Elektrik yükünün bölünməsi. Elektroskoplarla aparılan təcrübələrdən aydın oldu ki, elektrik yükünün bir hissəsini yüksüz elektroskopa verməklə, onu bölmək olur. Təbii olaraq belə bir sual meydana çıxır. Görəsən, elektrik yükünü hansı həddə qədər bölmək olar? Aydındır ki, yük bölündükcə, azalmalıdır. Onda, görəsən, yükün azalması sonsuzluğa qədər, yəni yük tamamilə yox olana qədərmi davam edir, yoxsa, yükün elə bir bölünmə sərhəddi mövcuddurmu ki, o andan başlayaraq yükün bölünməsi dayanır? Başqa sözlə desək, görəsən təbiətdə ən kiçik bölünməz yük mövcuddurmu? Bu sualların cavabını İoffe və Müllügen çox dəqiq təcrübələr vasitəsilə tapa bilmişlər. Onlar müəyyənləşdirmişlər ki, yükün getdikcə azalması ona gətirib çıxarır ki, son nəticədə yükün bölünməsi dayanır. Belə çıxır ki, yükün bölünmə sərhəddi, yəni ən kiçik bölünməz yük mövcuddur.