Çox vaxt axşamdan şərtləşib, etəsi gün təyin etdikləri yerdə görüşürdülər. Hərdən doktor Abasəliyevin özü sübh tezdən Sadaygilin qapısını kəsdirib, yola çıxmağa tələsdirirdi: “Tez ol, növcavan, günün çıxmağına az qalır”, “Sabahın xeyir, növcavan, başmaqseyrinə hazırsan?..”, “Toqqanın altın yaxşı bərkit, növcavan, bu gün uzağa gedəcəyik...” (Doktor Abasəliyev o zamandan bəri Sadaya həmişə “növcavan” deyirdi).
O yay doktor Abasəliyevlə Əylisdə keçirdiyi günlərin hər birini sonralar Saday Sadıqlı illərboyu əsil bayram kimi xatırlamışdı. O günlər təkcə doktor Abasəliyevin Əylis barədəki biri-birindən maraqlı söhbətlərilə deyil, həm də havasının ləzzətli, qupquru istisi, otunun-yarpağının rəngi, suyunun sərinliyi və insanlarının xüsusi mehribanlığı ilə Sadayın yaddaşına həmişəlik həkk olunmuşdu.
Bir dəfə yenə axşamdan şərtləşib, Əylisin ən uzaq məhəlləsi Vurağırddan da çox-çox uzaqdakı çoban obalarına ikilikdə pay-piyada getməyi qərarlaşdırmışdılar. O çoban yaylaqlarını heç olmasa bircə dəfə görməyi elə əvvəllər də Saday, kəndə yay tətilinə gələndə, həmişə arzulamışdı. (Sadayın uşaqlıq dostu, onunla 7 il bir sinifdə oxuyan Camal, elə o 7-ci sinfi bitirdiyi il, bir yaşlı çobana qoşulub, dağlarda kolxozun davarını otarırdı. Camal yay vədəsi heç vaxt kənddə tapılmırdı. Gedib onu o dağlarda axtarmaq isə tək adamın işi deyildi).
Onlar Vang kilsəsinin yanınacan rahat yolla gedib, oradan çaya enib üzüyuxarı yola düzəldilər. Əylisin xırdaca dağ çayında, ilin o vədələri, olsa-olsa bir çeşmənin suyu qədər su olurdu. O su çeşmə suyu qədər sərin olmasa da, çeşmə suyu kimi dumduruydu. Və o uzaq yolda o su, yorulub heydən düşəndə, onların dadına çatırdı. Buna baxmayaraq, onlar yalnız çayın dəhnəsinəcən gedib çıxa bildilər. O yolu bələdçisiz, atsız-ulaqsız ordan o yana getməyin mümkün olmadığını görüb, dağlarda çobanların saldığı dar cığırlarla birtəhər geri dönüb, günortaya bir az qalmış gəlib Əylisin ən uca yerində - dağın döşündə salınmış Vurağırd kilsəsinin yanına yetişdilər.
O kilsəni Saday əvvəllər də çox görmüşdü, çox gəzmişdi. İçində saysız-hesabsız göyərçin yaşayan o kilsənin bir adı da “Göyərçin bazarı”ydı. Ancaq onlar o kilsəyə girəndə göyərçinlər çöl-bayırda, bağ-bağçada, dəni-suyu bol olan yerlərdəydilər. Və o kilsənin qalın, uca divarlarının arasında bu dünyaya heç bir dəxli olmayan ayrıca bir dünya özünün səssiz, sakit, kimsəsiz və zamansız həyatını yaşayırdı.
O kilsənin içindəki hava dünyadakı havaya bənzəmirdi. Günbəzdəki 4 bacadan içəriyə düşən uzunsov, kvadratşəkilli işıq da sanki Əylisin çöldəki işığı deyildi, hansısa uzaq və məchul bir dünyanın işığıydı. Və o günbəzdən azca aşağıda – kilsənin divarında təzəlikcə əmələ gəlmiş çatdan süzülən işıq da içəridə nəsə özgə bir dünyaya məxsus mistik və vahiməli ovqat yaradırdı.
Aşağıdan – çayın yatağından üzü yuxarı o kilsəyə tərəf uzanıb gedən daş pillələr, o pillələrin altındakı daşdöşəli meydan və oradan üzüaşağı çayın dikinəcən uzanan daşdöşəli dar küçə hələ lap kiçik yaşlarında da Sadayın tez-tez yuxusuna girmişdi. Ancaq doktor Abasəliyevlə uzaq gəzintiyə çıxdığı o gün o kilsəni də, o kilsəyə qalxan daş yolları, daş divarları da, Vurağırd məhəlləsinin yeganə küçəsi olan o qədim, qəribə küçəni də sanki Saday ömründə ilk dəfə görürdü. Əylisin o ucqar Vurağırd məhəlləsində o gün Sadayın o vaxtacan heç vaxt görmədiyi yuxuvari, nağılvari bir mənzərə vardı və Vurağırdın məşhur sakini Pesmis (pessimist) Qulunun öz qapısının qabağında öz-özünə ucadan danışa-danışa, gəzinməyi o mistik ab-havanı bir az da qatılaşdırırdı.
Dostları ilə paylaş: |