(7.31) “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı55 geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” Adəmin nəsillərinə libas nazil etdikdən və onlar onun sayəsində öz lüt bədənlərini örtdükdən sonra, Fövqəluca Allah insanlara əmr edir ki, özlərinin ayıb yerlərini fərz və əlavə namazlar zamanı da örtsünlər. Ayıb yerlərinin örtülməsi insan bədənini bəzəyir, onların açıq olması isə onu eybəcərləşdirir.
Başqa bir şərhə görə, bu ayədə zinətləriniz sözü altında təmiz və gözəl libaslar nəzərdə tutulmuşdur. Deməli, müsəlman namaz qılan zaman nəinki örtülməli yerlərini örtməli və həm də çirkaba və nəcisə bulaşmamış təmiz və gözəl paltar geyməlidir.
Sonra Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir.
Bir sözlə, bu gözəl ayə ləzzətli xörəklərdən və içkilərdən istifadə etməyi əmr edir, yemək və içməkdən boyun qaçırmağı qadağan edir və bunların istifadə edilməsində israfçılığı yasaqlayır.