ailəndə birlik var ki, xalqı birləşdirirsən? Soruşmaq istəyirəm sizdən uşaqlar, sizdə ailəvi şam yeməyi hər
axşam saat neçədə olur? Toy və yaslardan başqa qohumlar nə vaxt bir araya gəlir? Nə üçün evinizdə maaş
ciblərdə olur? Niyə ümumi bir yerə yığılmır? Evdə gizlənəsi kim ola bilər ki? Ayda neçə dəfə ailəvi gəzintiyə
çıxırsınız? Bəs əvvəllər valideynləriniz sevgili olanda gündə çıxıb gəzdikəri yerlərə indi niyə belə gec-gec
gedirlər? Nəyə görə axşam televizor və qəzetlər ailəvi söhbətlərdən daha maraqlı olur?
Görürsünüz nə qədər ailə deppressiyaları var? Heç hiss etmisiniz ki, hər il Novruz bayramı, Yeni il daha
maraqsız keçir? Hər il qar yağanda buna daha həvəssiz baxırsınız. Elə bil hər şeyin mənası itib. Hər bir şey
solub. İnsanlar bozlaşıb, tündləşib, avtomatlaşıb, robotlaşıb. Əvvəllər dənizə getmək maraqı idi, indi
bezdiricidir. Əvvəllər meşəyə getmək maraqlı idi, indi isə adi gəlir. Əvvəllər adi toyuq qızaranda da süfrədə
daha dadlı görünürdü indi isə elə bil ki, köhnə ağ qara filmin içinə düşmüşük. Bəlkə bu Allahın cəzasıdır?
Hə? Bəlkə bu Allahın cəzasıdır? Bəlkə o artıq əvvəlki kimi bizi yoxsullaşdırmaqla, xəstələndirməklə yox,
sadəcə hər şeyə qarşı həvəssiz etməklə cəzalandırıb? Bəlkə Allah süfrədəki yeməyi yox elə bir başa iştahımızı
əlimizdən alıb? Niyə biz bütün dinlərdə açıq aydın qadağan olunan fahişəliyə qarşı heç nə etmirik? Niyə dövlət
cəmiyyətin özəyini çürüdən, depressiyalara səbəb olan fahişəliyə qarşı heç nə etmir? Dövlət deyir bu cinayətdir.
Allah deyir bu günahdır.İnsanlar deyir bu pisdir. Amma heç kəs heç nə etmir. Bəlkə biz başlayaq? Allah AİDS
si də göndərdi amma bu insanlara xeyri olmadı. Biz elə zibillərik ki, ya gözümüz çıxmalıdır ya işığımız
sönməlidir ki, baxmamalı olduğumuza baxmayaq. İndi əxlaqsızlığın fahişəxanaların, eyş işrətin qarşısını almaq
üçün bunu ya oğlanlara qadağan etməliyik ya da ki, fahişələrə. İndi HOST ancaq bu yöndə gücünü
birləşdirməlidir. Biz bunun qarşısını almalıyıq gələcək üçün. Evdə qalan bədbəxt analar, yazıq bədbəxt uşaqlar,
özləri ilə bacara bilməyən bədbəxt kişilər üçün. Şeytanın yolunu kəsməliyik. Ailələrin xoşbəxtliyi üçün.
Qadınların qiymətinin, hörmətinin artması üçün. Kişilərin artıq nəfsi kənara atıb başları ilə düşünmələri üçün.
Ən nəhayət ailələrin sağlamlığı üzərində arzuladığımız sağlam cəmiyyəti qurmağımız üçün. A üçün. Onun
qoyduğu yol üçün. Onun bizi burada birləşdirdiyi üçün. Onun arzusu olduğu üçün. Polislər fahişələrdən faiz alıb
onları azad buraxırlar. Əgər dövlət məni qorumursa mən dövləti qoruyacağam. Prinsip budur. Sabahdan
Böyük Təmizləməyə başlayırıq. İştirak etmək istəyənlər qoşula bilər. Biz avtomobillərdə fahişələri tutub pul ilə
alacağıq. Sonra onları güya evimizə gətirirmiş kimi şəhərdən uzaq bir yerə sürəcəyik. Tutaq ki, Dərnəgül
yoluna. Orada gecə heç kəs olmur, ancaq zavodlardı. Orada da bizi digər bir maşında 5 nəfər öz adamımız
gözləyəcək.Yarımca saata bu gözəlçələri o ki var döyürük. Onlara mərhəmət etmək lazım deyil. Sonra xüsusi
hazırlanmış dəmir möhürlə yanaqlarına A hərfini qızdırıb basırıq. Bu onların üzündə ömrlük qalacaq rüsvayçılıq
nişanı olacaq. Daha fahişələr gecələri min oyundan çıxıb səhərlər adam arasında rahat gəzə bilməyəcəklər, hamı
onların üzündəki A-nı görüb əxlaqsızlığından xəbər tutacaq. Biz sabahdan başlayırıq.
Uşaqlardan biri soruşdu :
- Bəs nə üçün A hərfi?
- Əvvəllər latın dilində “pozğun qadın” sözü bu hərf ilə başlayırdı. Hətta orta əsrlərdə zina etmiş qadınlara A
hərfini boyunlarından asmağı məcbur edirdilər. Bununla o qadınlar camaat içində utanır və təmiz kişiləri
aldadıb onlarla evlənə bilmirdilər.
Abbas da dedi :
- Hə, Azad düz deyir. Amma bu təkcə onunla bağlı deyil. Bunu A deyib. Bəlkə də o bununla artıq hücuma
keçdiyini bildirmək istəyir. Bəlkə bu onun imzasıdır.
Adil qışqırdı:
- 100 faiz bu onun imzasıdır. Mən dünən onun köynəyində çevrənin içində A hərfinin olduğunu gördüm.
Aslan dedi :
- Çevrənin içində A? Bu ki Alfa və Omeqanın birliyi deməkdir. Bu rəmz sonsuzluq və bütövlük rəmzidir.
Deyilənə görə Hz. İsa bu rəmzlə bilinirdi..
Bir dəqiqəlik içəridə sükut yarandı. Mən ürəyimdə fikirləşdim ki, bəlkə İsa qayıdıb? Amma bu fikir ani olaraq
necə gəldisə elə də getdi. Hər halda İsa hara gəlsə də Azərbaycana gəlməz. Məni gülmək tutdu. Amma mən də
sabah axşam bu prosesdə iştirak etmək istəyirdim. Fahişələrə ölüm lazımdır. Nəinki döyülmək. Onlar
cəmiyyətin bədənindəki xərçəng şişi kimidirlər. Hər yerdən çıxa bilər və insanı məhv edə bilərdi.
O səni öldürməmiş sən onu öldür
Biz sonun əvvəliyik.
Bizim tərbiyəmiz bizə qarşı qoyuldu.
Bizim arzularımız bizə düşmən edildi.
Bizim azadlığımız bizim zəncirlərimizə çevrildi.
Bizim adımız qorxu ilə çəkilib nifrətlə unudulacaq.
Biz özümüzdən sonra heç nə qoymayacağıq.
Biz tikməyə yox, sökməyə gəldik.
Bizə bağışlanma yoxdur, deməli biz azadıq.
- Qəşəng oğlan, deyəsən bu gecə əylənmək istəyirsən? Mən necəyəm, xoşuna gəlirəm?
- Hə, pis deyilsən. 150 bəs edər?
- Hələ artıqlaması ilə, hara gedirik?
- Mənim evim var, indi boşdur. Otur maşına...
Biz çölün ortasında gözləyirdik. 10 dəqiqəyə Araz maşınla gəldi. Arxa qapını açıb fahişəni yerə tulladı. Biz
onun yanına çatdıq. Fahişəyə heç nə deməyə ehtiyac yox idi. O özü bilirdi ki, nəyə görə onu döyəcəklər. Azad
bircə cümlə dedi:
- Cındır, sənə görə neçə ailə dağılıb hə? Neçə qıza xəyanət olunub? Bax o qədər də dişin bu gün sınacaq.
Uşaqlar onu vururdular. Mən vura bilmirdim. Ürəyim gəlmirdi bəlkə. Bilirdim ki, zibildir, fahişədir. Amma
əlim gəlmirdi. Uşaqlar isə bütün acıqlarını ondan çxırdılar. O vaxta kimi başqa maşında Adil qız gətirmişdi.
Onu da maşından yıxıb vurmaq istəyəndə o qaçdı, mən onun saçından yapışıb yerə çırpdım. İlk dəfə idi fahişəyə
əlim dəyirdi. Mən indi başa düşdüm ki, bu doğrudan da insan deyil. O nəslimi söyməyə başladı. Mən də təpiyi
ağzının üstündən ilişdirdim. Onu öskürək tutdu. Nəfəsindən spirt və nikotin iyi gəlirdi. Yarı çılpaq bədəninə
zərbələr endirirdik. Uşaqlar onu da əhatə etmişdilər. Mən o biri fahişəyə yaxınlaşdım. Onun sağ yanağında
qırmızı yanıqla “A” yazılmışdı. O bizə baxırdı. Amma qara kapüşonda olduğumuzdan üzümüzü seçə bilməzdi.
Biz onlara dərs verirdik. Onlar bir də çətin bu işlə məşğul olsunlar. Amma bizim dayanmaq fikrimiz yox idi.
Böyük təmizləmə başlamışdı. Və A- nın planları həyata keçirdi. Həmin gecə biz səhərə kimi 7 fahişəni
möhürlədik. Kimsə deyə bilər ki, onlar da insandır. Nə olsun fahişədirlər, onunların da öz hissləri, öz arzuları
var. Bəlkə də içdə yaxşı insandırlar. O adamlara demək lazımdır ki, onda türmələrdəki manyakları da azadlığa
buraxın da, onlar da insandır. Arzuları, hissləri var!
Bizim üçün zaman donub.
Biz günahlarınızın cəzasıyıq.
Bizi cinayətkar adlandıracaqsınız, amma biz sadəcə özümüzü axtarırıq.
Sizi insanlar adlandırırdıq.
Amma siz sadəcə insancıqlığınızı gizlədirdiniz.
Həmin həftə bu işi bir az da peşəkarlaşdırdıq. Artıq avtomobili fahişəxanadan bir az uzaqda saxlayırıq ki, heç
kəs maşının nömrəsini görə bilməsin. Çalışırdıq ki, bir gecədə möhürləyəcəyimiz fahişələrin hamısı eyni yerdən
olsun. Əgər bir gecədə bir neçə pritona getsəydik onda xəbər tez yayılardı amma təsiri az olardı. Bu dəfə biz bir
avtomobildə 4 qız gətirirdik. Deyirdik ki, evdə ad günüdür dostlarımızın yanına aparırıq. Avtomobilin
nömrəsinin üzərinə isə xüsusi zərli məhlul tökmüşdük. Adi gözlə heç nə görünmürdü. Amma nömrələrin yanına
ultrafiolet rəngli kiçik lampalar qoymuşduq. O lampa yananda zərlər parıldayır və nömrədəki rəqəmləri seçmək
olmurdu. Bu çox effektli üsul idi. Lampa o qədər kiçik idi ki, polislər onu nömrənin qırağında görə bilmirdilər.
İşığı yandırmaq üçün düymə isə sükanın yanında yerləşirdi. Görəndə ki, polis gəlir tez o işığı söndürürdük.
Polisin heç xəbəri də olmurdu ki, bizdə belə bir şey var. Əsas odur ki, fahişələr maşının nömrəsini görməsinlər.
Bundan başqa Abbas xüsusi bir məhlul vermişdi. Bu məhlul kiçik iynələrin ucuna sürtülürdü. Kimə batsaydı
həmin adam on dəqiqəlik tərpənə bilmirdi. Fahişələrin üzünü yandıranda biz bundan istifadə edirdik. Onların
iniltisi bütün aləmi bürüyürdü. Yanmış insan ətinin iyi qədər iyrənc bəlkə heç bir şey ola biləməzdi. Amma
mənə bu ləzzət eləyirdi. 10-ca günün içində biz bəlkə 100-dən çox fahişəni eybəcər günə salıb
cəzalandırmışdıq. Onları bu sifətlə heç bir kişi götürməzdi. Bakının ən məhşur qəzetləri bu xəbəriləri yazırdı:
Bakıda gözlənilməz bir ekstremizm. Fahişə ovuna çıxan kimlərdi? Görəsən onlar hansı xarici təşkilat tərəfindən
yönləndirilirlər? Bu skinhedlərdi yoxsa radikal İslamçılar? Bu Vəhabilərdi yoxsa MTN agentləri? Kütləvi
zorlama müxalifətçilər tərəfindən edilir yoxsa dövlətin gizli planıdır?
Bizim haqqımızda isə heç nə yox idi. Çünki biz çox kiçik bir qrup idik. Heç kəs düşünə bilməzdi ki, 60 nəfər
gənc bunu edə bilər. Həftənin sonu üçün qəzetlərin birində fahişəlik statistikası göstərilirdi. Son həftə ərzində
fahişələrin sayı 40 % azalmışdı. Bu inanılmaz göstərici idi. Fahişələr tanımadıqları adamlarla getməkdən
qorxurdular. Bəzi qəzetlər və televiziyada ayrı-ayrı şəxlər bu hadisəni rəğbətlə qarşılayırdılar. Yeni həftə
başlayanda isə cəmiyyət artıq bunu tamamilə müsbət bir hadisə kimi qiymətləndirdi. Qəzetlərdə “Millətin
namusu oyandı”, “ƏXLAQSIZLARA ÖLÜM”, “Mənim arvadım fahişə imiş ki? Üzündə möhür var” kimi
müxtəlif məqalələr dərc olunurdu. Biz artıq qızları maşınlara mindirmir elə onların pritonlarındaca, öz
yataqlarındaca bircə dəfə iynəni batırıb onları keyidəndən sonra bıçağımızı çıxarıb üz gözünü cırıq-cırıq edirdik.
Səsləri də çıxmadığına görə hər şey çox sakit keçirdi. Bundan sonra biz özümüz qəsdən onların eybəcər hala
düşmüş bədənlərinin şəklini ya da videosunu çəkib mətbuat orqanlarına anonim bağlamada göndərirdik. Onlar
da ki, ölür sensassiya üçün. Bu xəbər tezliklə bütün ölkəyə yayılırdı. Şəkillər bütün qəzetlərdə çıxırdı. Videolar
saytlara yerləşdirilirdi. “A” hərfini onlar müxtəlif cürə yozurdular. Bəziləri deyirdi ki, bu İslam terrorçularıdır.
“A” isə Allahu Akbar kəliməsinin qısa rəmzidir. Onlar bu fahişələri Qurban edirlər. Bəziləri yazırdı ki, “A”
Antixrist deməkdir. Bu şeytanpərəstlərin işidir. Bəziləri bunu Masonlarla bağlayırdı. Bəziləri feminist
qadınların planı kimi qələmə verirdi. Çünki feminist qadınlar da həmişə fahişəliyə, qadının kişidən aşağı bir
varlıq kimi alınıb satıla bilməsinə qarşı idilər. Amma Azərbaycanda heç feministlərin birliyi də yox idi. Ən
maraqlısı isə o idi ki, bizim bu işimizdən on gün sonra A fahişələrə qarşı təmizləməni qadağan etdi. Çox qəribə
idi. Hər şeyin yaxşı getdiyi bir vaxtda, biz yavaş-yavaş dünyanı dəyişirdik. Amma A qəti olaraq bu işi
unutmağımızı və tamam başqa bir işə keçməyimizi tələb etdi. Mən Adildən soruşanda ki, bəs niyə belə oldu.
Adil dedi :
- Anar bircə həftə gözlə özün görəcəksən.
Sonra mənə Ayseldən gələn növbəti məktubu verdi.
MƏKTUB
Anar haralardasan? Niyə heç nə yazmırsan? Yoxsa məni belə tez unutdun? Sənsiz bacara bilmirəm. Bəlkə səni
görməsəydim indi mənə daha yaxşı olardı. Mən əvvəllər elə bilirdim ki, əsl sevgi yoxdur. Ona görə də bu haqda
heç fikirləşmirdim. Ancaq musiqidən, incəsənətdən fikirləşirdim. Amma indi sevgi bütün qəlbimi doldurub.
Səndən başqa heç kimi fikirləşə bilmirəm. Məni xilas elə. Məni bu əclafın əlindən qurtar.
MƏKTUB
Aysel, bağışla məni. Sadəcə nə yazacağımı bilmirəm. Nə yazım sənə? Yazım ki zəifəm, heç nə bacarmıram?
Yazım ki, 10 gündür səni necə xilas edə biləcəyimi düşünürəm amma heç nə ağlıma gəlmir? Yazım ki, sənin
şahzadən gücsüzün biri imiş? Nə yazım, canım? Ürəyim partlayır. Bilmirəm səni necə çıxarım ordan. Boş-boş
sevgi sözləri yazmaqla da heç nəyi dəyişə bilmərəm. Beş dəfə sənin evinin yanından fırlanıb keçmişəm. Ev hər
tərəfdən qorunur. Mən heç cürə səni oradan çıxara bilmərəm. Indi bu dəqiqə də gözlərim dolub. Hər gecə. Hər
gecə sənin onunla bir yatağa uzandığını təsəvvür edəndə yastığımı yumruqlamağa başlayıram. Hər gecə
istəyirəm ki, bir silah tapıb sizin evə hücum edim. Amma bu uşaqlıq olar. Səni bu cür xilas edə bilmərəm.
Başqa yol tapmalıyam. Məni bağışla...
Bir həftə sonra Adil hamını zala yığıb dedi:
- Yəqin hamıya maraqlı idi, niyə A bizi dayandırdı? Mənə də maraqlı idi. Bu gün mən başa düşdüm. Buyurun
qəzetlərə baxa bilərsiziniz.
Biz də qəzetləri bir-birimizə ötürməyə başladıq.
“Fahişə ovu davam edir, dünən daha 5 fahişənin üzü möhürlənib. Fahişələr bu haqda heç nə danışmaq
istəmirlər. Onlar daha çox polislərin niyə bu işə qarışmadıqlarından şikayələnirlər. Əslində yəqin ki, dövlət özü
də onlara qarşı mübarizə apardığı üçün Oğrudan oğurlamaq oğurluq deyil prinsipinə əməl edirlər. Düzdü bir
çox Avropa təşkilatları və İnsan hüquqları ilə bilavasitə bağlı olan bir çox orqanlar bu işi cinayət və
qanunsuzluq adlandırıb. Amma konkret olaraq bu işə qarşı heç bir tədbir görülmür”.
“Bu həftə ərzində daha 8 fahişə cəzalandırıldı. Xalqın yeni qəhrəmanları, qaçaqları bu dəfə də namussuzluq və
əxlaqsızlığa qarşı mübarizəni davam etdirirlər”.
Bu xəbərlər bizi bir az çətinliyə salmışdı. Mən Adilə dedim:
- Axı bu həftə biz heç nə etməmişik? Bu nə məsələdir?
Adil əlini əlinə vurub gülməyə başladı:
- Bəs A bilmir nə edir? Görürsünüz, bu işləri biz etməmişik, artıq hansısa ayrı-ayrı gənclər də bu işə qoşulublar.
Mən deyirdim ki, bizim kimi düşünənlər çoxdu, sadəcə onları bir araya toplamaq lazımdır. Bu işin bizlə heç bir
əlaqəsi yoxdur. Bununla həm də bizim izimiz itəcək. Biz insanlara problemdən çıxış yolunu göstərdik. Onların
gözü açıldı. Gördülər ki, bununla fahişəliyin sayı azalır. Gördülər ki, dövlət də bu işlə bağlı susur. Heç kəs buna
görə cəzalanmır. Ona görə də bizim işimizi indi başqaları davam etdirəcək. Bizimsə daha böyük işlərimiz var.
Sonra Adil universitetlərdən danışdı. Tələbələrin arasında birliyin olmaması onları qoyun sürüsünə çevirirdi.
Universitetlərdə rüşvət baş alıb gedirdi. Amma bunu dayandırmağın yolu vardı. Biz bölünüb müxtəlif
universitetlərdə gənclərlə görüşüb onları mübarizəyə səsləyirdik. Onlar da təhsillərindən və artıq qocalmış
müəllimlərdən narazı idilər. Yeni nəsil , savadsız nəsil yetişirdi. Bəzi müəllimlər ümumiyyətlə keçdiyi dərsləri
bilmirdi. A deyirdi ki, əsl müəllim bilmədiyimizi öyrətməməli. Əsl müəllim hər kəsin içində olan gizli
istedadı üzə çıxarmağı bacarmalıdır.
Amma buradakı müəllimlər sadəcə öz mühazirələrini oxuyub dərs saatlarını yola verməklə məşqul idi. YOLA
VERMƏKlə. Bizim cəmiyyət belədir. Hamı bir-birini yola verir. Müəllim şagirdi, şagird müəllimi, uşaq
valideyni, valideyn iş yoldaşlarını, onlar müdirlərini, müdirlər yol polislərini, yol polisləri nazirləri, nazirlər
Prezidenti, Prezident dövləti, dövlət Avropanı, Avropa Amerikanı, Amerika Roma Papasını. O da sadə camaatı
yola verirdi. Hərdən bir müəllimin sinifə girib bütün uşaqları təhqir etməsi elə gülünc olurdu ki, adam bilmirdi
uşaqlara yazığı gəlsin yoxsa desin ki, elə bu cür qoyun uşaqlara belə də lazımdır. Bu lap qoyun sürüsü ilə
canavarı xatırladırdı. Bir canavar bir qoyundan güclüdür. Bir canavar 10 qoyundan da güclüdür. Amma bir
canavar 100 qoyundan güclü ola bilməz. Onlar canavarı ayaqlarının altına salıb sürüyərlər. Hərəsi canavara bir
təpik vursa canavar cırıq-cırıq olar. Amma bu heç vaxt olmur. Çünki qoyunlarda birlik hissi yoxdur. Hərə ancaq
öz canının sağlığını güdür. Ona görə də canavar bir sürünü parçalayıb gedir. Burada da bir müəllim bir sürü
tələbəni parçalayırdı. Amma biz onlara maraqlı bir təklif vermişdik. Tutaq ki, bir müəllim tələbələrdən rüşvət
alır, dərs keçmir, təhqir edir, haqsızlıq edir. Elə müəllimdən rektora şikayət etmək lazımdır. Amma bunu etmək
üçün cəsarət gərəkdi, çünki həmin müəllim rektorun yaxın dostu da ola bilər. Şikayət edən tələbə isə min cür
bəhanə ilə qovula bilər. Yəni hər bir tələbənin haqqını tələb etməməsinin səbəbi qorxmasıdır. Çünki müəllimlər
onları həmişə imtahanlarda kəsə bilərlər. Ona görə də heç kəs buna cürət etmir. Amma biz bir universitetdə olan
problemlərin həllində başqa bir universitetin tələbələrindən istifadə edirdik. Tutaq ki, Bakı Dövlət
Universitetinin tələbələri İqtisad universitetindəki rüşvətxor müəllimlərin qarşısına çıxıb onlara təzyiq
göstərirdilər. Belə olanda İqtisad universitetindən onları heç kəs qova bilməzdi, çünki onlar orada heç
oxumurdular. Onları heç kəs orada tanımırdı. Eləcə də başqa universitetlərdə ya məktəb uşaqları ya da
universiteti bitirmiş məzunlar mübarizə aparırdılar. Xüsusi qruplarla rüşvət alan müəllimlərin rüşvət almasını
gizli videoya yazırdıq, onların təhqirlərinə qarşı döyüb qaçırdıq, ya hədə-qorxu gəlirdik. Bizim üstünlüyümüz
onda idi ki, biz tələbə deyildik. Həmin universitetdə tələbə deyildik. Ya da ki həmin məktəbdə. Ona görə də
bizə heç kəs heç nə edə bilməzdi. İstədiyimiz vərəqələri siniflərdə paylayıb istənilən axmaq müəllimin dərsini
pozurduq. Getdikcə bu uşaqlarda da daxili bir ayılmaya gətirib çıxarmışdı. Onların gözlərinin qabağında it kimi
qorxduqları rüşvətxor, qiymət kəsən, xəbərçi bir müəllimin mühazirəsi zamanı sinif qapısını iki qara geyimli
oğlan açıb həmin kişinin başına bir verdə qırmızı rəng töküb qaçandan sonra aləm dəyirdi bir-birinə. Ya başqa
bir müəllimin otağına göndərilən anonim hədiyyə bağlamasının içindən iylənmiş balıq başları, hörümçəklər
çıxırdı. Rüşvətxor müəllimlərin adı divarlarda böyük söyüşlərlə yazılırdı. Onların avtomobillərinin təkərləri
boşaldılırdı, qapıları mıxla cızılırdı. Bəzən həmin müəllimləri liftdə öz dərmanımızla keyidib anadangəlmə
soyundurub dəhlizə buraxırdıq. 70 yaşlı qoca kaftar kişilər lüt eybəcər bədənləri ilə bütün tələbələrin qarşısında
əlacsız qalırdılar. Hərdən biz uşaqlara bəzi fəndlər öyrədirdik. Məsələn istənilən sinfin döşəməsindən bir kiçik
parketi qaldırıb içinə iki yumurta qoymaq kifayətdir ki, səhəri gün həmin sinifdə dərs keçmək mümkün olmasın.
Sinfi elə iyrənc iy bürüyürdü ki, heç kəs bu iyə tab gətirə bilməzdi. İki yumurtanı 10 yumurta ilə əvəz etdikdə
isə ümümiyyətlə dözülməz bir şey olurdu. Amma ən yaxşısı bunu zəhləniz gedən müəllimin otağında edin.
Yumurtanı hər yerdə gizətmək olar. Masanın siyirtməsi, şkafın arxası, vazanın içi. Onsuz da iyin haradan
gəldiyini müəyyənləşdirmək çox çətin olur. Amma yenə də ən effektli mübarizə roqatkalar idi. Biz qurğuşundan
kiçik daşlar hazırlayırdıq. Onları roqatkadan atdıqda çox ağrıdırdı. Çox vaxt qanadırdı. Bir neçə güllə həmin
insanın bütün həftəsini ağrılarla keçirməsinə səbəb olurdu. Amma içimizdən yalnız 10 nəfərdə tapanca vardı.
Mən də bu siyahıda idim. Bu tapancaları Abbas Koreyadan sifariş etmişdi. Onların üstün cəhəti o idi ki ,
tapancalar iki hissədən ibarət idi. Birinci hissə adi əl fənəri digər hissə isə alışqan idi. Lakin bunlar xüsusi olaraq
elə düzəldilmişdilər ki, onları birləşdirəndə tapanca alınırdı. Həmin tapanca alışqanın qığılcımı fənərin içindəki
boşluqda yerləşən atıcı dəmiri hərəkətə gətirirdi. Güllələrsə lap adi xırda daşlar da ola biləri. Onlar çox bərk
ağrıdır, yaralayır, başa tuşlandıqda isə öldürə də bilərdi. Həm də səssiz idilər. Amma hələ ki, heç kəsi öldürmək
lazım deyildi. Ən müsbət cəhət o idi ki, bu Koreya tapancaları yalnız bizim üçün buraxılmışdı. Abbasın köhnə
tələbə yoldaşlarından biri orada oyuncaq zavodunun sahibiydi. Tapancanı da özü kəşf etmişdi. Polislər tutsaydı
heç vaxt buna görə cəzalana bilməzdik. Çünki bu qurğuları birləşdirmək çətin məsələ idi. Heç kəsin ağlına gələ
bilməzdi ki, onları birləşdirmək olar. Çünki materialları da rəngləri də, firmaları da fərqli idi. Xüsusi instruksiya
isə yalnız bizdə idi. Həm də onları birləşdirmək çətin olsa da bir-birindən ayırmağa bircə saniyə bəs edirdi.
Bircə toxunuş. Və iki fərqli əşya. Bu tapancalarla şəhərin mərkəzində gəzirdik. Xoşumuza gəlməyən bütün
hadisələrə öz təzyiqimizi göstərirdik. Hansısa qeyrətli bir kişinin qızı dalı-başı açıq-saçıq gəzməyə çıxanda,
dalını burcuda-burcuda gedəndə birdən dik atılır. Sonra yanından qan axmağa başlayır. Bu çox kiçik bir yara
onun bütün xarizmasını pozur. Camaatı cəlb edən yarı açıq dalındakı yarasından yapışıb ətrafına baxır. Bunu
kim etdi? Axı şübhəli heç kəs yoxdu? Elə həmin an ikinci bir güllə çılpaq baldırından dəyir. Qız bu dəfə
aradan çıxmağa başlayır. Biz isə yolun qırağındakı kafedə gülüşürük. Çünki bu bizim xoşumuza gəlir. Azad bu
dəfə barmağı ilə yoldan keçən “mavi”ni göstərir. Biz tapancalarımızı hazır edirik. Bəzən hədəfimiz adi oğlanlar
da olur. O oğlanlar ki bütün günü şəhər mərkəzində sülənib qızlara söz atırlar. Bu xüsusi bir fəsilədir. Biz
onları “Ə” adlandırırıq. “Ə” yox, “ƏƏƏ”. Bu uşaqlar avaralar, bekarlar, qanacaqsızlardır. Onlar fahişələrdir.
Yəni ki, bütün qadınlara fahişə kimi baxanlar. Onlar üçün ana, bacı, dost anlayışı yoxdur. Onlar çox vaxt
məhəllə uşaqları olur. Çaqqallar kimi dəstə ilə gəzirlər. Tək olanda heç birinin səsi çıxmaz, bir yerdə onlar
bütün dünyadan öz axmaqlıqlarının acığını çıxmaq istəyərlər. Ona görə özlərindən varlılara söz atır, özərindən
ağıllıları təhqir edir, bütün qızların dalınca düşüb onların da nifrətini qazanırlar. Belə çaqqallara görə çox vaxt
şəhərdə gəzənlərin əsəbləri pozulur. Onlar cəmiyyətə heç bir xeyri dəyməyən avaralardı.
Əvvəlcə bizim sıralarımızdan bir nəfər onlara yaxınlaşır və söhbət təxmini belə olur.
- Salam uşaqlar, bayaq yoldan iki qız keçdi ee, siz onlara niyə söz atdınız?
Böyükləri tək gələn oğlana baxıb xox gəlməyə başlayır:
- Ala , sən kimsən ki, o qızlara atviçatsan?
Bizim uşaq səsini qaldırmadan cavab verir.
- Qardaşlar, axı o qızların geyimləri də ədəbli idi, özləri də kiminsə bacısıdır, anasıdır bəlkə. Niyə söz atırsınız
ki?
Bizim uşağın sakit olduğunu görəndə çaqqallar məzələnməyə başlayır:
- Uç burdan , uşaxx.. Bizə ağıl öyrədənə bax.
Onda bizim uşaq qırağa çəkilib deyir:
- Vurmayın məni yoxsa bacılarıma deyərəm gəlib sizi döyərlər.
Bu sözdən çaqqallar qaqqıldamağa başlayır.
- Buna bax ee , bacılarıma deyərəm. He he he.
Sonra bizim uşaq çıxıb gedir. Axşam üstü çaqqallar bir-bir evlərinə dağılışanda bizim qızlar işə başlayır. Hə
yadımdan çıxmışdı deyim ki, HOST-da indi qızların sayı artıb. Biz tez-tez idman zallarına gedib qızları HOST-
a cəlb edirdik. Karate ilə məşğul olan 15-ə yaxın qızımız var. Onlara “mələklər” deyirik. Axşam çaqqallar
evlərinə gedəndə bizim mələklər onları əhatəyə alır. Mələklərimizdə beşbarmaq, taxta, daş, şüşə, bıçaq və başqa
soyuq silahlar da olur. Həmin axşam çaqqallar eşşək kimi döyülür. Onlar üçün bundan pis heç nə ola bilməz.
Çünki qıza döyülmək ümumiyyətlə inanılmaz bir rüsvayçılıqdır. Onlar içdən sınırlar. Həm də bizim mələklər
bərkiyir. Sözsüz ki, biz onları tək qoymuruq. Biz həmişə özümüz qıraqdan baxırıq. Qızlara kömək lazım
gələndə biz hücuma keçirik. İşlərimizi görəndən sonra hamımız maşınlara doluşub qərargaha gedirik. Orada
günün hesabatı yazılır. Bir gün ərzində kimə nə yaxşılıq etdik. Hansı pislikləri aradan qaldırdıq. Ertəsi gün isə
xəbərlərdə bizim haqqımızda danışırlar. Bu bizim çoox xoşumuza gəlir.
Məktub
Aysel, bir azca da döz. Özünü öldürüb eləmə. Qaçmağa da çalışma. Deyəsən səni oradan çıxarmağın yolunu
tapmışam. Mənim məktubumu gözlə. Heç nə eləmə.
Dostları ilə paylaş: |