Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Doktor Abasəliyevin - uzun illərdən sonra - bir yay qızı Azadə ilə Əylisdə görünməyi kənddə böyük hadisə oldu. 60-cı illərin əvvəliydi, Saday institutda oxuyurdu



Yüklə 192,11 Kb.
səhifə24/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   20   21   22   23   24   25   26   27   ...   71
Doktor Abasəliyevin - uzun illərdən sonra - bir yay qızı Azadə ilə Əylisdə görünməyi kənddə böyük hadisə oldu. 60-cı illərin əvvəliydi, Saday institutda oxuyurdu.

Zülfü Abasəliyevin atası Hacı Həsən İranda, İraqda, Anadoluda neçə illər tacirlik eləmişdi və onun Əylisdə də özünə görə torpağı, təsərrüfatı, mal-mülkü olmuşdu.

Əylisdəki erməni-müsəlman davasından, deyilənə görə, Hacı Həsən İsfahanda xəbər tutmuşdu və elə o İsfahandan qayıdan kimi də evinin ən dəyərli əşyalarını götürüb, ailəliklə həmişəlik Bakıya köçmüşdü.

Doktor Abasəliyev Əylisə gələndə onların müsəlman məhəlləsindəki ikimərtəbəli evlərinin üst mərtəbəsi, demək olar ki, tamam uçub-dağılmışdı. Alt mərtəbədə bir-iki nisbətən salamat otaq qalmışdı. Zülfü Abasəliyev o otaqların birini sahmana salıb, orada qızı ilə otura-otura o həyətin başqa bir yerində özünə - birotaqlı, birdəhlizli - xırdaca bir təzə ev də tikdirməyə başladı və kənd camaatının fəal köməyilə bəlkə heç bir ay da keçməmiş tikintini başa çatdırıb, hələ evin damına (o vaxt Əylisin heç bir damında olmayan) şifer də saldıra bildi.

Elə o evi tikdirə-tikdirə doktor Abasəliyev gəzməyindən, istirahətindən də qalmırdı. Hər səhər hələ gün çıxmamış evindən Vang kilsəsinəcən uzun bir yol gedirdi. Gedib orda kilsənin həyətindəki çeşmənin göz giləsi kimi dumduru sərin suyunda əl-üzünü yuyurdu, o sudan acqarına bir stəkan içirdi və Bakıdan gətirdiyi termosuna da su doldurub, evdə də içməyə aparırdı.

Abasəliyevlərin Əylisdə nəsilliklə böyük hörməti vardı. Bu hörməti doktor Abasəliyev hər an, hər addımda görürdü. Buna, söz yox ki, çox sevinirdi. Və bu hörmət və ehtiram o yay onun kənddə keçirdiyi günlərin ləzzətini bir az da artırırdı, kənddəki rahatlığına, sərbəstliyinə geniş şərait yaradırdı və üstəlik, məşhur həkimin kəndin camaatı ilə ünsiyyətini sadələşdirir və asanlaşdırırdı.

Doktor Abasəliyev istədiyi evin qapısını açıb ev yiyəsilə rahatca söhbət edə bilirdi. Darvazasının ağzını süpürməyən və çayın qırağına zibil tökən arvadları ərklə danlayırdı. Xəstələrə ürək-dirək verirdi. Kasıb-kusuba imkanı daxilində əl tuturdu... Vang kilsəsini özü üçün anbara döndərən Mirəli kişiyə bircə dəfə təpinməklə doktor Abasəliyev erməni Anikonun həmin o Mirəli kişi ilə illərdən bəri döydüyü davaya da, nəhayət, son qoya bilmişdi: Mirəli kişi bircə günün içində həm o kilsəni boşaltmışdı, həm də onu yaxşıca sildirib-süpürtdürüb, açarını öz əlilə Anikoya təhvil vermişdi.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin