Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır. Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, insanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas – ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji strukturunun əsasında birinci növbədə onun idrak prosesləri durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa nail olur. Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi əhəmiyyətə malikdir. Şəxsiyyətin strukturunda onun idrak prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca yarımstrukturları, komponentləri qeyd olunur:
Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi fəaliyyətini müəyyənləşdirir.
Şəxsiyyətin strukturunda sonrakı mühüm yarımstrukturunu onun hazırlıq səviyyəsi təşkil edir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər sistemindən ibarətdir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan digər komponenti insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir.
Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir.
Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə etmək mümkündür. Bunun üçün birinci növbədə şəxsiyyətin strukturunun aşağıdakı qrafikinə nəzər yetirək
Dostları ilə paylaş: |