Dəmir GƏDƏBƏYLİ
VAR SƏNİN
Sevimli şairimiz Sərraf Şiruyəyə
Aman Göyçə, şairlərin nə çoxdu,
Neçə-neçə söz zərgərin var sənin.
Bir məbədsən, qapıların açıqdı,
Aşıq Alın, Ələsgərin var sənin.
Sənətkara tacdı şeir-təcnisi,
Mənalısa ellər öyür təcnisi,
Asta deyir, usta deyir təcnisi,
Şiruyədən heç xəbərin var sənin?
Daşkəndində yaraşıqdı daş-daşa,
Şair istər Şiruyəynən daşdaşa.
Dəmir, qəlbin çətin çönə, daşdaşa,
Elin dönsə min səhərin var sənin.
2010-cu il
267
Telman HÜSEYN
COŞASAN
Sakit-sakit, həlim-həlim danışma,
Ay Şiruyə, istəyirəm coşasan.
Mən bələdəm ilhamına, təbinə,
Yeridir ki, dağ çayıtək daşasan.
Ay ustada təcnis, cinas sanadan,
Dayazların qaysağını qanadan.
Elə bil ki, doğulanda anadan,
Doğulmusan çıxmaq üçün başa sən.
Hər sözündə Vətən dedin, el dedin,
Yurdumuzun tikanına gül dedin.
Xırda sözə bir ötəri yel dedin,
Telman deyər, yaşa qardaş, yaşa sən.
268
YOXDUR
Şiruyə, a qardaş, a qəlbi kövrək,
Deyirsən ki səsim, sorağım yoxdur.
Elə qarışdırıb fələk saçımı,
Dolaşıq açmağa, darağım yoxdur.
Gül açsa elimin arzusu, kamı,
Biz də səsləyərik təbi, ilhamı.
Sönüb taleyimin alışan şamı,
Bəxtimə nur saçan, çırağım yoxdu.
Yaşaya bilmirik babalar kimi,
Çalan kimdi “Koroğlu”mu, “Cəngi”mi?
Alıblar əlimdən quş tüfəngimi,
Qazmışam səngəri, yarağım yoxdu.
1990-cı il
269
Əli VƏKİL
ALTMIŞ BEŞİN MÜBARƏKDİ, ŞİRUYƏ
Göyçəmizin sayılan, seçilən şair oğlu, qələm dostum,
ürək dostum Sərraf Şiruyənin 65 illiyinə
Bu bir nəğmə payı, qardaş töhfəsi,
Altmış beşin mübarəkdi, Şiruyə.
Əsərlərin məftun edir hər kəsi,
Altmış beşin mübarəkdi, Şiruyə.
Qəlbində sevgisi ulu Göyçənin,
Söz sərrafı, şair oğlu Göyçənin,
Açılacaq bir gün yolu Göyçənin,
Altmış beşin mübarəkdi, Şiruyə.
“Çalmalı dağ”, “Alagöllər” eşitsin,
Göyçəlilər, qaçqın ellər eşitsin,
Ələsgər sazında tellər eşitsin,
Altmış beşin mübarəkdi, Şiruyə.
Axır gözlərinin yaşı Daşkəndin,
Niyə çatılıbdır qaşı Daşkəndin?
Qəmlidir torpağı, daşı Daşkəndin,
Altmış beşin mübarəkdi, Şiruyə.
Məclis qurmalıydıq orda biz indi,
Qoymuşuq mahalı darda biz indi,
Gəzəmmirik yaylaqlarda biz indi,
Altmış beşin mübarəkdi, Şiruyə.
270
Sən şair atanın şair oğlusan,
Qəlbi nəğmələrlə, sözlə dolusan.
Sənətində uludan da ulusan,
Altmış beşin mübarəkdi, Şiruyə.
Sözə vurğun oğlun, qızın şairdir,
Zülfiyyəmiz, dan ulduzun şairdir.
Sormasınlar bu nə hikmət, bu nə sirdir,
Altmış beşin mübarəkdi, Şiruyə.
Haqdan gələn ündən, səsdən söz salım,
Təcnisindən, müxəmməsdən söz salım.
Sənin kimi şair kəsdən söz salım,
Altmış beşin mübarəkdi, Şiruyə.
Həsən Xəyallının ocağı sönməz,
Bir söz qartalısan, zirvədən enməz.
Demə Əli Vəkil susacaq, dinməz,
Altmış beşin mübarəkdi, Şiruyə.
Gənclik yaşın mübarəkdi, Şiruyə.
2 noyabr 2007-ci il
ŞİRUYƏ
Göyçəmizin ləyaqətli şair oğlu,
söz sərrafı Sərraf Şiruyəyə
Səkkiz kitabını yan-yana qoydum,
Bir-bir vərəqlədim, deməyim doydum.
Gör nələr düşündüm, gör nələr duydum,
Göyçəsiz yaşamaq çətin, Şiruyə.
271
Kəlamların sənə töhfə Tanrıdan,
Tanrı ulu, Tanrı günəş, Tanrı dan.
Yaratmaq eşqiylə hər an alış, yan,
Vurğunusan ülviyyətin, Şiruyə.
İlahidən qismətimiz söz oldu,
Qəlbimizdə paxıllıq yox, köz oldu,
Sazla, sözlə ilqarımız düz oldu.
El içində var hörmətin, Şiruyə.
Həsən Xəyallının ölməz sənəti,
Şair xoşbəxtliyi, sözə hörməti.
Canından çox sevdi şeiriyyəti,
Əsiriydi təbiətin, Şiruyə.
Övladları Xəyallının varisi,
İstedadlı şairdir hər birisi.
Möcüzədir, əfsanədir doğrusu,
Yurda, elə məhəbbətin, Şiruyə.
Söz oldu atanın dövləti, varı,
Seyrə daldı başı qarlı dağları.
Əbədi yaşayır yaratdıqları,
Var sənin də məharətin, Şiruyə.
Dostum, sözlərindən ilham aldım mən,
Yenə dərin xəyallara daldım mən,
Qəm sazını köklədim mən, çaldım mən,
Buymuş hökmü rəzalətin, Şiruyə.
272
Baxıram Göyçənin xəritəsinə,
Ürək sözlərimi çatdırım sənə.
Gənclik çağlarıma dönürəm yenə,
Qulu oldum bu həsrətin, Şiruyə.
Gəldi göz önümə qoşa kəndimiz,
Doğma idi hər bərəmiz, bəndimiz,
Yaşadırıq xəyallarda indi biz,
Yox mahalın – məmləkətin, Şiruyə.
Sən Daşkəndli, mən Yuxarı Şorcalı,
Gördü duman, çən Yuxarı Şorcalı,
Düşüb yurddan gen Yuxarı Şorcalı,
Sirdaşıyıq dəyanətin, Şiruyə.
Eloğlu, yolumuz Daşkənddən idi,
Şorcalı oradan keçib gedirdi.
Kim suzsa sərin su içib gedirdi,
Dəyəri var bu vəhdətin, Şiruyə.
Piyada gedərdim Basarkeçərə,
Ötdüm kəndinizdən azı yüz kərə.
Onda öz işiylə məşğuldu hərə,
Körpə idi söz sənətin, Şiruyə.
Nə biləydim şairlər var Daşkənddə,
Şiruyələr, Alqayıtlar Daşkənddə,
Aşıq Nəcəf şərəf, vüqar Daşkənddə,
Timsalıdı cəsarətin, Şiruyə.
Nələr gəldi başımıza dünyada,
Ürək dinə, qələm yaza dünyada,
İnsanlar sarsılır düşəndə yada,
Adı qalıb ədalətin, Şiruyə.
273
Sərraf olub dərdə-qəmə batan sən,
Xəyallarda Qarabağa çatan sən,
Söz oxunu hədəfə düz atan sən,
Sarsılmazdı qətiyyətin, Şiruyə.
“Hər görüş bir xatirədir” – kitabın,
Oxuyanı məftun edir kitabın,
Dəyərlidir sənin hər bir kitabın,
Sazla, sözlə var ülfətin, Şiruyə.
Yazırsan ki, hey Allahı anmışam,
Kitabın var “Mən haqqa sığınmışam”,
Hər bir şair söz adamı -yanar şam,
Öz şöhrətin, öz qüdrətin, Şiruyə.
Sənin kimi dərddaş şair harda var?
Qəm-kədərlə yazılıbdır “Cəsurlar”,
Ar olsun torpağı satanlara, ar,
Sakiniydik o cənnətin, Şiruyə.
“Ölümdən sonrakı ömür” – dəyərli,
Qələbə gətirsin ilim – dəyərli,
Göyçətək mahalım, elim – dəyərli,
Carçısısan sən qeyrətin, Şiruyə.
“Tərtərin yaralı cəngavərləri”,
Vəsf elədin cəsurları, ərləri,
Qaytaraq yağıdan qalan yerləri,
Var vətənlə ünsiyyətin, Şiruyə.
274
“İgid ölər, adı qalar” – əfsanə,
Yaratdığın bu kitablar əfsanə,
Qarabağda zəfər! – olar əfsanə,
Üzü gülər dost millətin, Şiruyə
“Kölüm Göyçəni istər” – nə xoş dilək,
Bu kitabı hey oxuyaq biz gərək,
Ay Allah, mümkünmü Göyçəni görək,
Hasil olsun kaş niyyətin Şiruyə.
“Ağlama, bülbül, ağlama” – ağladı,
Ürəyimi gəl dağlama – dağladı,
Mətləbimi bil, dağlama – dağladı,
Artdı kinin, küdurətin, Şiruyə.
“Ayrılığın sonu varmış” – nəğmələr,
Yaradırsan yorulmadan gör nələr?
Silaha sarılsın hər ər oğlu, ər,
Olsunlar yenilməz, mətin, Şiruyə.
Sözün sərrafıdı qızın Zülfiyyə,
Can-ciyərin, güllü yazın Zülfiyyə,
Ot kökü üstündə bitibdir deyə,
Onda yaşar seiriyyətin, Şiruyə.
Adına layiqdir Aqşin oğlun da,
Səfərbərdi şeirin, sözün yolunda,
Ayrı düşmür nəğmələrdən bir an da,
Aşiqidir həqiqətin, Şiruyə.
275
“Bu ocağın odu sönməz” – söylədin,
Alovu gur, daim yansın qoy, dedin,
Nakam qardaşından yenə danış, din,
Nəbi sənin qəm-firqətin, Şiruyə.
Xəyallı ocağı – çoxdu şairlər,
Yurd salıbdır qəlblərində inci, zər,
Nələr yaradıblar onlar, gör nələr,
Sədası var şan-şöhrətin, Şiruyə.
Şairdir, sevilir Molla Əmirxan,
Sözün xiridarı mərd Aqil İman,
Onun yadigarı İmanlı Qılman,
Yolçuları ləyaqətin, Şiruyə.
Araz Yaquboğlu, vəfalı Nəbi,
Qəlbi hikmət dolu, cəfalı Nəbi,
Yolu şair yolu, həyalı Nəbi,
Nə gözəldir xasiyyətin, Şiruyə.
Firuzə Nəsibli – atası Araz,
“Bizi Vətən yaşadır” – oxumayan az,
Kitabı yazıbdır bu on yaşlı qız,
Bəhrə verir məsləhətin, Şiruyə.
Əli Vəkil, de ki, izləyirəm mən,
Yeni kitabını gözləyirəm mən,
Xoşbəxtəm, haqqında söz deyirəm mən,
Gərəyimdir, nəsihətin, Şiruyə.
21 oktyabr 2007-ci il
276
Tofiq YUSİF
DEYİL
Dərdin alım, ay Şiruyə,
Zaman həmin zaman deyil.
Dağ-dərəni tutan ahdır,
Duman həmin duman deyil.
Yalan adlı kirkirədə,
Biz də bezar, göy də, yer də.
Ayaq tutub yeriyir də,
Yalan həmin yalan deyil.
Qəhr eləyib tamah bizi,
Bürüyübdü günah bizi.
Bəndə saymır Allah bizi,
İman həmin iman deyil.
Nər kişilər “əşi” olub,
Gədə-güdə “kişi” olub.
Yamanlar da vəhşi olub,
Yaman həmin yaman deyil.
Pul Tanrıya “mənəm” deyir,
Kirpiklərim qəm ələyir.
Ulaq yenə arpa yeyir,
Saman həmin saman deyil.
Yüz qarın ac, biri toxdur,
Nakişilər itdən çoxdur.
Özümüzə ümid yoxdur,
Güman həmin güman deyil.
277
Vicdanımız yamaq-yamaq,
Dərd sinədə kələf, yumaq.
Göylərdənmi imdad umaq?!
Aman həmin aman deyil.
Azərbaycan qan ağlayır,
Köksümüzdən qəm çağlayır.
Telli sazım yas saxlayır,
Kaman həmin kaman deyil.
Niyə axı beləyik biz?!
Nə astarıq, nə də ki, üz.
Mən Tofiqəm, sinəm dəniz,
Dövran həmin dövran deyil.
5 yanvar 1995-ci il,
Tərtər
278
DÖNÜB İNDİ
Dönüb çarxı-zamana, iti tamahlar üçün,
Dünya yağlı quyruğa, plova dönüb indi.
Caynağı tutanların pulu dağlar oynadır,
Fəqir-füqəra üçün pul ova dönüb indi.
Sərraf Şiruyə
Qarabağda qan ağlar naçar qalan bir dünya,
Bu millətin taleyi girova dönüb indi.
Murov əsir düşəndən bütün dağlar gözümdə,
Baxışı qınaq dolu, Murova dönüb indi.
Ekranda, efirdədir gecə-gündüz qarğalar,
Neçə gölün dibinə sancılıbdı, qarğılar.
Xalqın ümid etdiyi vəzifəli darğalar,
Stepan Şaumyana, Kirova dönüb indi.
Başımızın üstündə köhnə xof, köhnə hədə,
Yüz minlərin başına oyun açır bir gədə.
Körpənin də bağrında, qəhərdən, qəmdən zədə,
Cavanların saçları qırova dönüb indi.
Ay Şiruyə, nə desin Tofiq Yusif dərdinə?
Baxan yoxdur millətin, istəyi nə, dərdi nə.
Kim fərq qoyur bu yurdun namərdinə, mərdinə,
İnsanlar insan üçün bir ova dönüb indi.
279
Kərəm KÜRQIRAQLI
MƏNİM
Sinədəftər şairimiz, ürək dostum Şiruyəyə
Şiruyə, düşünüb, belə duymuşam:
Sənətdə birincim, birimsən mənim.
Gizli sirlərimi sənə açıram,
Qəlbimdə saxlanan sirrimsən mənim.
Şairin hikməti onun malıdır,
Yazdığı həqiqət qilü-qalıdır.
Sözlərin elə bil beçə balıdır,
Sənətdə incimsən, dürümsən mənim.
Nə olar əzizim, bir məni dinlə:
Yer tutdun qəlbimdə ləyaqətinlə.
Qaynar ilhamınla, coşqun təbinlə,
Axan Xan Arazım, Kürümsən mənim.
Şeirində, sözündə gördüm haqlısan,
Kərəməm, sidq ilə yurda bağlısan.
Ali bir ustadın şair oğlusan,
Odur ki, ocağım, pirimsən mənim.
2009-cu il,
Bakı
280
Molla ƏMİRXAN
OLSUN
Başına döndüyüm, şair qardaşım,
Sənin üçün salamlarım yüz olsun.
Haqq qismət eyləsin, güzarım düşsün,
Gözün gözlərimlə üzbəüz olsun.
Xoş tanıyıb səni o el, vilayət,
Səndən olsun bizə hümmət, şəfaət.
Heç qəlbində görünməsin küdurət,
Oxunsun sözlərin, xoş avaz olsun.
Bisavad qardaşın, Əmirxan qulun,
Göz üstə yerin var, gözlərəm yolun.
Görüm ki, var olsun Qarabağ elin,
Məclisində söhbət olsun, saz olsun.
1981-ci il
281
Qəmgin FƏZİ
GƏLİBDİ
(bağlama)
Şairsənsə, sözlərimə cavab ver,
1
Nə səbəbə, bu zamana gəlibdi?
Torpaqdan, həm sudan yaranmış Adəm,
Neçə ildi bu cahana gəlibdi?
Neçə oğlu olub, neçə nəvəsi?
Şeytan harda alıb ondan qisası?
Mürsəl peyğəmbərə öz silsiləsi,
Neçəsi düşübdü, sana gəlibdi?
Neçə Əfsəl olub, neçəsi Mürsəl?
Nuhun gəmisinə çıxıb müstəcəm,
Neçə il qalıbdı o dəryada həm?
Müjdə üçün nə pərvanə gəlibdi?
Tarix Məhəmmədə neçə il qalıb?
Neçənci babanın adını alıb?
Kim gedib bu işdən xəbərdar olub?
Fəzi xəbərdardı, cana gəlibdi.
1970-ci il, Yeni Daşkənd kəndi
1
Bağlamanın cavabı Sərraf Şiruyənin “Hər görüş bir xatirədir” (Bakı, “Nur-
lan”, 2007) və “Seçilmiş əsərləri” V cild, (Bakı, “Nurlan”, 2010) kitablarında
çap оlunub.
282
Nohəxan QƏŞƏM
DANIŞAQ
Şair qardaş, anla sözüm,
Deyək, pünhan dil danışaq.
1
Qara torpaq yer üzündə,
Ləngər vurur, gül danışaq.
Səkkiz aydır uzaq yaşı,
Yeddi ayda çaldı başı.
Beş ayında bığ yoldaşı,
Çıxır başdan bil danışaq.
Qəşəm desin, sən qulaq as:
Sel çox olsa, atacaq pas.
Onsuz heç vaxt həyat olmaz,
Doğru sözü al danışaq.
1
Bağlamanın cavabı Sərraf Şiruyənin “Hər görüş bir xatirədir” (Bakı, “Nur-
lan”, 2007, səh.20-21) və “Seçilmiş əsərləri” VI cild (Bakı, “Nurlan”, 2010,
səh.182-183) kitablarında çap оlunub.
283
O RAZI QALDI
(bağlama)
Cavab ver sözümə, Sərraf Şiruyə,
1
Xatəm Yəhudidən nə sual aldı?
O, nə cəhli idi düşdü araya,
Nə cavab aldı ki, o razı qaldı?
Xatəm orda hardan aldı kalamı?
Kimiydi əyləşdi verdi salamı?
Qələm yazdı, kağız düşdü yolamı?
Nə oldu mətləbi yerini aldı?
Könlüm sizdən eylər bu sualını,
İstəyir yoxlaya pür kamalını.
Pozmasın sözlərim hal-əhvalını,
Qəşəmin məqsədi bir xoş xəyaldı.
13 mart 1976-cı il
1
Bağlamanın cavabı Sərraf Şiruyənin “Hər görüş bir xatirədir” (Bakı, “Nur-
lan”, 2007, səh.21-22) və “Seçilmiş əsərləri” V cild, (Bakı, “Nurlan”, 2010)
kitablarında çap оlunub.
284
Gülnigar RƏHİMLİ
SƏN
Dillərdə əfsanələşib, könüllərdə özünə əbədilik yurd salan
böyük şairimiz Sərraf Şiruyənin 65 illik yubileyinə
Bizim o dağların şanı-şöhrəti,
Uzaqlardan gələn sorağısan sən.
Məmmədhüseyn, Nəcəf, Həsən Xəyallı,
Onların sönməyən ocağısan sən.
Ömrü satmamısan vaxta, vədəyə
Dözmüsən əzaba, hər cür hədəyə.
Təcnisdə çəkmisən Alı dədəyə,
Qoşmada Ələsgər sayağısan sən.
Perik düşüb qohumun da, yadın da,
İndi də yanırsan hicran odunda!
Yurdu talan olan Göyçə adında,
Bir elin, obanın dayağısan sən.
Gülnigaram, çoxdu heyranın sənin,
Saralmaz bir bağdı şeir gülşənin.
Qədim Qarabağda ulu Göyçənin,
Söz-sənət nişanlı bayrağısan sən.
2007-ci il
285
Pərvanə MƏMMƏDLİ
ŞAİRSƏN
Dəniztək çağlayan, dəryatək coşan,
Buludtək boşalıb, dolan şairsən.
Adı ürəkləri ünvan eyləyən,
Sözü könüllərdə qalan şairsən.
Göyçədə torpağı, daşı göynəyən,
Yanaqda gözünün yaşı göynəyən,
Yurd deyin bağrının başı göynəyən,
Elləri yadına salan şairsən.
Səni də qocaltdı zamənə, heyif,
Ağartdın saçları qəm-qüssə yeyib.
Cığası bəzəkli bir təcnis deyib,
Zirvələrdə qanad çalan şairsən.
Gəraylın Ələsgər, Alı qoxuyub,
Qoşma ilmələrsən, güllər toxuyub.
Sovet dövlətinə meydan oxuyub,
“Millətçi” adını alan şairsən.
Şeir sərrafıtək ad alıbsan, ad,
Çoxları önündə çəkibdi fəryad.
Pərvanəyəm, onu billəm, ay ustad,
Sən dərsini haqdan alan şairsən.
286
Aqil İMAN
GƏTİR
Sərraf Şiruyənin
“Gətirimmi” adlı gəraylısına cavab
Soruşursan istəyimi, arzumu,
Keçir ürəyimdən, qardaş, bu gətir:
Səhər görünməmiş günəş üfüqdən,
“Sona bulağı”ndan bir qab su gətir.
Bilirəm “Qoşquzu” olur uzaqda,
“Qımı”nı, “Şoşan”ı axtar “Çanaq”da.
Lilpar təzə çıxır “Buzlu bulaq”da,
Dər, buzlu suyunda təzdən yu gətir.
Halından xəbər tut elin, obanın,
Məzar torpağından götür atamın.
Nə vaxtdır dadmıram yemliyin tamın,
Topala, dəstələ şehotu gətir.
Elə itirmişəm illərin sayın,
Həsrətin çəkirəm hər ötən ayın.
Əgər saxlayırsa Keyti qar payın,
Bax odur, İmanın ruzisi, gətir.
287
QARDAŞ
Sərraf Şiruyəyə
Bəlaya düşübsən “haqq” deyə-deyə,
Mənə dərd olubdu dərdlərin, qardaş.
Yerin gen görməyib bir bəşər əhli,
Dünya yaranandan mərdlərin, qardaş.
Sənin axtardığın vəfa, düz ilqar,
Göyə çəkilibdi, yerdə kimdə var?
“Şeş”inə, “beş”inə yoxdu etibar,
Fələk düzəltdiyi nərdlərin, qardaş.
İmanam, nəfəs dər, bir azca toxda,
Bu dünya əzəldən yaranıb saxta.
Zamanın üzünə ağ olma çox da,
Onun qəbul eylə şərtlərin, qardaş.
1985-ci il
288
Zahid MƏCİD
DÜŞÜB
Sərraf Şiruyəyə
Ey dahi sənətkar, ey böyük ustad,
Qüdrətin dillərdən dillərə düşüb.
Aşıb hüdudlardan çox uzaqlara,
Sorağın ellərdən-ellərə düşüb.
Şeirdə, sənətdə yeriniz böyük,
Ecazınız böyük, sirriniz böyük,
Təcnis aləmində zəriniz böyük,
Bəhsiniz illərdən-illərə düşüb.
Zahidəm, fəxrimdi şöhrətin, şanın,
İlhamlı ürəyin, qeyrətli qanın.
Cığalı təcnisin, adın, ünvanın,
Zər kimi əllərdən-əllərə düşüb.
289
ŞİRUYƏ
Ay camaat, inanmayın böhtana,
El-obanın gərəyidi Şiruyə.
Qolumuzun tükənməyən qüvvəsi,
Dizimizin dirəyidi Şiruyə.
Ürəyində el nisgili qalıbdı,
Səxavətdə aləmə səs salıbdı.
Çətin anda könlümüzü alıbdı,
Arxamızın köməyidi Şiruyə.
O yaşayır ürəyində hər kəsin,
İstəyir ki, qazancını el yesin.
Hansı əclaf nə deyirsə qoy desin,
Ömrümüzün bəzəyidi Şiruyə.
And içirəm yerə, göyə, Qurana,
O istəməz quş da düşsün ziyana.
Ölüm olsun ona fitva qurana,
Kökümüzün özəyidi Şiruyə.
İnsan oğlu, yaxşı-yaxşı fikirləş,
Qara ləkə götürərmi al günəş?
Dərdə yanan, ürəyində od, atəş,
Dinimizin məhəyidi Şiruyə.
Fitnələrdən uzaqlaşın, çirkənin,
Zahid kimi yalnız ona söykənin.
Qanmazlara çatdırın ki, – Göyçənin,
Qan-damarı, ürəyidi Şiruyə.
290
SƏNİ YADA SALMIŞAM
Ağrın alım, a sənətkar qardaşım,
Yenə anıb, səni yada salmışam.
Düşündükcə ötüb-keçən günləri,
Dərin-dərin xəyallara dalmışam.
Könüllərdə bəsləyibdi el səni,
Ölənədək unutmaram bil səni,
Oxuduqca hər sözünü, kəlməni,
Bir dönüşə min təsəlli almışam.
Gümanımsan, ay Şiruyə, hər bir an,
İdeal, həqiqət, sənsən haqq-divan.
Ayrılmışam siztək əziz qardaşdan,
Qəriblikdə yana-yana qalmışam.
Zahidəm, bədgüman olsa da halım,
Dönmür yenə sizdən fikir, xəyalım.
Möhnət yaman qarışdırıb əhvalım,
Dərd çəkməkdən lap divanə olmuşam.
291
Aşıq HÜSEYN
QONAQ GƏL
Dost kimi baxgınan dağlara tərəf,
Könül açan bu yaylağa qonaq gəl.
Hopoplu meşələr, sərin bulaqlar,
Min bəhrəli bağça-bağa qonaq gəl.
Tanı Hidayəti, tanı Səfəri,
Bu dağlar yetirib neçə nəfəri.
Bir dilə tut Müzamili, Qəfəri,
Sədnik gəzən uca dağa qonaq gəl.
Ramiz, Fəxrəddin, Müzakir, Adil,
Daşdəmir, Gülmalı alimlərdi bil.
Onlar bir bağçadı, sən də qızılgül,
Bol sərvətli bu torpağa qonaq gəl.
Gəzmək üçün səfalıdı bu ellər,
Burdadır mehriban, xeyirxah dillər.
İzzət, Məhərrəmdən şəfalı əllər,
Könül açan bu oylağa qonaq gəl.
Dostları ilə paylaş: |