Nə qədər oraya at çapsam da mən, Bir xəbər gətirmək gəlmir əlimdən. deyir.
Professor Ə.S.Bayramov yazır: «Nəsiminin təbliğ etdiyi fikir və mülahizələr, görüşlər isə o dövrün hakim islam dini ideyalarının tamamilə əksinə olmuşdur. Buna görə də onun şerlərini oxuyanlar belə ölüm təhlükəsinə məruz qalmışlar».
Orta əsrlərdə, o cümlədən 1613-cü ildə Şah Abbasın (1587-1629) Osmanlılara qalib gəlməsindən sonra Qafqazdan İrana xeyli əhali köçürüldü. Təbrizdən xeyli əhali İsfahana gətirildi. Belə yerdəyişmələr, təbii ki, o dövrün adamlarının dünyagörüşünə təsir edir, adət-ənənələri dəyişdirirdi.
Orta əsrləri Şərqin intibah dövrü də adlandırırlar. Bu dövrdə Bağdadda, Dəməşqdə, Qahirədə və digər şəhərlərdə yeni-yeni elm ocaqları yaradıldı. Elmin müxtəlif sahələrində nailiyyətlər qazanıldı, görkəmli şəxsiyyətlər yetişdi.
Bu dövrdə ərəb və fars dili, adət-ənənəsi yuxarı dairələrdə, ədəbiyyatda geniş yayılsa da, sadə xalq arasında türk dili, türk ənənəsi qorunub saxlanılırdı. Azərbaycan xalqının psixologiyası da məhz bu zəmində formalaşırdı.
XVIII əsrin sonları – XIX əsrin əvvəllərində belə mürəkkəblik, ziddiyyət, dolaşıqlıq azmış kimi, dini, düşüncəsi, həyat tərzi tamamilə fərqli olan ruslar Azərbaycana daxil olur. Psixoloji fikrin ikinci mərhələsi başa çatır, üçüncü mərhələ başlayır. Formalaşmış bir çox keyfiyyətlər, xüsusiyyətlər dəyişir. Yeni tip məktəblər açılır. Bir çox mütəfəkkirlər yeni mühitin yaratdığı adamlar oldu. Formalaşmış xüsusiyyətlərlə yeni arasındakı ziddiyyət tədricən yeninin yayılması, güclənməsi ilə nəticələndi.
XIX əsrin sonlarına doğru Azərbaycanda maarif, mədəniyyət inkişaf edir, ziyalılar nəsli yetişirdi. Çar Rusiyasından Azərbaycana sürgünlər edilir, vəzifə borcu ilə bağlı çinovniklər gəlir, digər tərəfdən Rusiyada təhsil alanlar, qulluq edənlərin sayı artırdı. A.Bakıxanov, M.F.Axundov, N.Vəzirov, H.Zərdabi və başqaları elmə, mədəniyyətə, dövrə, zamana uyğun, əvvəlkilərdən fərqli, həm də köhnəliyi, fanatizmi tənqid edən əsərlər yaratmaqla bərabər milli, bəşəri hisslərin formalaşması üçün əllərindən gələni edirdilər.
M.F.Axundovun 1850-1855-ci illər arasında yazdığı pyeslər nəinki Azərbaycanda, bütövlükdə Şərqdə yeni bir hadisə idi. Orta əsrlərdə qəzəl janrı necə məşhur idisə, geniş yayılmışdısa, Axundovdan sonra dram janrları da XIX əsrin ikinci yarısında eləcə geniş yayılmışdı, xalqın maariflənməsində əvəzsiz rol oynamışdı.
XIX əsrin ikinci yarısında - 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə başlanması böyük, əhəmiyyətli hadisə idi. Bu qəzet Azərbaycanda maarifin, mədəniyyətin, elmin inkişafında önəmli yer tutur. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi nəinki həmin dövrün, eləcə də sonrakı dövrlərin, bundan sonrakı zamanın ən böyük maarifçisi, ziyalısı olaraq qalacaq.
Bu dövrdə diqqəti cəlb edən digər bir məsələ isə teatr tamaşalarının göstərilməsi ilə bağlıdır. Oxumağı, yazmağı bacarmayan xalq məhz bu tamaşalar vasitəsilə öz hüquq və azadlıqlarını başa düşür, tədricən onun uğrunda mubarizəyə hazırlaşırdılar.
Azərbaycanda neft sənayesinin sürətli inkişafı da psixoloji fikrin inkişafına öz təsirini göstərirdi. Bakı Şərqlə Qərbin, şərq mədəniyyəti ilə qərb mədəniyyətinin qovuşduğu mərkəzə çevrilirdi. Bura həm Şərqdən, həm Rusiyadan, həm də Avropadan insanlar gəlir, iş qurur, işləyir, yaşayır, şəhəri zənginləşdirirdilər.
Bir tərəfdən sənayenin tələbatını ödəyən işçilərin hazırlanması üçün məktəblər açılır, təhsil almaq üçün başqa ölkələrə tələbələr göndərilir, mətbuat yaranır, digər tərəfdən qadın hüquqları, şəxsiyyət azadlıqları tapdanırdı. Ona görə də Azərbaycanda maarifçilik hərəkatı genişlənməyə başladı. Bir tərəfdə xalqın inkişafını həyat tərzinin kəskin şəkildə dəyişməsində görənlər, cəhaləti, avamlığı tənqid edənlər, digər tərəfdə isə təkamülü, tədrici inkişafı, maariflənməni çıxış yolu kimi görənlər, bu yolda çalışanlar meydana gəldi.
Elə buna görə də XX əsrin əvvəllərini Azərbaycanın yeni bir intibah dövrü hesab edirlər. Məhz bu dövrdə çoxsaylı mətbuat orqanı, Şərqdə ilk teatr, opera sənəti yarandı. Xalqın həyat tərzi, düşüncə və təfəkküründə, adət-ənənələrində böyük dəyişiklik baş verdi.
XIX əsrin sonuna yaxın köhnəlik tədricən özünün süqutuna yaxınlaşdı. Məişətdən tutmuş həyat və fəaliyyətin bütün sahələrində əvvəlki davranış formaları nadanlıq hesab edilməyə, tifaqlar dağılmağa, münasibətlər başqa şəkil almağa başladı, adət-ənənələr dəyişdi. Hacı həsən ağalar, şeyx nəsrullahlar, xudayar bəylər, məşədi ibadlar sırasından fəxrəddinlər, kefli isgəndərlər, şamxallar ayrılmağa başladılar. İsmayıl Şıxlının «Dəli Kür» əsərində bu dövrün bütün çalarları, ziddiyyətləri əks olunub. Məhz bu dövrdən başlayaraq özündə qədim türklərin qanını, mərdliyini, kişiliyini daşıyan cahandar ağaların da məhvi başladı.
Böyük Oktyabrın qələbəsindən sonra SSRİ adlanan məkanda bir sistem yarandı. «Öyünərsə, ər öyünsün, aslandı, öyünmək qadınlara böhtandı» deyən qədim türk qadınlarını sevillər, almazlar, həyatlar əvəz etdi. Bu, Azərbaycanda psixoloji fikrin dördüncü mərhələsi idi. Doğrudur, beyrəklər, qaraca çobanlar da balaşlarla, məmmədəlilərlə əvəz olunmuşdu.
Elə buradaca qeyd etmək istərdik ki, görkəmli dramaturq Cəfər Cabbarlı bu dəyişikliyi dahiyanə bir şəkildə təsvir etmişdi. Baş verən dəyişiklikdə nəyin yaxşı, nəyin pis olduğunu söyləmək də çətindir. Banıçiçək də, Burla xatun da, Selcan xatun da azaddır, sərbəstdir. Almaz da, Həyat da, Şərəbanı da azaddır, sərbəstdir. Lakin bu, tamamilə bir-birinə yad, fərqli azadlıqlardır.
Beləliklə, yeni insanlar, yeni həyat, yeni düşüncə tərzi yarandı. Yeniləşə bilməyənlər məhv oldu, həbs edildi. Elə bu səbəbdən də 50-ci illərdən sonra həyatın bütün sahələrində öz sözü olmayan, laqeyd insanların sayı artdı. Hətta elçi gedəndə də, qız istəyəndə də, işə götürəndə də belə dedilər: «Üzüyola, sakit, quzu kimidir».
Əlbəttə, sovet sistemi yalnız mənfiliklərdən ibarət deyil. Ölkədə savadsızlıq kütləvi şəkildə ləğv edildi, savadsız insan qalmadı. Məktəblər, xəstəxanalar, klublar, kitabxanalar açıldı. Elm və təhsil sürətlə inkişaf etməyə başladı.
Milli Konservatoriya fəaliyyətə başladı. Q.Qarayev, C.Hacıyev, F.Əmirov, S.Hacıbəyov, A.Məlikov, T.Quliyev və digər dünya şöhrətli bəstəkarlarımız yetişdi. Niyazi kimi dünyanın ən tanınmış dirijorlarından biri yaşadı, yaratdı. M.Abdullayev, S.Bəhlulzadə, T.Nərimanbəyov və digər rəssamlarımız fəaliyyət göstərdi. Kino sənəti yarandı və inkişaf etdi. Üzeyir Hacıbəyov, Müslüm Moqamayev dünya şöhrətli əsərləri yaratmaqda davam etdilər. Yeni şair və yazaçılar, dramaturqlar: S.Vurğun, S.Rüstəm, M.İbrahimov, S.Rəhimov, İ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri yazıb yaratdılar.
Onlarla teatr fəaliyyət göstərdi. Elmlər Akademiyası yaradıldı. Ölkə başdanbaşa elektrikləşdirildi və s.
Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbaycanın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi.
XX əsrin sonlarında – 1991-ci ildə SSRİ dağıldı. Yeni müstəqil dövlətlər yarandı. Azərbaycan xalqı da əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı müstəqilliyi 1991-ci il oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqımızın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mərhələsi başladı.
Azərbaycanda psixoloji fikrin beşinci mərhələsi də bu illərdən başlanır. Müstəqillik sevinc və arzuların reallaşmasıdır. Lakin bu sevinc digər tərəfdən də qəm-kədər, ümidsizlik, çaşqınlıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti də olsa itirdik. Bir milyona yaxın qaçqın və köçkünümüz var. Qaçqın və köçkün düşdüyümüz torpaqlarla yanaşı o yerlərin mədəniyyət abidələrini də itirdik. O yerlərdə yaşayan insanların özünəməxsus adət-ənənələri, həyata baxışları, həyat tərzi də deformasiyaya uğradı.
İdeoloji, iqtisadi sistem dəyişdi. İnsanlar həyat və düşüncə tərzini dəyişməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət, ümumi bərabərliyi, sosial bərabərsizlik əvəz etdi. Varlılar və kasıblar təbəqəsi yarandı. Bir tərəfdən keçmişimizə, soykökümüzə qayıdış, digər tərəfdən müasirləşmə, Qərbə inteqrasiya etməyin zəruriliyi səsləndi.
Yeni dövrün psixologiyası yaranmağa, inkişaf etməyə başlayıb. Onun necəliyinin qiymətləndirilməsinə isə zaman, vaxt lazımdır. Keçid dövrü öz insanlarını, düşüncə və həyat tərzini yaradır. Yəqin ki, vaxtilə Amerika Prezidentlərindən birinin – A.Linkolnun dediyi sözlər bizə də aiddir. O demişdir: «Soruşma ki, Amerika sənin üçün nə edib, soruş ki, sən Amerika üçün nə etmisən?».
Bir də yeni dövrdə hər birimizin iş və əməlində, sözündə türk şairi Tofiq Fikrətin dediyi bu sözlər olmalıdır:
Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey haqq! Yaşa ey sevgili millət, yaşa, var ol!