ELEKTRİK CƏRƏYANI. Metallarda elektrik cərəyanı. Sərbəst elektronları olan bərk cismlər naqillərdir. Deməli, qeyri-naqillər sərbəst elektrona malik deyillər. Metallar, əsasən də əlvan metallar, yaxşı naqillər hesab olunur. Metalların naqil olması, artıq qeyd etdiyimiz kimi, onlarda sərbəst elektronların olması ilə izah olunur. Elektrik sahəsinin yük tərəfindən yaradıldığını və sahədə yerləşmiş yükə təsir etdiyini yada salsaq, onda elektrik sahəsi olmadıqda, metaldakı sərbəst elektronların nizamsız hərəkət etdiyini və metala elektrik sahəsi ilə təsir etdikdə isə onların bir istiqamətdə, nizamlı hərəkət edə bilməsi fikrini söyləyə bilərik ki, bu da, elektrik cərəyanı adlanır.
Metal naqildə elektrik cərəyanı dedikdə, sərbəst elektronların nizamlı (istiqamətlənmiş) hərəkəti başa düşülür.
Dediklərimizdən aydın olur ki, elektrik cərəyanı yaratmaq üçün elektrik dövrəsində naqil olmalı və naqildəki sərbəst elektrona təsir edib, onları nizamlı hərəkət etdirən elektrik sahəsi olmalıdır.
Uzun müddətli elektrik sahəsi yaratmaq üçün cərəyan mənbələri adlanan qurğulardan istifadə olunur (cərəyan mənbələrinin funksiyası elektrik sahəsini yaratmaqdır). Əgər cərəyan mənbəyi dövrədə zamandan asılı olaraq dəyişməyən cərəyan yaradarsa, belə cərəyan mənbəyi sabit cərəyan mənbəyi adlanır. Əks halda cərəyan mənbəyi dəyişən cərəyan mənbəyi olur.
Dostları ilə paylaş: |