Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun «elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur (bax şəkil 2).
Şəkil 2. Psixologiyanın elmlər sistemində yeri.
Psixologiya bu elmlərin məlumatlarını özündə birləşdirir və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin modelinə çevrilir. Psixologiyanın başqa elmlərlə əlaqəsinə qısa nəzər yetirək.
İnsan psixikası və davranışını onun təbii və sosial mövcudluğu haqqında biliklər olmadan başa düşmək mümkün deyildir. Ona görə də psixologiyanın öyrənilməsi insan biologiyası, onun ali sinir sisteminin quruluşu və fəaliyyəti haqqında biliklərə yiyələnməyi tələb edir. Psixi hadisələr və mərkəzi sinir sisteminin fəaliyyəti arasındakı əlaqə haqqında biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini tapmışdır. Təsadüfü deyildir ki, psixologiyanın təbii elmi əsaslarından danışarkən məhz ali sinir fəaliyyətinin qanunularına istinad edilir.
Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx bağlıdır. Belə ki, insanda ali psixi funksiyaların inkişafında sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və işarə sistemi həlledici rol oynamışdır.
İnsan psixikasının dərindən öyrənilməsinə, onun başa düşülməsinə sosiologiyanın əsasları haqqında biliklər də imkan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkişafı bir daha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-bələdləşmə davranışının psixi xassələrə necə yiyələnməsini aydınlaşdırmağa imkan verir.
Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin daxilində formalaşmağa başlamışdır. Şübhəsiz şəxsiyyətin psixoloji «ölçülərini» insan, onun spesifik həyat şəraiti, gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə istinad etmədən müəyyənləşdirmək və öyrənmək mümkün olmazdı.
Şüur, təfəkkür və digər psixi hadisələr insanlara anadangəlmə, hazır şəkildə verilmir. Bunlar ontogenezdə (fərdi inkişaf prosesində) insanın təlim və tərbiyəsi prosesində əldə edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə malik olduğu özünü göstərir. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika isə şəxsiyyətin inkişafının idarə olunması qanunlarını işləyib hazırlayır. İnsanın tərbiyəsi, təhsili təlimi onun psixikasının, təfəkkürünün, fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf etdirilməsi deməkdir. Psixologiya və pedaqogika elmlərinin mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat üsullarındakı eyniyyətdir. Bir çox elmi psixoloji axtarışlar pedaqoji problemlərin həlli üçün vasitə rolunu oynaya bilir. Bir elmi fənn kimi pedaqogikada pedaqoji faktların izahı, şərhi, sistemləşdirilməsi üçün psixoloji biliklərdən istifadə olunur. Pedaqoji fəaliyyətin nəticələri psixoloji diaqnostikanın köməyi ilə aşkara çıxarılır.
Bunlarla yanaşı olaraq müasir psixologiya elmi öz qarşısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən pedaqogika ilə yaxın təmasda fəaliyyət göstərir, pedaqogika elminin əldə etdiyi nəticələrə istinad edir.
Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə özünə geniş yer tutmağa başlamışdır. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük.