ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi


SÖZ SƏRRAFI SƏRRAF ŞİRUYƏ



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

 
SÖZ SƏRRAFI SƏRRAF ŞİRUYƏ 
 
Sərraf Şiruyə Bərdə rayonunun Yeni Daşkənd kəndində 
yazıb-yaradan  çoxşaxəli  yaradıcılığa  malik  el  şairidir. 
Şairin indiyə qədər otuzdan çox poeması, çoxsaylı şeirləri, 
bir  neçə  kitabı  işıq  üzü  görüb.  Onun  on  cilddə  seçilmiş 
əsərlərinin çoxu şeirsevərlərin ixtiyarına verilib. Bu el şairi 
“Qızıl  qələm”,  “Məmməd  Araz”,  “Həsən  bəy  Zərdabi” 
media mükafatlarının laureatı, Azərbaycan Yazıçılar Birliyi 
və  Azərbaycan  Jurnalistlər  Birliyinin  üzvüdür,  Qarabağ 
Müharibəsi  Əlilləri,  Veteranları  və  Şəhid  Ailələri  İctimai 
Birliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 
Söz  sərrafı  Sərraf  Şiruyə  ilə  tez-tez  olmasa  da,  hərdən 
bir görüşürəm. Elə, belə görüşlərin birində onunla maraqlı 
bir  müsahibə  alındı.  Bu  müsahibə  şairin  bütün  yaradıcı-
lığını  əhatə  etməsə  də,  maraqlı  olacağını  nəzərə  alıb  onu 
olduğu kimi dərc etdirməyi qərara aldım. 
– Şiruyə müəllim, sizin yaradıcılığınızda aşıq şeirinin 
bütün  şəkillərinə  rast  gəlmək  mümkündür.  Bu  nə  ilə 
bağlıdır? 
– Əvvəlcə qeyd edim ki, Göyçə mahalında elə bir kənd, 
elə bir ocaq yoxdur ki, orada saza-sözə maraq göstərməyən, 
meyil  eləməyən  adam  olsun.  İkincisi,  mənim  atam,  yəni 
Həsən  Xəyallı  Daşkənddə  ağsaqqal  sayılırdı.  Kəndimizə 
gələn  aşıqlar  bizim  evə  təşrif  buyurardılar.  Atam  ağsaqqal 
olduğundan hansı nağılı istədiyini soruşardılar, atam razılıq 
verəndən sonra məclis başlanardı. Yadımdadır, Cildən Aşıq 
Müseyib,  Qanlıdan  Aşıq  Mehdi,  Nərimanlıdan  Bəhman, 
Ağkilsədən  Aşıq  Nəcəf,  Aşıq  Hacı,  Aşıq  Murad  Niyazlı, 
Aşıq  İmran,  Ağbulaqlı  Aşıq  Məhərrəm,  Daşkəndli  Aşıq 

 
209 
Firudin,  Aşağı  Şorcadan  Aşıq  İslam,  Aşıq  Abbasəlilər 
(bunlardan  biri  gödək,  biri  uzun  adamdı),  Şişqayalı  Aşıq 
Eldar,  Aşıq  Əsəd,  Aşıq  Ağayar,  Məzrəli  Aşıq  Hüseyn  və 
adını  çəkmədiyim  neçə-neçə  aşıqları  əlbəttə  ilk  dəfə  evi-
mizdə  görmüş,  onların  sazına-sözünə  qulaq  asa-asa  böyü-
müşəm.  Təbii  ki,  bu  saz-söz  ocağı  –  ata  ocağım  mənim 
yaradıcılığımda  aşıq  şeirinin  bütün  şəkillərinə  aid  poetik 
örnəklərin yaranmasına xüsusi qaynaq olmuşdur. 
– Sizin yaradıcılığınızda bayatılar da az yer tutmur. 
– Düz deyirsiniz, mənim yeddi yüz cinaslı bayatım var. 
Bayatı  əslində  dərd-qəmin,  insan  taleyinin  tərcümanıdır. 
Həcmcə kiçik olsa da, orada dərin fikir, düşüncəni vermək, 
ifadə etmək hər bir müəllifin öz qabiliyyət və istedadından 
asılıdır.  Mən  bacardığım  qədər  öz  fikir  və  düşüncələrimi 
təbii verməyə çalışmışam.  
–  Həmin bayatılardan bir neçəsini göstərə  bilərsiniz-
mi? 
– Əlbəttə. 
 
Sərrafam, yar dodağı, 
Şəkərdi yar dodağı. 
Neştəri at bir yana
Dodaqla yar dodağı. 
 
Sərraf göz-qaşın altda, 
Oynar göz-qaşın altda. 
Dinmədi zalım qızı, 
İtdim göz-qaşın altda. 
 
Sərraf, Göyçə məndədi, 
Qonub, göy çəməndədi. 
Ay Göyçə həsrətlilər – 
Gəlin, Göyçə məndədi. 

 
210 
 
Sərrafam, ha sınadı, 
Dost məni ha sınadı. 
Canımda yüz dərdim var
Bu dərman hasınadı. 
 
Sərrafam, minalandı, 
Yollarım minalandı. 
Uduzmaz qanlı fələk, 
Yüz verib min alandı. 
 
– Eşitdiyimə görə sizin otuza yaxın poemanız var. Bu 
doğrudurmu? 
 – Bəli, mənim otuza yaxın poemam var. Bunlardan on 
dördü  müharibə  mövzusundadır.  Milli  Qəhrəmanlara,  dö-
yüşən  orduda  xidmət  edən  əsgər  və  zabitlərə  xitabən  ya-
zılıb. “Vətən sənə oğul dedi”, “Dəmir Yelmar”, “Yüz iyir-
mi  nömrəli  tank”,  “Ölümdən  sonrakı  ömür”,  “Od  oğlu  od 
içində” kimi poemalarım bu qəbildəndir. 
Vətəndaşlıq  qeyrəti  ilə  yazılıb.  Daha  çox  vətənsevərli-
yi,  yurdsevərliyi,  əks  etdirir,  böyük  tərbiyəvi  əhəmiyyətə 
malikdir. 
– Əlbəttə, əlbəttə. 
–  Şiruyə  müəllim,  Sizin  poemalarınızın  arasında 
“Mən haqqa sığınmışam” adlı bir poema da var. Bu barə-
də nə deyə bilərsiniz. 
– Bu poemada Allahın min bir adı açıqlanmış, Haqqın 
əzəməti və dəyəri olduğu kimi verilmişdir. 
–  Bu  həm  şərəfli,  həm  də  çox  çətin  bir  işdir.  Yəqin 
dini, şəriəti, Quranı pis bilmirsiniz. 
– Məlumat üçün qeyd edim ki, mən ərəb-fars əlifbasını, 
əski  əlifbanı  atamdan  öyrənmişəm.  Üstəlik,  ondan  xeyli 

 
211 
dini bilgi də almışam. Amma bununla bərabər, dörd il dini 
təhsil  alıb  mədrəsə  bitirmişəm.  Bir  sözlə,  Qurana,  şəriətə 
dair kifayət qədər bilgim var. 
– Daha hansı poemalarınız var? 
– “Azərbaycan qadınları”, “Od oğlu od içində”, “Göyçə 
yaman  göynədi”,  “Ayrılığın  sonu  varmış”,  “Loğman  da-
ğı”...  Bunlardan  ilk  ikisi  iki  hissəli,  böyük  həcmli  əsər-
lərdir. 
– Sizin dastanlarınız da varmı? 
–  Bəli,  var.  “Aşıq  Nəcəf  və  Gülüstan”,  “Göyçəli  Hacı 
Rəhim” adlı iki dastanım var. 
– İndiyə qədər neçə kitabınız işıq üzü görüb? 
– On doqquz kitabım işıq üzü görüb. On cildliyim hələ 
başa  çatmayıb  (altısı  çap  olunub).  Qalan  cildlərin  ma-
terialları hazır olsa da, maddi imkan olmadığından bir neçə 
cild hələ qalıb. 
–  Bəs  sizin  “Hər  görüş  bir  xatirədir”  adlı  kitabınız 
necə yaranıb? 
– Mənim maraqlı görüşlərim çox olub. Şair dostlarımla, 
aşıqlarla  yaddaqalan təəssüratlar  çoxdur. Elə  buna görə də 
yadımda-yaddaşımda  qalanları  bir  kitab  halında  çap  etdir-
mişəm.  
– Şiruyə müəllim, bu il sentyabrın 11-də Sizin 70 yaşı-
nız tamam olur. Bu münasibətlə Sizi ürəkdən təbrik edir, 
yaradıcılığınızda  yeni-yeni  uğurlar,  Sizə  cansağlığı  arzu-
layıram. 
– Sağ olun. 
“Vedibasar” qəzeti, №19 (230),  
14-30 sentyabr 2012-ci il 

 
212 
Gülbəniz MİRZƏYEVA, 
Filoloq
 
  
SÖZÜN “SƏRRAF”I, 
POEZİYANIN “ŞİRUYƏ”Sİ 
 
Yazıma  ömrün  qarlı  aşırımlarından  keçib  gəlmiş  se-
vimli  şairimiz  Sərraf  Şiruyənin  öz  misraları  ilə  başlamaq 
istəyirəm: 
 
Evoğlu deyiləm, eloğluyam mən, 
Qəlbimlə, sözümlə soraqlıyam mən, 
Lələm aqil üçün, ləl oğluyam mən, 
Naşı qiymətimi bilmir, bilməsin. 
 
Şair  poeziyası  ilə  yadda  qalar.  Sərraf  Şiruyə  şair  ailə-
sində şair kimi doğulub, şair taleyini yaşayır, yazır-yaradır, 
tanınır.  Azərbaycan  poeziyasının  böyük  korifeyləri  olub: 
İntibah  deyəndə  Nizamini,  məhəbbət  deyəndə  Füzulini, 
cümhuriyyət  deyəndə  Əhməd  Cavadı,  Araz  ağrısı  deyəndə 
Məmməd  Arazı  xatırlayırıq.  Göyçə  deyəndə  Sərraf  Şiruyə 
yada  düşür.  Göyçə  Sərraf  Şiruyənin  poeziyasında  yüksək 
poetik obraz, şairanə rəmzdir, Vətənin bir parçası kimi  ya-
radıcılığının baş qəhrəmanıdır.  
 
Soruşursan – deyim, eşit: 
Gör nəyimdi Göyçə mənim. 
Əgər gözüm nurdan düşsə, 
Eynəyimdi Göyçə mənim. 
 
Kəbə, qiblə, həcc, ziyarət, 
Könlümə təb verən qüdrət. 
Qismət olsa son axirət, 
Köynəyimdi Göyçə mənim. 

 
213 
Yaxud: 
Sərraf, Göyçəm gözəldi, 
Göyüm, Göyçəm gözəldi. 
Hər kəsə öz obası, 
Mənə Göyçəm gözəldir. 
 
Düşmən  tapdağında  inləyən  Göyçə  şərəfi,  Göyçə  yan-
ğısı şairin yaradıcılığının leytmotividir. Öz yurduna doğma 
hisslərlə  bağlı  olan  şair  bu  hissləri  bədii  təfəkkür  süzgə-
cindən keçirir:  
 
Göyçədə çatdığım ocağın görən, 
Közü sönübsə də, külü qalıbmı? 
Bilirəm, bağların barı talanıb, 
Görən bağçaların gülü qalıbmı? 
 
Şairin özünün təbirincə desək: ilhamını Vətənin süsən-
li, sünbüllü dağlarından alıb. “İlk şeirini nədən yazmısan?” 
sualına şeirlə cavab imzalayıb: 
 
İlk dəfə qəlbimi vəcdə gətirən, 
Mənə ilham verən Vətən olubdu. 
Süsənli, sünbüllü vətən dağında, 
Könlüm bülbül kimi ötən olubdu. 
 
Şair Sərraf Şiruyə xəlqi şairdi. Xəlqilik təkcə dilinin sa-
dəliyində,  xalq  ifadələri,  zərb-məsəllərindən  istifadədə,  za-
hiri  bənzəyişində  deyil,  xalq  mənəviyyatını,  onun  istək  və 
arzularını  düzgün  əks  etdirməkdədir.  Bəli,  xalqı  öyrənmə-
dən  böyük  poeziya  yaratmaq  olmaz.  Şairin  əsərləri  şifahi 
xalq ədəbiyyatına həm ruhi, həm də forma etibarilə  yaxın-
dır: 

 
214 
 
Sərraf deyər, kim sənəm? 
Kim gözəldir, kim, Sənəm? 
Allaha sığınmışam, 
Yoxdur özgə kimsənəm. 
Yaxud: 
Tale qul eləyib yamana bizi, 
Gətirmir ilqara, imana bizi, 
Kəndirbaz eləyib zamana bizi, 
Gülməmək də olmur, gülmək də olmur. 
və ya: 
Kimə gərəklidir istisiz ocaq, 
Ocağı yaşadan odudur ancaq. 
Mahal açmasa da, zaman açacaq, 
Eldən günahını danmağa dəyməz. 
 
Bəzən şair tutarlı aforizmlər yaradır: 
 
İçi boş nağara uca səsdədi, 
Könüllər oxşayan kaman pəsdədi, 
Süpürgə həmişə ayaq üstədi: 
Ya qapı dalında, ya küncdə olar. 
 
Bax, budur millilik... Əsl xəlqi şair, eyni zamanda dün-
yəvi sənətkar. Millilik olmadan bəşərilik də yoxdur.  
Şairin  yaradıcılığı  ilə  tanış  olduqca  onun poeziyasında 
müxtəlif ovqatla rastlaşdım. Şair bəzən pirani bir qoca kimi 
nəsihət  verir,  bəzən  üsyan  edir,  bəzən  də  gördüklərindən 
heyrətə  gəlir,  ritorik  suallarla  Allaha  müraciət  edir,  belə 
getsə həyatın puç olacağından təşvişə düşür:  
 
 

 
215 
Tamahlar nə qədər ac olar, Allah! 
Yollarda nə qədər köç olar, Allah?! 
Belə getsə həyat puç olar, Allah! 
Görən bu dünyanın qananı varmı? 
 
 – deyə Tanrıya üz tutur, eli birliyə səsləyir:  
 
Gərəyə gəlmirsə əl bizim deyil, 
Birliyi olmayan el bizim deyil, 
 – deyir. 
Ədəbiyyatımızda  dünya  haqqında  çox  yazılıb.  Səməd 
Vurğun...  “Biz  gəldi-gedərik,  sən  yaşa,  dünya”,  böyük 
Məmməd  Araz  “Dünya  sənin,  dünya  mənim,  dünya  heç 
kimin” – deyirsə, Sərraf Şiruyə dünyanı özünəməxsus tərz-
də səciyyələndirir: 
 
İlki, sonu, nəhayəti bilinmir. 
Məhəbbəti, sədaqəti bilinmir,  
Fikri, sirri, nə hikməti bilinmir,  
Açılmayan düyünlüdü bu dünya. 
 
XX  yüzillikdə  dünyanın  ən  zərif  məxluqu  sayılan  ana-
lara  həsr  olunan  şeirlər  çoxdur.  Hüseyn  Arif:  “Torpaqmı 
anasız qalmasın – deyə, torpağın qoynuna köçür analar” de-
yirsə, Sərraf Şiruyə: 
 
Şirin yuxu tapsın deyə körpəsi, 
Layla çəkib, yüz dil tökər analar. 
Səhərəcən beşiyinin başında, 
Əsgər kimi keşik çəkər analar. 
 

 
216 
Yuxarıda qeyd etdim ki, şairin şeirlərində xalqı birliyə, 
qəhrəmanlığa çağırış güclüdür. Şair Məmməd Araz “Ayağa 
dur, Azərbaycan” deyirdi. Dəli Domrulları, Qara Çobanları, 
Xan Eyvazları, daşlaşan, torpaqlaşan ulu babalarımızı han-
sısa səhvinə görə ittiham edirdisə, şair Sərraf Şiruyə bu ulu-
ların  adlarını  fəxrlə  sadalayıb  bugünkü  gənclərimizə  örnək 
kimi dəyərləndirdi: 
 
Hardasınız, ey Koroğlu dəlilərim, hardasınız? 
Həzilərim, Mehdilərim, Nəbilərim, hardasınız? 
Xatunlarım, Nigarlarım, Həcərlərim, hardasınız? 
Qılınc tutun, bu tapdanan Azərbaycan torpağıdır,  
Oğuz eli, oğuz yurdu, bu Qazan xan torpağıdır. 
 
Sərraf  Şiruyə  poeziyası  həm  də  sənətkarlıq  baxımdan 
mükəmməldir.  Şair  əksər  poemalarında  lirik  qəhrəmanın 
əhvali-ruhiyyəsinə  uyğun  olaraq  şeirin  ahəngini  dəyişir, 
janrdan-janra keçid edir. Bu keçid şeiri şirinləşdirir: 
“Dəmir  Yelmar”,  “Od  oğlu  od  içində”,  “Göyçə  yaman 
göynədi”, “Ölümdən betər” poemalarında bunun şahidi oluruq: 
 
...Bu da mənim təzə dərdim, 
Durub daha üzə dərdim. 
 
Eləmi, təzə dərdim, 
Bu dərdi təzə dərdim. 
Köhnə dərd çəkilərdi,  
Çəkilməz təzə dərdim. 
 
Yetmiş ildən sonrakı iş, 
Həmin adət, həmin vərdiş. 
Döyüşmədən, vuruşmadan, 
Vətən verdik, torpaq verdik… 

 
217 
 
Sərraf  Şiruyənin  poeziyasında  janr  müxtəlifliyi,  bu 
janrlarda  yazılan  şeirlərdə  obrazlılıq,  emosionallıq  diqqəti 
cəlb edir. Bu obrazlılıq həm də fonetik səviyyədə (alletera-
siya,  assonans,  təkrar),  həm  leksik  səviyyədə  (epitet,  təş-
beh, metafor...) və s. özünü göstərir.  
Adi bir nümunə: 
 
Qəmdən ağarıbmı başı dağların? 
Axırmı gözünün yaşı dağların? 
El üçün çatılıb qaşı dağların, 
Görən uzanıqlı əli qalıbmı? 
 
Müəllif  hər  misrada  metaforik  ifadələr  işlədir,  ritorik 
suallarla poetizm  yaradır. ...Ümumiyyətlə şairin şeirlərində 
bədii təsvir və ifadə vasitələrinə bol-bol rast gəlinir. 
 
Gəldim sənə, getdim səndən, 
Qoca dünya, salamat qal. 
Yolçu oldum ötdüm səndən, 
Qoca dünya, salamat qal. 
 
Hamı bu dünyanı cismən tərk edəcək. Amma Sərraf Şi-
ruyə  şeiri  ilə,  sözü  ilə  mənən  ölməzlik  qazanacaq,  yad-
daşlarda əbədi qalacaqdır. 
 
“Kaspi” qəzeti, №141 (2551), 
20-22 avqust 2011-ci il 
  
  

 
218 
Ramiz TƏMKİN, 
Jurnalist 
Afət İSLAMQIZI, 
Jurnalist 
  
GÖYÇƏ HƏSRƏTLİ ŞAİR 
 
Hələ uşaq yaşlarımda xalqımızın azman sənətkarı Aşıq 
İmran  Həsənovdan  eşitdiyim  bir  gəraylının  iki  bəndi  var-
lığımı titrətmiş, çətinə düşəndə qolumdan tutub yol göstər-
mişdi: 
 
Bu fələklə nərd atasan, 
Şeş-beş verən zərin ola. 
Ortalığa bəxt qoyasan, 
Aparmağa sərin ola.  
 
…Ay Şiruyə, al geyəsən, 
Yaman gözə gəlməyəsən. 
Bir deyənə beş deyəsən, 
Arxada bir nərin ola. 
 
Həmişə  məni  bu  fikir  düşündürmüşdü:  Şiruyə  kimdir, 
harada  yaşayır  və  nə  işlə  məşğuldur?  Görəsən,  bu  şeirdən 
savayı  şeirlər  yazıbmı?  Və  bu  fikirlə  də  həmişə  onu  gör-
məyə can atmışam.  
Tərtərdə  sonuncu  dəfə  yaradıcılıq  ezamiyyətində  olar-
kən zərurətdənmi deyim, təsadüfdənmi deyim tale məni şair 
Sərraf  Şiruyə  ilə  görüşdürdü.  Bu  gün  həmin  görüşü  öm-
rümün ən gözəl anları kimi xatırlayıram.  
...Tərtərdə  olarkən  gözəl  el  ağsaqqalı,  tanınmış  şair 
Qədir  Tərtərli  söhbət  əsnasında  Bərdə  rayonu  Yeni  Daş-

 
219 
kənd  kəndində  yaşayan  incə  şeirlər  müəllifi,  islam  dininin 
gözəl  bilicisi,  xeyriyyəçi  insan  Molla  Əmirxan  və  onun 
qardaşı, şeirləri Göyçədə, Qarabağda və  Gəncəbasarda dil-
lər əzbəri olan şair Sərraf Şiruyə ilə görüşməyimi məsləhət 
gördü.  
Düzü  Molla  Əmirxanı  qiyabi  də  olsa  tanıyırdım.  Şair 
Alqayıt  onun  saf  insan,  şair  və  xeyriyyəçi  olduğunu  dönə-
dönə  vurğulamışdı.  Onun  yas  mərasimlərindən  pul  götür-
mədiyini,  öz  vəsaiti  hesabına  subartezian  vurduqmaqla 
kənd  camaatının  suya  olan  tələbatını  ödəməsini,  imkansız 
ailələrə əl tutmasını bilirdim. Alqayıtla “Deyişməsini-zara-
fatlaşmasını”  toy  məclislərində  aşıqların  dilindən  dönə-dö-
nə eşitmişdim. Hətta onun: 
 
…Ay Əmirxan, sitəm çatıb gör hara,  
İnsanlar odlanır, çəkilir dara. 
Müxənnəs yağıya, mərdimazara, 
Min lənət oxuyub, nifrət çəkirəm. 
 
şeiri əzbərimdəydi. Şiruyə müəllimi isə şəxsən tanımırdım. 
...Molla  Əmirxan  yas  məclisinə  tələsdiyindən  məni 
Şiruyə müəllimin yanına göndərdi. 
İlahi, bu bəstəboy, arıq, çəlimsiz insan nəyə qadir imiş. 
Ağzından  alov,  od  püskürürdü.  Danışığı  da  başdan-başa 
şeir,  poeziya  idi.  Elə  bil  zəmanənin  adamı  deyil.  Əslən 
Göyçə  mahalının  Daşkənd  kəndindəndir.  Tanınmış  şair 
Həsən  Xəyallının  oğludur.  1942-ci  ildə  Göyçə  mahalının 
Daşkənd kəndində anadan olub. Kiçik yaşlarında atasından 
ilahiyyat elminin sirlərini öyrənib.  
1953-cü  ildə  Mikoyan  və  digər  erməni  daşnaklarının 
fitnə-fəsadıyla  öz  doğma  yurd-yuvalarından  deportasiya 
olunub.  Azərbaycanın  zümrüd  tacı  olan  Qarabağın  Bərdə 

 
220 
rayonunun  Yeni  Daşkənd  kəndində  məskunlaşan  Hacıyev-
lər  ailəsinin  şair  oğlu  Şiruyə  bu  cənnət  diyarı  öz  doğma 
Göyçəsi  qədər  sevib  və  sevir.  Hacıyev  Şiruyə  Həsən  oğlu 
indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universi-
tetinin riyaziyyat fakültəsini və Yevlax mədrəsəsini bitirib. 
Müəllim,  Bərdə  Bilik  Cəmiyyətində  mühazirəçi  və  hərbi 
jurnalist  kimi  fəaliyyət  göstərib.  Hazırda  Yeni  Daşkənd 
kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Ailəlidir, 
iki oğlu və dörd qızı var. 
Sərraf  Şiruyə  yaradıcılığa  erkən  yaşlarından  başlayıb. 
Lirik  şeirləri  və  bayatıları  ağızdan-ağıza,  dildən-dilə  keçə-
rək  onu  bütün  Azərbaycanda  məşhurlaşdırıb.  Həmin  şeir-
lərdə  Göyçə  həsrəti,  vətən  nisgili,  saf  məhəbbət  geniş  yer 
tutur: 
 
Sərraf, göy çəməndədi
Qonub göy çəməndədi. 
Ay Göyçə həsrətlilər: 
Gəlin, Göyçə məndədi. 
 
və yaxud: 
 
Sərraf deyər, yaxşısan, 
Ağıl-huşda yaxşısan. 
Könlüm aşıq Sarıdı, 
Sən könlümə Yaxşısan. 
  
Beş kitab müəllifi, “Məmməd Araz”, “H.B.Zərdabi” və 
“Qızıl  qələm”  mükafatları  laureatı  olan  Sərraf  Şiruyə 
çəkinmədən  deyərdim  ki,  Qarabağ  mövzusunda  yazan  ən 
məhsuldar  şairdir.  12  böyük  poemanın  müəllifidir.  Azər-
baycanın  qeyrətli  oğulları  Vəzir  Orucov,  Elmar  Yedilov, 
Sərhəd  Söhrabbəyov,  Ziyafət  Balıyev,  Tunc  İsmayıl  və 

 
221 
başqalarının qəhrəmanlıq salnamələridir bu poemalar. Tək-
cə onu demək kifayətdir ki, “75 yara” poemasını yazarkən, 
şair  özünü  unutmuş,  Elmarın  faciəsini  –  erməni  tankını 
yandırıb  özünün  tikə-tikə  olması  səhnəsini  yazarkən  bu 
dəhşətə  dözə  bilməyən  Sərraf  Şiruyə  ürək  infarktı  keçir-
mişdi.  Bu  da  onun  vətənpərvər  şair  olmasının  canlı  sübu-
tudur. Şiruyə müəllim layiq olduğu mərtəbəyə yüksəlsə də, 
nədənsə diqqət mərkəzindən kənarda qalmışdır. Buna səbəb 
bəlkə əyalətdə  yaşaması, həddən artıq  təvazökar olması  və 
heç kəsin qapısını döyməməsidir. “Şair qapı döyməz, şairin 
qapısını  döyərlər”  –  kəlamı  onun  üçün  həyat  meyarıdır. 
Şiruyə  Həsənoğlu həm  də  Göyçənin və  Qarabağın tarixini 
çox  gözəl  bilən  canlı  ensiklopediyadır.  Özünün  yaratdığı 
“Göyçəli  Hacı  Rəhim”  və  “Aşıq  Nəcəf  və  Gülüstan”  das-
tanlarında  ermənilərin  qaniçənliyi,  qəddarlığı  və  zalımlığı 
canlı  bir  dillə  nəql  olunur.  “Aşıq  Nəcəf  və  Gülüstan”  das-
tanını, Səməd Ağanın ölümü, Aşıq Nəcəfin belinə samovar 
bağlanıb  ermənilər  tərəfindən  öldürülməsi  hissəsini  hə-
yəcansız  oxumaq  mümkün  deyildir.  Yeganə  təsəllimiz  isə 
“Hacı  Rəhim” dastanında  Hacı  Rəhimin  Andranikin  yaxın 
silahdaşı, türk dünyasına qarşı çox vəhşiliklər etmiş, cəllad 
general  Selikovun  başını  kəsməsidir.  (Selikovun  başını 
kəsən xəncər Şiruyə müəllimin evində, Hacı Rəhimin qılıncı 
isə həmin kənddən olan Ülfət adlı bir nəfərdə qiymətli yadi-
gar  kimi  qorunub  saxlanır.)  Sərraf  Şiruyənin  ən  maraqlı 
əsərlərindən  biri  də  “Ayrılığın  sonu  varmış”  poemasıdır. 
Poemanın  qəhrəmanları  Əsəd,  Həsən  kişi,  Böyükağa  və 
digərləri Stalin rejiminin yaratdığı antitürk təbliğatının qur-
banına  çevrilir  və  Sibirdə  –  Tayqa  meşələrində  min  bir 
əziyyətə  qatlaşıb  yaşamaq  uğrunda  mübarizə  aparır  və 
nəhayət həqiqətin qələbə çalması ilə əlaqədar doğma diyara 
qayıdıb  yenidən  el  ağsaqqalları  kimi  böyük  nüfuz  qaza-

 
222 
nırlar. Dəhşətlisi odur ki, onlara doğulduqları diyarda Göy-
çə  mahalının  Çaxırlı  kəndində  yox,  Yevlax  rayonunda 
yaşamağa icazə verirlər. Bəli, Vəliyevlər ailəsinə həsr olun-
muş bu əsərdə sovet dövlətinin Azərbaycan xalqının başına 
gətirdiyi  bəlalardan  bəhs  edilir.  Yuxarıda  qeyd  etdiyimiz 
kimi  Şiruyə  Həsənoğlu  lirik  bir  şairdir.  Saf  sevgi,  ata-ana 
məhəbbəti,  yurda  bağlılıq,  Göyçə  və  Qarabağ  həsrəti  onun 
yaradıcılığının  ana  xəttini  təşkil  edir.  Xüsusilə  Göyçə  və 
Qarabağ haqqında yazanda şair dünyaya və məkana sığmır, 
hər  misrası  od  olub  adamı  yandırır.  “Qalıbmı?”  şeirində 
olduğu kimi: 
  
Varmı “Ala göl”ün ördəyi, qazı? 
Bülbülün naləsi, güllərin nazı. 
Sınıb Ələsgərin, Alının sazı, 
Barı təzənəsi, teli qalıbmı? 
 
...Yoxdur hünərimiz sevinmək üçün, 
Döyüş paltarını geyinmək üçün, 
Yadlar qabağında öyünmək üçün, 
Allah, bu millətin dili qalıbmı?! 
 
Sərraf Şiruyə ümidsizliyə qapılmayan, qaranlıqdan son-
ra  işıqlı  səhər  gələcəyinə,  haqq  nazilər,  üzülməz  –  kəlam-
larına inanan bir sənətkar kimi də diqqəti cəlb edir: 
 
Düz yola çağırın yolun azanı, 
Silin insanlıqdan haqqı pozanı. 
Nə var boşaltmağa dolu qazanı, 
Boşalan qazanı doldurmaq gərək. 
 
 

 
223 
Bu dünya bir görün nələr göstərib, 
Qaniçən cəlladı mələr göstərib. 
Şiruyə, meydanda hünər göstərib, 
Qələbə nəğməsi çaldırmaq gərək. 
 
Sərraf  Şiruyə  həm  də  aşıq  şeirinin  bütün  janrlarında 
yazıb-yaradan  sənətkardır!  Təkcə  onu  demək  kifayətdir  ki, 
200  təcnis,  1000-dən  artıq  cinas  bayatı  onun  qələmindən 
çıxmışdır.  Təcnis  məncə  mismarsız  tikilən  evə  bənzəyir. 
Şəkidəki “Xan sarayı” kimi. Eyni adlı sözdən müxtəlif mə-
nalı fikir yaratmaq sənətkarın işi deyil: 
 
Şiruyə sınandı elə sınana, 
El dərdinə sən də ağla, sın, ana. 
Qəvvasam, deyilən gərək sınana, 
Dəryalarda əl-qol ata, bir üzə. 
 
Sərraf  Şiruyə  kimi  şairin  yaradıcılığının  işıq  üzü  gör-
məsi Vətən, xalq üçün gərəklidir. Belə bir sənətkara kömək 
göstərmək Həcc ziyarətinə getmək kimi savab bir işdir. 
 
“Demokratiya” qəzeti, 
4-11 mart 2006-cı il 
 
 

 
224 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin