Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


-Bilirsən də, köhnə psixlərdəndi



Yüklə 192,11 Kb.
səhifə28/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   24   25   26   27   28   29   30   31   ...   71
-Bilirsən də, köhnə psixlərdəndi.

Doktor Abasəliyev Qulunun qapısından azca aralanandan sonra dedi. Və ətrafdakı ev-eşikdən, həyət-bacadan gözünü çəkmədən o daşdöşəli qədim küçə ilə üzüaşağı gedə-gedə, Saday üçün son dərəcə gözlənilməz, bir qorxunc və qəribə söhbət başladı.

-Sənə bir şey deyəcəm, növcavan, ancaq qorxuram ki, məni də psix hesab eləyəsən. Bu Əylisdə, həqiqətən, cin çoxdu. “Cin” deyəndə mən ruhları nəzərdə tuturam. O Qulunun olduğu ev bilirsən, kimin evidi? Minas adlı bir daşyonan çəpgöz erməni vardı. Elə dədə-babası da əyyami-qədimdən daşyonan olmuşdu. Bax, o kilsədə də indi nə qədər daş görürsən, hamısı o Minasın ulu dədə-babasının işidi. O çəpgöz Minas da gözünü açandan daş yonurdu – qəbir daşı, dübək daşı, dəyirman, dəstar daşı... O psix Qulunun dədəsi Abdulla da elə özü kimi avaranın, heyvərənin biriydi. Bazarda ona-buna hamballıq eləyib, çeşmədən çayçı dükanına su daşıyıb, qəpikdən-quruşdan qazanıb birtəhər başını girləyirdi. Sən şeytanın kələyinə bax ki, Ədif bəy Əylisdə erməni qırğınına fərman verəndə o çaqqal Abdulla da birdən qeyrətə gəlir. Gedib öz evindən bir balta da götürüb Minasın evinə hücum çəkir. Oturub daş yonduğu yerdəcə Minasın başını bədənindən ayırıb, yazığın arvad-uşağını da qanına qəltan eləyir. İndi sən de: belə şeydən sonra o Minasın evində insan necə rahat yaşaya bilər? Yaşayammaz, vallah, yaşayammaz! Zülmlə öldürülən o adamların ruhu o evlərdə heç kəsi rahat yaşamağa qoymaz, növcavan. Sən Allahı o qədər də avam hesab eləmə.

Vurağırd”ın o mistik mənzərəsi, deyəsən, doktor Abasəliyevi də o gün, həqiqətən, tutmuşdu.

Getdiy yerdə birdən dayanırdı, ayağının altındakı yola döşənmiş minillik hamar çay daşlarına heyran-heyran tamaşa eləyirdi. Dağılmış və dağılmaqda olan köhnə evlərə hədsiz heyrətlə baxırdı, ətrafdakı həyət-bacadan, ağac-budaqdan bir an da gözünü çəkə bilmirdi. Və bəlkə də elə o gün və elə o Pesmis Qulu ilə söhbət əsnasında birdən-birə beyninə yerləşmiş son dərəcə qəliz bir məsələni – ola bilər ki, - elə özü üçün də - o gün ilk dəfə və əsil psixoloq ehtirası ilə araşdırıb, əsaslandırmağa çalışırdı:

-Bu Əylisdə qan töküb, eməni evi tutan adamların hər birinin ailəsində ruhi xəstələr var. Mən bunu sənə həkim kimi deyirəm. O evlərin hansında rahatlıq görmüsən? Bircə ev göstərə bilərsən? İnanmırsan, gəl, bu Vurağırddan aşağı bir-bir sayaq evləri. Bax, elə o Daş kilsənin yanındakı evdən başlayaq – Mırıq Müzəffərin* evindən. Onun nə özündə psixi xəstəlik vardı, nə arvadında. Çünki onlar orda – erməninin evində doğulmamışdılar. İndi Mırıq Müzəffərin orda doğulan övlad-uşağına bax: hamısında bu və ya digər dərəcədə psixi anormallıq var. Özü də klassik şizofreniya formasında. O Müzəffərin iki qızını mən o vaxt xəstəxanaya götürmüşdüm. Müalicəni də, necə lazımdı, eləmişdik. İndi çeşmədə, küçədə-zadda sən də görürsən o qızları. Qızdırmalı qoyun kimi gəzirlər. Nə bir adama salam verirlər, nə bir adamın salamını alırlar. Çünki bu xəstəlik keçəri xəstəlik deyil. Buna bəlkə xəstəlik də demək düz deyil. Ruhi xəstəlik Allahın insana verdiyi cəzaların bəlkə də ən ağırıdır...Mırıq Müzəffərin evindən bir az aşağıdakı Qaban Qulamın evidi. O Qulamın bir nəvəsi görürsən də nə gündədi. Daun xəstəsidir, əməli ağlına tabe deyil. Həyətin divarına dırmaşıb, küçədən gəlib-gedəni daşa basır. Ondan aşağıdakı evləri də bir-bir gözünün qabağına gətir. O Bəyazın oğlu Qafil üzdən baxanda normal adama oxşayır. Amma o da şizikdi. Vallah, şizikdi. O gün küçədə qabağımı kəsib, Məhəmmədin bir qara ata minib Sinay dağında Allahla görüşə getməyindən düz bir saat mənə nağıl danışdı. Rəhmətlik Cəlil “Dəli yığıncağı” pyesini* nahaq yerə yazmayıb. O kişi bu dəlixananı hamıdan yaxşı görüb. Ancaq ruhi xəstələri qoyaq bir tərəfə. Erməniyə zülm eləyib özünə gün ağlayan Əylis adamının heç birinin evində rahatlıq deyilən şey yoxdur. Özün də görürsən, bilirsən. Muqdisi* Əlehsanın evinə yiyələnən Qəzənfərin o iki gədəsinin çığır-bağırını da hər gecə eşidirsən. İki qardaş, az qalır, bir-birinin qanını içsin.Erməniyə zülm edənin cəzasını övladı-uşağı çəkir. Bizdən əzab görənlərin ruhu bizi əzabsız yaşamağa qoymur. Eşitmiş olarsan, burda Məmmədağa adlı bir qəssab vardı. O Məmmədağa keşiş Mkrtıçın 3 yaşlı körpəcə qız balasını küçədə xəncərinən şaqqalamışdı. Mən onun qocalığın görməmişdim. Amma Bakıya gələnlərdən eşitmişdim ki, öləndə it kimi ölüb. Əvvəl gözləri kor olubmuş, sonra insultdan ağzı gedib qulağının dibinəcən çatıbmış. Üstəlik, qarnının zaporundan da hər gün əzab çəkirmiş. Ayaqyolunda oturub gücənəndə zarıltısı gedib Zəngəzura çıxırmış. Lap bu saat get o Məmmədağanı kimdən soruşursan, soruş, ağzın açan o əclafın cəmdəyinə tüpürəcək. Bir sözlə, növcavan, bu kəndin yaxşı günü olacağına mən heç inana bilmirəm. Heç burda yaşayanların özü də buna inanmır, görürəm.

--------------

*Romandakı real adların bir qismi etik mülahizəyə görə dəyişdirilib – müəllif.)

*Cəlil Məmmədquluzadənin məşhur pyesindən söhbət gedir.

*Muqdisi – Maxtesi, Yerusəlimdə İsanın qəbrini ziyarət edən erməni möminləri belə adlanır.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin