Bunu artist düz görmüşdü: Doktor Fərzaninin halı birdən-birə, həqiqətən, dəyişmişdi.
Və ona görə yox ki, həkimə birdən-birə yorğunluq zor gəlmişdi və yaxud artistin danışdığı əhvalat hansı səbəbdənsə onu açmamışdı. Ona görə ki, indicə artistdən eşitdiyi o sözləri bir vaxt həkim eynilə öz arvadının dilindən eşitmişdi: “SİZİN PEYĞƏMBƏRİNİZ YƏNİ ALLAHDAN DA AĞILLIDIR!” (“Ваш пророк умнее Бога, что ли?”) Bu sözlər Fərid Fərzanini bir vaxt dəhşətə gətirmişdi. Bu sözlərə görə onun Moskvada gül kimi ailəsi dağılmışdı. Və sinninin bu vaxtında onu bu qorxunc, yad şəhərə gətirib çıxaran da, əslində, indi doktor Fərzani üçün büsbütün yeni bir məna kəsb etmiş bu xətalı-bəlalı sözlər olmuşdu.
Dünyanın qəribə işləri var: rus qızı ilə evlənən və Moskva mühitində illər boyu heç bir psixoloji disharmoniya hiss etmədən asudə həyat keçirən bir qız atası Fərid Fərzani, ailəsində bir oğlan uşağı da dünyaya gələndən sonra özündəki ruhi sabitliyi və psixi tarazlığı sanki özündən də xəbərsiz itirməyə başladı. Oğlunun sünnət məsələsi, hələ uşaq körpə ikən, ata üçün ciddi problemə çevrildi. Bu problem uşaq böyüdükcə böyüdü. Və iş gəlib o yerə çatdı ki, bu çarəsiz narahatlığın işıqsız ovqatında doktor əvvəllər heç vaxt görmədiyi qorxulu yuxular görməyə başladı. Və oğlu 12 yaşa çatanda bir səhər Fərid Fərzani öz qəti qərarını arvadına kəskin şəkildə bəyan elədi: “Bu bizim Peyğəmbərin qoyduğu qanundu, - dedi, - mən öz peyğəmbərimin qoyduğu qanunu pozammaram”. Və o gün arvadının dilindən o sözləri eşidəndə həkim hirsindən az qaldı ki, başını divara vursun: “Sizin peyğəmbəriniz yəni Allahdan da ağıllıdı?”
O gün arvadı işə, qızı məktəbə gedəndən sonra doktor Fərzani uşağı yola gətirib, Peyğəmbərin vacib buyurduğu o işi 10-15 dəqiqədəcə asanca yoluna qoydu. Sklifasovsi xəstəxanasının təcrübəli cərrahı üçün su içmək qədərində asan olan bu kiçik əməliyyatdan hər hansı bir fəsad törənəcəyi barədə, söz yox ki, heç düşünməyə də dəyməzdi. Ancaq qorxduğundan, ya nədənsə uşağın hərarəti axşama yaxın 40 dərəcəyə qalxdı. Və doktor Fərzaninin işdən qayıdan arvadı uşağı o halda görəndə heyrətindən bir müddət heç dilini tərpədib danışa da bilmədi. O, nə ərinə bir söz dedi, nə uşağın hərarətini salmaq üçün hər hansı bir səy göstərdi. Dayanıb heyrət və dəhşət içində uşağa tamaşa elədi. Sonra vanna otağına cumub, qapını içəridən bağladı və o bağlı qapının dalından, bəlkə bir saatdan çox, onun hönkürtüsü, hıçqırtısı eşidildi.
Rusun sevgisi-sədaqəti də, sən demə, üzü dönənəcənmiş. Elə ertsəi gün uşaq yatağından durub, evdə rahatca gəzib-dolansa da, Fərzaninin arvadı bu hadisədən sonra ərini bilmərrə insan yerinə qoymadı. Boşanmaq üçün məhkəməyə dərhal ərizə verdi. Moskvanın mərkəzindəki üçotaqlı mənzillərini şəhərin - mərkəzindən uzaq - ayrı-ayrı yerlərində iki ikiotaqlı mənzilə dəyişdirdi. Ailə dağıldı. Moskvada bir neçə il ailəsiz yaşayan Fərid Fərzani 1986-cı ildə Moskvadakı evini bir nəfər bakılı rusla dəyişdirib, Bakıya köçdü və elə köçdüyü gündən öz həyatında necə böyük və bağışlanmaz səhvə yol verdiyini başa düşdü. (Allahın çox səhvini düzəltmək olar, ancaq peyğəmbərin bircə səhvini düzəlt, görüm necə düzəldirsən.)
İnd Fərzaninin oğlu 20 yaşın içindəydi. Ancaq atası üçün hələ də 12 yaşda qalırdı. O 12 yaşlı uşağın günahsız, çaşqın gözləri doktor Fərzanini neçə illərdən bəri qarabaqara izləyirdi. Çünki sünnət edildiyi vaxt bir dəfə də cınqırını çıxarmayan uşaq, atası o işi qurtarandan sonra gözlərini gen-gen açıb atasına elə bir sifətdə baxmışdı ki, o sifəti unutmaq ata ürəyinin qüvvəsi xaricindəydi. Uşağın bu əməli ona heç vaxt bağışlamayacağını doktor Fərzani elə o səhər oğlunun gözlərində -, bütün mümkün çılpaqlığı ilə, açıq-aşkar görmüşdü. Ancaq öz günahının mahiyyətcə nədən ibarət olduğunu həkim sonralar dərk etməyə başladı. Anladı ki, o gün oğlunun bir zərrə dərisini yox, bütövcə barmağını kəssəydi, bunun uşaqdan ötrü heç bir fərqi olmayacaqdı, çünki atasının bu əməlinin nə üçün və nəyin xatirinə edildiyini anlamaq Moskva mühitində böyüyən uşaq üçün mümkün olası iş deyildi. Uşaq, atasının əməlini, sadəcə, özünə qarşı fiziki zorakılıq, heç bir faktiki mənası olmayan qəddarlıq və vəhşilik kimi qəbul eləmişdi. Bu vəhşiliyin məhz onun atası tərəfindən edildiyinə əvvəl son dərəcə təəccüblənmiş, sonra öz uşaq aləmində -, kimsədən xəbərsiz , xəlvətcə sarsılmış və möhkəm təhqir olunmuşdu. İllərboyu oxşayıb-əzizlədiyi sevimli oğul balasının nəzərində özünün birdən-birə necə bir yad məxluqa çevrildiyini o gün həkim uşağın gözlərində açıq-aşkar görmüşdü. Bu yadlığın bir vaxt ötüb-keçəcəyinə ümid bəsləməklə doktor Fərzani özünə boş yerə təskinlik vermişdi. O yadlığı aradan götürməyə atanın zoru çatmamışdı, oğul isə buna heç vaxt cəhd göstərməmişdi. Doktor Fərzaninin Bakıda yaşadığı dövrdə qızı iki dəfə Bakıya gəlmişdi. İndi, heç olmasa, həftədə bir dəfə Moskvadan zəng eləyib, atasının halını xəbər alırdı. Oğlu isə nə bir dəfə Bakıya ayaq qoymuşdu, nə də bircə dəfə Bakıya zəng eləyib atasının kefini soruşmuşdu. (İndi siz də inandınızmı ki, bir uşağın sınmış ürəyini almaq Allahın səhvini düzəltməkdən çox-çox çətin imiş!)
Dostları ilə paylaş: |