1. Dərsin mövzusu, həmin mövzuda aparılan dərslərin ümumi sistemində onun yeri.
2. Dərsin məqsədi və onun təlim-tərbiyəvi vəzifələri.
3. Dərsin təşkili. Şagirdlərin məşğələyə hazırlığı. Şagirdlərin təşkili (onların diqqətinin səfərbərliyə alınması, iş yerlərini hazırlamaq tələbi və s.). Sinif otağının dərsə hazırlığı.
4. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin məzmunu və yoxlanması metodikası. Bilik, bacarıq və vərdişlərin yoxlanmasının məqsədi və yeri. Yoxlama üsulu. Frontal və fərdi sorğu üçün verilmiş sualların, praktik tapşırıqların, müstəqil işin, ayrı-ayrı şagirdlərə verilən fərdi tapşırıqların məzmunu. Şagirdlərin cavablarının keyfiyyəti. Şagirdlərin cavablarındakı qüsurlara müəllimin münasibəti. Sinfin fəallığı. Şagirdlərin biliyinin yoxlanmasının yekunlaşdırılması. Şagirdlərin cavablarının qiymətləndirilməsi.
5. Yeni biliklərin məzmunu və öyrədilməsi metodikası. Mövzu və müəllimin təlim materialını şifahi şərhinin məzmunu. Müəllimin verdiyi biliklərin həcmi və sistemi, şərhi metodları. Şərh olunan materialın elmi və ideya istiqaməti, həyatla əlaqəsi, tərbiyəedici xarakteri. Şərhin sistemi və ardıcıllığı, obrazlılığı, şagirdlər üçün aydınlığı, əvvəl keçilənlərlə əlaqəsi.
Şagirdlərin müstəqil öyrəndikləri təlim materialının mövzusu və məqsədi. Şagirdlərin qarşısına problemli sualların, idraki məsələlərin qoyulması.
Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması, ayrı-ayrı məsələlər üzərində şagirdlərin marağının və diqqətinin cəmləşdirilməsi. Şagirdlərin yeni materialı qavramaq və anlamağa yaradıcı şəkildə cəlb olunması. Nümayiş etdirilən texniki və əyani vasitələrin rolu və yeri. Yazı taxtası və dəftərlərdən istifadə. Yeni materialın öyrədilməsi zamanı müstəqil işlərin rolu və yeri. Yeni materialın öyrədilməsi zamanı şagirdlərin biliyinin hesaba alınması yolları.
6. Öyrədilən materialın möhkəmləndirilməsinin məzmunu və metodikası.
7. Evə verilən tapşırığın məzmunu və metodikası. Ev tapşırığının həcmi və növü. Onu yerinə yetirməklə əlaqədar təlimat. Ayrı-ayrı şagirdlərə əlavə (fərdi) tapşırıq.
8. Dərsdə şagirdlərin idrak fəaliyyətlərinin xarakteristikası.
Diqqət. Dərsdə şagirdlərin diqqətini təşkil etmək üçün müəllimin ümumpsixoloji prinsiplərdən istifadə etməsi. Dərsdə diqqətin təşkili priyomları: müəllimin zahiri görkəmi, mimika və pantomimikası; diqqətin ritmi və tempi, əyani vasitələrin parlaqlığı və yeniliyi; müəllimin nitqinin emosional zənginliyi, obrazlılığı, şərhin ardıcıllığı və məntiqiliyi. Dərsin müxtəlif mərhələlərində diqqətin davamlılığının təşkili, müəllimin şagirdlərdə diqqətin keçirilməsini təşkil etməsi.