Aktyor oyununun təbiəti haqqında
Səhnədə uğurla çıxış edən aktyor bəzən kinonun reallığı, təbiiliyi ilə uyuşmur. Bəzən isə əksinə, ekran uğuru qazanan aktyor səhnədə cansız görünür. Böyük müasirləri Həsən Turabov, Səməndər Rzayev, Hamlet Xanızadə, Yaşar Nuri kimi Əjdər Həmidovun da yaradıcılığında səhnə və ekran sənətinin vəhdəti var. Bu uğurda tələbəlik illərində Adil İsgəndərov, Rza Təhmasib kimi görkəmli korifeylərdən aldığı ustad dərsləri də səmərəli faydasını verir.
Geniş yaradıcılıq diapozonuna bələd olan rejissorlar müxtəlif xarakterli rolları cəsarətlə ona həvalə edirlər. Afişa və proqramlarda adı həmişə psixoloji məzmunu ilə fərqlənən rolların qarşısında görünür. Oynadığı hər obraza sənətkar məsuliyyətilə yanaşır. Şeytan (“Özümüzü kəsən qılınc”), Hacı Kazım (“Ölülər”), Nəcəf (“Qürbətdən gələn məktublar”), Almurad (“Mənim günahim”) kimi tamaşalardakı rolları aktyorun yaradıcılıq diapozonunu aydın səciyyələndirir. Əjdər Həmidovun ifa etdiyi unudulmaz səhnə obrazlarında realizm, satira, bədii qrotesk kimi cəhətlər əksini tapır. Davamlı axtarışlarında parlaq, lakonik cizgilərə, nəhayətsiz yaradıcılıq fantaziyasına üstünlük verir.
Rejissor, Xalq artisti Mərahim Fərzəlibəyovun görkəmli dramaturq İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında quruluş verdiyi “Hökmdar və qızı” tamaşasında Vanya obrazı ilə Əjdər Həmidov yeni sənətkar sözü deməyə müvəffəq olur. Vanyanın ikiüzlü, mənfur təbiəti, yaltaqlığı, xainliyi Əjdər Həmidovun ifadəli aktyor oyununda parlaq səhnə təcəssümünü tapır. Hadisələrin inkişaf dinamikasında təqdim etdiyi obrazın yeni-yeni mənfur xüsusiyyətlərini sənətkarlıqla canlandırır.
Əjdər Həmidovun müxtəlif illərdə çəkildiyi filmlər müasirliyini qoruyur, bu gün də tamaşaçıları ekran qarşısına toplayır. Ağır aktyor zəhmətilə oynadığı rolların öhdəsindən özünəməxsus ustalıqla gəlir. Sənətsevərlər “Kişi sözü”ndə Qasım, “Lətifə”də Əhməd, “Girişmə, öldürər”də Əjdər, “Hacı Qara”da Kərəməli, “Təlatüm”də Kamil Şabanov, “Milli bomba”da Məmməd, “Yoxlama”da Habil Dadaşov kimi rollarını yaxşı xatırlayırlar.
Əjdər Həmidov ilk dəfə 34 yaşında ekranda görünür. Aktyorlar bu yaş həddində, adətən, ekran yaddaşında getdikcə unudulur, kinorejissorların diqqətindən kənarda qalırlar. Lakin əlahəzrət təsadüf 1987-ci ildə “Kişi sözü” filminin foto sınağına dəvət alan Əjdər Həmidovun sənət taleyinə gülür. Foto və kino sınaqlarına dəvət olunan aktyorlar Cahangir Mehdiyevi qane etmir. Aktyor heyətinə xüsusi həssaslıqla yanaşan kinorejissor Əjdər Həmidovu filmin baş qəhrəmanı Qasım roluna çəkməyi qərara alır. Sənət müəllimi keçmiş SSRİ-nin Xalq artisti Georgi Daneliya sınaq çəkilişlərinə baxaraq istedadlı tələbəsi Cahangirin seçimini bəyənir, filmin çəkilişlərinə ustad xeyir-duasını verir. Və beləcə Əjdər Həmidovun simasında milli kinomuzda yeni bir aktyorun sənətkar imzası əbədi nəqş olunur.
Qeyd etmək yerinə düşər ki, kinorejissor Cahangir Mehdiyevin Əjdər Həmidovun ekran taleyində xüsusi rolu var. Əjdər Həmidov “Kişi sözü” filmindəki uğurlu debütündən sonra Cahangir Mehdiyevin “Gənc qadının kişisi”, “Hacı Qara”, ”Girişmə, öldürər” kimi filmlərində də çəkilir.
Əjdər Həmidovun yaradıcılıq estetikasını fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri təqlidçilikdən uzaq olmasıdır. Özünəməxsus oyun üslubunu formalaşdıran aktyor heç kimə bənzəmir. Hər obrazın xarakterindən çıxış edərək təkrarsız sənətkar sözü deməyə müvəffəq olur.
1988-ci ildə Cahangir Mehdiyev “Gənc qadının kişisi” filminə quruluş verir. O, uğurlu debütünü bəyəndiyi Əjdər Həmidovu müstəntiq roluna dəvət edir. Bu obraz ikinci dərəcəli olmasına baxmayaraq, filmin ümumi kompozisiyasında özünəməxsus yer tutur. “Gənc qadının kişisi” filmində hələ heç bir fəxri adı olmayan Əjdər Həmidov görkəmli teatr və kino aktyorları, Xalq artistləri Həsən Turabov və Məlik Dadaşovla tərəf-müqabil olur. Bu iki nəhəng sənətkarla oynadığı səhnədə Əjdər Həmidov parlaq istedadını nümayiş etdirir. O, tərəf-müqabillərinin kölgəsində qalmır, əksinə, məharətli oyunu ilə ekranda növbəti yaradıcılıq uğuru qazanır.
Dostları ilə paylaş: |