Nemət Pənahlını Milli Azadlq Hərəkatının liderliyinə yüksəldən izdihamlı günlərdən daha biri
Soruşula bilər, nədən bu kitabda Elçibəyə, demək olar ki, yer ayrılmayıb? Çünki tərəfdarlarının onun haqqında yazdıqları çoxsaylı kitablarda onun 1988-ci ildəki siyasi fəaliyyəti barədə, önəmli heç nə yoxdur. Tarixçiyə isə qaynaq, istinad etmək üçün tutarlı mənbə lazımdır. Mövcud qaynaqlar isə Milli Azadlıq Hərəkatının tam başından, yəni «Çənlibelin» yarandığı gündən noyabr-dekabr mitinqlərinin son gününə kimi yalnız növbə ilə bir-birini əvəz etmiş iki liderin olduğundan məlumat verir. Bunlardan birincisi Məhəmməd Hatəmi Tantəkindir ki, onu heç bir mübaliğəyə yol vermədən Milli Azadlıq Hərəkatının banisi və noyabr-dekabr mitinqlərinə qədərki dövrdə hərəkatın tək və şəriksiz lideri adlandırmaq olar. İkincisi meydan hərəkatının liderlik məqamına yüksəltdiyi Nemət Pənahlıdır. Və bu, təkcə mənim gəldiyim qənaət deyil. Bəhs edilən dövrdə Azərbaycanda baş verən hadisələr barədə müxtəlif ölkələrdə çap edilmiş kitab və məqalələrdə də məhz bu iki adam Azərbaycan Milli Azadlıq Hərəkatının gerçək liderləri kimi təqdim edilir. Rusiyalı politoloq Vil Dorofeyev (7) sıra ilə Məhəmməd Hatəmi, Nemət Pənahlı və Bəxtiyar Şahverdiyevin (bu sətirlərin müəllifinin), Elen Karrer de Ankos isə özünün “Uluslararası zəfər və ya sovet imperatorluğunun çöküşü” adlı əsərində Məhəmməd Hatəmi, Nemət Pənahlı və Siyaməkin (Nasir Rəhbəri) adını çəkib (1).
İki xarici müəllifin hər ikisi Məhəmməd Hatəmi və Nemət Pənahlını Milli Azadlıq Hərəkatının iki öndə gələn lideri kimi qeyd ediblər. Bənzər halla meydan hərəkatını Bakıda öz gözləri ilə müşahidə edən və sonralar şahidi olduğu hadisələrə xüsusi yer ayıran başqa bir xarici müəllifin - İranın Xalq Fədailəri Partiyasının rəhbərlərindən olmuş Həmzə Fəratinin 2006-cı ildə Almanitada fars dilində nəşr etdirdiyi «O illərdən və başqa illərdən» adlı əsərdə də üzləşirik (3). Əsərdə Meydan hərəkatının liderləri kimi Nemətinn və Syaməkin adları çəkilir.
Hatəminin liderlik çələngini tədricən itirməsinin həm obyektiv, həm subyektiv səbəbləri vardı. Obyektiv səbəb bu idi ki, hakimiyyət dairələri bütün güclərini səfərbər etmişdilər ki, onu mikrofondan təcrid eləsinlər, buna da nail oldular. Sonra da həbs edib bir müddət proseslərdən uzalaşdırdılar. Yalnız Xalq Cəbhəsinin yaradılması ilə bağlı hazırlıq işləri tamamlandıqdan sonra həbsdən azad etdilər.
Subyektiv səbəb isə bu idi ki, o hər kəsdən istiqlalçı olmasını tələb edir, bu tələbə uymayanların hamısını təhqir edir, vətən və millət xaini olmaqda suçlayırdı. Bu yolla da az-çox söz sahibi olan hər kəsi özünə düşmən etmişdi.
Məhəmməd bəy haqlı olaraq düşünürdü ki, yaranmış şəraitdən maksimum istofadə etmək və milləti istiqlal hədəfinə doğru yönəltmək lazımdır. Hədəfə bu dəfə çatmaq mümkün olmazsa, ən azından millət istiqlalın qazanılması üçün optimal şəraitin yaranacağı növbəti mərhələyə hazırlanmış olar.
Amma çox təəssüflər olsun ki, ətrafımızdakı ziyalıların, demək olar ki, heç biri, o cümlədən Elçibəy nəhəng sovet imperiyasının qısa bir zamanda dağıla və Azərbaycanın istiqlal əldə edə biləcəyinə qətiyyən inanmırdılar. Odur ki, bütün güclərini hakimiyyət dairələri ilə heç bir konfliktə getmədən, əksinə onunla əməkdaşlıq edərək, Qarabağ məsələsinin həllində müsbət irəliləyişə nail olmaq, millət üçün bəzi demokratik və milli hüquqlar əldə etmək istiqamətinə yönəltmişdilər. Elə bu səbəbdən də Xalq Cəbhəsi yarananda onun proqramına Azərbaycanın istiqlalı barədə heç bir maddə salmamış, hədəfin SSRİ daxilində suverenlik əldə etmək olduğunu yazmışdılar. Etibar Məmmədovun proqrama istiqlal barədə maddəsaldıta bilmək üçün sərf etdiyi cəhdlər səmərəsiz qalmışdı. Bu barədə fikirlərini Bütöv Azərbaycan Ocaqlarının Siyasi Analitik Klubunun Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “İstiqlal-25” adlı geniş tədbirdə (15/10/2016) bölüşən Etibar bəy açıq şəkildə bildirib ki, xalq cəhbəsini təsis edənlər Azərbaycanın istiqlalı ideyasına inanmırdılar (4).
Burada bir xatirəmi danışmağı lazım bilirəm. 1988-ci il mitinqlərindən biri idi. Hansı olduğunu unutmuşam. Meydanın tam arxasında, fontanın yanında topa şəklində durmuşduq. Elçibəylə Hatəmi şirin-şirin nəyisə müzakirə edirdilər. Biz gənclər də tam yanlarında öz aramızda söhbət edirdik. Bilmirəm haradan ağlıma gəldi və niyə dedim, dedim ki, uzağı 3 ildən sonra Azərbaycan azad olacaq. Bu sözümün arxasında nə bir dərin təhlil, nə də bir öcəgörümlük var idi. İzdihamın böyüklüyündən, yüzminlərlə ölçülməsindən cuşa gəlmişdim. Ağlıma gəldi və dedim. Deməyimlə Elçibəyin mənə sarı çevrilib, «sən nə danışırsan, bəy, Azərbaycanın azad olması üçün ən azı 20 il vaxt lazımdır» deməsi bir oldu. Dedi və gülümsündü.
Bəli, o dövrdə kimsənin ağlına gəlməzdi ki, SSRİ belə tezliklə çökə və respublikalar müstəqil ola bilər. Təbii ki, Elçibəy də istisna deyildi. Amma Hatəmi bütün varlığı ilə buna inanırdı və həyatını da bu hədəfə istiqamətləndirmişdi. Sanki, ələ düşmüş tarixi fürsəti əldən verməmək üçün tələsirdi. İnamının dostları tərəfindən paylaşılmaması onu çox incidir, əsəbiləşdirirdi. Elə əsəbiləşirdi ki, ən yaxın dostlarını belə təhqir etməkdən çəkinmirdi. Bu da sonda hər kəsin ondan üz döndərməsinə səbəb oldu.
Noyabr-dekabr mitinqlərində Hatəminin başçılıq etdiyi Azərbaycan Xalq Hərəkatı Cəbhəsi daha çox üç şeylə yadda qaldı:
-
Meydanı dağıdılmağa qoymadı;
-
Üçrəngli milli bayraqları meydana gətirdi;
-
Sonradan meydanda çadır şəhərciyini qurulmasının əsasını qoydu.
Sonuncu aksiya barədə Hatəmi bunları yazır: «Yəqin çoxlarının xatirindən silinməmişdir, ilk böyük çadırı meydanın dik ortasına qızılbaşlar tikdilər. F. Hüseynovun xahişi ilə onu hovuzun yuxarı başına köçürtdürdüm. O çadır bizə yox, meydanda aclıq etmiş gənclərə qismət oldu. Biz isə dağlı Əbdülün gülməli ad daşıyan və həmişə zarafatımıza səbəb olub bizi şənləndirən balaca "Dağlı və dağətəyi" çadırına yerləşəsi olduq. Meydanlarda çadır qurulması olayı Azərbaycanda və Sovetlər Birliyində haralara yayılmadı!» (2).
Yeri gəlmişkən, həmin çadırı şəxsən mən təşkilatımızın qərarı ilə kirayələyərək Zabratdan gətirmişdim.
Maraqlıdır ki, «Çənlibel»ə gəldiyi gündən dostlaşdığımız və fikirlərinə az-çox bələd olduğum Nemət Pənahlı da eynən Məhəmməd Hatəmi kimi Azərbaycanın müstəqil ola biləcəyinə inanırdı və inamı da çox güclü idi. Elə bu da onu Hatəmidən uzalaşdıqdan sonra daha çox yaxınlıq etməyə başladığı insanların, o cümlədən ziyalıların hamısından fərqləndirirdi. Hatəmi onu da təhqir edib özündən uzaqlaşdırmışdı.
Nemət Pənahlının liderlik səviyyəsinə yüksəlməsinin və tez bir zamanda Hatəmini üstələməsi nə ilə bağlı idi? Məncə, səbəblər bir neçə idi. Onlardan bir neçəsini gözdən keçirək və ən əsas obyektiv səbəbdən başlayaq. Hakimiyyət dairələri Hatəminin önündə yaratdıqları səddi Nemət bəyin qarçısında yaratmamışdılar. O da hakimiyyətlə əlaqəli şəkildə çalışan ziyalılarla birlikdə mikrofondan gen-bol istifadə edə bilirdi.
Subyektib səbəbləri isə aşağıdakı kimi sıralamaq olar:
-
Tribunada yer alan ziyalılardan fərqli olaraq heç nədən qorxmurdu və öz cəsarəti ilə xüsusi fərqlənirdi. Ən azı Məhmməd Hatəmi qədər qorxmaz, mətin, döyüşkən və cəsarətli idi.
-
Ətrafındakıların heç birində olmayan qədər bəlağətli nitq qabiliyyəti var idi. Nitqi kütləyə xoş gəlirdi. Bu cəhətdən Hatəmidən qat-qat üstün idi.
-
Həmin dövrdə Azərbaycan xalqına «şair xalq» deyirdilər, çünki hamı şeri sevir, poeziyaya dəyər verirdi. «Çənlibel»ə gəlməmişdən öncə bir çox şer dərnəyinin üzvü olan, özü də şerlər azan Nemət Pənahlı onlarla, bəlkə də yüzlərlə şeri əzbərdən bilirdi.
-
Çox enrjili idi.
Nemət Pənahlını liderlik zirvəsinə yüksəldən günlərin xronologiyasını Ə. Tahirzadənin «Meydan hərəkatı: 4 il, 4 ay» adlı çox dəyərli kitabından əldə edirik. Lakin unutmayaq ki, bu kitabdan öyrəndiklərimiz sadəcə və sadəcə aysberqin gözlə görünən hissəsidir. O, noyabrın 20-nin hadisələri barədə bunları yazıb:
«20 NOYABR 1988.
00.20. 49-35 AQS maşını odun, taxta gətirdi. (“Qarabağ!” ).
00.40. Yeni şüarlar:
“A-zər-bay-can!”,
“Azəri türklərinə eşq olsun!”,
“Sumqayıt qəhrəmanlarına azadlıq!”.
01.31. AZİ-nin tələbələri gəldilər (qabaqlarında milis maşını).
01.55. Xəliyəddindən eşitdim ki, AZİ-nin rektoru İ.İsmayılovu tələbələr döyüblər (dünən, 19.11.88); nümaişə gəldiyinə görə iki tələbənin qovulmaq haqqında əmrini verib. Ancaq sonra yuxarının göstərişi ilə instituta bərpa edib. Döyülmə prosesi buna görə baş verib. Həmin tələbələrdən biri dünən tribunaya çıxıb mitinqdə deyib ki, bizi institutdan qovub yenidən bərpa edən rektora ar olsun!
02.20. Meydanda təxminən 10 mindən çox adam var. Yatanlar tək-tükdür. Əksəriyyət tonqallar ətrafında ayaq üstə söhbət edir, gəzişir. Şüarlar, çəpiklər, alqışlar kəsilib. Bir neçə yerdə bayraqlar dalğalanır. Tələbələr ayıq-sayıq durublar ki, ermənilər araya fitnəkarlıq salmasınlar. Araya təsadüfən girən erməniləri döyüb qovlayıblar. Milislər yığışıb gediblər. Sağda qarmon və klarnetin müşayiəti ilə bir oğlan (yəqin ki, qarabağlı) çox gözəl oxuyur. Böyük bir dəstə yaranıb onların ətrafında. Başqa yerdə mağaza müdiri Akifin (N. Nərimanovprospektində “EA” stansiyası ilə üzbəüz) qardaşı sazda yaxşı havalar çalır. Ona diqqət yetirdim ki, bütün oxunan və çalınan mahnılar ya Qarabağa aiddir, ya da qəmlidir. Deməli, onlar kefə yox, ciddi işə gəldiklərini yaxşı anlayırlar.
02.35. 40-08 TZL (ZİL) maşını yemiş gətirmişdi satmağa. Şübhələndilər, satmağa qoymadılar.
02.38. Bugünkü “Kommunist” qəzetini gətirib payladılar. Ş. Əkbərzadə və İ. Rəhimlinin “Xalq sözü - haqq sözü” adlı yazısı çıxıb mitinqimizdən. (Kimdirsə dünən axşam da gətirib “Molodyoj Azerbaydjana” qəzetini paylamışdı). “Kommunist”dəki məqalə (mitinq haqqında) “Molodyoj Azerbaydjana”da Nəcəf Nəcəfovun (redaktor) gözəl yazısından sonra ikinci məqalədir. Yağış çisəməyə başladı.
03.07. Meydan döyüş düşərgəsinə bənzəyir - hər yanda tonqallar yanır. adamlar gəzişir. Bir maşına nəsə oldu. Camaat ora axışdı. Nə qədər “geri qayıdın” qışqırdıqsa, xeyri olmadı. Aradan bir az keçəndən sonra Nemət tribunaya çıxıb ucadandanışanla müraciət edib dedi ki, camaat, 4 günlük əməyimiz hədər gedə bilər. Meydandan heç yana tərpənməyin. Hamınız bir yerdə olun. İkincisi də, içərinizdə içənlər var. Çox xahiş edirəm ki, hamı səhəri ayıq qarşılasın. İçmək cinayətdir. Onun sözlərini alqışlayıb bununla da həmrəylik bildirdilər. Kişili-qadınlı hamı bu fikrə tərəfdardır. “Qadın” demişkən, gecəyə qalan təxminən 7-8 minlik nümayişçinin 500-600 nəfəri qız, qadındır.
03.20. Bir “Volqa” yağışdan islanmamaq üçün camaata polietilen örtüklər payladı.
03.50. İnşaat Mühəndisləri İnstitutunun 50-yədək tələbəsi gəldi. Alqışlarla, “A-zər-bay-can” payı ilə qarşılandılar. Əllərində şüarlar: “Fəhlələr! Tətilə!!!”, “Tələblərimiz yerinə yetirilməlidir. Öldü var, döndü yox!”, “DQMV-ə verilmiş muxtariyyət ləğv edilsin!”.
04.24. Şuşadan gələnlər oldu. Dedilər ki, Topxanada iş dayanmayıb. Dünən Qubadlı yolundan gələndə 28 maşın özləri sayıblar. Vəzirovun qəbulunda olublar. Maşınların üstünə erməni bayrağı vurublar.
06.52. Canlanma . “A-zər-bay-can” qışqırıqları başlandı. “Düşərgə” “istirahət” halından “döyüş” halına keçməyə başlayır.
07.46. Yeni şüarlardan: “Əsarətdə olan Zəngəzur sizinlədir!”.
09.27. İlk dəstə yanımızdan keçib gəldi.
11.30. “Qalx ayağa Bakı fəhləsi.”,
“Fəhlələr, tətil!”,
“İşı çıxan erməni!
Aclıq edən tələbələr:
Allahverdiyev Frımız (XTİ, IV kurs)
Əliyev Akif (AzNKİ,.II kurs)
...........................
Cəmi 7 nəfər.
20 NOYABR 1988. (Ardı)
250-300 min adam.
8.35. S. Rüstəmxanlı:
- Azərinform hadisələri təhrif edir; burada azərbaycanlılar işləməlidir. Mətbuatımız təhrif edir. Bu gün televiziyada hind filmləri göstərilib.
Nurəddin Rzayev:
- Biz hələ çox çarpışmalı olacağıq. Bu, 2-3 yığışmaqla həll edilməz. (Fitə basdılar).
F.Rəhmanzadə:
- Qulaq asmağı da bacaraq. (Fitə basdılar).
18.45. Nemət: Məktub gəlib ki, əsgərlər erməniləri müdafiə edir. Bilirik. (Qışqırıqlar).
Z.Bünyadov:
- Qarabağa gedənlərin siyahısı. (Kəsdilər).
S. Rüstəmxanlı:
- Gələn həftəyədək bizə qəti söz deyilməsə nümayişçilərin böyük hissəsi Topxanaya gedib, özümüz oranı qoruyarıq.
Nemət: Ora gedəcək 15 nəfərin heç birinə inanmıram. Onları mən seçəcəyəm:
1) Sabir Rüstəmxanlı
2) Əbülfəz Əliyev
3) İsa Qəmbərov
4) Ağamalı Sadiq
5) Ziya Bünyadov
6) Bəxtiyar Vahabzadə
7) Xəyyam Musayev (l.Şmidt zavodunun direktoru) - onu özümüz seçmişik.
8) ADU-nun tələbələrindən 1 nəfər. Dəqiqləşdirərik, sonra elan edərik» (6).
Sonuncu epizod artıq noyabrın 20-də Nemət Pənahlının situasiyaya tam nəzarət etdiyinindən, hərəkatın şəriksiz liderinə çevrildiyindən, Sabir Rüstəmxanlı, Əbülfəz Əliyev (Elçibəy), İsa Qəmbər, Ağamalı Sadiq, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə kimi tanınmış şəxsləri görevləndirə biləcək səviyyəyə yetişdiyindən xəbər verir. Və adı çəkilən adamlar da onun təkbaşına verdiyi qərara qarşı çıxmır, bunu özlərinə təhqir saymırdılar.
Bütün bunlar, necə deyərlər, aysberqin gözlə görünən hissədir. Bəs, görünməyən, meydandan müşahidə edilməyən hissəsində nələr baş vermişdi. Bunları Nemət Pənahlının «Əbədiyyət yolçusu» kitabından öyrənirik. O yazır: «O günlər mənim əleyhimə düşünülmüş çıxışlar başlayanda, hiss etdim ki, bu mənim, xeyrimədir. Bu cür çıxışlar nüfuzumu daha da artırır. Amma düşünülmüş çıxışların birindən sonra mən tribunadakı çıxışlara etiraz əlaməti olaraq, özümü izdihamın arasına verdim. İzdiham məni əllər üstünə qaldırdı. Rüstəmxanlının da gözlənilmədən özünü ardımca izdihama atması hakimiyyət dairələrinə gözlənilməz zərbə oldu. İzdiham şəxsiyyətindən asılı olaraq, bütün çıxışçıları və çıxışları rədd etdi. Yalnız bundan sonra rəhbərlik tribunadan çəkilməyimizin nə ilə nəticələnə biləcəyini anladı. Beləliklə, məni mövcud hakimiyyət üçün təhlükəyə zaman özü çevirdi.
Milli Hərəkatın lideri kimi tanınmaq ?!
Nə zamansa adımın bu şəkildə hallana biləcəyi heç ağlıma da gələ bilməzdi.
Mən Milli Hərəkatın lideri kimi Bəxtiyar Vahabzadəni görmək istəyirdim. Ondan başqa da bu kürsüdə görmək istədiyim ziyalılar vardı. Amma bu adamları bir-bir, yaxından tanıdıqca əlim hər şeydən üzülürdü (5, s. 164).
Ədalət Tahirzadə davam edir:
«18.55. Sabir:
- Tələb edirik ki, DQMV-nin xain rəhbərliyi buraxılsın. Ora muxtariyyət lazım deyil. Dünən sorğu keçirildi. Az hissəsini müəyyənləşdirmişik. 20 mindən çox adam buna razıdır. Bu iş davam etdirilsin. Bu, təkcə DQ məsələsi deyil. Ordu yolu kəsib. Haradansa uzanan əllər xalqımızı təhqir edir. Bu əllər kəsilməlidir.
18.55. Aydın Məmmədov:
- Danışmaq çox çətindir. Xalqımızın bu illər boyu ən gözəl ideallarını bura gətirmisiniz. Bura toplaşmağımız təsadüfi deyil. Hökumət evinin qarşısına yığışmağımız təsadüfi deyil. Sizə minnətdaram. Mənim uşaqlarım da sizin sıranızdadır. Mən SSRİ-nin müxtəlif regionlarında olmuş, xalqımız haqqında iftiraları eşitmişəm. Xalqımız təndirdə bişmiş xalqdır. Eşq olsun birliyinizə! Bu gün xalqın birliyi konkret işlərlə təsdiqlənməlidir. Hətta öz mətbuatımız da tələblərimizi təhriflə göstərir. Gücümüzü indiyədək göstərə bilməmişik. Biz bu gün bura yığışmaqla təkcə bu günümüzü yox, gələcəyimizin təhlükəsizliyini də qoruyuruq. Azərbaycanın sərvəti neft halında sorulur, əməyi tər halında gedir. Bu gücü konkret işlərə, DQ-da Azərbaycan hökumətinin bərqərar olmasına yönəltməliyik. Siz bu gün fəhlə, ziyalı liderinə qulaq asırsınız - bu, şəhərimizin ənənələrinə uyğundur. Adi bir təklif edirəm: xalqın iradəsini ifadə etmək üçün mərkəz yaradılsın, rəhbərliklə xalq arasında əlaqə yaratsın. Əlbəttə, bu gün ən vacib məsələ budur. 15-20 nəfər.
Topxanaya getməsinə ehtiyac yoxdur. Bu gün DQ-da partiya işi qısa vaxtda müzakirə edilməli,orada rəhbərlik kənar edilməlidir. Belə olmasa qaz da, çörək də kəsilməlidir. Bunun üçün birmərkəz seçilməlidir. Bu gün bir-birimizi dinləməsək, günahlarımızdan keçməyi bacarmasaq tarixbizi bağışlamaz!
19.05. Sürücü Abbasov:
- Qaz, işıq, hamısı kəsilsin. Qoy camaat rahat yaşasın. Rəhbər işçilərinbəzilərinə ar olsun! Neft, qaz, işıq Ermənistana verilməsin! (Alqışlar). “Kə-sil-sin!” - sürəkli.
Sumqayıtlı həkim Cəfər:
- Şəhər birləşmiş xəstəxanası şöbəsinin baş həkimiyəm. Pul qoyub hadisələri törədənlər Mirzəyan, Balayan, Kevorkyanlar olub. İndiyədək pis olmuşuq onlara qarşı, çünki onlara hər cür yaxşı şərait yaradıb yaxşı vəzifələr vermişik. Tələb: Sumqayıtda bundan sonra kimya sənayesi tikilməsin. Dünyada elə bir şəhər yoxdur ki, orada 13 kimya zavodu, 3 xlor, 2 divinil zavodu olsun. İndi divinil zavodu tikilir. O, iki alüminium zavoduna bərabərdir. Belə getsə bizim nəslin gələcəyi olmayacaq. Tələb edirik ki... Erməni kimdir ki, Qarabağda zavod tiksin?! Rəhbərlər eşidirlər: heç bir rəhbər işçinin icazəsi yoxdur ki, xalqın xəbəri olmadan zavodlar tikdirsin. Sumqayıtda hər gecə 350 kub metr zəhər havaya buraxılır. Qasım Gül balığın neftdən baha olduğunu sübut etmişdi. İndi biz balığa, kürüyə həsrətik. Xəzər ona görə yuxarı qalxır ki, onun üstünü neft tutub, o, buxarlanmır. Bəsdir bizi Mendeleyev cədvəlində olmayan maddələrlə zəhərlədilər! Niyə Sumqayıtda xalqa faydalı istehsalatlar yaradılmasın? Divinil sexi tikiləndə “Azərbaycan gəncləri” redaksiyasına, MK-ya getdim, məni qovdular, az qala xalq düşməni adlandırdılar. (M.Arazın şerini oxudu: “Nizamına baş əymədi Nizami”).
Dostları ilə paylaş: |