Yay idi, yayn əvvəlləriydi. 1952-ci ilin iyun ayı.
Pişpişələr çoxdan sovuşmuşdu. İydənin, yasəmənin, akasiyanın salxım-salxım çiçəyi hələ ağacların üstündəydi. Bir də Əylisdə hamının“Anıx” dediyi Aniko arvadın o kilsənin qabağındakı uzun xiyaban boyunca əkdiyi rəngbərəng, cürbəcür çiçəklər ... Bir də - o kilsənin yaxınlığında yaşayan (kilsəyə ot yığan, saman yığan, odun yığan) Mirəli kişinin kilsə həyətində əkdiyi, hələ təzə-təzə gül açan günəbaxanlarn ürəyə işıq salan sarısı. Hələ dən tutmamış noxudunun, lobyasının, qağıdalısının ürəyi yerindən oynadan tərtəmiz, səpsərin yaşıllığı...
Bir uca kilsənin günbəzindəki o sarımtıl-çəhrayı işıq özü kimi uca dağlara yenə bu dünyanın bir zamankı təmizliyindən və gözəlliyindən danışırdı. O gün o Lüsik də yenə orda - kilsələr gözəli Vang kilsəsinin həyətindəydi. Haykanuşun nəvəsi 13-14 yaşlı rəssam Lüsik. O Lüsik o yay birinci dəfəydi ki, özünün yay tətilini keçirmək üçün Yerevandan Əylisə gəlmişdi və elə gəldiyi ilk gündəcə kilsənin həyətindən çııxmaq bilmirdi. Bir kilsənin şəklini axı neçə dəfə çəkmək olardı?.. Bəlkə, kilsə bəhanəydi. Kilsənin uca günbəzində və qarşıdakı uca dağın döşündə səhərdən-səhərə, axşamdan-axşama peyda olan o çəhrayı işığı elə o Lüsik də bəlkə Allahın təbəssümünə bənzədirdi və Allahın təbəssümünün də şəklini çəkməyin mümkün olduğuna inandığına görə kilsənin həyətində lövbər salıb bütün günü şəkil çəkirdi?.. O kilsənin Eçmiədzin kilsəsinin “eynilə kopyası” olduğunu bəlkə Lüsik elə o vaxtlar da bilirdi. Ancaq Sadayın bunu bilməyinə hələ çox qalırdı.
Onda Saday öz gələcək qayınatasının heç adını da eşitməmişdi.
Dostları ilə paylaş: |