Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə10/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   297
psix

M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrla­rının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəz­siz xidmətlər göstərmişdir.
O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnsti­tu­tunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cü ildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonuna­dək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo­giya­nın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psi­xolo­giya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixolo­giya» dərsliyi mühüm bir hadisə idi.
50-ci illərdən başlayaraq Azərbaycanda psixologiya elmi­nin yeni bir inkişaf mərhələsi başlayır. Bu dövrdə A.K. Ab­dul­layev, Ş.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əli­za­də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fa­kül­­təsində təhsil almışdır.
İ.Ə. Seyidov, K.S. Əbilov, M.S. Nəcəfov, M.Ə. Həm­zəyev, M.M. Hacıyev 50-ci illərdə namizədlik dissertasiyaları müdafiə edirlər.
1963-64-cü tədris ilində V.İ. Lenin adına APİ-də psixo­lo­giya kafedrası yenidən müstəqil fəaliyyətə başlayır. 1963-1975-ci illərdə kafedraya görkəmli psixoloq Ş.S. Ağayev rəhbərlik edir.
Ş.S. Ağayev 1954-cü ildə «Fikri məqsədin xarakterindən asılı olaraq görmə qavrayışının dinamikası» mövzusunda na­mi­zədlik, 1967-ci ildə isə «Əmək, tərbiyə və inkişaf» möv­­zu­sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Şəxsiyyət psi­xologi­yası, təlim psixologiyası, tərbiyə psixologiyası və s. sahə­lər üzrə tədqiqatlar aparmış, dərsliklərin hazırlanmasında, kadr­ların yetişməsində önəmli rol oynamış professor Ş.S. Ağayev müəy­yən müddət V.İ. Lenin adına APİ-nin rektoru olmuşdur.
1960-70-ci illərdə sovet psixologiya elmində bir inkişaf mərhələsi başladı. Psixologiyanın müxtəlif sahələri üzrə təd­qi­qat­lar genişləndi.
Gənc və istedadlı psixoloqlar Ə.S. Bayramov, T.Ə. Mus­ta­fayev, C.A. Təhmasib, İ.A. Fərəcov, A.U. Məmmədov, Q.E. Əzi­mov, R.M. Rəsulov, M.Ş. Əbdülov və başqaları namizədlik dis­ser­tasiyaları müdafiə etdilər. Bu dissertasiyalar psixologiyanın bir çox sahələrini əhatə etsə də əsas diqqət yaş və pedaqoji psixologiyaya yönəldilmişdi.
60-cı illərin sonu – 70-ci illərin əvvəlləri Azərbaycan psixologiya elmi üçün daha məhsuldar olmuşdur. Ə.S. Bay­ra­mov, M.Ə. Həmzəyev, M.S. Nəcəfov, Ə.Ə. Qədirov, Ə.Ə. Əli­­za­də müxtəlif mövzularda doktorluq dissertasiyaları müdafiə etmişlər. Bundan sonra 20 il müddətində Azərbaycanda psixo­lo­giya üzrə doktorluq dissertasiyaları müdafiə olunmamışdır. Yal­nız 90-cı illərin ortalarından başlayaraq yenidən respublikada dok­torluq dissertasiyaları müdafiə olunmağa başladı. Ə.T. Bax­şəli­yev, S.İ. Seyidov, B.H. Əliyev, İ.M. Novruzlu, R.İ.Əliyev, G.K.Məmmədova, İ.Ə.Məm­mədova doktorluq dissertasiyaları müdafiə etdilər.
Azərbaycanda psixologiya elminin inkişafında 1947-48-ci tədris ilindən 1954-55-ci tədris ilinədək Azərbaycan Dövlət Universitetində təşkil olunmuş məntiq-psixologiya şöbəsinin müs­­təs­na rolu olmuşdur. Bu müddət ərzində 150-dən artıq yük­sək ixtisaslı psixoloq kadrı oranın məzunu olmuşdur. Onların sıra­sından Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, Ə.Ə. Qədirov, M.S. Nə­cə­fov, Q.E. Əzimov, M.Ş. Əbilov kimi tanınmış alimlər çıxmış­lar. Məhz onların sayəsində Azərbaycan psixologiya elmi mü­hüm inkişaf yolu keçmişdir.
1947-52-ci illərdə Azərbaycan Dövlət Universitetinin mən­tiq-psixologiya şöbəsini bitirənlərdən biri də professor Ələd­din Əhməd oğlu Qədirov (1929-2003) olmuşdur. Ə.Qə­di­rov 1963-2001-ci illər ərzində Gəncə Dövlət Pedaqoji İnsti­tu­tun­da dosent, kafedra müdiri, prorektor, rektor vəzifələrində ça­lış­mışdır.
Ə. Qədirov 2001-2003-cü illərdə Təhsil Problemləri İnstitu­tun­da aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
O, 1961-ci ildə «Kiçik məktəbyaşlı uşaqlarda mücərrəd təfək­kürün inkişafı» mövzusunda namizədlik, 1974-cü ildə isə «Kiçikyaşlı məktəblilərdə mücərrədləşdirmənin inkişafı» möv­zu­sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.Qədirov təlim-tərbiyə psixologiyasına dair çoxsaylı əsərlərin müəllifidir. 2003-cü ildə nəşr etdirdiyi «Yaş psixologiyası» dərsliyi isə ümumən Azərbaycan psixologiya el­minin nailiyyətlərindən hesab olunur.
Azərbaycan psixologiya elminin inkişafında əvəzsiz xidmətləri olan alimlərdən biri də professor Muxtar Əliş oğlu Həmzəyevdir (1929). O, 1952-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1956-cı ildə «İbtidai məktəbin II sinif şagirdlərində samitlər üzrə düzgün yazı vərdişlərinin təşəkkül et­məsi və inkişafının psixoloji xüsusiyyətləri» möv­zusunda na­mizədlik dissertasiyası müdafiə etmişdir. Bundan sonra M.Həm­zəyevin təlim-tərbiyə məsələləri ilə bağlı əsərləri nəşr olunur. «Ailədə uşaqların oyunlarına rəhbərlik» (1965), «Yazı təliminin bəzi məsələləri» (1961), «Şagirdlərin düzgün yazı vərdişlərinə yi­yələnmə xüsusiyyətləri» (1984) və onlarla digər kitablar M.Həm­zəyevin qələminin məhsulu olsa da, ümumən Azər­bay­can psixologiya elminin nailiyyətləri hesab edilir. Onun «Peda­qo­ji psixologiya» (1991), «Yaş və pedaqoji psixologiyanın əsas­ları» (2000-2003) və digər dərslikləri geniş istifadə olunan uğurlu dərs­liklərdəndir. O, uzun müddət I sinif şagirdləri üçün «Ana dili» dərsliyinin müəlliflərindən biri olmuşdur.
M. Həmzəyevin fəaliyyətinin uzun və məhsuldar bir dövrü Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ilə bağlı olmuşdur. O, 1956-74-cü illərdə baş elmi işçi, şöbə müdiri, psixo­logiya laboratoriyasının müdiri işləmişdir. 1974-77-ci illərdə Azər­baycan Dövlət Bədən Tərbiyəsi İns- titutunda kafedra müdiri olmuşdur.
1978-ci ildən M.Həmzəyevin elmi fəaliyyəti Azərbaycan Dövlət Dillər İnstitutu, indiki Dillər Universiteti ilə bağlanır. O, hazırda Azərbaycan Dil­lər Universitetində psixologiya kafedrasının müdiri vəzifə­sində çalışır.
M.Həmzəyev 1969-cu ildə «Azərbaycan dili orfoqrafiya və durğu işarələrinin mənimsənilməsi psixo­logiyası» mövzu­sun­da doktorluq dissertasiyası müdafiə etmişdir.
Respublikada elmi kadrların hazırlanmasında da M.Həm­­­zə­yevin müstəsna rolu olmuşdur. Onun rəhbərliyi ilə onlarla aspi­rant və dissertant namizədlik dissertasiyası müdafiə et­miş­dir. Uzun müddət AAK Ekspert Şurasının üzvü olmuşdur.
Azərbaycan psixologiya elminin inkişafında əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramovun (1930) müs­təsna xidmətləri olmuşdur. Azərbaycan Dövlət Univer­site­tinin məntiq-psixologiya şöbəsini bitirdikdən sonra Ə.S. Bay­ra­mov çoxşaxəli elmi-pedaqoji fəaliyyətə başlayır. O, demək olar ki, Azərbaycanda psixologiya elminin bütün sahələri üzrə tədqi­qat aparmış, elmi əsərlər yazmış, dərsliklər hazırlamışdır. O, pro­fes­sor Ə.Ə. Əlizadə ilə birlikdə Azər­baycanda sosial psixo­lo­giyanın əsasını qoymuşdur. Hələ sovet hakimiyyəti illərində etno­psi­xologiyanın «qadağan olunduğu» vaxtlarda etnopsixolo­giya ilə bağlı fikir və ideyalarını irəli sürmüş, 1996-cı ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəşr etdirmişdir. Ə.S. Bayramov Azərbaycanda etnopsixologiyanın yaradıcısıdır. Onun çoxsaylı aspirant və dissertantları da etnopsixoloji məsə­lə­lərə dair namizədlik dissertasiyası müdafiə etmişdir.
1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və tənqidiliyinə görə III-IV sinif şagirdlərinin fərdi xüsusiyyətləri» mövzusunda namizədlik, 1967-ci ildə isə «Kiçik məktəbyaşlı şagirdlərdə əqli keyfiyyətlərin inkişaf dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
O, 1974-cü ildən SSRİ Psixologiya Cəmiyyəti Azərbaycan şöbəsinın sədri olmuşdur. Ə.S.Bay­ra­mov 1971-97-ci illərdə BDU-nun pedaqogika və psixologiya ka­fed­rasına rəhbərlik etmişdir. Uzun illər psixologiya üzrə ixti­sas­laş­dırılmış müdafiə şurasının sədri kimi respublikada yüksək ixtisaslı psixoloq kadrların hazırlanmasına rəhbərlik etmişdir.
Hazırda Bakı Dövlət Universiteti psixologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi Azərbaycan psixologiya elminin inkişafına xidmət göstərir.
Respublikamızın görkəmli alimlərindən biri, Azərbay­can Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının müdiri, professor Əbdül Əli oğlu Əlizadə (1932) Azərbaycanda psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş psixoloqlardandır. Ə.Əlizadə 1950-55-ci illərdə Azərbaycan Döv­lət Universitetinin məntiq-psixo­logiya şöbəsində təhsil almışdır. 1956-cı ildə ilk elmi məqaləsi çap olunur. 1957-ci ildə «Azərbaycan məktəbi» jurnalında işə başlayır. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. Sonrakı fəaliyyəti bu institutla bağlıdır.
1962-ci ildə «Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri» mövzusunda namizədlik, 1975-ci ildə isə «Cinsi dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri» mövzu­sun­da doktorluq dissertasiyası müdafiə edir.
1976-cı ildən bu günədək Ə.Ə.Əlizadə ADPU-nun ümumi psixologiya kafedrasının müdiridir.
Ə.Ə.Əlizadənin fəaliyyətində dərsliklərin hazırlanması xüsusi yer tutur. O, hələ 60-cı illərdən dərsliklərin hazırlanma­sın­da yaxından iştirak edir. Professor Y.Ş.Kərimovla birlikdə hazırladığı «İlk addımlar» dərs vəsaiti özünün psixoloji məzmununa görə diqqəti cəlb edir.
1964-cü ildə nəşr olunmuş «Psixologiya» dərsliyinin müəl­­lif­lərindən biri də professor Ə.Ə.Əlizadədir. Professor Ə.Ə.Əli­zadə professor Ə.S.Bayramovla birlikdə çox səmərəli fəaliyyət göstərmiş, Azərbaycan psixologiya elminin inkişafına önəmli xidmət etmişlər. «Psixologiya» (1989), «Sosial psixolo­gi­yanun aktual məsələləri» (1986), «Sosial psixologiya» (1976), «Sosial psixologiya» (2003) və digər əsərlər onların birgə fəa­liy­yətinin məhsuludur.
Ə.Ə.Əlizadənin yaradıcılığında ailə tərbiyəsi, ailə prob­lem­ləri daha dolğun şəkildə araşdırılmışdır. Professor A.N.Ab­basovla birlikdə hazırladıqları «Ailə» dərsliyi pedaqoji ictimaiy­yət tərəfindən müstəsna xidməti olan əsər kimi qəbul olundu.
Ə.Ə.Əlizadənin psixoloq kadrlarının hazırlanmasında da əvəzsiz rolu olmuşdur. Onun aspirant və dissertantları müxtəlif istiqamətli mövzularda namizədlik dissertasiyaları müdafiə et­miş­lər. Professor Ə.Ə.Əlizadə indi də fəaliyyətini uğurla davam etdirir.
80-ci illərin ortalarından başlayaraq SSRİ-də psixologi­yanın praktik istiqamətdə inkişafına xüsusi yer ayrıldı. Təbii ki, Azərbaycanda da bu istiqamətə diqqət yetirilməyə başlandı. 80-ci illərin sonuna yaxın məktəbə psixoloji xidmət sahəsində fəa­liy­yətə başlandı. Aydındır ki, fəaliyyət üçün ixtisaslı psixoloq kadr­larına ehtiyac yarandı. İlk dövrlər problem işləyən müəllim­lərin ixtisasdəyişməsi yolu ilə həll olundu. Respublikamız müs­tə­qillik qazandıqdan sonra yük­sək ixtisaslı psixoloq kadrlarının hazırlanması zərurəti yarandı.
90-cı illərin əvvəllərindən başlayaraq Bakı Dövlət Univer­site­tində, Azərbaycan Dövlət Pedaqoji Univer­sitetində, Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Univer­siteti) psixologiya fakültələri fəaliyyətə başladı. Görülmüş işlər tədricən öz bəhrəsini verməyə başladı.
İndi Azərbaycanda həm elmi psixologiya, həm də praktik psixologiya özünün inkişafının yeni bir mərhələsinə qədəm qoyur.
20 ildən artıq bir müddətdə Azərbaycanda psixologiya üzrə doktorluq disser­tasiyası müdafiə olunmadı. 1996-cı ildə Ərəs­tun Təriş oğlu Baxşəliyev «XX əsrdə Azərbaycanda psi­xo­loji fikrin inkişafı» mövzusunda doktorluq disser­tasiyası mü­da­fiə etdi. Azərbaycanda psixologiya tarixi üzrə görkəmli mütə­xəs­sis Ə.Baxşəliyev 1973-cü ildə «Sovet Azərbaycanında psixo­logi­yanın inkişaf tarixindən» mövzusunda namizədlik disser­ta­siyası müdafiə etmişdir.
Ə.Baxşəliyev xüsusilə Azərbaycanda elmi psixologiyanın təşəkkül tapmasından sonrakı dövrün öyrənilməsinə diqqət yetirmiş, təhlillər aparmışdır. O hazırda ADPU-da yaş və peda­qoji psixologiya kafedrasına rəhbərlik edir.
Respublikamızın müstəqillik qazanmasıyla digər sahələr­də olduğu kimi, elm və təhsil sahəsində də islahatlar aparılması zərurəti yarandı. Bu isə psixologiya elmində də yeni istiqamətli, praktik əhəmiyyət kəsb edən problemləri aktuallaşdırdı. Bu istiqamətdə ilk addım atan psixoloqların sırasında ilk növbədə professor Səməd İsmayıl oğlu Seyidovun adını qeyd etmək lazım­dır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixo­logiya fakültəsini bitirən S.Seyidov 1989-cu ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyası müdafiə edir.
Hazırda Azərbaycan Dillər Universitetinin rektorudur.
S.İ.Seyidov təşkilati, ictimai işlərlə yanaşı, Azərbay­can Respublikası üçün yeni bir sahə olan menecment psixologiyası üzrə aparılan ciddi tədqiqatların müəllifidir. Bununla yanaşı, o, kadr hazırlığı sahəsinə də önəmli yer verir. Onun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edən gənc alimlər də tədqi­qatlarında daha çox menecment psixologiyası kimi vacib bir sahəyə diqqət yetirirlər.
Azərbaycan psixologiya elminin 80-ci illərdən sonrakı inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Həmzə oğlu Əliyevin özünə­məx­sus yeri və rolu vardır. O, Moskva Dövlət Universitetini bitirmiş azsaylı, yüksək ixtisaslı, peşəkar psixoloqlardandır. O, ilk növbədə, rus psixologiya elminin nailiyyətlərinə istinad et­mək­lə Azərbaycanda da yeni istiqamətli tədqiqatların aparıl­masını zəruri hesab edən və bu yöndə əməli fəaliyyət göstərən psixoloqlardandır. 1983-cü ildə MDU-nu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində əmək fəaliyyətinə başlamış, 1989-cu ildə namizədlik dissertasiyası mü­dafiə etmişdir. 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra daha ciddi şəkildə Azərbaycan psixologiya elminin inkişafına səy göstər­miş­dir.
B.H.Əliyev Azərbaycan elmi psixologiyası üçün çox əhə­miyyətli olan, lakin nisbətən az işlənmiş sosial psixologiya üzrə tədqiqatların aparılmasına, monoqrafiya və kitabların çap olun­ma­sına çalışır və bu sahədə Azərbaycan elminə nailiyyətlər qazandırır. Onun hüquq psixologiyası sahəsindəki tədqiqatları xüsusilə əhəmiyyətlidir.
B.H.Əliyev onlarla aspirant və dissertanta rəhbərlik etmişdir. 2005-ci ilin iyun ayında isə B.H.Əliyevin rəhbərliyilə G.K.Məmmədova «Psixologiya və bədii ədə­biyyatda şəxsiy­yətin tipologiyası problemi» mövzusunda doktorluq disser­tasiya­sı müdafiə etmişdir.
B.H.Əliyev eyni zamanda 1999-cu ildən nəşr olunan «Psi­xo­­logiya jurnalı»nın baş redaktoru, Bakı Dövlət Univer­site­tinin nəz­dindəki psixologiya üzrə dissertasiya şurasının sədri, psixo­lo­giya kafedrasının müdiridir.
2003-cü ildə Azərbaycan psixologiya elmində az işlənmiş bir sahə üzrə – dərinlik psixologiyası üzrə doktorluq disser­ta­siyası müdafiə edən İ.M. Novruzlu həm özünün yaradıcılığında, həm də Azərbaycan psixologiya elmində uzun illər qadağan olun­muş psixoanalizin yenidən tədqiqat obyektinə çevril­mə­sində mühüm addım atdı. 1979-cu ildə Tbilisi şəhərində «Söz­dü­zəldici prosesin psixoloji əsasları» mövzusunda namizədlik dissertasiyası müdafiə etdikdən sonra nitq inkişafı, rus dilinin mənimsənilməsi sahəsində maraqlı tədqiqatlar aparmışdır.
Azərbaycan psixologiya elminin inkişafında Təhsil Prblemləri İnstitutu Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri Ramiz İbrahim oğlu Əliyevin özünəməxsus rolu vardır. R.Əliyev 1985-ci ildə Kiyev şəhərində «Kiçik məktəbli şəxsiyyətinin formalaşmasında ictimai fəallığın rolu» mövzusunda namizədlik, 2004-cü ildə BDU-da «Şagird şəxsiyyətinin formalaşmasının etnopsixoloji əsasları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Pedaqoji psixologiya və etnopsixologiya üzrə tədqiqatlar aparır. «Şagird şəxsiyyətinin formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması» (1995), «Şəxsiyyət və onun formalaşmasının
etnopsixoloji əsasları» (2000) adlı monoqrafiyaları, Psixologiya (2003), «Psixologiya tarixi» (2006) dərs vəsaitləri çap olunmuşdur. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üz­vüdür.
Azərbaycan psixologiya elminin inkişafında M.Ş. Əbdü­lov, R.M. Rə­sulov, C.A. Təhmasib, T.Ə. Mustafayev, A.U. Məm­­­­mə­dov və başqaları mühüm rol oynamışlar. T.Ə. Mustafayev ədəbi yaradıcılıq, M.Ş. Əbdülov nitq inkişafı, R.M. Rəsulov ikidilliliyin psixoloji xüsusiyyətləri, A.U. Məmmədov hafizə, təlim fəaliy­yə­ti sahəsində tədqiqatlar aparmış, əsərlər çap etdirmişlər.
Azərbaycan psixologiya elminin inkişafında Z.M. Meh­di­zadə, İ.Ə. Seyidov və Q.E. Əziomvun xüsusi rolu olmuşdur.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin