Şagird şəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji xarakteristika tərtibi üçün təxmini sxem
1.Şagird haqqında ümumi məlumat. Şagirdin soyadı, adı, atasının adı, yaşadığı yer, məktəbin nömrəsi, oxuduğu sinif, yaşı, sağlamlıq dərəcəsi.
2.Şagirdin ailə şəraiti və ailə tərbiyəsi. Ailədəki mədəni məişət şəraiti, ailədəki qarşılıqlı münasibət, onun tərbiyəsinə qayğı.
3.Şagirdin mənsub olduğu sinif kollektivinin xarakteristikası. Sinfin fəalları, ictimai və ictimai-faydalı işə münasibət, sinfin mənimsəmə və intizamı, kollektivdə şəxsiyyətlərarası münasibətlər, dostluq, yoldaşlıq, sinif kollektivində ənənələr.
4.Şagirdin kollektivə münasibəti. Kollektivin üzvü olmaq tələbatı. Kollektivin rəyi ilə hesablaşmaq, onun şərəfi uğrunda mübarizə aparmaq. Şagirdin yoldaşları arasında hörməti, ünsiyyətliliyi və başqalarını anlaması. Kollektivdəki mənfi sosial-psixoloji hadisələrə münasibəti.
5.Şəxsiyyətin istiqaməti. Şagirdin şəxsi və işgüzar istiqaməti. Maraqları, onların dərinlik dərəcəsi, genişliyi, davamlılığı. Aydın təzahür edən idrak maraqları. Baxış və inamı, arzu və idealları.
6.Şagirdin iddia səviyyəsi. Aşağı, uyğun və yüksək iddia səviyyəsindən hansına malik olması. Özünüqiymətləndirmə və iddia səviyyəsinin qarşılıqlı əlaqəsi. Özünə qarşı tələbkarlığı. Müəllim və yoldaşlarının tənqidi qeydlərinə münasibəti. Özünütərbiyəsinin xüsusiyyətləri.
7.Şagirdin müxtəlif fəaliyyət növlərində iştirakı.Şagirdin təlimə münasibəti, maraqla oxuması, maraqsız oxuması, oxumaq istəməməsi. Ayrı-ayrı fənlərə münasibəti və mənimsəmə səviyyəsi. Əmək fəaliyyətinə münasibəti. Şagirdin ictimai fəallığı, peşə yönümü və peşə seçməsi.
8.İdrak fəaliyyətinin xarakteristikası. Qavrayışının, müşahidəçiliyinin xüsusiyyətləri. Hafizəsinin xüsusiyyətləri, hafizənin hansı tipinə malik olması. Diqqətinin xüsusiyyətləri, davamlılığı, keçirilməsi, dalğınlığı və s. Yaradıcı və bərpaedici təxəyyülünün xüsusiyyətləri. Obrazlı və mücərrəd təfəkkürünün xüsusiyyətləri, təfəkkürünün müstəqillik və tənqidiliyinin inkişaf dərəcəsi; məntiqi təfəkkürün inkişafı, fikirlərinin ardıcıllığı və sübutluluğu, fikirləşmək və nəticə çıxarmaq bacarığı; hökm və əqli nəticələrindəki müstəqillik. Şifahi və yazılı nitqinin inkişaf xüsusiyyətləri.
Dostları ilə paylaş: |