Növbəti çıxış Xəlil Rzanın olmalı idi. Xəlil Rza tribunaya qalxar-qalxmaz dedi:
-İndicə mənə xəbər verdilər ki, Azərbaycan fəhlələrinin lideri Nemət Pənahovu həbs ediblər. Onu həbs edən milisslərə ar olsun!..
Xəlil Rzanın bu təqdimatından sonra Neməti hər kəs Azərbaycan fəhlələrinin lideri kimi qəbul etməyə başladı, amma vaxt gələcək o, ümumxalq liderinə çevriləcəkdi.
«Çənlibel»çilər uzun çalışmalardan sonra, nəhayət ki, Bakıda, Lenin (bugünkü Azadlıq) meydanında ilk kütləvi mitinqi keçirməyə nail oldular. Məhəmməd Hatəmi həmin günləri belə xatırlayır: «Bakıda başlayacaq nümayiş, mitinq, tətillərdən danışmazdan öncə, o vaxtlar qafamda daşıdığım bəzi qənaətlərimi hörmətli oxucuya çatdırmaq istərdim.
Dağlıq Qarabağda və Ermənistanda xalqımıza rəva görülən erməni zülmünə qarşı nümayişlər, mitinqlər, tətillər vasitəsilə dirənməkdən əsas qəsdim rus sovet imperializmi olmuşdur. Sovet xalqları, o sıradan Azərbaycan türk xalqı bu imperializmdən o vaxt xilas ola bilərdi ki, onu iqtisadi yöndən əldən salıb çökdürə və dövlət düzənini pozaydın. Nümayişlər, mitinqlər, tətillər buna ən gözəl vasitə idi. Bundan başqa, haqqında danışılan tədbirlər xalqın canından totalitar rejim qorxusunu çıxardar, onu birləşdirər, milli ruhda tərbiyə edər, Kommunist Partiyası ilə qarşı-qarşıya qoyardı. İmperiya dağıldıqdan sonra ermənilərlə danışmaq çətin olmayacaqdır.
Bakıda ikinci nümayiş 16 may 1988-də olmuşdur.
Bu mitinqlərin həyata keçirilməsində Nemət Pənahlı başda olmaqla, L. Şmidt adına zavodun fəhlələrinin də rolu az olmayıb. Doğrudur, bu rol hələ aparıcı deyildi, amma onu inkar etmək də olmaz.
Meydan hərəkatı, Azərbaycanda başlamış kortəbii milli-müqavimət hərəkatının inkişaf edərək mütəşəkkilləşməyə, siyasiləşməyə doğru getməsində, Xalq hərəkatı liderlərinin yetişməsində mühüm rol oynadı.
17 noyabr-5 dekabr “Meydan hərəkatı”na rəhbərlik edən N.Pənahlının meydanı nizamlı və mütəşəkkil idarə etməsi o dövrdə bütün dünya siyasətçilərini heyrətə gətirmişdi. Həmin dövrdə “meydan hərəkatı” xalqın illər boyu məhv edilmiş inamını özünə qaytardı, xalqın milli mənafe naminə mütəşəkkillik, birlik, mübarizlik kimi mənəvi dəyərlərini aşkara çıxartdı. “Meydan hərəkatı” Azərbaycan rəhbərliyini xalqla hesablaşmağa məcbur edə bildi.
Bununla belə, “meydan hərəkatı” səhvlərsiz də ötüşə bilmədi. Belə ki, heç də mövcud siyasi imkanlardan istifadə edilmədi. Meydanı idarə edənlərin konkret siyasi gerçəkliyə əsaslanan proqramı və ya ssenarisi yox idi. Bu da təbii idi. Əvvəla heç kəsdə bənzər situasiyalarla bağlı heç bir təcrübə yox idi. Təcrübə bilavasitə meydanda əldə edilirdi. Bu üzdən də proseslərə improviztivlik hakim edilirdi. Bəzi hallarda edilən emosional, populist çıxışlar, irəli sürülən qeyri-real tələblər meydana qaragüruhçu əhval-ruhiyyə donu geyindirirdi. Meydanda toxunulan məsələlərin əsasən “Qarabağ problemi” fonunda cərəyan etməsi, Azərbaycanın real suverenliyə malik olmadan bu problemin həll olmasının qeyri-mümkünlüyünün dərk olunmaması, hərəkatı idarə etmək üçün bir kütləvi ictimai təşkilatın yaradılması üçün yaranmış əlverişli vəziyyətdən istifadə edilməməsi, hərəkata rəhbərlik edənlər arasında fikir ayrılıqlarının, şəxsi təkəbbürlərin və liderlik meyllərinin meydana çıxması hərəkatın kobud səhvlərə yol verdiyinə dəlalət edirdi. Lakin etiraf etmək lazımdır ki, başqa cür də ola bilməzdi. Məhz buna görə də, bəzən meydan öz məqsədindən yayınırdı. Meydanda əsas fikir ayrılığı yaranır, siyasi motivlər dini motivlərə çevrilirdi. Meydanda Azərbaycan bayrağı ilə birgə İran, Türkiyə dövlətlərinin bayraqları qaldırılır və Xomeyninin, Atatürkün şəkilləri görünürdü ki, bu da meydanı dağıtmaq istəyən qüvvələrə-Sovet ideoloqlarına və DTK-ya imkan verirdi ki, xalqın ümumi fikrini, milli azadlıq arzularını başqa səmtə çevrilməsinə, pantürkist, panislamist ideyaları ilə pərdələməyə imkan verirdi. Şübhəsiz ki, bu qəbildən olan hallar kiçik qrupların işi idi və fraqmentar xarakter daşıyırdı. Görünür, spontan xalq hərəkatlarında bu cür halların baş verməsi təbiidir. Çünki xalq hərəkatlarına ilk dövrlrdə müəyyən qədər kortəbiilik xas olur, həmin dövrdə vahid siyasi xətt və rəhbərliyin tam bəlli olmaması üzündən hər bir qrup və hətta hər bir kəs öz daxili intiusiyası və fantaziyası əsasında cərəyan edir. Lakin bu, uzun sürmür, zaman keçdikcə mövcud amorfluğu, oturuşmuş prinsiplər əvəz etdikcə, tədricən, yavaş-yavaş hər şey öz yerini tutur. Bu gün eçilmiş yolun qazandırdığı təcrübə işığında çıxış edərək o dövrün hadisələrini və həmin hadisələrin hərəkətvericilərini tənqid etmək çox asandır. Fəqət o dövrdə təcrübəsizlik özünü hər addımda göstərirdi. İşin ən maraqlı tərəfi isə budur ki, insanların bir çoxu ən azı sosialist inqilabları və xalq hərəkatları barədə bəzi nəzəri biliklərə sahib olsalar da, hər gələn yeni gün özü ilə yeni nüanslar və şərtlər gətirirdi ki, dünən qazanılan təcrübə bu günkü şərtlərdə optimal yolu tapmaq üçün çox vaxt yetmirdi. Təbii ki, nəzəri biliklərin də bir o qədər faydası olmurdu. Bir sözlə, hərəkatçılar bəzi hallarda kobud səhvlər edə-edə, öz səhvlərindən nəticələr çıxara-çıxara öyrənir və öyrədirdilər.
Meydan “susdurulduqdan” sonra demokratik və Milli Azadlıq hərəkatında müvəqqəti bir sükunət, nisbi bir durğunluq hökm sürməyə başladı. Əsasən, hərəkat fəallarına qarşı aparılan siyasi represiyalarla izah olunan bu sakitlik əslində keçici xarakter daşıyırdı. Artıq bir şey məlum idi ki, heç bir qüvvə respublikanı bürümüş milli-demokratik hərəkatın genişlənməsinin qarşısını ala bilməyəcək. Belə ki, əgər Qarabağ böhranının daha da, dərinləşməsi, Ermənistanda yaşayan soydaşlarımızın öz yurd –yuvalarından vəhşicəsinə qovulması və.s bu kimi problemlər bir tərəfdən xalq hərəkatının geniş vüsət almasına təkan veriridisə, digər tərəfdən isə, bu proses özlüyündə təbii tarixi təkamülün məntiqi nəticəsi kimi çıxış edirdi. Dəfələrlə tədqiqatçılar tərəfindən qeyd olunmasına baxmayaraq Xalq Hərəkatı gedişində 1988-ci ilin 17 noyabr-5 dekabr hadisələri xüsusi əhəmiyyət kəsb edir və haqlı olaraq “Meydan mərhələsi” kimi xüsusi olaraq araşdırılır.
“Meydan Hərəkatı” bizə nə verdi?
Bu suala düzgün cavab vermək üçün aşağıdakılara baxmaq kifayətdir.
- Dekabrın 5-də sovet ordu hissələri tərəfindən vəhşicəsinə dağıdılan “Meydan” istiqlala gedən olduqca əzablı, lakin şərəfli bir yolun, keyfiyyətcə yeni mərhləsinin başlanğıcı oldu.
- 70 illik Sovet totalitar sisteminin xalqın ürəyində olan dəhşətli qorxu buzunu əsaslı şəkildə sındırdı. Millətin illərlə bağlı qalan dilini açdı. Azərbaycan xalqı 70 ildə ilk dəfə olaraq totalitar sistemin anti-demokratik, anti-insani xarakterini kəskin bir dillə tənqid etməyə başladı.
- Meydan hərəkatı Sovet dövlətinin bayağı milli siyasətinin puçluğunu göstərdi. Leninin milli siyasət ideologiyasının boş sözdən savayı bir şey olmadığını xalqa anlatdı. Xalqımız ilk dəfə duyub hiss etdi ki, Lenin milli siyasəti pərdəsi arxasında SSRİ-də qatı millətçilik, milli şovinizm cücərib boy atmış və bundan bəhrələnən ermənilər bütün dövrlərdə özlərinin avantürist xülyaları, “Böyük Ermənistan” iddiaları ilə yaşayırmışlar. Bu da onu göstərir ki, erməni millətçiləri Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağı bizdən qoparmaq üçün rus şovinistləri, daha doğrusu rus şovinist kommunistləri ilə çoxdan sövdələşmələr aparmışlar.
Dostları ilə paylaş: |