(7.29) “De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!” Allah zalımlıq etməyi buyurmaz. O, Ona ibadətdə və məxluqlarla qarşılıqlı münasibətdə ədalətliliyə riayət etməyi əmr edir. O, buyurur ki, insanlar həmişə Ona doğru can atsınlar və ibadət mərasimlərinin yerinə yetirilməsində səy göstərsinlər. Xüsusilə, bu namaza aiddir, çünki hər bir müsəlman onu qəlbi və vücudu ilə qılmalı, hər cür nöqsan və diqqətsizlikdən çəkinməlidir. O, həmçinin əmr edir ki, Ona şərik qoşulmadan səmimiyyətlə müraciət edilsin. Bu hökm həm insanın dua üçün Allaha müraciətinə və həm də Ona ibadət vasitəsi olan namaza şamil edilir. Əgər insan Ona namaz vasitəsilə ibadət edirsə, bundan mənfəət güdməməlidir. Bu halda insanın yeganə məqsədi Allaha ibadət və Onun mərhəmətini qazanmaq olmalıdır.
Allah insanları ilk dəfə yaratmış və onları öldükdən sonra hökmən dirildəcəkdir, çünki məxluqları yaratmağa qadir olan, onları hökmən yenidən də yarada bilər. Şübhəsiz ki, təkrar yaratmaq, ilk dəfə yaratmaqdan daha asandır.