(7.40) “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!” Fövqəluca Allah bu ayədə Onun ayələrini rədd edənlər və onlara iman gətirməkdən boyun qaçıranlar üçün hazırlanmış cəza barəsində xəbər verir. Onlar aydın və inandırıcıdır, lakin kafirlər təkəbbürlə özlərini ayələrdən yüksək tutur və onlardan irəli gələn hökmləri rəhbər tutmaqdan imtina edirlər. Bundan başqa, onlar ayələri yalan adlandırır və onlardan üz döndərirlər. Buna görə onlar xeyirli sonluğa olan ümidlərini itirəcəklər.
Onlar öldükdə səma qapıları onların ruhları qarşısında açılmayacaq. Mələklər onlarla birlikdə göyə ona görə qalxacaqlar ki, Allahın dərgahına daxil olsunlar və xahiş edəcəklər ki, səma qapılarında keçməyə icazə verilsin, lakin onlara rədd cavabı veriləcək. Dünya həyatında onlar Allaha iman səviyyəsinə qalxa bilmədilər, onu dərk edib, sevə bilmədilər və buna görə də ölümdən sonra onlar Onun yanına qalxa bilməzlər. Həqiqətən, əvəz həmişə işlədilmiş əməllərə uyğun gəlir.
Bu ayədən aydın olur ki, səma qapıları Allahın hökmlərini itaətkarlıqla yerinə yetirən və Onun ayələrinə iman gətirmiş möminlərin ruhu qarşısında taybatay açılacaqdır. Onlar Onun dərgahına qalxa və ora – Allahın icazə verəcəyi yerə girə biləcəklər. Onlar Onun yaxınlığından zövq ala və Onun lütfkarlığını qazana biləcəklər.
Quran müddəalarından biri olan Cəhənnəmdə əzab çəkənlər, dəvə iynənin deşiyindən keçdikdə, Cənnətə girəcəklər ifadəsinə gəldikdə isə bu bir hadisəni digər bir misli görünməmiş hadisə ilə bağlamağın nümunəsidir. Dəvə ən iri heyvanlardan biridir, iynənin dəliyi isə ən kiçik və ən dar məxluqdur. Nəzərə alınsa ki, dəvə heç vaxt iynənin dəliyindən keçə bilməz, onda Allahın ayələrini inkar edən kafirlər həmçinin heç vaxt Cənnətə girə bilməzlər. Fövqəluca Allah belə buyurur: “Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” (Maidə, 5/72). Allah tez-tez günah işlədənləri və yol verilən sərhədləri pozanları belə cəzalandırır.