Eksperiment müşahidədən birinci növbədə onunla fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gedişinə qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır.
Eksperimentin birinci növbədə iki növünü – təbii və laborator eksperiment növünü qeyd etmək olar.
Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874-1917) tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur. Bu cür eksperiment təbii şəraitdə (təlim, əmək, oyun şəraitində) həyata keçirilir. Məsələn, hansı materialın şagirdlərin təfəkkürünün inkişafını yüksək inkişafetdirici təsir göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan iki qrupdan birində (eksperimental qrup) təlim materialları problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup) ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda üstünlük olduğu aşkara çıxarılır.
Laborator eksperimentə gəldikdə bu laboratoriya şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran qurğular hazırlanmışdır ki, onların köməyi ilə tutarlı elmi nəticələr əldə etmək mümkündür.
Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı) eksperiment. Yaş və pedaqoji psixologiyada eksperimentin bu növlərindən geniş istifadə olunur. Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin gedişinə təsir etmir.
Öyrədici (formalaşdırıcı) eksperimentə gəldikdə bu eksperimentatorun fəal, məqsədəyönəlmiş təsiri prosesində yoxlananlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji-pedaqoji eksperiment adı ilə də adlandırırlar.
Eksperimenti fərdi şəkildə, ayrıca bir adam üzərində və qrup şəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq mümkündür.
Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da istifadə olunur. Bəzən müşahidə və eksperiment zamanı bu və ya digər hadisənin baş verməsi səbəblərini aşkara çıxarmaq mümkün olmur. Bunun üçün müsahibə metodu psixoloqun köməyinə çatır. Sual-cavab yolu ilə psixoloq ona lazım faktı əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir. Suallar düşünülmüş və birmənalı olmalıdır. Müsahibə metodunu çox vaxt sorğu metodu kimi də qeyd edirlər. Sorğunun müxtəlif variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və çatışmayan cəhətləri vardır. Sorğunun üç əsas növünü qeyd edirlər: şifahi, yazılı və sərbəst sorğu.