Fərid Fərzani, təbii ki, müsəlman dininin atəşin aludəçilərindən deyildi.
Moskvada yaşadığı illərdə oruc tutub, namaz qılmasa da, öz dininin və peyğəmbərinin qoyduğu qayda-qanunlara imkan daxilində riayət eləməyə çalışmışdı və onun Moskvadan köçüb Bakıya gəlməyinin bir nömrəli səbəbi də, əslində, Fərid Fərzaninin öz dininə sədaqətini az-çox saxlamağıydı. Və indi xəstəxana çarpayısında huşsuz yatan artistin din barədə dediyi o sözləri doktor Fərzaniyə 3 il əvvəl Moskvada danışsaydılar, bu söhbətə qulaq asmağın özü də həkim üçün çətin olardı. Ancaq bu 3 ildə Bakıda gördükləri onun dinə də, vətənə də, və hətta Peyğəmbərin özünə də 3 il bundan əvvəlki münasibətini büsbütün dəyişdirmişdi. Xüsusilə də bu şəhərin müsəlman əhalisinin ermənilərə qarşı zalımlığı həkimi heyrətləndirməyə bilmirdi. Haradasa, hansısa erməninin müsəlmana necə zülm elədiyini doktor Fərzani gözüylə görməmişdi. Ancaq Bakıda müsəlmanın erməniyə qarşı bu dərəcədə amansız olacağını həkim 3 il əvvəl heç ağlına da gətirə bilməzdi. Müsəlmanın rəhmi-mərhəməti, bəlkə, doğrudan da, dilindəymiş? Bəlkə, dinin faydasızlığı barədə ən böyük həqiqəti də elə artist demişdi?... Fərzaninin Azərbaycan teatrının Otellosuna rəğbəti getdikcə artmaqda idi.
-O Şeyx də naxçıvanlıdı? – Həkim fikirli-fikirli soruşdu.
Həkimin bu sualı artisti xeyli təəccübləndirdi:
-Yox e, hardan? Şeyx lənkəranlıdı, talışdı. Özü də çox mülayim, rəhmdil adamdı. – Artist bir müddət fikirləşib söz axtardı. – Doğrusu, utanıram soruşmağa. Siz özünüz haralısız, doktor? Familiyanız İran familiyasına oxşayır.
-İranlıyam. – Həkim dərindən ah çəkdi. – Bir dəfə dədəm sarsaqlayıb, məni İrandan bura gətirib. Bir dəfə də özüm sarsaqlamışam, Moskva kimi yerdən gəlib düşmüşəm bura. Mən orda Sklifasovski xəstəxanasında 15 il cərrahlıq eləmişəm. – Həkim axırıncı cümləni xüsusi fəxrlə dedi və armudu stəkanlara yenə bir azca araq süzüb əlavə elədi: - Yaxşı, birin də dinsiz qardaşın sağlığına içək. Arzu eləyək ki, bir də heyvan əlinə keçməsin.
Doktor Fərzani içməyə başlayandan bəri ilk dəfə stəkanını atistin stəkanı ilə toqquşdurdu.
Həkimdə Saday Sadıqlıya (elə Nüvariş Qarabağlının özünə də) aşkar rəğbət oyanmışdı. Bunu artist hiss eləyirdi və buna ürəkdolusu sevinirdi.
- Elədir, doktor, düz deyirsiz. Qoy arzu eləyək ki, o cür heyvanların girinə bir də keçməsin. Amma, doktor, arvadı bilirdi bunu. Çoxdan bilirdi ki, bir gün bunun başına bir iş gələcək. Elə çalışdığı da buydu ki, bu pis vaxtda əri şəhərə çıxmasın. Saday yazıq çoxdandı ki, evdən eşiyə çıxmırdı. Dünən günortaüstü bir-iki saat teatrda olmuşdu. Mən özüm teatrın direktorunun kabinetindən zəng eləyib onu teatra yalvarıb gətirmişdim. Çünki teatrdan da bezmişdi, deyəsən. Heç maaş almağa da gəlmirdi. Ancaq bu gün şəhərdə neynirmiş, Allah bilir.
-Çıxart çək, rahat çək. – Doktor Fərzani yenə bir əlilə cibində eşələnən artisti bu əziyyətdən qurtarmağı lazım bildi. Bayaq azca aralı qoyduğu pəncərəni tamam açdı. – Belə bir adam bu zəmanə ilə, çətin ki, bundan sonra da düz gələ. – Həkim başını bulaya-bulaya dedi və bığaltı qımışdı. – Bu zəmanədə bu gərək Otello rolunda oynamayaydı. Don Kixot rolunda oynayaydı.
-Hə, doktor, Allah kəssin belə zəmanəni! – Nüvariş Qarabağlı siqareti ləzzətlə sümürə-sümürə dedi. – Ancaq bu adam ömrü boyu həmişə belə olub. – Artist nəyisə yadına salıb öz-özünə gülümsədi. – Bunu bir toyda bir dəfə bərk əzişdiriblər, doktor. Nardaranda sünnət toyunda. Toyunku da belədi də, doktor, kimə söz verirlər, durub danışır. Sünnət toyunda da nədən danışmaq olar: uşaq kəsdirməyin savabından, bu işin təmizlik, sağlamlıq üçün necə bir lazımlı iş olmağından. İmamdan, peyğəmbərdən. Bu ayini müsəlman ümməti üçün hər işdən vacib buyuran Peyğəmbərin elmindən, ağıl-zəkasından... Məclisin lap qızışdığı yerdə, hörmətli qonaq kimi, Saday Sadıqlıya da söz verirlər. Bunun da tərs damarı birdən tutur. Ağzın açan kimi başlayır camaatı dolamağa. Qızışıb, əstafurullah, Peyğəmbərə də sataşır. Deyir, sizin peyğəmbəriniz yəni Allahdan da ağıllıdı? Əgər insanın bədənində bir şey artıq olsaydı, məyər Allah kordu ki, bunu görməyəydi? Axı necə olur ki, deyir, Allah insanın başın-gözün, burnun-qulağın düppədüz düzəldib yerinə qoyur, ancaq gəlib orasına çatanda bilməyib səhv buraxır. Axı sizin Peyğəmbərinizə kim deyibmiş ki, Allahın səhvin düzəltsin?... Nardaran camaatı da belə şeyi harda eşidib axı. Bir qiyamət qopur ki, gəl görəsən. Kəndin ağsaqqalları elə bir söz qalmır ki, bunun qabırğasına döşəməsin. Hətta heç toyda olmayan arvadlar da hasarın o tayından “lənət”, “lənət” deyib qışqırır. Axırda da, toy qurtarandan sonra , Nardaranın ceyilləri bunu salır araya – vur ki, vurasan.
Yazığı elə günə salmışdılar ki, 3 ay səhnəyə də çıxa bilməmişdi.
Şeyxin evindəki əhvalatı xatırladan bu tragikomik vaqiəni də artist əvvəlki şövq ilə, necə deyərlər, duzlaya-duzlaya danışırdı. Birdən həkimin üzünə baxdı və onun sifətinin büsbütün dəyişdiyini görüb, özü özündən şübhələndi. Artistə elə gəldi ki, bu söhbətdən həkimin xoşu gəlməyib. Buna görə də tələsik, təlaş içində əlavə elədi: - Nə bilim, bəlkə, heç olmayıb belə şey. Ola bilər ki, bunu da mənim kimi bir ağılsız adam uydurub.
Dostları ilə paylaş: |