Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Nemət Pənahlı və Əbülfəz Əliyev (Elçibəy)



Yüklə 12,01 Mb.
səhifə136/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   132   133   134   135   136   137   138   139   ...   201
Nemət Pənahlı və Əbülfəz Əliyev (Elçibəy)
Tibb Universitetinin tələbələrinin şüarları içərisində «Yaşasın müstəqil Azərbaycan!» şüarının olması, yəni meydana belə bir şüarın gətirilməsi Meydan epopeyası ilə Milli Azadlıq Hərəkatının ikinci mərhələsinin başladığını təsdiqləyən ilk önəmli fakt kimi qeyd edilməlidir. İlk dəfə idi ki, bu şüarla «Çənlibel»çilər və ya Xalq Hərəkatının üzvləri deyil, bu təşkilatlara aidiyyatı olmayan bir təşkilatın üzvləri çıxış edirdilər. Bununla belə, qeyd etməliyik ki, həmin ali məktəbdə «Karvan» adlı təşkilat fəaliyyət göstərirdi və onun başçıları «Çənlibel» təşkilatı ilə sıx bağlı olmuşlar.

Ə. Tahirzadə daha sonra yazır:

«…11.28. Ənvər: 

-Qüvvə saxlamalıyıq. Bizim hökumətimiz, partiyamız da bizi müdafiə edir. İşimiz haqdır.

11.33. “Və-zi-rov!”.

11.35. Qorxmaz (tələbləri yenidən oxuyur): Biz 24 saat vaxt vermişdik. İndi bir saat vaxtımız qalıb. Tələblərimiz ödənilməsə oturaq nümayiş günlərlə davam edəcək.

11.45. Əbülfəz Əliyev:

- Qarşımızda üç problem var:

1) Ermənistan SSR-dən didərgin düşənlərdir. Bəlkə də ağacları yox, 10 minlərcə insanın taleyini düşünməliyik.

2) Ermənistan SSR-in özündə yaşayan azərbaycanlıların təhlükəsizliyi, mədəni-milli varlığı müdafiə olunmalıdır.

3) Dağlıq Qarabağ məsələsidir.

Bizə qarşı iftiralar başlayıb. Bütün gücümüzü, ağlımızı toplayıb onlarla mübarizə etməliyik. Xalqımız özü hər şey həll edəcək. Tələbimiz: radio və televiziyamız laqeyd qalmasın. Xalq bütöv olmasa heç nə həll edə bilməz.

11.50. Nemət:

- Sabir Rüstəmxanlıdan xahiş edirik ki, hardadırsa tribunaya çıxsın, bizə kömək etsin. Bizi başa düşün. Yuxarıdan onlar, aşağıdan siz bizi sıxırsınız. Bir-birimizə inanmasaq heç nə edə bilmərik. Bizə qarşı İttifaqda nifrət yaradılıb, onu aradan qaldırmalıyıq. Heç bir artıq hərəkətə yol verməməliyik. Bizə inanmırsınızsa kimə inanmalıyıq? Siz bizi fitə basanda biz kiminlə vuruşaq? Biz son damla qanımıza qədər verməyə hazırıq. Etiraz etməyi bacarmalıyıq. Artıq xalq yalançı milli qəhrəmanları qəbul etmir. Mən Nemətəm, məni heç kəs ala, sındıra bilməz! (Alqışlar).

(Tofiq Fikrətin “Yaşa, ey sevgili millət, yaşa, var ol! “misralı “Millət şərqisi” şerini söylədi).

Qabaqlar 5 azərbaycanlının bir yerə toplaşması mümkün deyildi. İndi fəxr edirəm ki, bu qədər xalq birləşib. Biz fitnələrə cavab verəcəyik. Müqəssirləri cəzalandıracağıq. Milli Cəbhəni elan etməklə yaranmır. Deputatları, direktorları, raykomları özümüz seçməliyik. Biz öz hüquqlarımızı qanun çərçivəsində qorusaq bizə heç nə edə bilməzlər. Bizi yalnız ölüm xalqdan ayıra bilər.

12.05. Ənvər:

-Şuşadan bizə teleqram gəlsə (Topxana ilə bağlı) oxuyacağıq. Öləcəyik, dönməyəcəyik - Qarabağda Azərbaycan hökumətini bərpa etmək üçün. Bakıya Qəhrəman şəhər adı verilsin. Müharibədəki fədakarlığımıza görə şəhərimiz buna layiqdir. Sağ olsun burada camaata yeməklə yardım edənlər. Tələblərimiz qüvvəsində qalır.

12.07. Nemət:

- Qoyulan vaxtdan 7 dəqiqə keçib. İndi yenə cavab gözləyirik. Təklifləri oxudu:

“Familiyalarımızın sonunu asanlıqla dəyişə bilək”,

“Azəri türkləri adı qaytarılsın”.

12.23. Qorxmaz:

- Qosplanın işçiləri 500 manat pul yığıb. Onları “Qayğı” cəmiyyətinin hesabına keçirmək gərəkdir ki, camaata yemək alıb versinlər. İndi heç kəsə söz verilməyəcək. Çox söz demişik. İndi iş görməliyik.

12.25. Əbülfəz. Təklif oxudu:

- Diqqətli olun, aradakı fitnəkarları ya aradan çıxarmalı, ya da sakitləşdirməli. Şüarlara fikir verin. Bizə gələn bütün təkliflər bir yerə yığılacaq. Onları ümumiləşdirib həm yerli orqanlara, həm də Moskvaya nümayiş adından göndərək. Birliyə gediriksə bir-birimizi tənqid etməyək. Ziyalılarımızın ardınca danışmayaq.

12.30. Bütün meydan dolub (mayın 18-ində olduğu kimi). 500 min adam var.

12.35. “Və-zi-rov!”.

12.43. Sabir Rüstəmxanlı:

- Mən sizin düzlüyünüzü alqışlayıram. Sizin qarşınızda baş əyirəm. Bu birlik olmasa heç bir iş görə bilmərik. Bizim böyük, şərəfli tariximizi kiçik güzgüdə göstərib, xalqımızı dünyada təhqir ediblər. Bizi uzun illər elə tərbiyə ediblər ki, özümüzü tanımamışıq. Bizim o vaxtkı tələblərimizdən çoxuna əməl edilməyib. Dil haqqında tələbimiz vardı. Ancaq aydın oldu ki, nazirlərimizin çoxu ana dilindən iyrənir. Kəndçiyə rusca məktub göndərən nazir həmin gün işdən çıxarılmalıdır. Yenə kəndlinin başına dərman tökülür. Sumqayıtın hər 4 uşağından biri xəstədir. Kəndləri gəzmişəm, hər şey bərbaddır. Xalq olmasa onun hökuməti də olmaz. Xalq miskin olsa onun hökuməti də pis gündə olar. Bu gün Azərbaycanın 2 imperiya arasında parçalanmasının 160 ilidir. Bunu niyə mətbuatımız qeyd etmədi? Keçdi Sibir xofu. Azərbaycanda 30 mindən çox açılmamış arxiv var. Dünya bilməyir ki, biz ayrıyıq. Bizi müstəmləkə siyahısına da salmayıblar. Qorbaçovun yanındakılar onun siyasətini təhrif edirlər. Azərbaycana uzanan yad əllər kəsilməlidir. DQMV-də Ermənistan ev tikirsə, Azərbaycan hökuməti Göyçədə, Borçalıda ev tiksin. Niyə Azərbaycan tələbələri yayda gedib başqa yerdə işləməlidir? Bakıda fəhlə çatışmır, tələbələrbunu özləri həll etsinlər. (Yemək gətirdilər). Məktəbimizin proqramlarını özümüz hazırlamalıyıq. Dünən mitinqdən sonra sizin iradənizlə Vəzirovun yanında olduq. Mən nümayişlərin əleyhinə deyiləm. Dünən bura gəlməsəydik mətbuat heç nə yazmazdı. Topxanada iş dayandırılmaq üzrədir. Qoy var olsun Azərbaycanın birliyi!

13.00. Nemət. (Tələbləri oxudu). Söz verilir Abdulla İbrahimova - hökumətin nümayəndəsinə.

A.İbrahimov:

- Əziz balalar, hörmətli həmvətənlər! Əvvəl öz adımdan müraciət edirəm. Mən Qarabağda olmuşam. Siz ki bu işə qoşulmusunuz, sizə eşq olsun! Siz bizə lazımsınız. Mən elan edirəm ki, bütün dörd tələb həyata keçirilə bilər və əmin edirəm ki, keçiriləcək.

13.05. Nemət:

- İndi dağılaq. Tələblərə əməl olunmasa gələn şənbə ümumazərbaycan tətili edərik.

Nemət bunu deyəndən sonra mikrofonun səsini kəsdilər (13.06) və Nemətgil dağılmaq təklifi ilə məsuliyyəti boyunlarından atdılar. 5-6 min nəfər getsə də camaat yerindən tərpənmədi. Çox adam oturdu. (Vəzirovu tələb edirlər).

13.20. “Azərbaycan” mehmanxanası tərəfdən çox böyük kütlə gəlib camaat qovuşdu. Rulon kağızı açdılar ki, camaat üstündə otursun.

13.25. Bir oğlan baş tribunadan bayraği yelləməyə başladı. Camaat alqışlayır, bir yerə toplaşır.

13.40. “Azərbaycan” mehmanxanası yanından “A-zər-bay-can!” qışqıra-qışqıra böyük izdiham gəlir. Qabaqlarında milis maşını gəlir. Bakı Elektrik Maşınqayırma Zavodunun fəhlələridir. Əllərində Azərbaycan bayrağı. Öndə qadınlar. Camaat mikrofon tələb edir.

13.50. B.Vahabzadə: 

- Bura gəlmişdən o kişinin (yani Vəzirovun – A.T.) yanında 20 dəqiqə danışdıq. Dedim ki, millətə nə deyim? Dedi ki, biz Topxanada heç nə tikməyə qoymayacağıq. Verilməyəcək və qoyulmayacaq. Aman günüdür, birliyimiz pozulmasın. Rəhbərliyimizlə özümüz arasında ayrılıq yaratmayaq. Hamımız eyni olaq.

13.58. Molla:

- Əssalaməleyküm. Culfanın Camaldın kəndindən Əliyəm. Cavid adına üzümçülük sovxozunun fəhləsiyəm. (Camaat ona qulaq asmayıb “Və-zi-rov!” qışqırmağa başladı). Dövlət planlarını hər ay 100-200 faiz yetirmişəm. (Fitə basdılar. Şerini oxudu):

Vətənin haradır deyə bilməzsən,

İstərsən öləsən, ölə bilməzsən.

Qarabağ çörəyin yeyə bilməzsən...(Fitə basdılar. Əl çəkmədi, şeri sonadək söyləmək istədi).

14.05. Tağı Xalisbəyli: Mən bu gün öyrənmişəm. Topxanada qırğın davam edir. Rədd olsun yaltaqlar! Torpaqlarımızı hərraca qoyublar. Onlar uğrunda mübarizə aparmalıyıq. Ermənistandan gələnlər çadırlarda yaşayırlar. Hardadır rəhbərlik? Hardadır vicdan? (Camaat Vəzirovu tələb edir). Ali Sovetin şöbə müdirinin sözünə inanmamalıyıq. Hanı Nazirlər Sovetinin sədri, MK-nın katibləri? Bu gecə də burada yatmalıyıq.

14.09. Saqqallı qoca kişi:

- Vəzirov bura gəlməyənə kimi getməyəcəyik. Bu bizim son sözümüzdür.

14.10. Tağı: 

- Nə qədər sizi aldadanlar, satanlar vardısa bura buraxmışdılar. Məni isə milis saxlamışdı. Çünki bilir ki, mən xalqın oğluyam.

14.12. N. Həsənəliyev:

- Mən Fəxri xiyaban haqqında məqalə yazdım, indi məni izləyirlər. Kəndlərimiz it günündə yaşayır. Qarabağa həddən artıq qayğı göstərilib, onlar qudurublar. Bayrağımız var, onu sayan yoxdur, rəhbərliyimiz var, onu sayan yoxdur. İndiyədək Sumqayıt hadisəsi hallanır, ancaq indiyədək deyilmir ki, Qriqoryan 6 nəfər erməni öldürüb. Məhbuslarımızı öz respublikamıza tələb edirik. Susmaq pislənilsin. (Tribunada qalmaqal düşüb).

14.15. Tağı:

- Mmikrofonu götürdüyüm üçün narahatdırlar. Sumqayıtda ölənlərin xatirəsini yad edək. Yaşasın Azərbaycan xalqı!

14.19. Tələbə:

- Səbrimiz tükənib. Bu gün hər bir azərbaycanlı oğul və qızı and içməlidir ki, bizi heç kəs parçalaya bilməz. Biz Vəzirovun müsbət və yaxud mənfi cavabını eşitməmişik. Onu gözləyirik.

14.22. Sevil Cahani (evdar qadın):

- Bizi saymırlar. Camaat işləyə bilmir, oxuya bilmir, yaşaya bilmir.Axşam bir cür deyib, indi camaata “dağılın” deyənlər hanı? Yalançı liderlərə baxmaq istəyirəm. İnanmayın yalançı liderlərə. Tüpürün onların sifətinə! Özünüzsünüz lider, hamınızsınız lider!

14.25. Tağı:

- Sizi bura gətirənlər aranızda yoxdur. Gəlin dağılaq, bazar günü saat 10-adək gözləyək. Heç nə olmasa yenə yığışaq. İndi isə dağılışaq.

14.28. Nemət:

- Mikrofonu bağladıq. Vəzirovu gözləyirik.

14.46. İnşaat və Politexnik İnstitutlarınun tələbələri böyük izdihamla gəldilər.

15.10. S. Rüstəmxanlı:

- Azərbaycan televiziyası ilə tələblərimiz haqqında məlumat verilsin. Bizə o icazəni verdilər ki, bizim möhkəm Xalq Cəbhəmiz olsun. Burada müxtəlif qruplar, dəstələr var. Bizi ayırmaq istəyirlər. Mübarizə bu gün də var, sabah da, birisi gün də olacaq. Qüvvəmizi qoruyaq.

15.21. B. Vahabzadə. (Xalq Cəbhəsinin başçılığını öz boynuna götürdü). Gəlin dağılaq.

15.25. Bir ara qarışıqlıq düşdü. Bir “erməni” kamera ilə şəkil çəkirdi. Onu tutub apardılar (Məmmədov Nadir imiş)» (8).

Burada çox incə bir məqama diqqət yetirmək lazımdır. Sabir Rüsyəmxanlı və Bəxtiyar Vahaczadə hakimiyyətin yaratmaqda olduğu və üzərində iş hələ tamamlanmamış gələcək Xalq Cəbhəsinin liderliyi uğrunda artıq indidən mübarizəyə başlayıblar. Sabir Rüstəmxanlı bizə, yəni mənə Xalq Cəbhəsini yaratmağa icazə verdilər deyir, ondan 11 dəqiqə sonra söz alan Bəxtiyar Vahabzadə də həmin təşkilatın rəhbərliyini öz üzərinə götürdüyünü bəyan edir. Amma hakimiyyət, daha dəqiq desək, Xalq Cəbhəsini Əlizadələrin əli ilə quran Fuad Musayev onların heç birini qəbul etməyəcək və yenə Əlizadələrin əli ilə bu posta Yusif Səmədoğlunun namizədliyini önə çəkməyə çalışacaq. Amma bu 1989-cu ildə baş verəcək.

Ədalət Tahirzadənin qeydlərini izləməyə davam edək:

«15.32. Tələbə Qorxmaz:

- Provokasiyaya uymayın. Qoyun çəksinlər. Yaxın buraxın.

15.39. B.Vahabzadə:

- Siz Məmmədov Nadir Cəmil oğlunu döymüsünüz. O, Tarix İnstitutunun əməkdaşıdır. “Molodyoj Azerbaydjana” qəzetinin sifarişi ilə şəkil çəkir. Erməni bilmisiniz? Kaş erməni olaydı. (Gülüşdülər). Belə şey olanda bizim sərəncamımıza gətirin.

15.48. Meydanda ən azı 100 min adam var. Xorla “Və-zi-rov!” tələb edirlər. Vəzirov isə xalqa etina etmir. Heç bir partiya və dövlət rəhbəri xalqı saya salıb gəlmir. Bəli, tələbələr aylarla burada dursa yenə xeyri yoxdur. Bircə şey aydındır - yalnız fəhlələrin dayanması, tətil öz hökmünü yeridə bilər. Qız uşağı. Şer oxudu (Nemətin qucağında):

- Vətəni sevməyən qana boyansın!.

İgidlər məskəni, igidlərik biz.

Vətən həsrətiylə vurur qəlbimiz!. (Sürəkli alqışlar).

16.12. Əbülfəz: Sözü verək Fəraməz Məmmədov yoldaşa, nümayişçilərin adından danışsın. Fəraməz Məmmədov (kinostudiyanın operatoru): Təklif edirəm ki, referendum keçirək. Hamımız burada imza edək ki, öz respublikamda muxtariyyət olmasını istəmirəm, respublikada hər sahər respublikanın özünə həvalə edilsin. 

Tağı:


- Sumqayıtdan xəbər gəlib ki, 100 min nəfər belə imza toplayıb.

16.17. İsmayil Təriqpeyma (ADU, hüquqşünas).

16.22. Yəhya Məmmədov (ADU, rektor):

- Biz fəxr edirik ki, övladlarımız bizdən qabaqda gedir. Biz sizinlə fəxr edirik. Biz arxayınıq ki, siz bizdən də yaxşı işləyəcəksiniz. Bu 9 ayda biz sizi yaxşı tanıdıq. Mən yarım saat qabaq Vəzirovun yanında olmuşam. Çox iş görülür. Deyəcəksiniz ki, həmişə vəd verilir, iş görülmür. Vəzirov neçə gündür gecə-gündüz işləyir. (Fitə basdılar). Birhəftə vaxt verin, sonra bir də gələrik. Mən universitet, respublika tələbələrinə müraciət edirəm. (Fitə basdılar).

16.28. Əbülfəz:

- Bilirsiniz ki, Ağdamda “Dayaq” cəmiyyəti yaradılıb. Onun işçisinə söz verək.

16.20. “Dayağçı”:

- Biz dünən işinizi eşidib bura gəlmişik. Zeynal Məmmədov, Telman Allahverdiyev, Xuraman Abbasova məni bura göndərəndə xahiş etdilər ki, deyim: son on beş gündə Xocalıda, Malıbəylidə, Meşəlidə və b. aparılan işlərdən xəbəriniz olsa çox razı qalarsınız. 452 manatlıq Qarabağ əhlinə yardım göstərmişik. Gəlin birləşək.

16.32. Nemət:

- Mütəşəkkilliyimizin pozulması məğlubiyyətimizdir. Xahiş edirik, yalvarırıq, dağılın.

16.35. Tağı: 

- Ünvan yazılmalıdır. (“Və-zi-rov!”).

16.39. Hatəmi:

- Dünəndən Vəzirovu tələb edirsiniz. Ancaq o gələ bilmir, çünki onun başçı kimi müstəqilliyi yoxdur. (Mikrofondan araladılar).

16.40. Dəmir Gədəbəyli: Əziz xalqım... (Fitə basdılar).

16.48. Xəlil Rza. (Danışmaq istədi, qoymadılar).(“Ha-tə-mi!”).

16.51. Xəlil Rza: İki gündür ürəyimi iftixar hissi bürüyüb. Tonqalların işığından keçmişəm. (Yeni şerini oxudu. Hatəminin mərkəzi tutmuş dəstəsi sonadək oxumağa imkan vermədi).

17.01. Dəmir Gədəbəyli. Yeni tələblər irəli sürdü:

1) DQMV-də komendant saatı gücləndirilsin.

2) DQMV-nin rəhbəri ruslardan olsun.

3) Sumqayıtlıların mühakiməsi dayandırılsın.

4) DQMV-ə Ermənistan SSR-dən gələn bütün maşınlar dayandırılsın.

5) Mərkəzi mətbuatda çıxış etmək üçün nümayəndələrimizə imkan yaradılsın.

6) Vəzirovdan tələb edilsin ki, ətrafındakı durğunluq dövrü mafiyasını ləğv etsin.

17.05. Oğlan:

- Bir gün yatmışıq, beş gün də yatacağıq. Nə qələm-kağızdır? Təklifimizi bildirmişik. MK qeydə alsın.

17.10. X. Rza. Yenə tələbləri oxudu:

1) Makinalar azərbaycanca olsun.

2) Azəri torpaqlarını daşnaklara satanlar məhkəmə qarşısında cavab versinlər.

3) Əsgəranda Bəxtiyarla Əlini öldürənlər də Sumqayıt məhkəməsinə tələb edilsin.

17.12. Nemət danışdı. Camaat onun danışığini yarımçıq kəsib arxasını tribunaya sarı yerə oturdu» (8).

Bu fraqmentdə diqqəti çəkən ən önəmli məqam tribunaya nəzarət edən hakimiyyət dairələrinin Hatəminin sözünü yarıda kəsməsi, bu məqsədlə mikrofonu söndürməsi, meydana toplaşanların onu tələb etməsi, Nemətin isə meydanı dağıtmaq istəyən digər natiqlərin mitinq iştirakçıları tərəfindən boykot edilməsidir. Artıq ayın 18-də məlum idi ki, mitinqi dağıtmaq mümkün olmayacaq. Necə deyərlər, Hatəmi və tərəfdarları artıq istəyinə nail olmuş, «cin şüşədən çıxmışdı». İndi Nemət Pənahlının sadəcə bir yolu qalırdı axına qarşı çıxmaq yox, onun axarı istiqamətində üzmək. Məhz bu axar onu liderlik olimpinə yüksəldəcəkdi. Axarı isə dayanmağa Hatəmi və Xaıq Hərəkatı Cəbhəsinin üzvləri qoymurdular.

Ədalət Tahirzadə sonrakı hadisələri belə təsvir edir:

«17.17. Bir oğlan:

- Vəzirov təzə gələndə söz verdi ki, torpaqdan pay olmaz. Ancaq olub. DağlıqQarabağ bizimlə iqtisadi, siyasi əlaqəni kəsib. Əgər rəhbərlik bacarmırsa biz Stepanakertə yürüş təşkil edək, aeroportu bağlayaq.

17.20. Başqa oğlan:

- Bakı bu gün saat 8-dən ölü şəhər elan edilməlidir. Fəhlələr də bizə qoşulmalıdırlar. (15 dəqiqə fasilə). (Camaat geriyə axışıb yolu kəsdi).

17.46. Uşaqlar kağızdan xaç düzəldir, sonra yandırırlar. Qaranlıq tam düşüb. Poğosyan Dadaş Asanova nota ilə vaxt verib: Sübut edin ki, Topxana tarixi abidədir. Şüar:

“Vəzirov, utanma, çıx bayıra!”,

“Bakı bu gün saat 8-dən ölü şəhər elan olunur. Heç kəs işə çıxmasın!!!”.

18.50. B. Vahabzadə və başqa “cəbhəçilər” aşağı düşdülər.Camaat: “Və-zi-rov!” ( bir çoxu “Və-zir-yan!” deyir). Qatlama çarpayıni havaya qaldırdılar, camaat (gecə meydanda qalmaq istəyənlər) ruhlanıb alqışladı. Bir dəstə xorla “Vaz-gen eş-şək” oxuyur» (8).

Burada Ədalət Tahirzadə «cəbhəçilər» deyəndə nəyi və kimi nəzərdə tutur? Aydın olmur. Çünki o dövrdə Xalq Cəbhəsi hələ təsis olunmamışdı, Xalq Hərəkatı Cəbhəsinin üzvlərini isə tribunaya buraxmırdılar. Sonrakı fraqmentlərdən söhbətin kimlərdən getdiyi aydınlaşacaq. Ola bilsin ki, onun bu ifadəni işlətməsi xüsusi siyasi məqsəd daşıyır. Yəni o bu yolla Xalq Hərəkatı Cəbhəsinin varlığına kölgə salmağa, gerçək «cəbhəçi» qismində isə özünün rəğbət bəslədiyi insanları təqdim etməyə çalışmışdır. Fakt isə budur ki, o dövrdə sadəcə bir cəbhə vardı və o da Xalq Hərəkatı Cəbhəsi idi. Amma o da faktdır ki, müəllif kitabında Hatəmiyə istinadən həmin təşkilat haqqında da məlumat verməkdədir. Odur ki, onu ittiham etmək üçün əlimizdə ciddi əsas yoxdur.

Müəllif daha sonra yazır:

«18:55. AZİ-nin tələbələri böyük izdihamla gəldi (çoxminlik). Aramsız olaraq Vəzirovu çağırırlar.

19.12. Xorla oxunan bayatı:

Əzizim olmayaydı,

Saralıb-solmayaydı.

Bakı yaxşı şəhərdir,

Erməni olmayaydı.

19.17. Xarici Dillərin tələbələri gəldilər. Soldakı 1-inci tribuna ehtizaza gəlib. “Və-zi-rov” çağırırlar.“Armənskiy druq - xuje vsəkoqo vraqa” (bir tarix kitabından. Yazılıb, asılıb).

19.28. Gələn yeni dəstəni alqışladılar.

19.30. Yeni gələn dəstəni alqışladılar.

Elə ailələr var ki, hamısı gəlib. (“Sum - qa - yıt!”). Xocalıda 42 erməni ölüb. Əksəriyyəti dustaqlıqdan buraxılanlardır. Şüarlar:

“Poğosyan məhkəməyə cəlb olunsun!!!”,

“Qalx ayağa, Azərbaycan!”,

“Sumqayıt vətənpərvərlərinə azadlıq!”.

19.55. Tribunaya çıxıb birisi “Qarabağ şikəstəsi” oxudu.

Neməti fəhlələr əllərində qaldırmışlar. Yaxşı eşitmirəm. Ancaq hiss edirəm ki, dağılışmağa çağırır.

20.00. “Tə-til!”, “tə-til!”.

20.04. Gələn yeni dəstəni alqışladılar. Velosipedə Azərbaycan bayrağını taxıb meydanı gəzdirirlər.

20.15. “Azərbaycan” mehmanxanasından Hökumət evinin sağ qurtaracağınadək adamla dolub. Ancaq kütlə əsasən meydanın yarısından qabaqda toplaşıb.

20.20. «Azərbaycan» mehmanxanası tərəfdən 10-15 minlik izdiham gəldi.

20.35. Mürsəl Həkimov (professor) meydanda camaata danışır: Müsəlmanlar sünnət olur, banka qoydurur, qan çıxardır, baş çapır, nəticədə qanı dəyişir. Ancaq erməni bunların heç birini eləmir. Qanı qalır içəridə, vurur beyninə, ona görə də başdan xarab olur. Köpək uşağı qızlarını, arvadlarını yanımıza göndərib bizi bu günə salıblar. İndi qızışıb üstümüzə gələnlər öz biclərimizdir. Bizi tanımırlar.

20.45. Mikrafonla Zeynəbin mahnısını verirlər. (“Dünyanın xoşbəxti mənəm dünyada”). Qurtaran kimi: “Və - zi - rov”.

21.00. Meydanda təxminən 100 min adam qalıb.

Çoxlu bayraqlar dalğalanır. Mikrofon istəyirlər. Hava çox gözəldir. Deyəsən, qalanların çoxu sabahacan qalmaq fikrindədir.

21.20. Camaat qızışıb. Hiss olunur ki, idarəolunmaz vəziyyət yaranır. (Və-zir-yan!”). Meydanda iki yerdə böyük tonqal qalamışlar. Camaat ətrafına toplaşıb.

21.35. Nə qədər başısoyuqluq! İki gündür ki, respublikanın başçıları xalqın üzünə çıxmır. Camaat qızışır. Doğrudanmı onların nəsə edəcəyini gözləyirlər?! Xəliyəddin Xəlilov mənə danışır: Xudu Məmmədov öləndə orkestrlə basdırmaq istəyirdilər. Nemət Rafiq Zeynalova (MK katibi) dedi ki, dədən öləndə orkestrlə basdırarsan. Onunla da orkestri yığışdırdılar.

21.45. Tribunada Ənvər, Nemət və başqaları. Camaat əl çalır, uğuldayır. Rəhbərləri görmək istəyir. Sol tribunalarda hatəmiçi gənclər ehtizaza gəlib yırğalanırlar.

21.50. Ağdamdan gələn 2 nəfər əllərində yemək soruşdu ki, qatar gedir, camaata yemək gətirmişik, kimə verək? Dedik ki (Xəliyəddinlə), apar tonqalın yanına.

22.03. Tribunada dava düşdü.

22.16. Böyük bir kabel çarxını yandırıb ondan tonqal düzəltdilər.

Kim tapıb sürüyüb gətirmişdi, çox qəribə idi. Dövrəsinə xeyli adam yığışıb.

22.20. Gəlin yeni izdihamı alqışlarla, hay-küylə qarşıladılar.

22.50… Qadınlar qazanlarda yemək gətirib verirlər.

23.00. Meydanda 50-60 min adam qalıb. Tribunaların hamısı doludur. Uşaqlar baş tribunanın səkisində oturub bayraq yellədirlər. Bu gün bayraqlar xeyli çoxalıb. Nümayişçilərin içində qadınlar da çoxdur. Artıq hamı dəstə-dəstə toplaşıb söhbət edir. B. Vahabzadənin “kol-kos qırılıb” deyə yalan söyləməsini qınayırlar.

22.30. “Azərbaycan” mehmanxanası tərəfdə camaat qaçışdı. Bəlli oldu ki, 2 turisti erməni bilib döymək istəyiblər. (Şəkil çəkmək istəyirmişlər). Nümayişçilərin içərisində içən adamlar da var. Bəzisi deyir ki, maraqlı deyil. Mikrofon işləsəydi yaxşı olardı. Xəliyəddinlə gəzdik. Camaat seyrəlib. 30-40 min qalar.

24.00. Meydanda 10 min adam qalar. Tonqalın ətrafında qalmışlar…» (8).

Ədalət Tahirzadənin 18 noyabrda baş verənlər haqqında yazdıqları bu qədər. Sonra baş verənlər saat 24.00-dan sonraya təsadüf etdiyi üçün salnaməçi onları 19 noyabrın hadisələri kimi qeyd edib:

«19 NOYABR 1988. 00.09. Meyddanda işığı söndürdülər. Qaldıq küçə işığının umuduna. Fit göyə ucaldı. Azərbaycanın bayrağı üstündə ay-ulduz dalğalanır. Dünən (18.11.1988) referendumda 250 min imza toplanıb DQMV-nin ləğvi üçün (Rüstəm Behrudi dedi).

01.02. Şayiə gəzir ki, camaatı əsgərlər götürəcək. Universitetin tələbələri dağılışmışlar.

01.25. 18 yerdə tonqal var. Əsgərləri (milis əsgərləri) 4 avtobusa doldurmuşlar. Nemət, Firidun Cəlilov, İsmayıl Təriqpeyma və başqa “cəbhəçi”lər camaatı dağılışmağa çağırırlar. Ancaq hamı etiraz edir.

02.05. Ənvər camaatı toplayıb saat 6-yadək dağılışmağı təklif etdi. Razı olmadılar. Xorla oxumağa başladılar: “Evə gedən - erməni!”. Ələnib qalan 2-3 min adam tonqal başında oturub - bəziləri asfaltın üstündə altına qəzet salıb, bəziləri taxta yeşiklərin üstündə. Bir-birinə söykənib yeşiyin üstündə uzananlar da var.

03.00. Gecə sabahadək qalan qızlarımızın adları: Muradova Gülnarə, Həsənova Badam (ADU), Vəfa Abdullayeva (Tibb İntu), İradə Məhərrəmova, Yunisova Sürəyya, Süleymanova Sədiqə, Zərnigar Barxu, Məmmədova Könül (Politexnik İn-tu) (200-dən çox idilər - səhərəcən qalanlar).

03.10. Qarmon, nağara gətirdilər. Qabaqca “Qarabağ şikəstəsi” çalındı, sonra başqa havalar.

03.31. Xalıq Xalıqovun meydanın yaxınlığındakı çayxanasında çay içdik. Nümayişçilərə qulluq etmək üçün gecə-gündüz işləyir. Elə təxminən bu vaxt yağış yağmağa başladı. Ancaq heç kəs yerindən tərpənmədi.

03.50. K 58-97 AD nömrəli ağ “Jiquli”nin sürücüsü (Fazil) qatıq, şor, çörək gətirmişdi.

04.00. U 08-49 AQ (“Jiquli”; Əcəlov Mehman, Kamran Osmanov) alma, armud, nar gətiriblər. Kamran dedi ki, iki gündür meyvə daşıyıram.

04.05. A 08-56 AQ (“Jiquli”; Mehdiyev Vahid, Navahı kəndindən; 110 km uzaqdan) isti çörək gətirib. T 33-00 AQ, “zaporojets” yemək gətirib.

04.15. Tələbələr mübahisə edirdilər. Xəliyəddinlə birgə qulaq asdıq. Nə qədər ağıllı, mədəni mübahisə idi! Deyirdilər ki, xalq hələ başçısızdır. Düzdür, ortada bir-birini tənqid edən başçılarçoxdur, ancaq nə Nemət, nə Hatəmi, nə Bəxtiyar Vahabzadə, nə Sabir Rüstəmxanlı və başqalarıhələ başçı deyil. Xalq özü əsl başçını öz vaxtında yetirəcək. Onlar Nemətin də, Hatəminin də mənfi və müsbət cəhətlərini obyektiv dedilər. Deyirlər ki, Nemət mübarizdir, ağıllıdır, fəhləni ardınca apara bilir, ancaq təzyiqə uyur. Hatəmi isə barışmazdır, güzəştə getmir, ancaq siyasi savadı azdır və çıxış yolunu dində görür. Maraqlı idi ki, meydandakı saysız-hesabsız yeşiklər (yandırmaq üçün) haradandır. Öyrəndik ki,“Jiquli”lərdə gətiriblər. Gətirilən bütün şeylər sürücülərin öz xərcinədir» (8).

Ədalət Tahirzadənin təsadüfən şahidi olduğu söhbətin mövzusu tədqiqtımız baxımında önəmlidir. Bu qısa dialoqdan göründüyü ki, həmin günlərdə insanlar lider kimi əsasən Nemət Pənahlı və Məhəmməd Hatəmini müzakirə edirmişlər. Bu onu göstərir ki, artıq həmin gecə Nemətin populyarlığı Hatəminin populyarlığına gəlib çatmışdı.

Hatəmi kamil bir türkçü idi. Onun mübarizəni guya İslamda gördüyü barədə söylənilənlər, görünür, toplaşmağa yer olmadığından Şəhriyarın və Xudu Məmmədovun təziyəsi adı ilə bir müddət cümə axşamları «Təzə-Pir» məscidinə toplaşmağımızla bağlıdır. O hadisədən sonra bizə 25-30 dindar da qoşulmuşdu. Eyni zamanda mitinqlərin keçirilməsinin mümkün olmadığı bir dövrdə Xalq Hərəkatı Cəbhəsinin üzvləri olaraq, kiçik bir hiylə işlətmiş, «Aşura» günündə Təzə-Pirdə sinə döyənlərin məscidi tərk edərək Göy məscidə yürüşünü təşkil etmişdik. Bu aksiyaya cəbhədaşlarımızdan Adil Qasımov başçılıq edirdi. O isə qətiyyən dindar-filan deyildi. Elə Hatəminin özü də. Həmin dövrdə 28 yaşı olan bu sətirlərin müəllifi isə 30 yaşınadək ümumiyyətlə qatı ateist olub.

Amma o da həqiqətdir ki, Hatəmi dindarların da məhəbbətini qazanmağı, onları öz səmimiyyəti və cəsarəti ilə öz tərəfinə çəkməyi və ətrafına toplamağı bacarmışdı.

Tahirzadə Hatəminin guya din yoluyla mabarizə apardığı barədə deyilənləri özündən əlavə etmiş də ola bilər. Çünki kitabında Hatəmiyə qərəzli mövqedə olduğu əsərin digər yerlərdə də açıq aydın görünür. Bir qədər sonra onu meydana İslam bayrağı gətirməkdə suçlaması, bunu guya ona söz verilmədiyi üçün qisas almaq məqsədilə etdiyini iddia etməsi də, məncə, izlənilənən məqsədyönlü qərəzli xəttin davamından başqa bir şey deyildir:

«04.22. 26-lar rayonun I katibi Vəli Məmmədovu bir dəstə gənc arasında söhbət aparan gördük. Hadisələrin axarının pis məcraya yönələ biləcəyindən ehtiyat etdiyini bildirir. Başqa böyük bir dəstədə oğlanlar yığışib kişi lətifələri danışırlar. Başqa bir dəstədə ADU-nun hüquq müəllimi İsmayıl Təriqpeyma (“cəbhəçi”) söhbət aparır, xalqın öz mənəvi varlığını qorumağın amillərindən, şərtlərindən tələbələrə söz açır. Hər dəstə, hər tonqal başı bir auditoriyadır. Yuxu qaçmış gözlərdəki marağı, həvəsi görmək, qızların kişi duruşuna, davranışına tamaşa etmək çox xoşdur. Xəliyəddin üstü açılan uşaqların üstünü örtür ki, soyuqlamasınlar.

04.36. Narın çisək başladı. Gecə yarısı (saat 2-də) iki “turist” (çekist) gəldi, onlarla mən, Paşayev Tanrıverdi söhbət etdik. Adamların məqsədi və əhval-ruhiyyəsi ilə maraqlanırdılar.

05.00. Meydanda 1500 adam qalmışdı (200 qız). Hamı dəstə-dəstə tonqalların ətrafına toplaşmışdı.

05.11. Camaat tək-tək, qoşa-qoşa şəhərdən gəlməyə başladı.

05.40. Əbülfəzi axtara-axtara tribunaların ucundakı qüllüklərə baş çəkdik. Pillələrin üstündə balaca uşaqlar yan-yana, iç-içə kələm kimi yatmışdılar. Üç-dördünün üstündə bir adyal vardı.

05.50. Tağı maşını gəldi (nömrəsini bilmədik), dedi ki, lazımdırsa taksilər bu gün işə çıxmasın. Cavab verildi ki, hələ işləyin, siqnal gözləyin. Köməyə gələn maşınlar: K 86-05 AQ (Jiquli), K 62-68 AJ (Jiquli), R 04-57 AQ (Jiquli), Ö 96-36 AQ (Zapı), AQTs 68-38 (tranzit “Jiquli”).

06.00. Hamı oyanıb. Çisək yağış yağır. 11 dərəcə isti var. Hamı tonqallar ətrafına yığışıb. İsfəndiyar Coşğun da buradadır.

06.20. 18-51 AQL (“İkarus). Sürücü saxladı. Dedi ki, sizi hara aparım? Sonra dedi ki, salona mikrofonla deyirəm ki, nümayişə gələnlərə havayıdır. Bir oğlan dedi ki, Bakıxanov-Şmidt küçələrinin kəsişməsində, Ermənikənddə, Zavağzalnı küçələrində BTR-lər durmuşdu. Dünən yox idi. Gecə düzüblər. Lətifə: İt SSRİ-dən ABŞ-a gedir. Deyirlər sizdə qlasnostdur, orada niyə yaşamırsan? Deyir ki, qlastnost belədir ki, zəncirimizi uzun ediblər, bir də deyirlər ki, nə qədər hürürsünüz hürün. Ancaq yeməyə şey yoxdur. (Firidun Qədirov).

07.00. Hava işıqlanmağa başladı. Yağış güclənib. Adamlar hiss edilməyəcək qədər çoxalıb. Gecəykən tələbələr meydanın zir-zibilini təmizlədilər. T. Paşayev doğru dedi ki, nə KQB işçiləri, nə də milislər bu şəraitə tab gətirdi. Doğrudan da, onların heç biri indi gözə dəymir. Nemət və başqa başçılarla gənclər birləşib bugünkü hərəkət xəttini müzakirə edirlər…

08.00. Axşamki camaatdır. Gedənlər də var, gələnlər də. Tonqallar azalıb. Yağış zəifləyib. Bəli, bu gecə də macərasız ötdü!

08.25. Dəniz limanının fəhlələri ilk qaranquş kimi gəldilər. Gəmiləri yola salmaqdan imtina ediblər (30-40 nəfər olar). Dünən səhər tezdən bu vaxtacan vur-tut bircə saat oturduğuma görə ayaqlarım sözümə baxmır. Evə yollanıram» (9).

Tahirzadə qeydlərini evə gedib, bir neçə saat dincəlib, yenidən meydana qayıtdıqdan sonra davam etdirib və bunları yazıb:

«19 NOYABR 1988. (Ardı) Evdə bir neçə saat dincələndən sonra yenidən nümayişə qayitdım. “28 aprel” metro stansiyasəndan çıxıb Lenin meydanına gələndə gördüm ki, küçə ilə metroya sarı çoxlu adam gəlir. Elə bildim ki, mitinq dağılıb, ancaq yetişəndə baxdım ki, belə deyil. Dolaşdım. 250-300 min adam olardı. Mən gələndə mikrofon susmuşdu. (Çıxışları öyrənib sonra yazaram). Yeni şüarlar:
“Əl çalmayan - erməni”,

“Qarabağın muxtariyyətini ləğv etməli”,

“YaşasınAzərbaycan xalqının monolit birliyi!”.

Bayatılar:

Arazı ayırdılar,

Qan ilə doyurdular.

Mən sizdən ayrılmazdım.

Zor ilə ayırdılar.


***

Ay uyruğu-uyruğu,

Vazgenin var quyruğu.

Vazgen bir oyun eylər,

Özünü qoyun eylər.
Mikrofon sussa da camaat mağazada satılan gücləndirici ilə danışır. Şerlər oxuyur, fikirlərini bildirirlər. Qız bir məktubu oxudu. Bu gün “Molodyoj Azerbaydjana” qəzeti məqalə verib. Ona minnətdarlıq bildirildi.

16.52. Mikrofon quruldu. Sabir Rüstəmxanlı:

- Fasilə götürdük ki, camaatdan gələn məktubları saf-çürük edək, mitinqin müraciətnaməsini oxuyaq. Dünən qadınlar zəng edib deyirdilər ki, nümayişçilərə necə kömək edək? Məktubların çoxunda ana dili məsələsi öndədir. Bir çox qeyrətsiz idarə rəhbərləri buna etinasız yanaşırlar. Siz niyə dözürsünüz? Fəhlələr özləri bununla məşğul olsunlar. Niyə dünyanın böyük dili qoz qabığına soxulsun? Müəllimlərin konfransında tələb edilib ki, yığıncaq Azərbaycan dilində olsun. Siz də belə edin. Moskva komissiyaları Azərbaycanı yoxlayır. Məktubda təklif var ki, Azərbaycan da Moskvanı yoxlasın. Moskvadan gələnlər kiminsə cibinə göz dikib gəlirlər. Pislənilsin. Azərbaycan kəndlərində başçılar, nazirliklərdə milli prinsiplər pozulur. Bizə xəyanət edənlərə də vəzifə verilir.

16.58. Əzim İsmayıllı (Gürcüstan SSR):

Bu gün sizi təbrik edirəm. 2 gündür ki, aranızdayam. Gürcü xalqı həmişə bizi müdafiə edib, edəcək. Heç bir şayiə sizi çaşdırmasın. Onlarla dostluğu pozan deyilik. Bu ayın 13-ündə Gürcüstanda keçirilən yığıncaqda dil məsələsinə toxunublar. Milli Cəbhə yaradıblar, azərbaycanlılar da var. Gərək Azərbaycanda da belə olsun.

17.00. Sabir:

Balaca elan. Məmmədova Mehparə itib. Anası onu gözləyir. Tapan tribunaya yaxınlaşsın. Bakı Neft Texnikumunun tələbəsi Eldar Qasımovu qovublar. Kim nümayişlə bağlı məktəbdən,i şdən qovulsa bizə müraciət etsin, tədbir görək.

17.03. Qarabağdan kişi:

Qarabağda qırılan meşə üçün erməniləri 2.700 manat cərimə ediblər. Azdır. Məhkəməyə verilib. Onları məcbur etməlidirlər ki, oranı əksinlər. Qıranlar həbs edilsin. Ermənistandan gələn tikinti materialları dayandırılsın. Komendant saatı ola-ola gecə işləyiblər Topxanada. Var olsun Azərbaycan xalqı!

Sabir (17.05). Məktublar:

1) Sumqayıtla bağlı məhkəmə dayandırılsın, Azərbaycana verilsin, xalqın iştirakı ilə keçirilsin.

2) Xalq tələb edir ki, Qorbaçov Azərbaycana gəlsin, Qarabağdakı vəziyyəti özü görsün.

3) Sumqayıtdan məktublar gəlib. Sumqayıtda zəhərli zavodlar yenə tikilir, əhalinin qayğısına qalınmır. 200 milyonluq tikinti gedir. O dayandırılmasa Sumqayıt cavanları işi dayandıracaqlar. “Sum-qa-yit!”

4) ADU hüquq tələbələri: bizi sıxışdırırlar. Ağırdir ki, bizim hüquq işçiləri Erməstandan gələnlərdən rüşvət alırlar. Ar olsun!

Ermənistandan gələnlər yalnız DQMV-də yerləşdirilsin. Milli gələrinin heç olmasa 50%-i xalqa qaytarılsın. Arada gəzib pul yığanlara heç nə verməyin. Ermənistan SSR-də azərbaycanca verilişlər ləğv edilib, bizdə də ermənicələr ləğv edilsin. (Alqışlar). Bu tələblər çoxdur. Oxumaqla o demək deyil ki, həyata keçə-cək. Təkcə nümayişlə yox, gündəlik işimizlə buna çalışmalıyıq. Nümayiş iştirakçılarının Azərbaycan hökumətinə son tələbini irəli sürürük. (“Və-zi-rov”).Gəlin bir-birimizə hörmət edək və inanaq. Mən heç bir işdə sizə xəyanət etmərəm. Nümayiş iştirakçılarının Azərbaycan hökumətinə müraciəti:

Son vaxtlar Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü davam edir. Ermənistanda, Dağlıq Qarabağda Azərbaycan xalqı dözülməz məhrumiyyətlərə düçar olub. Azərbaycanın suverenliyi pozulub. 19 noyabr mitinqinin iştirakçıları aşağıdakı tələbləri yerinə yetirməyi xahiş edir:

1) Topxananın qırılması barbarlıq aktı hesab edilsin, cinayətkarlar cəzalandırılsın.

2) Kooperativin işi pislənib işimizə dəxalət kimi qiymətləndirilsin.

3) Bu hadisə ilə bağlı Azərbaycan Ali Soveti Ermənistan Ali Sovetinə etiraz etsin.

4) SSRİ Konstitusiyası layihəsi maddələri Azərbaycan respublikasının suveren hüquqlarını məhdudlaşdırdığı üçün Azərbaycan SSR Ali Soveti SSRİ Ali Sovetinə qəti etiraz etsin. Biz üç gündə öz gücümüzü göstərdik. Gələn bazar gününə kimi vaxt verək. Tələblər ödənilməsə gələn bazar günü yenə bura yığışaq. (“Və - zi - rov!”). Görülən iş haqqında Azərbaycan televiziyası vaxtlı-vaxtında məlumat verəcək. Biz dağılırıq ki, bir də toplaşaq. (Baş tribuna boşaldı)» (9).

Sabir Rüztəmxanlının yuxarıların göstərişi ilə meydanı dağıtmaq üçün etdiyi növbəti cəhd də bir nəticə vermədi. Xalq Hərəkatı Cəbhəsi (qızılbaşlar) onun və hakimiyyət dairələrinin növbəti təxribatını puça çıxartdı.

«17.00. Camaat dağılmadı. (“Və-zi-rov!”.) Sol tribuna:

“Gedənlərə ar olsun!”,

“Evə gedən-erməni”,

“Evə gedən Vazgendir!”.

17.25. Yavaş-yavaş dağılmağa başladılar. Qalanlar Vəzirovu tələb edirlər. 2-ci sol tribunada 2-3 yaşlı iki balaca uşaq da onlara qoşulub əl çalır. Gedənlər yavaş-yavaş qayıtmağa başladı. Qalanlar yerdə oturdular. Yağış kəssə də yer su idi. Buna baxmadılar. Bir çox gənclər “Qarabağ” siqaretinin üzünü qoparıb döşlərinə emblem kimi yapışdırıb. Xalq başa düşür ki, vədlər çoxdur, yerinə yetirilən işlər isə az. Azərbaycan radio və televiziyası, mətbuatı (“Molodyoj Azerbaydjana”dan başqa) xalqın üç günlük məşəqqətinə göz yumub. Bəs sonra nə edəcək? Heç bir rəhbər xalqı sayıb qabağa çıxmadı. Belə olduqda rəhbərliyə inanmaq mümkündürmü?Azərbaycan SSR-in ən azı 22 bayrağını saydım. Ortada bir bayrağı uzun ağaca (təxminən 10 m) keçirib dalğalandırırlar. Şeypur çalanlar da var.

17.40. “Və -zi- rov” çağırışları yenə ucaldı. Yenə qəzetdən xaç düzəldib yandırmağa başladılar. Ortada tonqal qalandı.

17.45. Sol tərəfin işıqlarını söndürdülər.

18.05. 13-47 AQP (PAZ) avtobusu tonqal qalamaq üçün odun gətirdi ( bu gecə 5-6 dəfə gəlib-getdi). Meydanda 6 yerdə tonqal qalandı. Tribunalarda tək-tək şüarlar söyləyir, şüarçıları alqışlayır, “ura” edirlər. “A-zər-bay-can” qışqırırlar.

18.15. Şüarlar:

“Aclıq elan edən yoldaşlara Bakı fəhləsi səs versin!”,

“21-i hamı tətilə!”.

Körpə bir uşaq qışqırır:

“Evə gedən - erməni”.

18.35. Söndürülmüş projektorları yandirdilar. Meydanda 100 minə yaxın adam (tələbə) qalıb. Tonqallar çoxalıb. Ölkənin bir çox rayonlarından – Qarabağdan, Ermənistandan maşınlarla adam gəlib. Onlar, deyəsən, getmək fikrində deyil.

Mütəllim dedi ki, dağılışmaq gərəkdir, çünki, Fətulla Hüseynov (Bakı Dİİ, rəis ) deyib ki, bu gecə dəyənəklə döydürəcəm. Onun belə deyib-demədiyini mən bilmirəm, ancaq onu bilirəm ki,tələbələr bu gecə də dünənki qədər qalsa heç kəsə əl vura bilməyəcəklər. 2-ci sol tribuna doludur. Sağ tribunanın isə birində bütün yerlər tutulub (ancaq basabas yoxdur), 2-cisində adam azdır. Meydanda isə “Azərbaycan”dan “Abşeron”adək səpələnmişlər. Daha çox mərkəzi tribunanın qarşısında sıxlıqdır. Burada aclıq edən tələbələr oturub (bir-birinə söykənib). Üstlərinə adyal salıblar. İstəyirəm ki, onlarla söhbəti gecə yarısına saxlayım, ona görə burada onlar haqqında susuram.

18.55. Camaatdan böyük bir dəstə ayrılıb (təxminən 10 min nəfərlik) “Azərbaycan” mehmanxanası tərəfə keçdi. Elə bildik ki, cavanlar Ermənikənd tərəfə yürüşə başladılar. Həyəcandan ürəyim düşdü. Tez ora qaçdım. Bəlli oldu ki, birisi (sərxoş) deyib ki, mən erməniyəm. Onu qulaqlarından asmaq istəyiblər. Milislər işə qarışıb qoymayıblar. Camaat da tamaşa üçün axışırdı. Ancaq çoxlu gənc (mən də onların içində) tapıldı ki, camaatı geri qaytarmağa çağırdı. Dedi ki, aranı qızışdırırlar, fitnəyə uymayın. Qolu güclü gənclər iki sıra (əl-ələ tutub) çəpər çəkdilər (mən də), milis yaranan dəhlizdən həmin adamı keçirib maşına apardı. Bir azdan camaat meydana qayıtdı. Yəqin ki, bu hadisə şüurlu şəkildə təşkil edilmişdi ki, nümayiş dağılsın, ya da nümayişçilərin xüliqanlıqla məşğul olması haqqında ələ tutarqa düşsün. (Sonra bəlkə də dəyənəkləri işə salmaq olar). Yaxşı ki, camaat təhlükəni sovuşdurdu.

19.10. Meydanda 100 minə qədər adam var. Hamı söhbət edir. Dünənki kimi bu gün də sol tərəfdəki 1-inci tribunada oturanlar xüsusi fəallıq edir, ehtizaza gələrək, yırğalanaraq bayraqları yelləyir, aramsız əl çalır, “Və-zir-yan” qışqırır, şer (mahnı) oxuyurlar: “...Bakı gözəl şəhərdir, erməni olmayaydı”.

2-ci tribunada isə, deyəsən, Maştağadan olan gənclər antierməni, antivazgen ruhlu meyxanalar oxuyurlar. Üç gecə yatmayan, yorğun olan, əldən düşən bu tələbələrin qüvvəsinin tükənməsinə sanki heç işarə də yoxdur. Meydana kiçik arabalarda (zavodlarda işlənən) odun, taxta daşıyırlar.

19.35. Yaşıl, üstündə ay-ulduz olan iki islam bayrağı tutmuş dəstə meydana girdi. Alqışlara başladılar. Yaşıl bayrağın birini baş tribunada bərkitdilər, o biri isə sağdakı 2-ci tribunanın ortasında dalğalandırıldı. Camaat onları sürəkli alqışlarla qarşıladı. Bir azdan “mik - ro - fon” tələbi meydanı bürüdü. “Ha-tə-mi” çağırırlar. Onsuz da, bayraqları görən kimi başa düşdüm ki, bu, M. Hatəminin dəstəsinin işidir» (9).

Əlbəttə ki, müəllif yanılır. Onun «Hatəminin dəstəsi» adlandırdığı Azərbaycan Xalq Hərəkatı Cəbhəsi meydana İslam bayrağını deyil Azərbaycanın üçrəngli bayrağını gətirmişdir. Bu barədə M. Hatəmi özünün «Acı həqiqətlər» kitabında ətraflı məlumat vermişdir (2). Ədalət xatirinə söyləyək ki, Tahirzadə bu qeydindən sonra Hatəmidən aşağıdakı sitatı da verməyi unutmamışdır: “Üç rəngli milli bayrağımızın meydana kim, kimlər tərəfindən gətirilməsi məsələsi... çox dumanlandırılmışdır. ... Bayrağı meydana 19 noyabrda günortadan sonra Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Salman Hüseynov gətirmişdi. Fəqət bayrağı meydanda dövlətin şər-xatasından qoruyan və çoxaltdıran Hatəmi olmuşdur. Komsomolçular Dövlət İqtisadiyyat İnstitutunun birinci kurs tələbəsi Elşad Ziyadovun əlindən bayrağı alıb cırmaq istəyirdilər. Komsomolçular qovur, Elşadla Salman təngənəfəs, rəngləri ağarmış şəkildə bayrağı burdan-ora, ordan-bura qaçırırdılar. Onları yanıma səsləyib bayrağı qızılbaşların əhatəsinə aldırdım. Qızılbaşların qorxusundan komsomolçular bayrağa yaxın düşə bilmədilər. Beləliklə, üç rəngli müqəddəs bayrağımız 70 ildən sonra öz doğma Bakısının qoynunda əzəmətlə dalğalanmağa, xalqı bir bozqurd olaraq milli mücadiləyə səsləməyə başladı...

Xalq Hərəkatı Cəbhəsinin Bəxtiyar Tuncayda 4.500 manat pulu vardı. Ona göstəriş verdim ki,bayraqdan 4 dənə də düzəltdirib gətirsin. Tuncay tapşırığımı ləyaqətlə yerinə yetirdi...

Türk bayrağının meydanda qaldırılması Teymur bəy Əliyevin, islam bayrağının qaldırılması isə hələ Çənlibel dövründən mənimlə siyasi yaxınlıq edən dağlı Əbdülün (Hacı Əbdül Əbdülovun -Ə. T.) xidmətidir” (4).

Üç rəngli bayrağımızın meydana gətirilməsi ilə, daha doğrusu onların sayı ilə bağlı Hatəmi də müəyyən yanlışlığa yol verib. Anama və bacıma tikdirib meydana gətirdiyim bayraqların sayı 4 yox, 14 idi. Bir də tarixi həqiqət naminə qeyd etməliyəm ki, böyük fədakarlıq göstərən Salman Hüseynov meydana bayrağın özünü yox, onun kağıza çəkilmiş şəkil-maketini gətirmişdi. Onun bu addımı bizdə milli bayraqların hazırlanaraq meydana gətirilməsi ideyasını doğurdu. Hatəmi üzünü mənə tutb dedi:

- Tuncay (o məni həmişə belə çağırardı), nə deyirsən, bəlkə, bu bayraqlardan hazırlatdırıb meydana gətirək?

-Hə, Məhəmməd müəllim, mən də bu fikirdəyəm. Təşkilatın pulu var, parça alaq, anama tikdirim. Amma əvvəlcə ölçüləri və rənglərin tündlük-açıqlıq dərəcəsini dəqiqləşdirmək lazımdır. Gəlin, Nəsibdən (Nəsib Nəsibli) soruşaq, o bilər.

Dostlarımızı bütün meydanı ələk-vələk edərək, təcili Nəsib Nəsiblini tapmağa göndərdik. 5 dəqiqə olmazdı ki, bizdən ayrılmışdı. Heç 10 dəqiqə çəkmədi ki, onu yüzminlərlə insanın içindən tapıb gətirdilər. Əslində həmişə yanımızda olduğundan çox da uzağa getmiş olmamalı idi.


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin