv bir tarix elmi məktəbinin banisi idi. Pokrovskinin yanaşmaları bəzən bayağı
sosiologizmdən azad deyildi, hər halda sovet tarix elminin təşəkkülündə onun əməyi olduqca əhəmiyyətlidir.
İlk dövrlərdə bolşevik çevrilişinə mənfi münasibət bəsləyən ziyalı kütləsi vaxt ötdükcə yaranmış
vəziyyətlə barışdılar və yeni hakimiyyətlə ünsiyyət bağlamaq məcburiyyətində qaldılar. İlk əvvəl əməkdaşlıq
ölüm və ya qovulmaq təhlükəsi ilə şərtləndirilirdi. Sonradan ziyalı təbəqəsinin nümayəndələri dərk etdilər ki, nə
qədər də acı olsa, bolşeviklər hakimiyyətin sükanına möhkəm sahib olub, odur ki, sovet dövlətinə kömək etmək
onların vətənpərvər borcudur. Sovetlər ölkəsi cildinə girmiş Vətənə və xalqa xidmət onların vəzifəsidir. Hətta
inqilabi faciələr nəticəsində mühacirətə gedənlər arasında da bunu anlayanlar mövcud idi. XX əsrin 20-ci
illərinin əvvəlində Rusiyada yeni iqtisadi siyasətin genişləndiyi dövrdə mühacirət dairələrində dönüş nöqtəsi
hərəkatı vüsət alır ki, o adını 1921-1922-ci illərdə Parisdə dərc edilən «Dönüş nöqtəsi» ədəbi-siyasi
məcmuəsindən götürür. Dönüş nöqtəsi cərəyanının ideoloqları (N.V.Ustryalov və b.) bolşeviklərlə
qarşıdurmadan vaz keçib əməkdaşlığa başlamaq çağırışı ilə çıxış etdilər.
2.5.6. 20-ci illərdə rus ədəbiyyatı və incəsənəti
Oktyabr inqilabı incəsənətin inkişafına da böyük təsir etdi. Sovet hakimiyyətinin ilk illərinin ədəbi prosesi
öz mürəkkəbliyi və rəngarəngliyi ilə fərqlənir. 20-ci illərin ədəbiyyatında ən inkişaf etmiş sahə, şübhəsiz
poeziyadır. Ədəbi həyat formasına görə əksər hallarda əvvəlki kimi qalır. Əsrin əvvəlində poeziyada aparıcı rol
oynayan ədəbi dərnəklər qanlı hərcmərclik illərindən salamat çıxıb 20-ci illərdə də fəaliyyətlərini davam
etdirdilər. Onların sırasında simvolistləri, futuristləri, akmeistləri və b. göstərmək olar. Yeni dərnək və birliklər
yaranır. Lakin onların arasındakı rəqabət bədii çərçivədən çıxaraq siyasi rəng alır. Ədəbiyyatın inkişafı üçün
RAPP, «Aşırım», «Seralion qardaşları» və LEF birlikləri olduqca böyük əhəmiyyət kəsb edir.
RAPP (RPUB – Rusiya Proletar Yazıçıları Birliyi) 1925-ci ildə proletar yazıçılarının I Ümumittifaq
konfransında təşəkkül tapmışdır. RAPP-ın sələfi – 1917-ci ildə yaranmış ən kütləvi təşkilatlardan biri olan «Pro-
letkult» idi. Proletkult və RAPP-ın ideoloqlarının fikrincə hər bir incəsənət əsəri sinfi xüsusiyyətə malikdir. Ye-
ni proletar cəmiyyətinə keçmiş əsrlərin ədəbiyyatı gərək deyil, çünki proletariat tərəfindən yaradılmamışdır,
odur ki, ona zidd olan sinfi mənafeni əks etdirir. Proletkultçular Puşkini, Tolstoyu, Çaykovskini «tarixin
zibilliyinə» tullamağı təklif edirdilər. Onların fikrincə yeni, sırf proletar mədəniyyəti yaratmaq zəruri idi. RAPP
nümayəndələri yeni mədəniyyət yaratmaq cəhdlərinə ifrat ekstremizmə əl atırdılar. Onların təşkilatına daxil ol-
mayan bütün yazıçıları «sinfi düşmən» kimi gözüm çıxdıya salırdılar. RAPP-çılar tərəfindən təkcə A.Axmatova,
Z.Qippius və İ.Bunin deyil, hətta M.Qorki və V.Mayakovski kimi məşhur «inqilab tərənnümçüləri» də hücuma
məruz qalmışdı.
«Pereval» («Aşırım» - Ümumittifaq fəhlə-kəndli yazıçıları birliyi) RAPP-a qarşı ideya cəhətdən
müxalifətdə idi. Onun ideya lideri, ilk «qalın» sovet ədəbiyyat jurnalı olan «Krasnaya nova» - «Qırmızı xam
torpaq» jurnalının təsisçisi ədəbi tənqidçi A.K.Voronski idi. «Perevalçılar» (onların arasında M.Prişvin,
V.Katayev) incəsənətin qeyri-sinfi, ümumbəşəri əhəmiyyətli olması ideyasını müdafiə edir, dünyanı dərketmə
vasitəsi kimi qəbul edirdilər. Onlar iddia edirdi ki, mədəni irsi qavramadan yeni sovet mədəniyyəti təşəkkül ta-
ma bilməz. Bu iki ideya cərəyanının qarşıdurması «Perevalın» darmadağın olunması ilə nəticələndi. Voronski
ədəbi tənqidi buraxmalı və təşkil etdiyi jurnalın redaksiyasını da tərk etməli oldu. Kommunizm akademiyasında
mübahisə gedişində «Pereval» qrupunu «burjua liberalizmində» günahlandırdılar.
20-ci illərin ən maraq doğuran ədəbi birliklərindən biri də Petroqrad incəsənət evində 1921-ci ildə
yaradılmış «Serapion qardaşları» qrupu idi. Onun tərkibinə Vs.İvanov, M.Zoşşenko, K.Fedin kimi məşhur
yazıçılar daxil idi. Öz ideya mövqelərinə görə «serapionlar» «Perevala» yaxın idi. Onlar ədəbiyyatda primiti-
vizmi və ifrat sinfi yanaşmanı qəbul etmir, incəsənətin humanist dəyərlərini təsdiq edirdilər.
338
LEF – incəsənətin sol cinahını təşkil edirdi. Bu təşkilatın üzvlərinin (V.Mayakovski, N.Aseyev,
S.Eyzenşteyn və b.) mövqeləri olduqca ziddiyyətlidir. Onlar futurizmi proletar mədəniyyəti ruhunda
yenilikçiliklə uyğunlaşdıraraq, cəmiyyətdə maddi istehsalat üçün əlverişli mühitin yaranması vəzifəsinə əməli
xidmət edən fantastik «istehsalat» ideyası ilə çıxış edirdilər. İncəsənət fərdi mənbə, xəyal, psixologizmdən
məhrum olan texniki quruculuğun ünsüri kimi nəzərdən keçirilirdi. LEF nümayəndələrinin yaradıcılığı onların
irəli sürdüyü ideya mövqelərindən qat-qat geniş və hərtərəfli idi. Vladimir Vladimiroviç Mayakovski dahiyanə
şair idi (1893-1930). İnqilabçı o, bir sənətkar kimi dərk edirdi: burada onu qlobal partlayış poeziyası, köhnə
dünyanın dağılması, fəlakət alovunda yeni cəmiyyətin yaranması, bu cəmiyyətin ədalət, şüur, saflıq üzərində
qurulması cəzb edirdi. Bir futurist kimi ona yeni dünyanın qurulması ideyası yaxın idi. Onun yaradıcılığı olduq-
ca maraqlı və şübhəsiz, istedadlı idi. Sovet dövründə kütlələrin şüurunda Mayakovski surəti təhrif edilmişdi.
Şairin irsi məhdud, birtərəfli nəzərdən keçirilirdi – onun simasında yalnız «təşviqatçı, gursəsli adam»
görürdülər, çox vaxt unudurdular ki, inqilabi mübarizəni tərənnüm edən əsrlərdən («sol marş», «Vladimir İliç
Lenin», «Yaxşı») başqa onun bir neçə gözəl lirik şer və poeması (məsələn, «Şalvarlı bulud») var.
O dövrün daha bir dahi şairinin Sergey Aleksandroviç Yeseninin yaradıcılığını ədəbi cərəyanların sərt
çərçivəsinə yerləşdirmək mümkün deyil. Hər hansı gerçək istedadın labüd xüsusiyyəti – onun hərtərəfliliyi və
vüsətidir. Dəfələrlə onun imajistlərə (fransızca image - surətdir) yaxınlığı qeyd edilirdi. Onlar üçün «surətin
məzmun üzərində qələbəsinə» meyl səciyyəvi idi. İmajinist şer aydın məna kəsb etməyə də bilərdi, lakin ədəbi
surətlərlə zəngin olması idi. İmajinizm S.Yeseninin yaradıcılığının yalnız bir məsələsini təşkil edirdi. Yesenin
poeziyasının incə, lirik surətləri heç bir zaman dəqiq, dərin mənadan məhrum olmamışdır.
O öz əsərlərini kəndli Rusiyasına həsr edir, onun mənzərə lirikası («Radunitsa», «Kənd dua kitabı»
məcmuələri) olduqca təmtəraqlıdır. Şairin diqqətini onun üçün müasir olan ictimai gerçəklik də («İyirmi altılar
haqqında ballada», «Anna Snegina» poemaları) cəlb edirdi.
Anna Andreyevna Axmatova (əsl soyadı Qorenko, 1889-1966) yaradıcılığı mədəniyyətdə görkəmli, sözün
əsl mənasında dünya əhəmiyyətli hadisə oldu. Axmatova lirikasında qadın taleyini məhəbbət, naməlum
həyəcanların ucbatından əzab, cəfalı şair kimi hər cəhətdən tərənnüm edən qadın surəti öz əksini tapmışdır
(«Axşam» 1912-ci il, «Təsbeh» 1914-cü il). Axmatovanın əsərləri üçün dərin psixologizm səciyyəvidir, onun
nəzm dili klassik üsluba meyllidir. Axmatovanın A.S.Puşkin yaradıcılığına məftunluğu da təsadüfi deyil. Axmato-
va poeziyasında Rusiyanın taleyi mövzusu güclüdür, ölkənin faciəsi şairə tərəfindən şəxsi ürək ağrısı, öz taleyinin
faciəsi kimi qəbul edilir («Rekviyem» 1940).
XX əsr rus ədəbiyyatının inkişafı üçün «kənd» şairləri V.Y.Brüsovun, E.Q.Baqritskinin, O.E.Mandelştamın,
B.L.Pasternakın, D.Bednının poeziya yaradıcılığı böyük əhəmiyyət kəsb etmişdir. Onların parlaq nümayəndəsi
Yeseninin dostu N.A.Klüyev idi. İnqilabı qəbul etməmiş və ölkəni tərk etmiş şair və yazıçıların yaradıcılığı ölkə
ədəbiyyatı tarixində xüsusi səhifədə həkk edilmişdir. Onların arasında M.İ.Tsvetayeva, Z.N.Qippius, İ.A.Bunin,
A.N.Tolstoy, V.V.Nabokov kimilərinin adları var. Onlardan bəziləri (Tsvetayeva, Toletoy) qürbətdə yaşamağı
özləri üçün dözülməz hesab edərək sonradan geri qayıtdılar.
20-ci illərdə yazıçı-nasirlər külli sayda maraqlı əsərlər yaratdılar. O dövrün bədii nəsr əsərləri həm üslub-
ca, həm də mövzu zənginliyinə görə müxtəlifdir. Hələ inqilabdan qabaq məşhurlaşmış ustadların əsərləri
(V.Q.Korolenko - «Müasirimin tarixçəsi», 1921-ci il; A.N.Toletoy - «Əzablı yollarla», 1921-ci il; M.Qorki -
«Artamonovların işi», 1925-ci il, «Klim Samginin həyatı» 1925-36-cı illər), həm də artıq sovet dövründə
ədəbiyyata gerçəkdən daxil olmuş yazıçıların əsərləri (D.A.Furmanov «Çarayev» 1923-cü il, A.A.Fadeyev
«Tarmar» 1927-ci il, M.A.Bulqakov «Ağ qvardiya» 1925-ci il) realist roman nümunələridir. 20-ci illərdə
M.A.Şoloxovun ədəbi fəaliyyəti başlanır («Don hekayələri», 1926-cı il).
Ədəbiyyatda modernist meyllər «Biz» fantastik antiutopiya romanının (1924-cü il) müəllifi
Y.İ.Zamyatinin yaradıcılığında təzahür edir. Müəllif insan həyatının simasızlaşdırılması və hərtərəfli nəzarət
üzərində qurulmuş «Vahid dövlət» adlanan ölkənin totalitar cəmiyyətinin həyatını təsvir edir. B.Piliyakın
(B.A.Voqay) «Çılpaq il» (1923) romanı da modernizm üslubunda yazılmışdır.
20-ci illərdə rus təsviri sənəti çiçəklənmə dövrünü yaşayır. Elə qənaətə gəlmək olardı ki, inqilabi
sarsıntılar, vətəndaş müharibəsi, aclıq və hərcmərcliklə mübarizə bədii yaradıcılığın fəallığını azaltmalı idi,
həqiqətdə isə onun üçün yeni təkan rolunu oynadı. Rus avanqardının inkişafı parlaq uğurlarla qeyd olundu, onun
tanınmış sənətkarları (P.N.Filonov, K.S.Maleviç) sovet dövründə də yüksək məhsuldarlıqla öz fəaliyyətini da-
vam etdirir.
Yeni yaradıcı birliklər meydana gəlir. 1922-ci ildə 20-ci illər sovet incəsənətinin ən kütləvi təşkilatı –
«Səyyar rəssamlar birliyi», «Rusiya rəssamlar ittifaqı» və başqalarının birləşməsi nəticəsində yaranan «İnqilabi
Rusiya rəssamlar birliyi» təşəkkül tapır (İRRB). İRRB rəssamları «Sənət sənət üçün» şüarının əleyhinə çıxış
edir, incəsənətdə solçu cərəyanlarla mübarizə edir, inqilabi Rusiyanın həyatını təsvir etməyi öz başlıca vəzifəsi
hesab edirdilər. İRRB üzvləri sırasında çoxlu istedadlı rəssam var idi. A.A.Rılovu sovet mənzərə janrının banisi
sayırlar, onun realist yaradıcılığı romantik çalarlarla zəngindir. Onun parlaq yay səhərini, soyuq mavi işıq saçan
dənizi, üfüqdə yelkənli gəmini və ön planda süzən qu quşlarını təsvir edən «Mavi genişlikdə» (1918) mənzərə
əsəri geniş şöhrət qazanıb. Peyzaj ustası, rəssam, qrafik, teatr rəssamı K.F.Yuonun yaradıcılıq üslubunda im-
339
pressionizm cizgiləri rus pealizminin ənənələri ilə birləşir («Günbəz və qaranquşlar. Troitsa-Sergiy məbədinin
Uspenye kilsəsi» 1921-ci il, «Kremlə daxil olmamışdan qabaq. Nikolski darvazası 2(15) oktyabr 1917-ci ildə»,
1926-cı il).
İRRB rəssamlarının yaradıcılığında tarixi-inqilabi mövzular geniş yer tuturdu. Rəngkarlıqda
«Leniniananın» yaradıcısı İ.İ.Brodski idi. İdeoloji istiqamətindən asılı olmayaraq Brodskinin bəzi əsərləri,
şübhəsiz, yüksək bədii dəyərə malikdir («V.İ.Lenin Smolnıda» 1930). Brodski yaradıcılığı sovet incəsənətində
rəsmi istiqaməti tərənnüm edir. Sovet döyüş səhnələrinin banisi M.B.Qrekov oldu («Taçanka» 1925-ci il, Birin-
ci Suvari Ordunun şeypurçuları, 1934-cü il).
1924-cü ildə «Mavi qızılgül» və «İncəsənət aləmi» birliklərinin sabiq üzvləri «4 sənət» yaradıcılıq qrupu-
nu təşkil etdilər ki, buraya rəssam və qrafiklərlə yanaşı memarlar və heykəltəraşlar da daxil idi. Bu qrupun
tərkibində görkəmli rəssam K.S.Petrov-Vodkin fəaliyyət göstərirdi. Bu rəssamın ilkin İntibah dövrü təsviri
sənətinə və qədim rus ikona sənətinə aludə olması onun fərdi dəst-xəttinə böyük təsir göstərdi. Bu rəssamın
yaradıcılığı üçün («Qırmızı atın çimməsi» 1912-ci il, «Komissarın vəfatı» 1928-ci il) cəsarətli kolorit seçmə
səciyyəvidir. Ana mövzusuna həsr etdiyi əsərlərdə («Ana» 1915-ci il, «Petroqradda 1918-ci il», 1920) İsanın
anası Məryəm surətinin təsiri duyulur.
1925-ci ildə Moskvada VXUTEMAS-ın son kurs tələbələri «Dəzgahçılar cəmiyyətini» (OST) yaratdılar.
Onun üzvləri məzmunsuz incəsənət əleyhinə çıxış edirdilər, eyni zamanda İRRB-nin ənənəvi realizmini də
qəbul etmirdilər. Hər ikisinə qarşı ifadə vasitələri impressionizmə yaxın olan, eyni zamanda plakat və ya
əzəmətli təsvir janrını xatırladan «yeniləşmiş realizmi» irəli sürürdülər. OST-un parlaq nümayəndələri
A.A.Deyneka idi («Petroqradın müdafiəsi» 1928-ci il).
Vətəndaş müharibəsi, xarici işğal, ölkənin sonrakı bərpası illərində ideoloji mübarizə aləti kimi plakat
böyük şöhrət qazandı. Yığcam plakat qrafikası hətta savadsız adamın dərk etməsi üçün asan formada təşviqat
aparmağa imkan yaradırdı. D.S.Moor (Orlov) görkəmli sovet qrafiki idi. Öz təsir gücünə görə heyrətamiz «Sən
könüllü yazılmısanmı?» 1920-ci il və "Kömək et" (1921-ci il) plakatları ona məxsusdur. Özünü həm dahi şair,
həm də istedadlı rəssam kimi göstərmiş V.V.Mayakovski siyasi plakata çoxlu əmək sərf etmişdir. Başqa
rəssamlarla (o cümlədən, Moorla) birgə Mayakovski «ROSTA (RTA-Rusiya teleqraf agentliyi) satira guşələri
tərtib etmişdir. «RTA guşələrində» trafaret üsulu ilə çoxaldılan qrafik rəsmlərin və satirik şer formasında
mətnlərin köməyi ilə cəbhədə vəziyyət haqqında ən canlı xəbərlər geniş kütlələrə çatdırılır, inqilabi təşviqat
aparılırdı.
Leninin 1918-ci ildə qəbul edilmiş əzəmətli təbliğat planı heykəltəraşlığın inkişafı üçün böyük əhəmiyyət
kəsb edirdi. Bu plana uyğun olaraq bütün ölkədə yeni inqilabi dəyərləri təbliğ edən abidələr qoyulmalı idi. Bu
işə N.A.Andreyev (sonralar heykəltəraşlıqda Leniniananın yaradıcısı), A.T.Matveyev, V.İ.Muxina kimi
görkəmli heykəltəraşlar cəlb edilmişdi. İ.D.Şadr görkəmli sovet heykəltəraşı idi. 20-ci illərin əvvəlində o, yeni
sovet dövrünün ümumiləşmiş tipaj surətlərini – «Kəndli», «Əkinçi», «Fəhlə», «Qızıl ordu əsgəri»ni yaratdı.
20-ci illərdə memarlıqda konstruktivizm üslubu hökm sürürdü. Qərbdə məşhur memar Le Korbüzye kon-
struktivizmin qanunlarını işləyib hazırlamışdı. Vesnin qardaşlarının layihələri sovet konstruktivizm memarlığına
nümunə gətirilə bilər. Onlardan ən əzəmətlisi – Əmək sarayı həyata keçməsə də ölkə memarlığının inkişafına
mühüm təsir göstərdi.
İnqilab nəhəng yaradıcı qüvvələri də kənar etdi. Bu, ölkənin teatr sənətinin inkişafında da özünü büruzə
verdi. qocaman aktyor nəslinin fəaliyyəti davam edən ənənəvi teatrla (M.N.Yermolova, A.M.Yujin,
A.A.Ostujev, V.İ.Kaçalov, O.L. Knipper-Çexova) yanaşı yenilikçilik ruhu və yaradıcı axtarışla zəngin yeni inqi-
labi teatr meydana gəlir. V.E.Meyerxoldun rəhbərlik etdiyi teatr (hazırda Meyerxold adına teatr) üçün yeni
səhnə ifadə formalarının axtarışı səciyyəvidir. Bu teatrın səhnəsində V.Mayakovskinin «Misteriya-buff» (1921),
«Taxtabiti» (1929) və b. səhnələşdirilmişdi. Meyerxoldun tamaşaları üçün mənzərə zənginliyi, ictimai kəskinlik
səciyyəvidir. MXAT-ın 3-cü studiyasının rejissoru Y.V.Vaxtanqovun teatrın inkişafında böyük əməyi olmuşdur:
Kamera teatrının təşkilatçısı və rəhbəri, səhnə sənətinin islahatçısı A.Y.Tahirov idi.
20-ci illərin mədəniyyət tarixində ən əhəmiyyətli və maraqlı hadisələrindən biri sovet
kinematoqrafiyasının inkişafının başlancığı idi. Lenin geniş xalq kütlələrinə kinematoqraf vasitəsi ilə güclü təsir
imkanlarının mövcudluğunu dərk etmişdi. O yazırdı: «Bizim üçün sənətlərdən ən başlıcası kinodur». Plakatla
yanaşı ideoloji mübarizə və təşviqatın ən təsirli alətinə çevrilmiş sənədli kino inkişaf etməyə başlayır. Sergey
Mixayloviç Eyzenşteynin (1898-1948) «Zirehli Potyomkin gəmisi» filmi bədii film kinematoqrafiyasının
inkişafında mühüm mərhələ olaraq (1925), dünya filmlərinin şah əsərləri sırasına daxil olur.
2.5.7. 30-cu illərdə rus mədəniyyəti
İnqilab illərində və sonrakı dövrdə mədəniyyətə böyük ziyan dəydi: görkəmli yazıçı, rəssam, alimlərin
böyük hissəsi ölkəni tərk etməyə məcbur oldu və ya məhv edildi. Memarlıq abidələri dağıdıldı: təkcə 30-cu
340
illərdə Moskvada Suxarev qülləsi, xilaskar Xristov məbədi, Kremldə Çudov məbədi, Qırmızı (Qızıl) darvaza və
yüzlərlə adsız şəhər və kənd kilsələri məhv edildi, onların əksəriyyəti tarixi və bədii dəyərə malik idi.
Eyni zamanda mədəni inişkafın bir çox sahələrində əhəmiyyətli uğurlar qazanıldı. Buraya ilk növbədə
təhsil sahəsi aiddir. Sovet dövlətinin planlı səylərinin nəticəsində Rusiya əhalisinin savadlı hissəsi durmadan
genişlənirdi. 1939-cu ildə RSFSR-də savadlıların sayı artıb 89% təşkil edirdi. 1930/31-ci dərs ilindən başlayaraq
icbari ibtidai təhsil tətbiq edilirdi. Bundan başqa, 30-cu illərdə sovet məktəbi tədricən özünü doğrultmamış bir
çox inqilabi yeniliklərdən imtina etdi – sinif-dərs sistemi bərpa olundu, «burjua» proqramları kimi xaric edilmiş
fənlər (ümumi və Vətən tarixi ilk növbədə) cədvəldə yerini tutdu. 30-cu illərin əvvəlindən başlayaraq texniki-
mühəndis, kənd təsərrüfatı və pedaqoji kadrlar hazırlamaqla məşğul olan tədris müəssisələrinin sayı sürətlə artır.
1936-cı ildə ali təhsil üzrə Ümmittifaq komitə yaradılır.
Ədəbiyyatda vəziyyət əhəmiyyətli surətdə dəyişir. 30-cu illərdə azad yaradıcı dərnək və qrupların
mövcudluğuna son qoyulur. ÜİK(b)P MK-nın 1932-ci il 23 aprel tarixli «Ədəbi-bədii təşkilşatların yenidən
qurulması haqqında» qərarına əsasən RAPP ləğv edilir. 1934-cü ildə sovet yazıçılarının I ümumittifaq
qurultayında «Yazıçılar İttifaqı» təşkil olunur və onun tərkibinə ədəbi fəaliyyətlə məşğul olanların hamısı daxil
olmaq məcburiyyətində qalır. Yazıçılar İttifaqı hakimiyyətin yaradıcılıq prosesinə hərcəhətli nəzarət alətinə çe-
vrilir. İttifaqın üzvü olmamaq mümkün deyildi, əks halda yazıçı əsərlərini dərc etməkdən məhrum olurdu,
habelə onu «müftəxor» kimi cinayət cəzasına məhkum etmək olardı. Bu təşkilatın özəyində M.Qorki durdu, la-
kin onun sədrliyi uzun sürmədi. Onun 1936-cı ildə vəfatından sonra bütün Stalin dövrü gedişində sədr vəzifəsini
icra edən (1956-cı ildə həyatına qəsd etmişdir) A.A.Fadeyev təyin edildi. Yazıçılar İttifaqından başqa digər
«yaradıcılıq» ittifaqları- «Rəssamlar İttifaqı», «Memarlar İttifaqı», «Bəstəkarlar İttifaqı» yaradıldı. Sovet
incəsənətində yeksənəklik dövrü başlandı.
Təşkilati unifikasiyanı (vahid şəkilə salınmanı) həyata keçirmiş Stalin rejimi üslubi və ideoloji unifika-
siyaya da girişdi. 1936-cı ildə «formalizm haqqında mübahisə» vüsət aldı. «Mübahisənin» gedişində estetik
müddəaları «sosialist realizmindən» fərqlənən yaradıcı ziyalı təbəqənin nümayəndələrini kobud tənqid vasitəsi
ilə gözümçıxdıya saldılar. Simvolistlər, futuristlər, imajinistlər və başqaları təhqiramiz hücum qasırğasının
təzyiqinə məruz qaldılar. Onları «formalist oyunbazlıqda» ittiham edir, sübut etməyə çalışırdılar ki, onların
incəsənəti sovet xalqına lazım deyil, həmin incəsənətin kökləri sosializmə düşmən olan dayaqlara əsaslanır.
«Yadların» siyahısına bəstəkar D.Şostakoviç, rejissor S.Eyzenşteyn, yazıçılar B.Pasternak, Y.Oleşa və başqaları
daxil edilmişdi. Mətbuatda «Musiqi əvəzinə qarma-qarışıqlıq», «Balet uydurması», «cızma-qaraçı rəssamlar
haqqında» başlıqları altında məqalələr dərc edildi. Əslində «formalizmlə mübarizənin» məqsədi hakimiyyətə
nökərçilik etməyən istedadları məhv etmək idi. Bir çox incəsənət xadimləri repressiya qurbanları oldu.
Yuxarıda qeyd edildiyi kimi ədəbiyyatda, təsviri sənətdə və incəsənətin digər növlərində «sosialist realiz-
mi» adlanan üslub hakim mövqe tutdu. Bu üslubun əsil realizmlə cüzi oxşarlığı var idi. Zahiri «sima
bənzəyişinə» baxmayaraq o, həqiqi gerçəkliyi əks etdirmirdi, rəsmi ideologiya nöqteyi-nəzərindən olacağı
gerçəklik kimi qələmə verirdi. Kommunist əxlaqının ciddi çərçivəsi hüdudlarına cəmiyyətin tərbiyə edilməsi
vəzifəsi incəsənətin boynuna qoyulmuşdu. Əməkçi ruh yüksəkliyi Lenin-Stalin ideyalarına sədaqət, bolşevik
prinsipiallığı - o dövrün rəsmi incəsənt əsərlərinin qəhrəmanlarının həyatının məzmunun təşkil edirdi. Əslində
gerçəklik qat-qat mürəkkəb idi və bütövlükdə təntənə ilə elan edilən idealdan uzaq idi.
Sosialist realizminin ideya çərçivəsinin məhdudluğu sovet ədəbiyyatının inkişafında ciddi maneəyə çe-
vrildi. Buna baxmayaraq 30-cu illərdə rus mədəniyyəti tarixində yer almış bir neçə görkəmli əsər meydana gəlir.
Həmin illərin rəsmi ədəbiyyatının ən iri miqyaslı siması Mixail Aleksandroviç Şoloxov (1905-1984) idi. Onun
ən görkəmli əsəri Birinci dünya müharibəsi və vətəndaş müharibəsi illərində Don kazaklarından bəhs edən «Sa-
kit Don» romanı idi. «Oyanmış torpaq» romanı Don boyunda kollektivləşməyə həsr edilmişdir. Zahirən sosialist
realizmi sərhədlərindən kənara çıxmayan Şoloxov baş vermiş hadisələrin həcmli surətini yaratmağa, inqilabdan
sonra Don boyu kazaklar arasında vüsət almış qardaş qırğını faciəsini göstərməyə nail oldu. Sovet tənqidçiləri
Şoloxovun şöhrətini göylərə ucaltmışdı. Onun ədəbi fəaliyyəti Dövlət və Lenin mükafatlarına layiq görülmüş,
ona iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, SSRİ EA-na həqiqi üzv seçilmişdi. Şoloxovun yaradıcılığı
ümumdünya nüfuzu qazandı – yazıçı xidmətlərinə görə Nobel mükafatına (1965) layiq görüldü.
Otuzuncu illərdə M.Qorki öz son roman-epopeyası olan «Klim Samginin həyatı» əsərini tamamlayır.
L.M.Lernovun nəsr əsərləri üçün («Oğru» 1927-ci il, «Sot» 1930-cu il) məcazilik, fəlsəfi dərinlik səciyyəvidir.
«Polad necə bərkidi» romanının (1934) müəllifi N.A.Ostrovskinin yaradıcılığı olduqca böyük nüfuza malik idi.
Əsər Sovet hakimiyyətinin təşəkkül tapmasına həsr edilmişdi. Əsərin baş qəhrəmanı Pavka Korçagin yanar
qəlbli komsomolçu nümunəsi idi. N.Ostrovski yaradıcılığında sovet ədəbiyyatının tərbiyəvi vəzifəsi özünü
büruzə verdi. ideal personaj olan Pavka sovet gənclərinin geniş kütlələri üçün həyatda nümunə oldu.
A.N.Tolstoy sovet tarixi romanının klassiki oldu ("I Pyotr" 1929-1945-ci il). İyirminci-otuzuncu illər uşaq
ədəbiyyatının çiçəklənmə dövrüdür. K.İ.Çukovskinin, S.Y.Marşakın, A.P.Qaydarın, S.V.Mixalkovun,
A.L.Bartonun, V.A.Kaverinin, L.A.Kassilin, V.P.Katayevin əsərlərini sevə-sevə oxuyan adamlarının bir neçə
nəsli böyüyüb boya çatmışdır.
341
İdeoloji diktatorluq və ucdantutma nəzarətə baxmayaraq, azad ədəbiyyat da inkişaf etməkdə davam edirdi.
Stalin təbliğatına istedadlarını qurban vermək istəməyən, əsərlərinin nəşrinə ümid bəsləməyən yazıçılar repres-
siya qorxusu altında, rejimə sadiq tənqid atəşi altında yaradıcılığı davam edirdilər. Onlardan əksəriyyəti
əsərlərinin nəşrini görmədilər, bu onların vəfatından sonra baş verdi.
Sovet tənqidçilərinin təqibinə məruz qalan M.A.Bulqakov 1928-ci ildə nəşr edilməyə gümanı belə olma-
dan özünün şah əsərini – «Ustad və Marqarita» romanını yazmağa başlayır. Roman üzərində iş yazıçının 1940-
cı ildə vəfatına qədər davam edir. Əsər yalnız 1966-cı ildə nəşr olundu. Bundan daha gec, 80-ci illərin sonunda
A.P.Platonovun (Klimentov) «Çevenqur», «Çala», «Yuvenil dənizi» əsərləri çapa buraxıldı. Şairlər
A.A.Axmatova, B.L.Pasternak masa yeşiyində qalaqlanan əsərlər yaradırdı. Osip Emilyeviç Mandelştamın
(1891-1938) taleyi faciəli oldu. Qeyri-adi nəzm qüdrətinə və böyük təsvir dəqiqliyinə malik olan şair, vaxtı ilə
Oktyabr inqilabını qəbul etmiş, lakin Stalin cəmiyyətində yaşamağa öyrənməmiş ədiblər qəbiləsindən idi. 1938-
ci ildə o, repressiyaya məruz qalaraq məhv edildi.
30-cu illərdə Sovet İttifaqı digər ölkələrlə tədricən münasibətləri qırır, xariclə əlaqələr heçə endirilir,
xaricdən hər hansı informasiyanın daxil olması sərt nəzarətə götürülür. Külli sayda rus ədibləri «Polad örtük»
arxasında qalır, oxucu kütləsindən məhrum olmuş, həyatını qura bilməmiş, ruhi sarsıntı içində olan bu yazıçılar
heç nəyə baxmadan yazıb-yaradırlar. Onların əsərlərində qeyb olmuş Rusiya üçün qüssə duyulur. İvan Alek-
seyeviç Bunin (1870-1935) görkəmli şair və yazıçı idi. Bunin lap əzəldən inqilabı qəbul etmədi və Fransaya
mühacirətə getdi, həyatının ikinci yarısı orada keçdi. Buninin nəsr əsərləri gözəl dili və xüsusi lirikası ilə
fərqlənir. Mühacirətdə o, özünün ən gözəl əsərlərini yaratmışdır, burada inqilabdan əvvəlki, zadəgan-malikanə
Rusiyası təsvir olunur, həmin illərdə rus həyatının abu-havası heyrətamiz surətdə əks edilir. «Mityanın
məhəbbəti» povesti, müəllifin tərcümeyi-halına aid «Arsenyevin həyatı» romanı, «Tutqun xiyabanlar» hekayə
məcmuəsi onun yaradıcılığının şah əsərləridir. 1933-cü ildə o, Nobel mükafatına layiq görüldü.
Təsviri sənətdə sosialist realizmin klassik əsərlərini B.V.İoqanson yaratmışdır. 1933-cü ildə
«Kommunistlərin istintaqı» əsərini yaradır. Həmin dövrdə rəhbəri mədz edən və ya S.Gerasimovun «Kolxoz
bayramı» kimi nikbin ruhda yaradılmış «əsərlərdən» fərqli olaraq İoqansonun əsəri güclü bədii təsiri ilə seçilir –
rəssam ustalıqla ölümə məhkum insanların yenilməz iradəsini təsvir edir, siyasi əqidəsindən asılı olmadaq hər
bir tamaşaçının qəlbində iz buraxır. «Qədim Ural zavodunda» və «V.İ.Leninin komsomolun 3-cü qurultayında
çıxışı» kimi iri həcmli əsərlər də İoqansonun fırçasından çıxmışdır. 30-cu illərdə K.S.Petrov-Vodkin,
P.P.Konçalovski, A.A.Deyneka yaradıcılığını davam etdirir, M.V.Nesterov müasirlərinin gözəl portretlərini
yaradır. M.V.Nesterovun şagirdi P.D.Korinin yaradıcılığı maraq doğurur. 1925-ci ildə Korin dəfn zamanı xaç
yürüşünü təsvir edən böyük rəsm əsəri yaratmaq fikrinə düşdü. Rəssam külli miqdarda ilkin etüdlər-mənzərələr,
dilənçilərdən tutmuş yepiskop rütbəsi keşişinə qədər pravoslav Rusiyasının nümayəndələrinin çoxlu sayda
portretlərini yaratdı. M.Qorki əsərə «Qeybə çəkilən Rusiya» kimi ad təklif etdi. Lakin rəssama hamilik edən
dahi yazıçının vəfatından sonra iş dayandı. P.D.Korinin ən məşhur əsəri – «Aleksandr Nevski» triptixidir
(1942).
Vera İqnatyeva Muxinanın (1889-1953) «Fəhlə və kolxozçu qadın» kompoziyası sosialist realizmi
heykəltəraşlığı inkişafının şah əsəridir. Bu heykəltəraşlıq qrupunu V.İ.Muxina 1937-ci ildə Parisdə keçirilən
ümumdünya sərgisinin Sovet pavilyonu üçün işləyib hazırlamışdı.
30-cu illərin əvvəlində memarlıqda başlıca mövqeyi ictimai və yaşayış binalarının tikintisində geniş
istifadə edilən konstruktivizm tutur. Konstruktivizm üçün səciyyəvi olan sadə həndəsi formaların estetikası
1930-cu ildə A.V.Şusevin layihəsi üzrə tikilmiş Lenin Mavzoleyinin memarlığına da öz təsirini göstərdi. Mav-
zoley özünəməxsus surətdə görkəmlidir. Memar lazımsız təmtəraqdan uzaqlaşmağa nail oldu. 30-cu illərin so-
nunda konstruktivizmin funksional sadəliyi tədricən neoklassika ilə əvəz edilir. Dəbdəbəli yapma, saxta klassik
başlıqlı nəhəng sütunlar dəbə minir, nəhəng formalara və çox vaxt zövqsüzlüyü nəzərə çarpan tərtibat,
zənginliyə meyl təzahür edir. Bu üslubu bəzən «Stalin ampiri» adlandırırlar, halbuki həqiqi ampir üçün ən əvvəl
daxili tarazlıq və təvazökar formalar səciyyəvidir, bu üslublar arasında antik irslə təkcə genetik əlaqə sezmək
mümkündür. Stalin neoklassikasının bəzən bayağı görünən dəbdəbəliyi totalitar dövlətin güc və qüdrətini ifadə
etməyə xidmət edirdi.
Kinematoqraf sürətlə inkişaf edir, çəkilən filmlərin sayı artır. Səsli kinonun meydana gəlməsi ilə yeni im-
kanlar yaranır. 1938-ci ildə S.Eyzenşteynin «Aleksadr Nevski» filmi ekrana çıxır, baş rolu N.K.Çerkasov
oynayır. Kinoda sosialist realizmi qanunları bərqərar olur. İnqilabi mövzuda filmlər çəkilir: «Lenin Oktyabrda»
(rej.M.İ.Romm), «Silahlı adam» (rej.S.İ.Yutkeviç); əməkçi insan taleyi haqqında – Maksim haqqında trilogiya
«Maksimin gəncliyi», «Maksimin qayıdışı», «Vıborq tərəfi» (rej.Q.M.Kozintsev); komediyalar: «Şən uşaqlar»,
«Volqa-Volqa» (rej.S.A.Gerasimov), «Donuza baxan qadın və çoban» (rej.İ.A.Pıryev) kimi filmlər
ekranlaşdırılır. Q.N. və S.D. qardaşlarının (əslində onlar qardaş deyil, həmsoyad idi, bundan bir növ təxəllüs
kimi istifadə edirdilər) «Çapayev» filmi (1934) geniş nüfuz qazanmışdı.
30-cu illər sovet elmi üçün olduqca ağır oldu. Bir tərəfdən SSRİ-də geniş miqyaslı tədqiqat proqramları
həyata keçirilir, yeni elmi-tədqiqat institutları yaradılırdı: 1934-cü ildə S.İ.Vavilov P.N.Lebedev adına Fizika
institutunu (EA-ın nəzdində) təsis edir (FİAN), elə həmin vaxtda üzvi kimya institutu yaradılır, Moskvada
342
P.L.Kapitsa fiziki problemlər institutunu təsis edir, 1937-ci ildə Geofizika institutu yaranır. Fizioloq İ.P.Pavlov,
seleksiyaçı İ.V.Miçurin tədqiqatlarını davam etdirir. Sovet alimlərinin fəaliyyəti nəticəsində həm fundamental
elmlər, həm də tətbiqi elmlər sahəsində çoxsaylı kəşflər meydana gəlir. Tarix elmi bərpa dövrünü yaşayır. Qeyd
edildiyi kimi, ali və orta məktəbdə tarix fənni yenidən tədris olunur. SSRİ EA nəzdində elmi-tədqiqat tarix insti-
tutu yaranır. 30-cu illərdə akademik B.D.Qrekov – orta əsrlər Rusiyası tarixindən əsərlərin müəllifi («Kiyev
Rusiyası», «Rusiya kəndliləri qədim dövrlərdən XVIII əsrə qədər» və b.), Avropa ölkələrinin, ilk növbədə Na-
poleon Fransasının yeni tarixinə yaxşı bələd olan akademik Y.V.Tarle («İnqilab dövründə Fransada fəhlə sinfi»,
«Napoleon» və b.) kimi görkəmli sovet alimləri fəaliyyət göstərir.
Eyni zamanda Stalin totalitar rejimi elmi biliklərin normal inkişafına qarşı ciddi maneələr yaradır. Bioloq,
sovet genetikasının banisi, akademik, ÜİKTEA-nın prezidenti N.İ.Vavilov, alim, raket texnikası konstruktoru,
gələcəkdə iki dəfə Sosialist Əməyi Qəhrəmanı S.P.Korolyov və bir çox alimlər repressiyaya uğrayır.
Repressiyalar ölkənin zehni ehtiyatlarına ağır zərbə endirdi. Sovet dövlətinə vicdanla xidmət edən köhnə,
inqilabdan əvvəlki ziyalılar xüsusilə böyük ziyan çəkdilər. Ölkədə Stalin şəxsiyyətinə pərəstiş bərqərar oldu.
Dostları ilə paylaş: |