Sonra Nüvariş Qarabağlı skamyanın bir küncünə qısılıb, büzüşüb balacalaşıb yatırdı və o skamyanın üstündə artist, bəlkə də, ömrünün ən dəhşətli yuxusunu görürdü:
Sərinliyi adamın iliyinə işləyən rütubətli, boz-bulanıq hava. Nə bir ev, nə bir ağac – bir qara qan gölməçəsindən başqa dünyada heç kəs və heç nə yox idi. Qreta Sarkisovna yumurtadan təzəcə çıxıb, dənizə can atan bala tısbağa kimi, öz qanının qara gölməçəsindən indicə aralanıb sürünə-sürünə yeriyirdi. Və onun dərisi soyulmuş - həm ölü, həm diri - çılpaq bədəni o dərəcədə bədheybət, qorxunc və dəhşətliydi ki, bu qədər iyrənc mənzərəni bu dünya xəlq olunandan bəri yerüzündə, bəlkə heç kəs heç vaxt görməmişdi. Qreta Sarkisovna yerlə ilan kimi sürünürdü. Ancaq bu yer Nüvarişin indi yaşadığı evin asfalt döşənmiş həyəti deyildi. Bir suyumu Nüvarişgilin Xırdalandakı həyətinə bənzəyən torpaq yer idi və o toprpağın üstündə sürünə-sürünə Qreta Sarkisovna, deyəsən, gedib öz ölümünə çatmaq istəyirdi. Bu adam ölmək istəyirdi, amma ölə bilmirdi. Arabir başını qaldırıb “Спасибо, Гейдар Алиевич!” deyirdi və görünməmiş ağrı və əzab içində öz ölümünə tərəf təzədən sürünməyə başlayırdı... Və Nüvariş birdən-birə anladı ki, Qreta Sarkisovna birbaş ona tərəf sürünür. Guya Qreta Sarkisovnanın ölümü indi yalnız Nüvarişin ixtiyarında idi, onun əlindəydi, cibindəydi. Və Qreta Sarkisovna o ölümü Nüvarişdən alıb, özünün dərisi soyulmuş canını bu dünyanın ağrı və əzabından birdəfəlik qurtarmaq istəyirdi... Qreta Sarkisovna yaxınlaşdıqca Nüvariş Qarabağlını get-gedə daha artıq dərəcədə qorxu-vahimə basırdı. Artist bu ölə bilməyən ölüdən qaçıb uzaqlaşmaq istəyirdi. Ancaq qaça bilmirdi, yerindən bir qarış da aralana bilmirdi. Nüvarişin bütün bədəninə sanki qurğuşun əridib tökmüşdülər.
Bu dəhşətə tab gətirə bilməyən artist gözlərini açıb özünü xəstəxananın soyuq və rütubətli koridorunda görməyinə sevindi. Koridorun işığını yandırmışdılar və o taydakı cərrahiyyə otağının qapıları taybatay açıq idi.
Gördüyü yuxunun təsirindən halı bir az da xarablaşmış Nüvariş Qarabağlı doktor Fərzaninin kabinetinin qapısından içəri girəndə həkim əlbəəl başa düşdü ki, bu adamın heç danışmağa da halı yoxdur.
Fərzani cərrahiyyə otağından təzəcə çıxmışdı. Üzüdivara dayanıb əlüzyuyanda əllərini yuyurdu.
-Keç, əyləş, Mübariz müəllim, - dedi. – Qorxma, işlər pis deyil. Dostun palatadadı. Özü üçün kefnən yatır hələ. Canı bərkdi. Dəmir kimidi. Öz aramızdı, heç alkaşa-zada da oxşamır.
Artist elə bir haldaydı ki, həkimin “Nüvariş” yerinə indi də “Mübariz” deməyini heç hiss eləyə də bilmədi.
-Deyirsiz, yatır, doktor. Necə yatır? Yəni huşu özündədir?
-Hələ yox. – Həkim indicə yuduğu əllərini dəsmalla silə-silə tam laqeydcəsinə dedi. – Tələsmə, o da olacaq. Bu gecə ayılmasa, sabah ayılacaq, qorxma.
Palatasına yaxşı sestra təhkim eləmişəm. Səhərəcən baxacaq xəstəyə. - Həkim dəsmalı mıxdan asıb, keçib öz yerində oturdu. – Elə sən də bərk yatmısan, deyəsən, ancaq bir azca bürüşmüsən elə bil. Nədi, pis yuxu görmüsən?
-Görmüşəm, doktor, nədən bildiz? Ömrümdə bu cür alçaq yuxu görməmişdim! -
Artist bir müddət dillənmədi. Görünür, dillənə bilmədi. Sonra gözlənilmədən hönkür-hönkür ağlamağa və eləcə ağlaya-ağlaya həkimə yalvarmağa başladı: - Sizə qurban olum, doktor, mənə onca qram spirt! Nəfəsim kəsilir, vallah. Başım partlayır, doktor. Beynimdə elə bil siçan, siçovul gəzir.
-Sən lap zaylamısan ki, əsəb sarıdan. İşləri tamam korlamısan, qardaş. – Həkim artistin halına ürəkdən acıya-acıya mehriban səslə dedi. Bir köhnə qəzet tapıb stolun üstünə sərdi. Gedib kabinetin qapısını açarla bağladı. Soyuducudan - içi gözyaşı kimi dumduru maye ilə dolu - bir xırdaca qrafin çıxarıb, stolun üstünə qoydu.Bir az qolbas, bir-iki duzlu xiyar. Duzlu şor. Sac lavaşı. Bir dəstə arıdılmış, yuyulmuş keşniş... Doktor Fərzani iki armudu çay stəkanına qrafindən araq süzdü. Zoğal arağıydı. O arağı hələ içməmiş artistin gözləri işıqlandı.
-Siz çox yaxşı adamsız, doktor. Mən sizi görən kimi bldim ki, siz çox insan adamsız. – Artist əlini stəkana uzatdı, ancaq götürmədi, çünki doktor öz qabağındakı stəkanı hələ götürməmişdi. Doktor Fərzaninin gözləri o başdakı əlüzyuyana zillənmişdi. Və artist başa düşdü ki, o əlüzyuyana baxmaqla həkim nə demək istəyir. Gedib əllərini sabunla yuyub, gəlib yerində oturdu.
-Sizn sağlığınıza, doktor! – Nüvariş arağı ayaqüstə içib oturdu.
-Ye qolbasadan. Yaxşı ye. – Həkim dedi. Ancaq özü qolbasa əl vurmadı. Bir-iki keşniş götürüb çeynəməyə başladı. – Bunun ailəsi-zadı var?
-Var, doktor, niyə yoxdur? Gözəl xanımı var – Azadə xanım. Çox gözəl diş həkimidir. Yaxşı da insandı, sizdən yaxşı olmasın. Doktor Abasəliyevin qızıdı da – məşhur psixatorun. Bəlkə, tanıyarsız.
Doktor Fərzani bir qədər təəccübləndi deyəsən.
-Doktor Abasəliyevi kim tanımır ki? – dedi. – O kişi qalır hələ?
-Qalır, doktor. Özü də belə lap əla qalır. – İçib özünə gəlmiş Nüvariş Qarabağlı sevinclə, ilhamla dedi. – Möhkəmdi, canı buz baltası kimi sazdı. Bir il olar ki, köçüb bağında oturub – Mərdəkanda. Deyir ki, məmləkətdə day normal dəli-zad da qalmayıb ki, müalicəsin eləyəm. Dəliliyi hamı peşə seçib özünə.
-Bizim dostumuz doktor Abasəliyevin, demək, kürəkənidir? – Doktor Fərzani stəkanlara bir də araq süzə-süzə soruşdu.
Həkimin stəkanlara bir də araq süzməyi və onun Saday Sadıqlıya “dostun” yox, “dostumuz” deməyi bu dəfə Nüvariş Qarabağlını lap coşdurdu:
-Hə də, küərəkənidi. Özləri də möhkəm dostdular, həkim. Bir-birin dəhşət dərəcədə çox istəyirlər. Bəlkə 30 il olar ki, elə bir evdə də yaşayırlar. Doktor Abasəliyevin ayrı kimi var ki? Arvadı rəhmətə gedib. Olanı bircə qızıdı. Saday Sadıqlıya da həmişə öz oğlu kimi baxıb.
-Belə de...- Doktor Fərzani öz aləmində nəyisə araşdırırdı. –Həm də, deyəsən, yerlidirlər axı, elə deyil? Doktor Abasəliyev də, mən bilən, naxçıvanlı olmalıdı. – Həkim əlində saxladığı stəkanı yuxarı qaldırıb: - Vur getsin, - dedi. – Arağı içib yenə bir tikə lavaşı şora batırıb ağzına qoydu.
-Naxçıvanlıdırlar da, bəs necə! – Nüvariş hələ arağı içməmiş dedi. Arağı içib, ağzına bir dilim qolbas qoyub çeynəməmiş uddu. – İkisi də eyni kənddəndi də, doktor, Əylis kəndindən. Özləri də möhkəm dəlisidilər o kəndin. Harda otursalar, bütün söz-söhbətləri elə o kənddəndi. Mən o kəndi görməmişəm, ancaq onların söhbətindən bilirəm ki, çox qədim kənddi o kənd. Orda bir vaxt erməni də həddən çox olub. Özləri də - o ermənilər, belə çıxır ki, bizim müsəlman camahatıynan çox yaxşı yola gedib. Doktor Abasəliyev o erməniləri həmişə tərifləyir. Deyir, o cür abırlı, insaflı, zəhmətsevər insanlar dünyanın heç yerində heç vaxt olmayıb. Mən onların söhbətini çox eşitmişəm. Qayınata-kürəkən bir-biriynən söhbətə girişəndə o Əylisdən elə şeylər deyirlər ki, adamın diri-diri gedib orda ölməyi gəlir.
Doktor Fərzani, artistin dediklərinə qulaq asa-asa, yenə öz aləmində nəyisə araşdırırdı.
-Doktor Abasəliyev indi Mərdəkandadı, demək. – Bunu həkim sanki öz-özünə dedi və bir müddət fikrə gedib soruşdu: - Tək qalır?
-Hə də, kimi var ki? Ancaq Azadə xanım tez-tez olur yanında. Hər bazar sübh tezdən durub gedir. Gecəni qalır orda, elə ordan da səhər durub işə gedir. Düz deyirsiz, yaşlı adam üçün bağda tək qalmaq çətindi. Elə yerdə, necə olsa, təklik darıxdırar adamı. Ancaq bunun boş vaxtı olur ki, darıxa. Burdakı evində 30 mindən çox kitab var. Yazıq Azadə xanım bir ildi ki, elə bir ucdan Bakıdan Mərdəkana kitab daşıyır. Doktor Abasəliyev oturub bağında, hamısın oxuyur o kitabların. Hələ, deyirlər, özü də kitab yazır.
-Bəs uşağı-zadı yoxdu bunnarın?
-Yoxdu, doktor. Bir tərəfdən baxanda bu Saday Sadıqlı kimi adamın heç uşağı olmasa, yaxşıdı. Vallah, doktor, bu adam bu dünyanın adamı deyil. Fikri-zikri həmişə göylərdədi bunun. Xasiyyəti də xalis uşaq xasiyyətidi. Bu hələ lap balaca olanda kənddə birisi bunun yanında bır xırda tülkünü gülləynən vurub. Allahın o tülküsün də indiyəcən yadından çıxarammır. O tülkünün öldürülməyin neçə dəfə elə mənim özümə danışıb. Hər danışanda da gözləri yaşnan dolur, doktor, bax, bu, belə adamdı.
-Demək, deyirsən ki, böyük artistdi? - Bunu həkim sözgəlişi soruşdu.
Və bu yerdə Nüvariş Qarabağlı yaman coşdu:
-Dahidi, doktor, and olsun Allaha! Abbas Mirzə, Ülvi Rəcəb səviyyəsində əvəzsiz sənətkardı. Ancaq çox tərs adamdı, doktor, dediyindən əl çəkən deyil. Bu gərək 20-30 il bundan qabaq xalq artisti olaydı. Di gəl ki, hələ də əməkdar artistdi mənim kimi. Ona görə ki, heç vaxt dilini dinc qoymur. Hələ 79-cu ildə bunu 3 nəfər artistnən bir yerdə xalq artistliyinə təqdim eləmişdilər. Bir gün əvvəl hamı hamıdan çox bunu təbrik eləyirdi. Sabahısı qəzetlərdə o iki adamın adı çıxdı, ancaq bununku çıxmadı. Sən demə, gözünə döndüyüm axşam gedib 4-5 adamnan möhkəm vurub, yenə dilin dinc qoymayıb, başlayıb ki, Heydər Əliyevin verdiyi ad mənə lazım deyil, o adı mənə qoy xalq özü versin.
Artist bayaqdan bəri bir əlilə cibində eşələnirdi. Görünür, birdən-birə ürəklənib cibindəki siqaret qutusundan bir siqaret çıxardıb, gözlərini yazıq-yazıq həkimin üzünə zillədi: - Sizə qurban olum, doktor, icazə verin, bir qüllab çəkim bundan. Bu zəhrimar üçün bayaqdan ürəyim əsir.
Həkim stolun siyirməsindən bir xırdaca külqabı çıxadıb artistin qabağına qoydu.
-Tüstülət, kefində ol. Mən düz 25 yaşımdan 40 il çəkmişəm bunu. Beş ildi tərgitmişəm. –Qrafindən araq süzdü. – Bunun birin də içək, qurtaraq. Təmiz şeydi, hələ heç vaxt ziyanın görməmişəm. Bir nəfər qazaxlı tanışım var. Yaxşı da adı var – Aftandil. Maşının yolda aşırıb qol-qabırğasın şil-küt eləmişdi. Sağaltdım, çıxdı getdi. İndi hər dəfə bura gələndə bundan bir-iki litr gətirir mənə. – Pəncərəni azca araladı, stəkanını götürüb, elə ayaqüstə də arağı birnəfəsə içib oturdu. – Demək, deyir ki, Heydər Əliyevin verdiyi ad mənə lazım deyil. Yaxşı, bunu gecə vaxtı bəs kim gedib Heydər Əliyevə çatdırıb?
-Yəqin, çatdırıblar da, doktor. Əgər çatdırmasaydılar, niyə bəs o üç adamın ikisi ad alırdı, biri qalırdı qıraqda. – Artist siqaretini yarıyacan çəkib külqabında əzib söndürdü. – Bunun o Heydər Əliyevnən heç arası yoxudu, doktor. Onu görəndə elə bil anasının oynaşın görürdü. Ancaq Heydər Əliyevdən də qabaq bununku hökumətinən düz gətirmirdi. Ya 68, ya 69-cu il idi. Teatrın bir yaxşı tamaşasın Dövlət mükafatına təqdim eləmişdilər. O tamaşaya görə 5 adam laureat oldu, ancaq Saday Sadıqlı yenə kənarda qaldı. Özü də baş rolda ola-ola. Çünki o ərəfədə də dilini dinc qoymamışdı. Mərkəzi Komitənin məsul işçilərindən birinə qırmızı-qırmızı demişdi ki, sizin cibinizdəki partbilet deyil, pistoletdi. O pistoletnən xalqı qorxuzub, hərəniz bir vəzifə tutub, kef eləyirsiz.
_______
*Sovet repressiyasına məruz qalan Azərbaycan artistləri
Nüvariş Qarabağlı arağın üçüncü dəfəsini hələ içməmişdi. Ancaq o qədər rahat, o qədər yüngül, o qədər xoşbəxt idi ki, əgər qınayan olmasaydı, durub, çıtma çalıb oynayardı. Bir tərəfdən arağın təsiri, bir tərəfdən Fərzani kimi bir həkimlə oturmaqdan doğan hədsiz qürur hissi ... gün uzunu çəkdiyi əzablar da, hətta az əvvəl gördüyü o dəhşətli yuxu da büsbütün unudulmuşdu. Lap o allahsız Şahqacar Ərməğanovun həyasız vücudu da indi artistin nəzərində həmişəki qədər qorxunc deyildi. Nüvarişin durulub sağlamlaşmış görkəmi doktor Fərzaniyə də, görünür, yaxşı təsir bağışlayırdı.
-Saxlama, götür, nuş elə. – Həkim dostcasına, ərklə dedi. – Demək, partbilet, pistolet! Amma deyib ha. Bu dəfə baltanı lap dibindən vurub. Əgər bir kəsi qorxutmaq istəməsə, partbilet müsəlmanın nəyinə lazımdı.
Nüvariş arağı içib, bu dəfə həkimin şor-çörəyindən bir loxma götürüb yedi:
-Hələ pistolet nədi ki, doktor. Bunda sözlər olub ki, desəm, inanmazsız. Rəsmi titulları olmasa da, bu Saday Sadıqlının pərəstişkarları var həmişə. Özünün də yaxşı içən vaxtları olub. Hə, nə isə... Deməli, bir gün Şeyx bunu evinə qonaq çağırır. Şeyxi tanıyırsız da – Allahşükür Paşazadə. Əvvəla, Şeyxə deyir ki, mənə araq gətizdir, mən araqsız çörək yemirəm. Şeyx də naəlac qalıb buna araq gətizdirir. Bu xatakar, Allah köməyi olmuş o araqdan yaxşıca vurub, Şeyxin ləzzətli xörəklərindən bol-bol nuş eləyəndən sonra, ağlına nə yerləşirsə, birdən-birə keçir dinə qarşı hücuma. Bu, “din” deyilən şeydən, deyir, mənim zəhləm gedir. Dinin fitvasıynan, deyir, dünyada min ildir ki, cib kəsilir, baş kəsilir, qulaq kəsilir. Şeyxi bir günə qoyur ki, yazıq Şeyx az qalır Quranı götürüb bunun başına çırpsın...
Artist dediyi sözlərdən vahimələnirdi, yəqin ki, buna görə bir az da coşub-daşırdı. 30 il Moskvada yaşayandan sonra cəmi 3 il əvvəl, özü də dünyanın belə bir zay vaxtında köçüb Bakıya gələn, xəstələrdən və öz iş yoldaşlarından savayı bu şəhərlə heç bir əlaqəsi və ünsiyyəti olmayan Fərid Fərzani artistin dediklərinin hamısına, əlbəttə, eyni dərəcədə inanmırdı, ancaq öz yeni pasiyentinin bu sayaq qeyri-adi əməlləri onun üçün də kifayət qədər maraqlıydı.
Dostları ilə paylaş: |