Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

MUSİQİ.  Qərbi Avropa kilsə musiqisinin kökləri IV - V əsrlərə aid olsa da VII əsrdə bu sahədə yeni 
üslub – qriqorian xor nəğmələri formalaşdı. Çoxsəsli musiqi VII - IX əsrdə inkişaf etsə də XII əsrdə püxtələşdi. 
Qriqorian musiqisi cəmi 2 xətt üzərində xüsusi nevmlərlə işarələnirdi. XI əsrdə musiqi nəzəriyyəçisi və ifaçısı 
Qvido not yazısı sahəsində çevriliş etdi. O, xəttlərin sayını 4 - ə çatdırdı. Peşəkar kübar musiqisinin 
çiçəklənməsi isə XII - XIII əsrlərə aiddir.  
Beləliklə, özünəməxsusluğu, orijinallığı, bəzən hətta ziddiyyətli olması ilə seçilən orta əsr Qərbi Avropa 
mədəniyyətinin bətnindən yeni dövrün – İntibah dövrünün parlaq və cazibəli mədəniyyəti yetişir. 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
174
2.3.2. Roman və Qotika mədəniyyəti 
 
Orta əsrlər Avropasında hakim mövqe tutan xristian dini o dövr mədəniyyətinin digər sahələri içərisində 
aparıcı rol oynayırdı. Dinin əxlaqa  təsiri özünəməxsus xristian əxlaqının formalaşmasına səbəb olmuşdu. 
Xeyirxahlığın 3 hərəkətverici qüvvəsindən – inam, ümid və məhəbbətdən danışan xristian etikasına görə inam – 
Allaha inam, ümid – onun mərhəmətinə ümid, məhəbbət – Allaha məhəbbət kimi başa düşülürdü. Xristian 
əxlaqının prinsipləri bədii ədəbiyyatda da öz ifadəsini gözəl bədii obrazlarda tapır, dini mövzuda ədəbi əsərlər 
yaranırdı.  İncəsənətə mövzu verən din və  əxlaq özləri də onun təsir dairəsindən kənarda qalmır, müəyyən 
dəyişikliyə uğrayırdı.  
Xristian dininin təsirinə daha çox məruz qalan sahələrdən biri – təsviri sənət və memarlıqdır. Təsviri sənət 
əsərləri çox vaxt memarlıqla yanaşı mövcud olub onu tamamlayırdı.  
Xristianlığın yalnız Kilsə formasında mövcud olması, əsas atributunun məhz Kilsə olması yeni memarlıq 
üslublarının – roman və qotikanın yaranmasına səbəb oldu.  
«Roman üslubu» ifadəsi X-XII əsrləri nəzərdə tutsa da termin kimi yalnız XIX əsrdə – orta əsr və Roma 
memarlığı arasında əlaqə olduğu aşkarlanandan sonra meydana çıxdı. Belə hesab etməyə başladılar ki, orta əsr 
memarlığı antik-roma memarlığının güclü təsiri altındadır. Latınca «romanus» elə «Roma» sözündəndir. 
Sonradan tədqiqatçıların bu barədə fikirləri dəyişsə  də üslubun adı  dəyişmədi. Roman üslubu Avropanın 
müxtəlif yerlərində müxtəlif vaxtlarda bərqərar oldu. Məs. şimal-şərqi Fransada bu dövr XII əsrin sonunda başa 
çatsa da, Almaniya və İtaliyada onun əlamətləri hətta XIII əsrdə də müşahidə edilir. Adətən XI əsr «erkən», XII 
əsr «yetkin» roman incəsənəti dövrü adlanır. Roman dövrü – orta əsr memarlığı, heykəltəraşlığı  və 
rəngkarlığında ümumavropa monumental üslubunun yarandığı dövrdür ki, bu da feodalizmin tüğyan etdiyi bir 
vaxta təsadüf edir: elə bir vaxta ki, həm kübar (qeyri-dini), həm də ruhani feodallarının hakimiyyəti ən yüksək 
nöqtəyə çatmışdı. Avropada feodal pərakəndəliyi  şəraitində xalqları birləşdirən yeganə vasitə Katolik Kilsəsi 
oldu. O, müqayisəedilməz dərəcədə ideoloji və iqtisadi qüvvəyə malik idi. Qərbi Avropada roman üslubu dini 
dünyagörüşlü feodal cəmiyyəti şəraitində yetişir və vusət alırdı.  
Roman incəsənətinin əsas növü olan memarlığın inkişafı Qərbi Avropada feodal dövlətlərinin yaranması 
və çiçəklənməsi, təsərrüfat fəaliyyətinin canlanması, mədəniyyət və incəsənətin yeni dirçəlişi dövründə başlamış 
monumental tikintilərlə bağlı idi. Qərbi Avropanın monumental memarlığı hələ barbar xalqlarının incəsənətində 
mövcud idi. Məsələn, Ravennada Teodorixin məqbərəsi (526-530), Karolinqlər dövrünün kilsə binalarından 
olan Axendə Böyük Karlın saray kapellası (795-805).  
Roman memarlığının sələfi məhz orta əsr Qərbi Avropasının feodal qəsrləri oldu. Qəsr tikintisi təcrübəsi 
sonralar monastır komplekslərinə keçdi ki, bunlar da şəhər-qalalar və ya əməlli-başlı qəsəbələrdən ibarət idi.  
Roman memarlığında monastır tikintisi öndə gedirdi. O vaxtkı iri monastırlar hakimiyyətə və sərvətə ma-
lik idi. Bura yalnız zəvvarlar deyil, iş axtaran sənətkarlar da axışıb gəlirdi. Orta əsrlərdə kilsənin böyük 
əhəmiyyət kəsb etməsini göstərmək üçün monastırlarda gözəl memarlıq, heykəltəraşlıq və  rəngkarlıq  əsərləri 
yaradılırdı. Şəhərlərdə monastırların kompozisiya mərkəzi roman memarlığının ən əzəmətli əsəri olan məbədlər 
idi. Məbədlər nəcib və  sərt gözəllik nümayiş etdirən iti uclu qüllələri ilə  ətrafdakı alçaq tikililər üzərində 
ucalırdı. Dövrün, demək olar ki, yeganə ictimai binaları sayılan monastır kilsələri və baş kilsələr (soborlar) ro-
man memarlığının əsas prinsiplərini ifadə edirdi.  
Roman dövrü zamanı kubar (qeyri-dini) memarlığında da dəyişikliklər oldu. Qəsrlər daşdan tikilərək 
əlçatmaz qalalara çevrildi. Qəsrin ortasında donjon adlanan daş qüllə, I mərtəbədə anbar, II-də ev sahibinin 
otaqları, III-də nökər və gözətçilərin otaqları, zirzəmidə zindan, lap yuxarıda isə gözətçi (patrul) olurdu. Qəsrin 
qala divarlarının arxasında çoxlu təsərrüfat tikililəri, tövlə, mətbəx yerləşirdi. Bir qayda olaraq, qəsr dərin 
xəndəklə əhatə edilirdi. Xəndəyin üstündən əsas qülləyə körpü gedirdi. Divar və xəndəklərlə əhatə olunmuş ilk 
şəhərlər də qalaların müdafiəsi prinsipi üzrə salınırdı.  
Roman məbədləri romalılardan qalma qədim xristian bazilika formasını saxlayıb və inkişaf etdirib. Ro-
man bazilikası 3 nefli, bəzən hətta 5 nefli olurdu. Əgər butpərəst məbədlər «Allahın evi» hesab edilirdisə, xris-
tian kilsələri çoxlu sayda insanların kollektiv surətdə ibadət etməsinə şərait yaradan məkana çevrildi.  
XI-XII əsrlərdə memarlıqla yanaşı və onunla birgə monumental rəngkarlıq və heykəltəraşlıq da inkişaf et-
di. Roman dövrünün təsviri sənəti bütünlüklə dini dünyagörüşün təsiri altında idi.  
Rəngkarlıq. Roman dövrünün təsviri sənəti memarlığa tabe olduğu üçün yekcins olmayıb olduqca 
rəngarəngdir. XI-XII əsrlərdə təsviri sənətin mühüm abidələri formalaşmaqda olan yeni incəsənətin mərkəzi - 
Fransaya məxsus idi.  
Karolinqlər dövründə olduğu kimi, roman məbədlərinin də interyerində freskalar mühüm yer tuturdu. 
Apsidlər (kilsə divarlarında yarımqövs  şəkilli çıxıntı) və kapellaların pəncərə oyuqlarının və sonralar qotika 
dövründə xüsusilə inkişaf edən vitrajlar (qurğuşun karkasla bərkidilmiş və tunc, mərmər və ya ağac çərçivələrlə 
salınmış  rəngli  şüşə  qırıqlarından ibarət təsviri sənət növü) təsviri sənətdə mühüm hadisə oldu. Vitrajlarda o 
dövr ədəbiyyatı üçün populyar olan müqəddəs tarix, müqəddəslərin həyatından səhnələr təsvir olunurdu. Bəzən 
bunların arasında sənətkarların və  şəhərlilərin də  təsvirləri yerləşdirilirdi. Puatuda (XI əsrin sonu – XII əsrin 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
175
əvv.) Sen-Saven sür Qartan kilsəsində olan silsilə freskalar öz maraqlı hekayələri və Bibliya tarixindən 
epizodları ilə diqqəti cəlb edir. Kilsənin ən gözəl kompozisiyalarından biri «Babil qülləsinin tikintisi»dir.  
Kübar (qeyri-dini) rəngkarlığına misal kimi Bayyo (Paris, XII əsr) kilsəsindəki xalçanı göstərmək olar. 
Burada roman rəngkarlığının digər xüsusiyyəti – realist tendensiyalar duyulur. Uzunluğu 70 m., eni 50 sm. olan 
xalçada 1066-cı ildə  İngiltərənin normanlar tərəfindən işğalı epizodu rəngli yun sapla tikilib. Belə xalçalar 
yalnız utilitar deyil, həm də dekorativ rol oynayırdılar. Bayram günləri onlar məbədlərin divarlarını bəzəyirdi.  
Heykəltəraşlıq. Qərbi Avropada ilk monumental heykəllər də  məhz roman dövründə yarandı. Orta əsr 
Qərbi Avropa məbədlərinə heykəltəraşlıq ilk dəfə XI əsrdə daxil olub. Bunlar divar tərtibatı üçün kiçik detallar 
və relyeflər idi. Kilsələrin portallarında (arxitektura baxımından bəzədilən girişlər) qoyulan relyeflər (heykəl 
təsvirlər) adətən rənglənirdi ki, bu da onları ifadəli və inandırıcı edirdi.  
Roman miniatürləri də Fransada yüksək inkişaf tapmışdı. Bunlarda xronika, İncil və Bibliya süjetləri əks 
olunurdu. Sen-Severdəki (1028 – 1072, Paris, Milli kitabxana) apokalipsis («Əhdi – cədid» kitablarından 
birində «axirəzamandan» xəbər verilməsi) və Amyen kitabxanasındakı (XI əsr)  İncil roman miniatürlərinə 
misaldır.  
Rəngkarlıq kimi heykəltəraşlıq da memarlıqla sıx bağlı olub onun forma və ritmlərinə uyğunlaşdırılırdı. 
Ondan  əsasən kilsələrin bəzədilməsində istifadə edilirdi. O dövrdə bütpərəstliklə  əlaqədar olan Bizans 
heykəltəraşlığı kilsə  tərəfindən qəbul edilmədiyi halda, roman incəsənətində monumental heykəltəraşlıq, 
xüsusilə də relyef geniş yayılır və 1100-cü ilə yaxın çiçəklənmə dövrü keçirir.  
Fransada Klüni kilsəsinin kapitelində (sütun başlığı) Adəm və  Həvvanın fiqurları (1109-1113), Alma-
niyada Gildesheynidə müqəddəs Mikayıl (Mixail) kilsəsinin tunc qapılarının relyeflərində (1008-1015) təsvir 
edilən  İncil və Bibliya əfsanələri, Adəm və  Həvvanın yaradılması, günaha batma və  cənnətdən qovulma 
səhnələri, Vezeldə Sent-Madlen kilsəsində (1125-1130) İsanın nəhəng fiquru, Otendə Sen-Lazar (1130-1140) 
soborunun (baş kilsə) timpanındakı (binanın heykəllərlə və s. ilə bəzədilən ön hissəsi) «Məşhər günü» səhnələri, 
Sen-Mişel de-Antred (Şarant) kilsəsinin timpanındakı barelyefdə əjdahanı öldürən Mikayıl peyğəmbərin təsviri 
roman heykəltəraşlığına parlaq misaldır.  
Şəhərlərin inkişafı  və dinlə bağlı  cəfəngiyyatın (yeres) yayılması  nəticəsində kilsə heykəltəraşlığına 
kəndli, dəmirçi, akrobat, qədim və orta əsr tarixi personajları, satirik folklor və xalq fantaziyası ilə yaranan 
əjdaha, iblis obrazları, yarıinsan və yarıheyvan maskaları daxil olur.  
Roman heykəltəraşlığı daha çox Fransa və Almaniyada inkişaf edir. Fransa üçün divarların tərtibatında 
daşdan olan monumental heykəltəraşlıq xarakterik idi. Almaniyada tuncdan və ağacdan olan iri və xırda plastika 
məbədlərin içərisi üçün nəzərdə tutulurdu.  
Roman heykəltəraşlığı XII əsrin ortalarında inkişaf səviyyəsinə çatdı. Fransanın  şimal-şərqindəki  İl-de-
Frans əyalətində mövcud olan heykəltəraşlıq məktəbində bu dövrün fransız sənətkarlarının yaratdıqları ən yaxşı 
cəhətlər sintez olunurdu. Şartrdakı Notr-Dam kilsəsinin (1135-1155) qərbi Kral portalındakı obrazlar, həmçinin 
İsa peyğəmbərin obrazı buna misaldır.  
Orta əsrlərdə Avropanın mədəni həyatında aparıcı rol uzun müddət Fransaya məxsus olub. Klassik feoda-
lizm ölkəsi olan Fransada musiqi, təsviri sənət, fəlsəfə, bədii  ədəbiyyat, o cümlədən poeziya inkişaf edirdi. XI 
əsrdə orta əsrlərin nəhəng eposu olan «Roland haqqında nəğmə», cəngavər romanları və s. yaradılırdı.  
XI-XIV  əsrlərdə fransız xalqı mükəmməl memarlıq, heykəltəraşlıq, rəngkarlıq və  tətbiqi sənət  əsərləri 
yaratdı. Roman incəsənəti burada daha ardıcıl formalaşırdı. Onun inkişaf dövrü XI-XII əsrlərdir. Bu dövrün ən 
gözəl memarlıq abidələri Fransanın  əyalətlərində – Burqundiyada, Overndə, Provansda və Normandiyada 
yaradılmışdı. Ölkənin şərqində yerləşdiyindən Burqundiya Fransanın ən varlı bölgələrindən olub, sənətkarlıq və 
ticarət mərkəzi idi. Burada Fransanın çox gözəl və nəhəng kilsələri tikilib. Məhz Burqund memarları konstruktiv 
yeniliklər işləyib hazırlayaraq, kilsə divarlarının sahəsini azaltmağı, kilsənin tutumunu artıpmağı, qübbənin 
hündürlüyünə nail olmağı  təklif edirdilər. Fransada roman memarlığının tipik nümunəsi Klüni monastırındakı 
müqəddəs Pyotr və müqəddəs Pavel kilsəsidir ki, onun bəzi fraqmentləri, təsvir və rəsmləri qalır. O zaman bu, 
Avropanın ən böyük kilsəsi idi. Məbədin ümumi uzunluğu 127 metr, mərkəzi nefin hündürlüyü 30 metrdən çox 
idi. Kilsəni 5 hündür qüllə  bəzəyirdi. Bü monastırı o zaman «İkinci Roma» adlandırırdılar. Monastır o qədər 
varlı idi ki, Klündə hər il 17 min kasıbı yedizdirirdi. Burqundiyanın roman tikililəri içərisində XII əsrə aid olan 
Otendəki San-Lazer və Vezldəki Sen-Madlen kilsələri də diqqəti cəlb edir.  
Mərkəzi Fransaya aid olan Overn memarlığına sadəlik, qüdrətlilik və monumentallıq xarakterik idi. Qalın 
divarlı iri kilsələrin heykəllərlə  bəzədilməsinə  xəsislik edilirdi. Məsələn, Klermondakı Notr-Dam-dyu-Por 
kilsəsi belələrindəndər. Yalnız sonradan onun cənub portalında İsanın təsviri olan bəzi relyeflər yerləşdirilib.  
Cənubi Fransaya aid Provans incəsənətində həm Roma, həm də Bizans memarlığının güclü təsiri hiss olu-
nur. Antik ornament və kapitellərlə olan sütunlar göstərir ki, qədim dövr mədəniyyətinin  ənənələri burada 
unudulmayıb. Provans məbədləri heykəllərlə zəngin bəzədilsə də, heykəllər Burqundiya kilsələrində olduğu ki-
mi bütün divarı tutmayıb. Yalnız portalların kənarında və kapitellərdə qoyulub.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
176
O zaman İngiltərə kralının torpağına daxil olan Normandiyada özünəməxsus memarlıq məktəbi yaranır. 
Binanın mərkəzində və fasadların kənarlarında ucalan, iri qüllələri ilə fərqlənən, içərisi işıqlı və geniş olan bu 
kilsələr qalaları xatırladırdı.  
Fransanın roman rəngkarlığı XI əsrin sonu – XII əsrin əvvəllərində çiçəklənir. Puatudakı Sen-Saven-syur-
Qartan monastır kilsəsinin tərtibatı buna misaldır. Çox da böyük olmayan binanın içəri tərəfi bir neçə  sənətkar 
tərəfindən işlənən freskalarla bəzədilib. Burada yalnız  ənənəvi dini süjetlərdən deyil, həmçinin Ezopun 
təmsillərindən də istifadə edilib. Divar rəsmləri roman rəngkarlığının xüsusiyyətlərini əks etdirir: müstəvi təsvirlər, 
müxtəlif miqyaslı fiqurlar, bəzən personajların ayaqlarının və başının əks tərəflərə çevrilməsi nəticəsində pozanın 
qeyri-təbii görünməsi və s.  
Fransanın roman rəngkarlığı kitab miniatürləri ilə  də  şöhrət tapıb.  Ən çox əlyazma saxlanmış monastır 
Fransanın cənubunda Qaskon əyalətindəki Sen-Sever monastırıdır. O dövrdən bizə çox az rəssamın adı  gəlib 
çatmışdır ki, onlardan Stefan Qarsiyanı göstərmək olar.  
XII  əsrdə heykəltəraşlıq demək olar ki, bütün Avropada geniş yayıldı. Burqundiya və Provansdakı 
məbədlərin bəzədilməsində bunlardan daha çox istifadə etmişdilər. Burqund heykəltəraşlığına parlaq misal 
Otendə Sen-Lazar və Vezldə Sen-Madlen kilsələrindəki (1130-1140) relyef Qiyamət gününü olduqca təsirli və 
emosional şəkildə təsvir edir. Burada hətta sənətkarın adı da yazılıb: Qislebertus. Sen-Madlen kilsəsindəki (XII 
əsr) relyefin mərkəzində İsa peyğəmbər, ətrafında isə apostollar və yarıfantastik canlılar təsvir olunub. Görünür, 
bunlar xristian dininin yayılmağa başladığı ölkələri nəzərdə tuturdu. Provans heykəltəraşlığının həm 
süjetlərində, həm də ifa tərzində antik dövrün güclü təsiri hiss edilir. Provansdakı heykəllərin sayı Burqundiyada 
olduğu qədər çox deyil. Lakin fasadlarda müqəddəslərin iri heykəllərinə tez-tez past gəlmək olur. Burqund 
heykəlləri ilə müqayisədə bunların poza və hərəkətləri daha təbii idi. Ən parlaq misal Arlda Sen Trofim ( XII 
əsr) kilsəsinin bər-bəzəyidir.  
Roman üslubu Almaniyada ən çox memarlığa sirayət edib. XI-XII əsrlərdə Reynətrafı qüdrətli imperiya 
şəhərlərində – Vormsda, Şpeyerdə, Maynsda iri kilsələrin tikintisinə başlandı. Buradakı soborlar (baş kilsələr) 
öz  əzəməti, qüdrəti, tutumlu olması, çoxsaylı  ağır qüllələri, dinamik sileutləri ilə  fərqlənirdi. Qalın və hamar 
divarları, dar pəncərələri, iri qüllələri olan Vorms kilsəsi (1234-cü il) alınmaz qalanı xatırladırdı. Almaniyada o 
dövr kübar memarlığının nümunələri – feodal qəsrləri və qalaları da saxlanmışdır.  
XII-XIII əsrlərdə Almaniyada roman üslubundan qotika üslubuna keçid müşahidə edilir ki, buna «keçid 
üslubu» deyilir. Bu üslubda həm roman, həm də qotikaya məxsus cizgilər birləşir. Bamberqdəki kilsə (1185-ci il 
– XIII əsr) buna misaldır. Hamar divarlara dekorativ arkadalar (tağ  sırası) və çoxlu pəncərələr  əlavə olunub, 
qüllələr bir qədər kiçildilib, relyeflərlə örtülmüş fasadlar öz zabitəliliyini itirmişdir.  
Almaniyada roman rəngkarlığının nümunələri demək olar ki, saxlanmayıb. Qalan cüzi nümunələr o 
dövrdə bu sənətin çiçəklənməsini göstərir. Miniatür sənəti buna parlaq misaldır. Bavar monastırlarının birində 
XII-XIII əsrlərə aid olan və Karmina Bizans adlanan kübar şerlər toplusunun əlyazmasında orta əsr Qərbi Avro-
pa incəsənətində ilk dəfə olaraq təbiət  təsvir edilib. Burada ağac, müxtəlif heyvan və quşlardan ibarət 
ornamentlər miniatür səhnələrini əhatə edir.  
Heykəltəraşlıq nümunələri, bir qayda olaraq, məbədlərin daxilində qoyulurdu. Yalnız XII əsrin sonundan 
başlayaraq heykəllərdən fasadlarda da istifadə etməyə başladılar. Almaniyada yetkin roman heykəltəraşlığının 
gözəl nümunələrindən Bamberqdəki kilsənin relyeflərini (1230-cu il) göstərmək olar. 1080-cı ildə Merzeburq 
ətrafında Alman imperatoru IV Henrixə qarşı vuruşda həlak olmuş kral Rudolf Şvabskinin Merzeburq soborun-
da qəbirüstü abidəsi həm dini, həm də kubar incəsənətin astanasında dayanır. Orta əsr Almaniyasında sırf kübar 
heykəltəraşlığına ilk misal 1166-cı ildə Sakson hersoqu Henrix Levin Braunşveydə Dankvarderod qəsrinin 
qarşısında öz əzəmətini tərənnüm etdirmək üçün qoyduğu tunc şir fiqurudur.  
Çoxəsrlik mədəni ənənələrlə formalaşan İtaliya incəsənəti ölkənin müxtəlif yerlərində bir-birindən fərqli 
inkişaf edirdi. Çünki ölkənin cənubunda və Venesiyada Bizans ənənələri, mərkəzi  İtaliya və Romada antik 
ənənələr üstünlük təşkil edirdi. Buna görə  də  İtaliya memarlığında üslüb vəhdəti yox idi. Yalnız  İtaliyanın 
şimalında yerləşən Lombardiyada roman üslübünün formalarından istifadə edilirdi. VI əsrdə Milanda inşa 
edilmiş  və XI-XII əsrlərdə yenidən tikilmiş Sant-Amborco kilsəsi və o dövrün bizə çatan digər abidələri 
rəngarəng mərmər plitələrlə bəzədilmiş xarici bəzək və gözəlliyi ilə fərqlənən memarlıq nümunəsidir.  
Antik ənənələrə yiyələnən Mərkəzi İtaliya memarlığına Pizedəki məşhur kompleks aiddir. Kilsə, qüllə və 
baptisteriyaya malik olan bu gözəl ansambl uzun müddətə tikilib. XI əsrdə burada memar Busketto, XII əsrdə 
memar Raynaldo işləmişlər. «Əyilən» Piza qülləsi kompleksin məşhur hissəsidir. Bəzi tədqiqatçıların fikrincə 
tikintinin  əvvəlində fundamentin çökməsi nəticəsində qüllə  əyilməyə başladığı üçün onu maili tikmək qərara 
alınıb.  
Siciliyada roman üslubu özünəməxsus şəkil alaraq özündə nəinki Bizans və Şərq, həm də Qərb memarlığının 
güclü təsirini  əks etdirir. Palermoda Palatin kapellası  və Monrealdakı Santa-Mariya-Nurva kilsəsi Siciliya 
memarlığının tipik nümunələrindəndir.  
Erkən xristian incəsənətinin və Bizans mədəniyyətinin təsiri ilə formalaşan İtaliyanın roman rəngkarlığı 
əlvanlığı  və  rəngarəngliyi ilə  fərqlənir. Montekassino abbatlığı başda olmaqla cənubi  İtaliya monastırları  və 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
177
Roma onun vacib mərkəzləri idi. Montekassino monastırları illüstrasiyalı  əlyazmalar yaradan mərkəz kimi də 
şöhrət qazanmışdı. Monastırda işləyən miniatürçü rəssamlar Bizans incəsənətini də yaxşı bilir və sevirdilər. San-
Klementi kilsəsinin freskaları Roma rəngkarlığı barədə tam informasiya verir. Kilsənin divarlarındakı rəsmlərdə 
müqəddəs Klementiyə aid əfsanə təqdim edilir.  
Bu dövr heykəltəraşlığı  əsasən antik ənənələrin təsiri ilə formalaşırdı. Roman üslubunun ən yaxşı 
heykəltəraşlıq nümunələri İtaliyanın şimalında yaranıb. Bunlar Milanda, Veronda və Pavidəki məbədlərin mo-
numental relyefləridir. İtaliya heykəltəraşlığında roman üslubu Benedetto Antelaminin yaradıcılığı ilə başa çatır. 
O, İtaliya heykəltəraşlığında ilk dəfə olaraq ayrıca dayanan heykəl yaradıb. Bunlar Fidens şəhərindəki kilsədə 
qoyulmuş Bibliya peyğəmbərləri David və İyezekiilin heykəlləridir.  
Normanların 1O66-cı ildə  İngiltərəni  işğal etməsi onun qitə ilə  mədəni, siyasi və iqtisadi əlaqələrini 
möhkəmlətdi ki, bu da ölkədə roman üslubunun formalaşmasına səbəb oldu. XI əsrin II yarısında  İngiltərədə 
monastır və kilsələrin tikintisi genişləndi. Tikinti işlərində qitənin digər ərazilərindən, xüsusən Normandiyadan 
gəlmiş ustalar iştirak edirdi. XI əsrin əvvəllərinədək ingilis krallığının tərkibinə daxil olan Piterbors (XII əsrin 
axırı) və Sent-Olbansda (XI əsr) olan kilsələr bu dövrə aiddir. Bayyo kilsəsində saxlanan xalça roman incəsənəti 
dövrünün qeyri-adi nümunəsi olub, həm də XI əsr həyatının özünəməxsus ensiklopediyası rolunu oynayır. Bu-
rada kəndlilər, sənətkarlar, əsgərlər, yürüşə hazırlıq, gəmilər, döyüş səhnələri təsvir olunub. Məsələn, Qastinqs 
uğrunda mübarizə (təxminən 1077-ci il). Xalça Bayyoda kraliça Matildanın muzeyində saxlanır.  
Roman incəsənəti  İspaniyada  ərəb və fransız mədəniyyətlərinin təsiri ilə inkişaf edirdi. Ərəb 
malikanələrinə aid olan Kardova, Qranada, Sevilya, Valensiya şəhərləri gözəl sarayları, məscidləri, fəvvarələri 
ilə  şöhrət qazanmışdı.  Ərəblər ispan incəsənətinə  şərq ornamentləri, memarlığa aid bəzi detallar, xüsusən də 
burulmuş sütunlar əlavə etdilər. XI-XII əsrlər İspaniya üçün 711-718-ci illərdə ərəblər tərəfindən işğal edidlmiş 
torpaqların azad edilməsi uğrunda mübarizə illəri idi. Müharibə o dövr ispan incəsənətində, xüsusən də 
memarlıqda dərin izlər buraxdı. Qərbi Avropanın heç bir ölkəsində İspaniyada olduğu qədər qala və qəsrlərin 
tikilməsi müşahidə edilmir. Mərkəzi İspaniyadakı Kastiliya (ispanca – qala) krallığı başdan-başa qəsrlər ölkəsi 
idi. Roman dövrünün ilk qəsrlərindən biri IX əsrdə Seqoviyada tikilmiş kral sarayıdır. Hündür qayada yerləşən, 
çoxlu qüllələri olan, qalın divarlarla əhatə olunmuş bu saray bizim dövrümüzədək qalıb. O vaxt şəhərlər də bu 
minvalla yaradılırdı.  
İspaniyanın roman dövründəki kilsə tikililərinin heykəllərlə bəzədilməsi, demək olar ki, istisna təşkil edir. 
Məbədlər  əlçatmaz qəsr təsiri bağışlayır. O dövr ispan mədəniyyətində monumental rəngkarlıq böyük rol 
oynayırdı. Ölkədə özünəməxsus freska məktəbi yaranmışdı: divar rəsmləri rəngarəng boyalar və aydın konturlu 
rəsmlərlə ifa olunurdu. Təsvirlər çox ifadəli olması ilə seçilirdi.  
İspaniyada ilk monumental heykəltəraşlıq nümunələri XI əsrdə meydana gəlmişdi. Bu, əsasən, qapıların, 
sütunların, kapitellərin bəzəkləri idi. İspaniyada roman heykəltəraşlığının görkəmli abidələrindən Sant-Yaqo de 
Kompostella kilsəsində usta Mateo tərəfindən XII əsrdə yaradılmış «şöhrət portikləri»ni göstərmək olar. Burada 
fransız mədəniyyətinin təsiri xüsusilə hiss olunur.  
Beləliklə, Avropa incəsənətində XI əsrin əvvəllərində xristian bünövrə ilə roman bədii irsinin sintezi baş 
verir ki, bunun da əsas növü zirvəsi katolik kilsə olan memarlıqdır. Fransız heykəltəraşı Roden deyirdi ki, roman 
memarlığı insanı dizi üstə qoyaraq, ağır, yorucu, nəhəng sükut kimi qavranır, insanın dünyagörüşünün sabitliyi-
ni, «ufqiliyini» tərənnüm edir, qotika memarlığı işıq və kölgənin simfoniyasıdır. 
 
 
Qotika incəsənəti. 
 
XIII əsrin sonundan başlayaraq Avropanın şəhər həyatının törəməsi olan qotika üslubu aparıcı mövqe tu-
tur. Hündürlüyü və zərifliyinə görə onu donmuş və ya lal musiqi, daşların simfoniyası adlandırırdılar. Vahiməli, 
kobud və monolit görkəmli roman məbədlərindən fərqli olaraq, qotik kilsələr naxış  və dekorlarla, çoxlu 
heykəllərlə bəzədilərək işıqlı olub, səmaya doğru uzanırdı. Onların qüllələri 150 metrdən hündür olurdu. Məhz 
buna görə «qotika» sözünün almanca «qot», yəni «Allah» sözü ilə eyni kökə malik olması və qüllələrin «Allaha 
doğru» uzanması ehtimal edilir.  
«Qotika» sözünün etimoloji cəhətdən german tayfası olan qotların adı ilə bağlı olub, termin kimi intibah 
dövründə yaranması variantı daha geniş yayılıb. Çünki o dövrdə «roma» incəsənətinə  əks olan «barbar» 
incəsənətini «qotik» adlandırırdılar. Antik ənənələrə uyğun gəlməyən incəsənət qotik adlandırılaraq müasirləri 
üçün maraq doğurmurdu. Hətta İtaliyada XVI əsr İntibah dövrünün məşhur sənət nəzəriyyəçisi Corco Vazari də 
qotikaya öz mənfi münasibətini bildirərək yazırdı ki, ilahi, bütün aləmi bizim gözəl tikililərlə müqayisədə 
eybəcər görünən bu cür işlər barədə fikirlərdən belə saxla, onlar hətta bu barədə danışmağa da layiq deyillər. Bu 
təkcə Vazarinin yox, onun müasirlərinin də fikri idi. Qotikaya bu cür münasibət yalnız XIX əsrdə dəyişdi. Bu o 
vaxt idi ki, artıq orta əsrlərə bəşər tarixinin «qaranlıq dövrü» kimi baxmırdılar. Buna baxmayaraq, son orta əsr 
Avropa incəsənətinə xas olan «qotika» adı saxlandı.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
178
Avropanın müxtəlif ölkələrində qotikanın öz xarakterik xüsusiyyətləri və xronoloji çərçivəsi müxtəlif olsa 
da, dirçəlişi XIII-XIV əsrlərə təsadüf edir. Təsviri sənət tarixində qotikanı erkən, yetkin və son dövrə ayırırlar.  
Roman və qotika üslubları arasında dəqiq xronoloji sərhəd çəkmək mümkün deyil. Məs. XII əsr həm ro-
man üslubunun çiçəkləndiyi dövr, həm də 1130-cu ildən qotikanın  əsasını qoyan yeni formaların yaranması, 
erkən qotika dövrüdür. Qərbi Avropada qotika üslubunun ən yüksək zirvəyə çatdığı dövr, yetkin qotika dövrü 
XIII əsr, tənəzzül və ya «alovlanan» dövrü XIV-XV əsrlərdir. Onun ən yetkin nümunəsi məhz bu əsrlərdə (XIV-
XV) tikilən və XIX əsrin əvvəllərində tikintisi yenidən bərpa edilərək başa çatdırılan Milan kilsəsidir. Müxtəlif 
ölkələrdə qotika üslubunun özünəməxsus xüsusiyyətləri olsa da bu onların daxili vəhdətini və ümumi cəhətlərini 
inkar etmir.  
Memarlıq. Roman incəsənətindən fərqli olaraq, XII əsrin axırlarında Avropanın dini, mədəni, siyasi və iq-
tisadi həyatının mərkəzi monastırlar deyil, şəhərlər oldu. Şəhərlərdə aristokratların sarayları, din xadimlərinin 
iqamətgahları, kilsələr, monastırlar, universitetlər yerləşir, idarəçilik, ticarət və s. işlər aparılırdı. Şəhərlərə çoxlu 
insan axını müşahidə edilir, sənətkarlar, zəvvarlar, tələbələr  şəhərlərə üz tuturdular. O vaxt belə deyirdilər: 
«Şəhər havası ilə nəfəs alan insan azad olur».  
Orta əsr şəhərlərində ictimai həyatın mərkəzi ratuşalar (şəhər özünüidarə binası) və soborlar oldu. İri daş 
binalar olan ratuşaların yığıncaqlar üçün nəzərdə tutulmuş zalı birinci mərtəbədə, yardımçı otaqları isə ikinci 
mərtəbədə olurdu. Ratuşalar üzərində şəhərin azadlıq simvolu olan qüllələr ucalırdı.  
Soborlar şəhərin əsas ictimai mərkəzi idi. Bura bütün əhali yerləşməli idi. Dini mərasimlərlə yanaşı şəhər 
yığıncaqları, disputlar keçirilir, universitet mühazirələri oxunur, moizəçilər çıxış edir, professor və tələbələr dis-
kussiyalar aparır, dini mövzuda teatrlaşdırılmış tamaşalar – misteriyalar təşkil edilirdi. Soborları əvvəl olduğu 
kimi miniatür ustaları deyil, şəhərli ustalar tikirdi. Çox vaxt şəhər əhalisi özü soborların bəzədilməsində istifadə 
edilən sənət əsərlərinin sifarişçisi və ya yaradıcısı olurdu.  
Roman kilsələrindən fərqli olaraq qotik kilsələr bazilika tipli tikililərin inkişafında yeni pillədir. Burada 
bütün elementlər vahid sistemə tabe edilir. Qotik kilsələr xarici gözəlliyi ilə yanaşı daxildən də dərin təəssürat 
oyadır. Onun interyeri geniş və işıqlı olaraq çoxsaylı əhali üçün nəzərdə tutulub. Roman kilsələri ağır və alçaq, 
qotik soborlar isə yüngül və  səmaya ucalan olurdu. Bu onunla əlaqədar idi ki, qotik memarlıqda yeni 
konstruksiyalı qübbələrdən istifadə edilməyə başlanmışdı. Əgər roman kilsəsində ağır və iri qübbələr qalın di-
varlara söykənirsə, qotik soborlarda qüllə arkalara, arkalar isə öz növbəsində sütunlara söykənir. Yeni konstruk-
siya divarların qalınlığını azaltmağa, binanın daxilinin genişlənməsinə səbəb olur. Daha divarlar qübbələp üçün 
dayaq rolunu oynamadığına görə onlarda çoxlu pəncərə, arka və qalereyaların olması mümkün idi. Qotik saray-
larda divarların hamar səthi xeyli azaldığı üçün divar rəsmlərinin yerini vitrajlar – pəncərələrə salınan rəngli 
şüşələrdən düzəldilmiş təsvirlər tutmağa başladı. Soborları həm içəridən, həm də bayır tərəfdən çoxlu relyef və 
heykəllər bəzəyirdi. Roman məbədlərində ayrı-ayrı hissələr arasında kəskin sərhəd qoyulur, qotikada isə heç bir 
sərhəd olmurdu. Soborda yaradılan möcüzəli məkan – çoxsaylı arxitektura və heykəl bəzəklər, vitrajlardan 
süzülən işıq və s. göylərdəki həyatın obrazını yaradır, sirli arzulara qovuşdururdu.  
Heykəltəraşlıq. Qotik memarlıq o dövr təsviri sənətində birinci yer tutan plastika ilə sıx bağlı idi. O, qotik 
memarlığın emosionallığını və gözəlliyini daha da artırırdı. Qotik soborların (baş kilsələr) bəzəyi daha zəngin 
olurdu. Viktor Hüqo onları obrazlı şəkildə nəhəng kitabla müqayisə edirdi. Daxildən və xaricdən olan dekorativ 
bəzəklər  əsasən heykəl və relyeflərdən ibarət idi. Dekorativ xarakter daşıyan heykəltəraşlığın kompozisiya və 
ideya həlli teoloqlar tərəfindən düşünülmüş proqrama tabe olmalı idi. Soborların emalatxanalarında minlərlə 
heykəl və relyef hazırlanırdı. Onların hazırlanmasında adətən bir neçə nəsil rəssam və usta köməkçiləri iştirak 
edirdi. Adətən portallarda qoyulmuş heykəltəraşlıq kompozisiyaları, apostolların, peyğəmbərlərin, 
müqəddəslərin cərgə ilə düzülmüş  nəhəng heykəlləri sanki bura gələnləri qarşılayırdı. Timpanlar, portalların 
arkaları, aralarındakı məsafə, yuxarı yarusların qalereyaları, qüllələrin taxçaları qorelyeflərlə (hündür qabarıqlı 
skulptura, naxış), dekorativ relyef və heykəllərlə bəzədilirdi. Ayrı-ayrı səhnələrin və xırda fiqurların çoxu kon-
sollarda (divar çıxıntısı), kürsülüklərdə, postamentlərdə, kontrforslarda (divarı, gümbəzi saxlayan ağır dayaq), 
örtüklərdə yerləşdirilirdi. Kapitel və karnizlər quş, yarpaq, gül, cürbəcür meyvə  təsvirləri ilə doldurulurdu, 
karnizlərin çıxıntılarından, qüllələrin tillərindən, arkbutanlardan yarıaçılmış daş yarpaqlar (krab – on ayaqlı 
dəniz xərçəngi) dəqiqliklə keçir, şpillərə (binanın başında uzun mil) xaççiçəkli güllərdən tac qoyulurdu. Bütün 
bu ornamental motivlər sanki memarlıq formalarına təbiətin həyat hissini gətirirdi. Digər memarlıq üslublarının 
heç birində bu qədər nəbati ornament bolluğuna rast gəlmirik.  
Soborun arxitekturasının ayrılmaz hissəsi olan qotik heykəltəraşlıq memarlıq konstruksiyaları ilə 
qovuşaraq tikintinin funksional elementlərinin tərkibinə daxil olur. Qotik memarlıq heykəltəraşlığı nəinki özünə 
daha çox tabe etdi, hətta onun müstəqil  əhəmiyyətini də artırdı. Heykəllər çox vaxt divardan ayrılaraq ayrıca 
postamentlər üzərində, taxça və oyuqlarda qoyulmağa başladı. Kompozisiyası müxtəlif, lakin süjet və dramatik 
hadisələrə görə birləşdirilən heykəltəraşlıq qrupları yaranmağa başladı: müqəddəslərin arvadları Xilaskarın 
məzarı üzərində hönkürtü ilə ağlayır, mələklər şadlıq edir, «Gizli gecə»dəki apostollar həyəcan keçirir, günaha 
batanlar cəhənnəmdə  əzab çəkir. Yunanların plastik sahədəki nailiyyətlərini (məsələn, üzün profildən təsviri) 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
179
daha da inkişaf etdirən qotik sənətkarlar müstəqil yolla gedərək ətraf aləmə daha emosional və şəxsi münasibət 
bəsləyirlər.  
O dövrdə möcüzələrə, fantastik heyvanlara, əjdaha və divlərə olan inamlar hələ  də qalmaqda idi. Roman 
incəsənətində olduğu kimi, qotikada da onların təsvirlərinə tez-tez rast gəlmək olur.  
Qotik heykəltəraşlığın ülvi obrazlar aləminə tez-tez məişət motivləri də daxil olurdu. Bunlardan xalq 
sənəti nəfəsi duyulurdu: rahiblərin, qəssabların, aptekçilərin, üzümyığanların, alverçilərin, biçinçilərin fiqurları. 
Hətta sərt xarakterini itirən «Məşhər günü» səhnələrində də incə yumor hiss edilir. Eybəcər təsvir edilən günah-
karlar içərisində krallara, rahiblərə və varlı adamlara tez-tez rast gəlmək olur.  
Rəngkarlıq. Qotik soborun interyerinin dekorativ tərtibatında  əsas rolu işıq-rəng problemlərinin düzgün 
həlli oynayır. Sobor daxildən və xaricdən qızıl suyu ilə səxavətlə işlənirdi (pəncərə-roza). Pəncərələrin nəhəng 
səthini dolduran vitrajların kompozisiyaları «Qiyamət günü» hekayələrindən, tarixi hadisələrdən, ədəbi və dini 
süjetlərdən, həmçinin sənətkarların, kəndlilərin əməyini və həyatını əks etdirən səhnələrdən bəhs edərək orta əsr 
həyat tərzinin ensiklopediyası rolunu oynayırdı. Hər bir pəncərə yuxarıdan aşağıyadək fiqurlardan ibarət kom-
pozisiyalarla doldurularaq medalyonlarla tamamlanırdı.  
Qotika incəsənətində  İsa peyğəmbərin obrazı  dəyişildi:  şəhidlik mövzusu ön plana çəkildi. Qotik 
rəssamlar öz allahlarını  əzab çəkən və hüznlü, bəşəriyyətin günahlarını öz üzərinə götürmüş kimi təsvir 
edirdilər.  İnsanlar üçün daimi allaha yalvaran və onları müdafiə edən Məryəm ananın da obrazı qotik 
incəsənətin diqqət mərkəzində idi. Məryəm anaya olan sitayiş orta əsrlər üçün xarakterik olan gözəl qadına 
sitayiş kultu ilə eyni zamanda yaranıb. Bəzən bu iki kult qovuşur və Məryəm ana gözəl qadın simasında təqdim 
olunurdu.  
XIII-XIV əsrlərdə qotika incəsənətində orta əsr kitab sənəti, miniatür sənəti yüksək inkişaf səviyyəsinə çatdı. 
Onların inkişafı mədəniyyətə kübar tendensiyaların axınının artması ilə əlaqədar idi. Hətta dini məzmunda çoxfi-
qurlu kompozisiyası olan illüstrasiyalarda incə realist detallara rast gəlmək olur: nəbati ornamentlər, quşların, 
kəpənəklərin, heyvanların, məişət səhnələrinin təsviri.  
XIII-XIV əsrlərdə Müqəddəs taritxdən olan səhnələr və müqəddəslərin təsvirləri olan zəngin illüstrasiyalı 
kilsə kitablarından başqa dua kitabları, roman və tarixi xronikalar da geniş yayılmışdı. Onların səhifələrində 
kübar şənlikləri, cəngavər turnikləri, kəndli əməyi ilə bağlı səhnələr yerləşdirilirdi ki, bunlar da ot və güllərdən 
ibarət zərif ornamentlərlə bəzədilirdi.  
XIV-XV əsrlərdə həmçinin kübar (qeyri-dini) əlyazmalarına – elmi traktatlara, xronikalara, pravoslavların 
dua kitablarına, məhəbbət nəğmələri toplusuna da illüstrasiyalar çəkilirdi. Kurtuaz ədəbiyyatına aid əsərlərdə 
cəngavərləritn ideal məhəbbətini tərənnüm edən miniatürlər geniş yayılmışdı. Çərçivələr də kitablara xeyli 
yaraşıq verirdi. Beləliklə, miniatur sənəti orta əsr incəsənətinə canlı  nəfəs gətirərək rəngkarlığın inkişafında 
mühüm rol oynadı.  
Fransa. Qotik incəsənət ilk dəfə burada - kral mülklərinin mərkəzi olan Fransa əyaləti  İl-de-Fransda 
yaranıb. Bunun belə olmasının səbəbi fransız dövlətinin güclənməsi, kral hakimiyyətinin möhkəmlənməsi, 
şəhərlərin artması idi. Müxtəlif sənətlərin, elm və  ədəbiyyatın çiçəklənməsi  İl-de-Frans  əyalətinin  əsas 
şəhərlərindən olan Parisi Avropa mədəniyyətinin mərkəzinə çevirdi. O dövrün müasirlərindən biri İl-de-Fransı 
«bəşəriyyətin mənəvi çörəyi yapılan soba» adlandırmışdı.  
Erkən qotikanın xarakterik xüsusiyyətləri Fransa paytaxtının  əsas soboru – Paris-Notrdam kilsəsində 
təcəssüm olunub. Paris-Notrdam kilsəsi 1163-cü ildə tikilməyə başlasa da, onun tikintisi yalnız XIV əsrdə başa 
çatıb. Paris-Notrdam kilsəsində həm roman, həm də qotika üslublarının cizgiləri qovuşub. Fasadın iri qüllələri 
roman memarlığı üçün xarakterik olduğu halda, arkalara söykənən xaç qübbə, arkbutan (yarım arka) və 
kontrforslardan (divar və ya günbəzi saxlayan ağır dayaq), çalma tağlardan və çoxlu pəncərələrdən istifadə 
edilməsi qotik incəsənətə xasdır.  
Şartrdakı kilsə (XII-XIV əsrlər) Avropanın  ən gözəl kilsələrindəndir. Kral IX Lüdovik müqəddəs 
Məryəmin  əmanətləri saxlanan bu şəhərə himayədarlıq edir, hətta kilsəyə böyük pəncərə (okno-roza) də 
bağışlayır. Kilsənin tikintisində çox adam iştirak etmiş, vitrajlar şəhər sənətkarlarının hesabına başa gəlmişdir. 
XII  əsrdə minlərlə normand zəvvarı  Şartra gələrək burada bir neçə ay işləmiş, Məryəm ananın  şərəfinə himn 
oxuyaraq, ağır daşlarla dolu arabaları daşımışlar. Kilsənin tikintisində  iştirak etmək savab iş sayılırdı. Belə 
düşünürdülər ki, bu yolla günahlar bağışlanacaq və göylərdə qurtuluş təmin ediləcək.  
Kilsənin «kral portalı» (1145-1155) qotika heykəltəraşlığına parlaq nümunədir. Kilsə, həmçinin 2500 
kvadratmetrdən çox sahəni tutan vitrajları ilə də məşhurdur. 1194-cü ildə kilsə, demək olar ki, büsbütün yandı, 
yalnız «kral portalı» və qüllənin özülü qaldı. Sonradan bina yenidən tikildi.  
Yetkin qotika memarlığının məşhur nümunələrindən Reymsdəki və Amyendəki soborları göstərmək olar. 
Fransız krallarının tacqoyma mərasiminin keçirildiyi Reyms soboru (1211-1330-cu illər) kral hakimiyyətinin 
əzəmətini və gücünü tərənnüm edən abidədir. Eyni zamanda o, tikintidə fəal iştirak edən şəhər sakinlərinin və 
şəhərin özünün güc və dövlətinin sübutudur. Amyendəki soborun (1218-1268) uzunluğu 145 metr, hündürlüyü 
isə 42,5 metrdir. Bu, Fransada ən iri sobordur. Amyendəki sobor Fransada qotik memarlığın çiçəklənməsinə 
sübutdur. Əgər Reyms soboru heykəltəraşlıqla bəzədilmiş zahiri görkəmi ilə seçilirsə, Amyendəki sobor özünün 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
180
yüngül, isti, vitrajlarla işıqlandırılmış nurlu və eyni zamanda geniş intenyeri ilə  fərqlənir. Qotika üslubunda 
yalnız kilsə tikililəri deyil, dini olmayan kübar, ictimai və s. binalar da tikilirdi: məs. ratuşalar, ticarətlə əlaqədar 
tikililər və ya şəxsi evlər. 
İnkişaf etmiş fransız qotikasının  ən gözəl nümunələrindən biri hələ IX Lüdovikin dövründə Parisin Sit 
adasında tikilmiş ikimərtəbəli Müqəddəs Kral kapellasıdır.  
XIII əsrə aid olan görkəmli abidələrə misal olaraq Normandiya sahillərindəki Mon Sen-Mişel abbatlığında 
olan monastırı göstərmək olar. Bu, qotika dövrünün tək-tük monastırlarından olub, Fransanın  şimal 
sahillərindəki qaya üzərində tikilib. Monastıra quru yolu ilə ilə yalnız dəniz suyunun çəkildiyi vaxt getmək olar. 
Qabarmalar zamanı monastırı hər yerdən su əhatə edir.  
Fransız qotik heykəltəraşlığının inkişafı XII-XIII əsrlərə aiddir. Onun ən parlaq nümunələri yuxarıda 
haqqında söhbət gedən Şartr, Reyms və Amyen soborlarıdır ki, bunların hərəsində öz gözəlliyi ilə seçilən 2 minə 
yaxın heykəltəraşlıq  əsərləri var. Fransanın qotik rəngkarlığının  ən gözəl nümunələri də  Şartr soborunun 
vitrajlarıdır. Məs. «Məryəm ana öz körpəsi ilə». Reyms kilsəsində  də belə gözəl vitrajlar az deyil. XIII-XIV 
əsrlər Fransız miniatür sənətində aparıcı yeri Paris məktəbi oynayırdı. Məs. «Böyük fransız xronikası»nın (XIV 
əsr) illüstrasiyaları.  
XIV-XV yüzilliklər Fransada orta əsr incəsənətinin yekun mərhələsi sayılır. Buna «yetkin» və ya «alovla-
nan qotika» da deyilir. Bu dövrdə təsvirlərdəki xətlər yanan alovu xatırladır, həmçinin əyri xətli formalardan, 
mürəkkəb rəsmlərdən, şəbəkəli ornamentlərdən də geniş istifadə edilirdi. Bu dövrdə artıq yeni binalar tikilmir, 
yalnız başlanmış tikililər sona çatdırılırdı.  
XII-XIV əsrlərdə Almaniyada imperator, knyazlar və ali ruhanilər arasında hakimiyyət uğrunda mübarizə 
getdiyi üçün Almaniya parçalanmış ölkə olaraq qalırdı. Belə şəraitdə şəhərlər mühüm əhəmiyyət kəsb etməyə 
başladı. Buradakı kilsə və ratuşular qotik incəsənətin mərkəzi oldu.  
Almaniyada qotika XIII əsrin I yarısında geniş yayıldı. Alman qotikası fransız qotikasından kəskin 
surətdə  fərqlənirdi.  İnsan ruhunun göylərə olan meylini mümkün qədər daha çox vurğulamağa çalışan alman 
memarları qübbələrin hündürlüyünü kəskin surətdə artıraraq, onların başına  şpilləri olan (qüllələrin başında 
uzun mil) qüllələrdən tac qoyurdular. Kilsələrin qərb fasadlarındakı bir və ya iki hündür qamətli qüllələri daha 
təmtəraqla bəzəyirdilər. Bir qayda olaraq, burada bayır tərəfdən yarımarkalar (arkbutanlar), həmçinin pəncərə-
rozalar olmazdı. Onun əvəzinə çatma pəncərələrdən istifadə edilirdi.  
Almaniyada qotik memarlığa aid olan kilsələr Marburq, Nauburq, Freyburq, Ulm və digər şəhərlərdədir.  
Alman memarlığının  ən görkəmli  əsəri – Köln şəhərindəki sobordur (1248-ci ildən – XIX əsrədək). 
Hündürlüyü 46 metr olan bina çoxlu arkalar, incə naxışlar, çatma pəncərələrlə bəzədilib.  
Almaniyada qotika dövründə heykəltəraşlıq nisbətən az inkişaf etmişdi. Heykəllər roman dövründə 
olduğu kimi fasadları yox, əsasən məbədlərin içərisini bəzəyirdi. Almaniyadakı qotik heykəltəraşlıq  əsərləri 
formaca ağır olub, Fransadakına nisbətən o qədər də zərif və nəfis deyildi. Erkən qotikaya Bamberqdəki kilsənin 
heykəl bəzəkləri, o cümlədən, Yelizavetanın portreti (1230-1240) aiddir. Burada çoxlu relyeflər, həmçinin Atlı 
fiquru vardır ki, bu da orta əsrlərin  ən sirli heykəllərindəndir. Heykəlin kimi təsvir etdiyi məlum deyil: 
fərziyyələrə görə bu, ya imperator Böyük Karl, ya imperator Otton, ya da adi xristian döyüşçüsüdür. 
Ümumiyyətlə, atlı  təsvirlər Almaniyada erkən vaxtlardan yaranıb. Alman qotikası portret heykəltəraşlığının 
inkişafında mühüm rol oynayıb. Alman heykəltəraşlığının görkəmli əsərləri içərisində Naumburqdakı kilsənin 
(XIII  əsr) yaradıcılarının, xüsusən markqraf (orta əsrlərdəAlmaniyada sərhəd vilayəti və ya müstəqil inzibati 
vilayəti idarə edən knyaz) Ekkerxardın və markqrafinya Utanın heykəllərini göstərmək olar.  
Qərbi Avropanın digər ölkələrindən fərqli olaraq, İngiltərədə  şəhərlər az əhəmiyyət kəsb etdiyindən bu 
ölkənin qotik incəsənəti əsasən monastırlarla bağlı idi. İngiltərədəki qotik kilsələr həm içəridən, həm də bayır 
tərəfdən bər-bəzək bolluğu ilə  fərqlənirdi. Onun uzun mərkəzi hissəsi hündür qüllə ilə tamamlanırdı. Adətən 
fasad hissədə qüllə olmurdu.  
İngilis qotik soborlarının həm içərisi, həm də xarici öz zəngin bəzəyi ilə seçilir. Uzun olan orta hissədə 
hündür qüllə ucalırdı. Fasadda adətən qüllə olmazdı.  
İngiltərənin qotik memarlığının  ən görkəmli nümunələrindən ingilis krallığının baş  məbədi olan 
Kenterberdəki kilsəni (XII-XIV əsrlər), Londonda ingilis krallığının dəfn və ənənəvi tacqoyma mərasimlərinin 
keçirildiyi Vestminster abbatlığının kilsəsini (XIII-XIV əsrlər), Solsberidəki kilsəni (1220-1266) və s. gös-
tərmək olar.  
İngiltərədəki qotik heykəltəraşlıq və divar rəsmləri, demək olar ki, saxlanmayıb. Onların çoxu dindarların 
Katolik Kilsəsinə qarşı amansız mübarizə apardığı Reformasiya dövründə (XVI əsrdə Qərbi Avropada katolik 
kilsəsinə  və papa hakimiyyətinə qarşı dini mübarizə  şəklində  cərəyan edən feodalizmə qarşı ictimai-siyasi 
hərəkat) məhv edilib.  
Orta  əsrlərdə  İtaliya  mədəniyyətinin formalaşmasında həlledici rolu respublika-şəhərlər - Florensiya, 
Siyena, Venesiya oynayırdı. O dövrdə İtaliya mədəniyyəti antik ənənələrin təsiri altında olduğundan qotik üslub 
burada yalnız XIV əsrdə formalaşdı, lakin hakim mövqe tuta bilmədi.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
181
Bu dövr İtaliyası daha çox qeyri-dini, kübar memarlığı ilə zəngindir. Qotik dövrün ən iri məbədi – 40.000 
adam tutan Milan kilsəsidir (1386-cı il – XIX əsr). Zəngin bəzəyə malik olan bu kilsənin təkcə heykəltəraşlıq 
əsərlərinin sayı 2.300 ədəddir.  
İtaliyanın digər şəhərlərində də xeyli gözəl kübar qotik tikililər – saraylar, ratuşalar, fəvvarələr saxlanıb.  
Çoxəsrlik Venesiya tarixinin parlaq simvolu olan Dojlar Sarayı (Venesiyanın başçıları) qotika dövrü 
tikililəri içərisində məşhur olub, mərkəzi meydan sayılan Müqəddəs Mark meydanını bəzəyir. IX əsrdə Vene-
siya körfəzinin laqun (dənizdən ayrılmış kiçik göl) sahilində müdafiə  məqsədilə tikilmiş bu saray yüzilliklər 
ərzində bir neçə dəfə yenidən tikilib. Buna baxmayaraq, iri olan içəri həyətin ətrafında kvadrat əmələ gətirən 
planın ilk variantı olduğu kimi saxlanmışdır. Pyasettu meydanı və sarayın laquna çıxan fasadları (XIV-XV əsr) 
«alovlu» qotikanın gözəl nümunəsidir.  
Beləliklə, qotika incəsənəti orta əsrlər mədəniyyətinin parlaq nailiyyətlərindəndir. Onun Avropa 
mədəniyyətinə  təsiri yalnız orta əsrlərlə  məhdudlaşmır. XIX əsrdə qotika memarlığı, heykəltəraşlığı  və 
rəngkarlığına maraq o qədər artmışdı ki, yarımçıq qalmış bir çox tikililər məhz bu dövrdə davam etdirilərək başa 
çatdırılmışdır. Köln kilsəsi, Praqadakı Müqəddəs Vit kilsəsi və s. belələrindəndir. Qotik üslubda hətta XIX əsrin 
özündə  də binalar tikilirdi. Məsələn, Londonda Temza çayı sahilindəki  İngilis parlamentinin binası buna 
misaldır.  
Orta  əsrlər mədəniyyəti yalnız memarlıq və  təsviri incəsənətlə  məhdudlaşmır. Roman dövründə kübar 
mədəniyyətinə aid olan qəhrəmanlıq eposu («Roland haqqında nəğmə», təxm. 1100-cü il), trubadur poeziyası, 
cəngavər romanı, məişət janrı, fablio, farslar, məzəli atalar sözləri, təmsillər inkişaf səviyyəsinə çatdı. Qotika 
dövründə epos və  cəngavər romanları ilə yanaşı yeni dövrün əlamətdar hadisəsi olan provansal poeziya – 
trubadurların məhəbbət lirikası da çiçəkləndi. Poeziyada fərdi hisslər kök salmağa başladı. Gündəlik həyatın 
parlaq səhnələrinə meyl edən şəhər ədəbiyyatı inkişaf etdi. Birsəsli (unison) musiqini çoxsəsli musiqi əvəz etdi. 
Şəhərlərdə xor himnləri, kəndlərdə misteriyalar geniş yayıldı. Komik teatr janrları da yarandı: farslar, «günahkar 
messalar», təlxək nümayişləri və s.  
Mədəniyyətin ümumi inkişafında əvəzedilməz rolu olan qotika incəsənəti öz əzəmətli əsərləri ilə unudul-
maz təəssürat və əxlaqi-estetik pafos oyadır. Məhz qotika dövründə incəsənətin sintezi anlayışı yaranır. Realist 
istiqamət isə incəsənəti yeni dövrə - İntibaha aparır.  
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin