Nəticə: Arxiv materialları, müxtəlif illərdə toplanmış və nəşr edilmiş nümunələr, onların sistemləşdirilməsi, təsnifi və araşdırılması göstərir ki, Qarabağdan toplanmış nağıllar məzmun və ideyasına görə janrın bütün növlərini əhatə edir, zənginliyi ilə seçilir.
ƏDƏBİYYAT
1. Qarabağ: folklor da bir tarixdir. I kitab. Ağdam, Füzuli, Ağcabədi, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri (toplayıb tərtib edənlər: İlkin Rüstəmzadə, Zəfər Fərhadov). Bakı, Elm və təhsil, 2012
2. Azərbaycan nağılları. V cilddə. I cild (tərtib edən: M.Təhmasib). Bakı, Azərb. EA, 1960
3. Azərbaycan-türk nağılları (hazırlayan: Akifə Əflatun qızı Xəlilova). Bakı, Nurlan, 2009
4. Xалилов P. Образы героев Азербайджанских и арабских волшебных сказок: Дис…канд. фил. наук. Баку, 1988
5. Əsgər Ə. Azərbaycan sehrli nağıllarında qəhrəman (səviyyəsi və mənşəyi). Fil.el.nam....dis. Bakı, 1993
6. Андреев Н.П. Указатель сказочных сюжетов по системе Аарне. Лeninqrad, 1929
7. Жирмунский В.М. Сказание об Алпамыше и богатырская сказка/ Тюркские героические эпосы. Изб. Труды. Лeninqrad, Наука, 1974
8. Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi (nəzəri və təcrübi problemlər). Fil.elm.nam. dis. avtoreferatı, Bakı, 2007
9. Azərbaycan folkloru antologiyası. V kitab. Qarabağ folkloru antologiyası. (Tərtib edəni və ön sözün müəllifi İ. Abbaslı). Bakı, Səda, 2000
10. Azərbaycan nağılları. V cilddə.V cild. Təkmilləşdirilmiş II nəşri. Bakı, Çıraq, 2004
11. Azərbaycan nağılları. V cilddə. IV cild (tərtib edən: N.Seyidov). Bakı, Azərb. EA , 1963
12. Seyidov M. Azərbaycan xalqının soy-kökünü düşünərkən. Bakı,Yazıçı, 1983
13. Kitabi-Dədə Qorqud (tərtib və müqəddimə F. Zeynalov və S.Əlizadənindir). Bakı, Yazıçı, 1988
14. Azərbaycan nağılları. V cilddə, III cild (tərtib edən: Ə.Axundov). Bakı, Azərb. EA, 1962
15. Пропп В.Я.Морфология сказки. Мoskva, Наука,1969
16. Təhmasib M. Əfsanəvi quşlar// Vətən uğrunda jur., 1945, s. 93-101
17. Seyidov M. Qızıl döyüsçünün soy-etnik taleyi haqqında// Ulduz jur., 1981, №3, s.28-50
18. Azərbaycan nağılları. V cilddə. II cild (Tərtib edən: Ə.Axundov). Bakı, Azərb. EA, 1961
19. Təhmasib M. Müqəddimə/ Molla Nəsrəddin lətifələri. Bakı, Azərb. EA Nəşriyyatı, 1965, s.3-16
20. Qarabağ: folklor da bir tarixdir. II kitab. Bərdə və Ağcabədi rayonlarından toplanmış folklor örnəkləri (tərtib edən: İ.Rüstəmzadə). Bakı, Elm və təhsil, 2012
21. Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru (toplayıb tərtib edənlər: V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgər.) Bakı, Səda, 2005
22. Qarabağ: folklor da bir tarixdir. III kitab. Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri (tərtib edən: İ.Rüstəmzadə). Bakı, Elm və təhsil, 2012
23. Süleymanova L. Azərbaycan nağıllarında Naxış obrazı/ Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, XXXVIII kitab. Bakı, Elm və təhsil, 2012, s.88-97.
Qarabağ folklorunda nağıl janrının yeri
XÜLASƏ
Hər bir folklor mühiti özünəməxsus poetik əlamət və xüsusiyyətləri ilə seçilir. Bu baxımdan, Qarabağ folklor mühiti daha əhəmiyyətli yerə malikdir. Məqalədə Qarabağdan toplanılmış nağıllar tədqiqata cəlb olunur. Qarabağda nağılçılıq ənənələrinin xüsusi yeri olduğu qənaətinə gəlinir.
Açar sözlər: Qarabağ, folklor mühiti, nağıl, söyləyici, sehr, möcüzə, ənənə.
Место жанра сказки в Карабахском фольклоре
РЕЗЮМЕ
Каждая фольклорная среда отличается своеобразными поэтическими признаками и особенностями. С этой точки зрения следует подчеркнуть, что фольклорная среда Карабаха занимает особое место на фольклорной карте Азербайджана. В статье исследуются сказки, собранные в Карабахском регионе. Следует заметить, что сказочные традиции занимают особое место в Карабахском регионе.
Ключевые слова: Карабах, фольклорная среда, сказка, сказитель. волшебство, чудо, традиция.
The place of tale in Garabag folklore
SUMMARY
Each folklore sphere differs with its signs and characters. That is why Garabag folklore sphere has more important place. In the article the tales collected from Garabag are studied in the article. The traditions of tale in Garabag has a special place too.
Key words: Garabag, folklore, sphere, tale, teller, magic, miracle, tradition.
Adil CƏMİL
filologiya üzrə fəlsəfə doktoru
XALQ ŞEİRİNİN VAQİF MƏRHƏLƏSİ
Məsələnin qoyuluşu: Şifahi təfəkkürdən yazılı müstəviyə keçiddə M.P.Vaqif körpüsü.
İşin məqsədi: Vaqifin ədəbiyyat tariximizdə məxsusi mərhələ təşkil etməsinə faktiki aydınlıq gətirmək.
M.P.Vaqifin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqe onun poeziyamıza yeni forma və məzmun gətirməsi, şeirimizin vəzn və dil imkanlarını genişləndirməsi ilə ölçülməlidir. Şifahi poeziyamızın əsas vəzni olan heca vəznindən Vaqifəqədərki yazılı ədəbiyyatımızda, demək olar, çox az istifadə edilmişdi. “Vaqif öz şeiri ilə Azərbaycan poeziyasında heca vəzni üçün geniş inkişaf yolu açdı” (1,133).
Əlbəttə, bununla Vaqif əruz vəznini inkar etmədi, əksinə, həm əruz, həm də heca vəznində gözəl əsərlər yaratdı. Ancaq müqayisə göstərir ki, hər halda heca vəzni Vaqif şeirlərini vücuda gətirən əsas formadır...
Qeyd etmək lazımdır ki, heca vəzni öz şəkli xüsusiyyətlərinə görə xalq şeirindən gəlmədir. Xalqımızın ölməz folklor nümunələrini bu vəzn yaşadır. Ayrı-ayrı dövrlərdə şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında müəyyən bir sərhəd olmuşdur. Yazılı ədəbiyyatda əruz aparıcı vəzn olmuşsa da, şifahi ədəbiyyatda bu vəzifəni heca vəzni ifa etmişdir. Zaman keçdikcə xalq təfəkküründən, xalq yaradıcılığı qaynaqlarından bəhrələnən klassik şairlərimiz heca vəzninə yazılı ədəbiyyatda öz hüququnu qazanmaq imkanı yaratmışlar.
Belə şairlərdən Vaqifəqədərki ədəbiyyat tariximizdə görkəmli xidmətləri olan Qazi Bürhanəddini, Şah İsmayıl Xətaini, Qövsini, Əmanini xüsusilə göstərmək lazımdır. Eyni zamanda görkəmli el sənətkarlarından Sarı Aşıq, Qurbani, Tufarqanlı Abbasın heca vəzninin müxtəlif şəkillərində yaratdıqları dolğun və bədii cəhətdən kamil poeziya nümunələri öz dövrünün, eləcə də özündən sonrakı dövrün şeir yaradıcılığına çox böyük təsir göstərmişdir. Bu təsir təbii ki, Vaqifdə açıq-aydın hiss edilir və Vaqifin şeir dilinin bu qədər büllur, bu qədər rəvan və axıcı olması, hiss və duyğularının xalq ruhuna bu qədər yaxın şəkildə ifadə olunması həmin qaynaqlardan gəlmədir!
Vaqifin əsl ədəbi simasını, sənətkarlıq xüsusiyyətlərini dərk etmək üçün məhz onun qoşmaları bizə külli miqdarda material verir. Xüsusilə bu əsərlərdə istifadə edilən bədii ifadə vasitələri, onu əvəzsiz şairlər səviyyəsinə qaldırır.
Vaqifdə sözlər elə rəngarəng və ahəngdar surətdə işlədilir ki, onu mahir bir usta tərəfindən hazırlanan xalı nəqşlərinə bənzətmək mümkündür. Usta bir mənzərəni yaratmaq istərkən hansı rəngli ipi hansı yerə vurmaqda incəlik göstərdiyi kimi, Vaqif də sözləri elə bir təmkin və ustalıqla seçir və yerli-yerində işlətməyə çalışır. Bütün bu nəqqaş incəlikləri, sözlə rəssamlıq Vaqif gözəlliklərinin bədii portretini yaradır və əsrlərdən əsrlərə ötürərək gərəkli, təravətli sənət nümunələri kimi onlara uzun ömür qazandırır.
Vaqif lirikasının sənətkarlıq xüsusiyyətlərindən danışarkən ilk növbədə onun şeirlərindəki forma və məzmun vəhdətinə diqqət yetirmək lazımdır. Şair heç vaxt forma, qəlib əsiri olmur, formaya məzmunu qurban vermir. Onun şeirlərindəki fikir qafiyə qəlibi və daxili bölgü çərçivəsinə alınmır. Şair yeri gəldikcə forma “müqəddəsliyindən” keçib bilərəkdən daxili ölcünü (təqti ölçünü) pozur, qulaq qafiyələrindən istifadə edir. “Baxmaram” rədifli şeirinin bir bəndinə nəzər salmaqla daxili bölgünün pozulmasına diqqət yetirək:
“Harda görsən, bir sevgili kimsənə,
İstər ki, xəyalın tez ona dönə.
Mənim yarım gərək baxa bir mənə,
Qeyri üzə baxan yara baxmaram” (5,47).
Bu bəndin ilk misrasında təqti ölçü 4+4+3 (II heca) olduğu halda, ikinci misrada 6+5-dir. Üçüncü və dördüncü misranın da ölçüsü ilk misranın daxili bölgüsü ilə eynidir. Bəzən Vaqifin elə şeirinə rast gəlirik ki, orada nəinki ayrı-ayrı bəndlər, hətta bir bəndin ayrı-ayrı misraları müxtəlif ölçüdə olur.
Qeyd etmək lazım gəlir ki, “Vaqif özündən əvvəl heca vəznində yaradılan şeiri, aşıqların yaradıcılığını diqqətlə izləmiş, qoşmanı məzmun və forma cəhətcə kamilləşdirmişdir” (1, 136).
Vaqif aşıq şeiri şəklində yazdığı qoşmalara yeni nəfəs vermiş, bununla da xalqın ruhundan qopan qoşmanın qüdrətini, sehrini bir daha nümayiş etdirmişdir.
Qoşma saz havalarına uyğunlaşdırılmış şeir şəkli kimi məlumdur. Saz havaları isə müəyyən ritmə, təqtə malikdir. Deməli, qoşma da bu ritmin, bu təqtin tələblərinə hökmən cavab verməli olan şeir növüdür. El sənətkarları, aşıqlar bu daxili ölçü prinsipinə axıra qədər əməl etməyə çalışırlar. “Lakin Vaqif qoşmaları bu cəhətdən aşıq şeiri qədər müvəffəqiyyətli deyil. O, bəzən qoşmanın birinci bəndini bir, ikinci bəndini isə başqa təqtilə yazır” (2,291).
Lakin bu xüsusiyyəti Vaqifin bütün qoşmalarına aid etmək düzgün olmazdı. Çünki o, qoşmalarının bəzisində daxili qafiyələrdən məharətlə istifadə etməklə bərabər daxili ölçünü də əvvəldən axıra qədər saxlayır.
Daxili qafiyələri olan qoşma növü şifahi ədəbiyyatda “Qoşayarpaq” adı ilə məlumdur. Vaqifin “Ey camalı günəş, zülfləri dilkəş”mətləli qoşayarpağından bir bəndə nəzər salaq:
“Çeşmin aldı canı, zülfün imanı
Kirpiklərin qanı tökər nəhanı,
Ey Yusifi-Sani, məlahət kanı,
Sənə bənzər hanı dilbər ləbinuş?” (3,130)
Göründüyü kimi, şair “canı”, “qanı”, “sani”, “hanı” kimi müqəyyəd daxili qafiyələrdən istifadə etməklə yanaşı, daxili bölgünü də saxlamışdır; bəndin bütün misralarında təqti ölçü 6+5-dir...
Molla Pənah Vaqifin sənətkarlıq xüsusiyyətlərindən birini də onun dili, üslubu təşkil edir.
Qeyd edək ki, Vaqifin şeir dili aydın, rəvan və təbii xalq dilidir. Xalqın danışıq dili onun şeir dilidir. Əslində bədii dil xalq dilinin hesabına zənginləşmiş və eyni zamanda xalq dili bədii dilin müsbət təsirində olmuşdur. Ədəbi dil ümumxalq dili əsasında cilalanmış, özünün lüğət tərkibini genişləndirmiş, söz tutumunu artırmışdır. Bu xüsusda bizim dilçilərin verdiyi hökm olduqca obyektiv görünür: “Ədəbi dil ümumxalq dilinin ən yüksək mərhələsidir. Bu və ya digər xalqın dili ümumbəşər dilinin bir formasıdır. Ona görə ümumbəşər dilinin inkişaf yolları, eyni zamanda, ayrı-ayrı xalqların dilinə, həmçinin Azərbaycan dilinə də aiddir” (4,5).
Vaqifin dövründə dilin zənginləşdirilməsi üçün əsas kök Qazax-Qarabağ şivələri olmuşdur. Lakin, eyni zamanda bu dil ümumi dilə, bütün əhalinin anlayıb başa düşdüyü dilə çevrilir. Buna görə də Vaqifin şeirlərini həm ziyalı təbəqə, həm də geniş xalq kütləsi eyni həvəs və məhəbbətlə qarşılamışdır.
Vaqif danışıq dilinin bütün rəngarəngliyini, semantikasını və deyim çalarlarını üzə çıxarmaq baxımından bu gün də öz təravətini saxlamaqdadır:
“Başına döndüyüm toy adamları,
Siz də deyin: toya gələn oynasın,
Adını demərəm, eldən ayıbdır,
Filan kəsin qızı, filan oynasın” (5,86).
Şair, “...adi danışıq dilində geniş yayılmış, lakin yazılı ədəbiyyatda özünə hələ vətəndaşlıq hüququ qazanmamış sözləri, tərkibləri məharətlə işlətmiş, onların ədəbi dildəki mövqeyini möhkəmlətmiş, xalq dilinin rəngarəng ifadə vasitələrinə malik olduğunu sübut etmişdir” (1,142). Vaqifin şeirlərini oxuyanda bu cəhət olduqca qabarıq nəzərə çarpır. Əlbəttə, xalq sözünü, el ifadəsini şeirə gətirmək o qədər də çətin deyil, lakin həmin ifadəni öz yerinə salmaq böyük ustalıq tələb edir. Vaqifin qüdrəti bundadır ki, o, eldən aldığı ifadələri öz misrasına elə düzür ki, bu düzümdə heç bir söz bir-birindən seçilmir, əksinə, onların arasında güclü bir qovuşuqluq, təbii bir harmoniya görünür. Oxucu belə qənaətə gəlir ki, bu misrada filan sözdən sonra məhz filan söz olmalıydı! Bu həqiqi mənada sənətkarın bədii kəşfidir! Dediklərimizi sübuta yetirmək üçün Vaqifin şeirlərinə müraciət edək:
“Ey canım cəlladı, ömrüm yağısı,
Məgər səndə, zalım, din-iman yoxdur?
Gecə-gündüz həsrətini çəkməkdən
Üzülübdür, məndə dəxi can yoxdur” (3,116).
Bu bəndin birinci misrasına diqqət yetirək: “Ey canım cəlladı, ömrüm yağısı”. Burada misranın birinci tərəfi ilə (Ey canım cəlladı) ikinci tərəfi (ömrüm yağısı) üslubi sinonimlərdir. Əgər Vaqif “canım cəlladı” deyirsə, hökmən ondan sonra belə bir söz birləşməsi tələb olunur: “Ömrüm yağısı”. Həmin ifadəni başqası ilə əvəz etmək əsla yerinə düşməzdi. Həmin misradakı ifadələr həm də təkrar kimi səslənmir, əksinə, təkrir olub şairin bədii fikrini bir az da qüvvətləndirir...
Yaxud, “Bir xəbər” rədifli şeirinin ilk bəndinə nəzər salaq:
“Göz qaldı yollarda, can intizarda
Gəlmədi canandan təzə bir xəbər.
Mənim taqətim yox qələm tutmağa
Kim ola ki, yara yaza bir xəbər” (3,108).
Bəndin ilk misrasındakı daxili və zahiri effektlik oxucunu heyran edir. Sözlərin arasındakı möhkəm məntiqə valeh olursan...
Əvvəllərdə qeyd olunduğu kimi, Vaqif yenilikçi şairdir. Folklorun ən yaxşı, ən kamil nümunələrindən bəhrələnən şair “...dəfələrlə işlənmiş kəlmələrə yeni rövnəq verir, xalqdan eşitdiyi sözləri yerli-yerində əsərə daxil edir, oxucuları və dinləyiciləri sözlərə, kəlmələrə yeni gözlə baxdırır” (1,144). Məsələn:
“Öyünməsin kimsə gözələm deyib,
Ayrı təhər olur halı gözəlin.
Güləş üzlü, şirin sözlü, xoşqılıq,
Ləblərindən axar balı gözəlin” (3,96).
Bu bənddə işlənən “güləş” və “xoşqılıq” sözlərinə fikir verək. El arasında “gülərüz”, “gülümsər sifət” və s. belə ifadələr çox işlənir. Bunlar ədəbi dilin də lüğətinə daxil olmuş sözlərdir. Lakin “güləş” ifadəsi, bəlkə də, həmin mənanı ifadə edən bütün sözlərdən daha tutarlı, daha poetikdir. Göründüyü kimi, Vaqif, “güləş üzlü” ifadəsini işlətməklə məlum sözlərdən yeni bir söz almağa nail olmuşdur. Yaxud, “xoşqılıq” ifadəsini götürək. Bu ifadə iki sözdən “xoş” və “qılıq” sözlərindən yaranmışdır. Burada da Vaqifin yenilik hissi, söz və ifadə axtarışı özünü göstərir.
“Ayrıldıq” rədifli şeirində oxuyuruq:
“Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək,
Dönmədik başına pərvanələr tək
Eşq oduna yanışmadıq, ayrıldıq” (15,50).
Burada işlənən “yanışmadıq” ifadəsi Vaqifin dil yaradıcılığını görmək baxımından çox maraqlıdır. Şair “yanmadıq”, “alışmadıq” əvəzinə “yanışmadıq” ifadəsini işlədir və həqiqətdə də qoşa yanmaq, birlikdə yanmaq mənasını verən “yanışmadıq” ifadəsi olduqca poetik səslənir. Həm də bu ifadə məhz Vaqifin tapıntısı hesab olunmalıdır...
Belə tapıntılar Vaqif poeziyasında boldur. Bu “bolluq” isə onun sənət qüdrətini nümayiş etdirir.
Yeri gəlmişkən qeyd edək ki, Vaqif öz şeirlərində dialekt və şivə sözlərindən də geniş istifadə etmişdir. Həm də şair, bu sözləri elə məqamında işlətmişdir ki, onların izahatına heç bir ehtiyac qalmamışdır. Məsələn:
“Neyləmişəm, məndən üz döndəribsən?
Allahı sevirsən, bir gəz bəri bax!
Aç üstün, qabağın zər qəsabənin,
Zülfün təxtəsini görkəz, bəri bax!” (3,123)
Yaxud:
“Ey cananım, sən bəzənib gələndə,
Ayü gün qarşına pişvaza gedər.
Kəbəyi-kuyinə gündə min kərə,
Mələklər yığılıb namaza gedər” (3,97).
Yaxud:
“Sən gəldin, nur doldu evə-otağa,
Gəldiyin yollara canım sadağa.
Durub qurban olmaq sən tək qonağa
Nuşdur canımıza, qurban olduğum” (5,66).
Bu bəndlərdə işlənən “görkəz”, “min kərə”, “sadağa” ifadələri əslində dialekt ifadələridir. Ədəbi dildə onların işlənmə qaydası belədir: görkəz-göstər, min kərə - min dəfə, sadağa-sədəqə. Vaqif belə ifadələrdən tez-tez istifadə etməklə şeirini xalqa, sadə kütləyə daha da yaxınlaşdırır, həm də bu ifadələrin hesabına onun şeirlərinə bir şirinlik hopur!
Əgər Vaqif “Sən ha bir sonasan, cüda düşübsən” deyirsə, bu misranın gözəl səslənişinə, emosional vurğusuna şübhə qalırmı? Əlbəttə, yox! Bəs həmin misranın hərəkətverici qüvvəsi hansı kəlmə, hansı sözdür? Bizcə, buradakı “ha” köməkçi nitq hissəsi hər şeyi həll edir — şairin yaşadığı hissi incə bir vurğu ilə bizə çatdırır. Deməli, Vaqif söz sərrafıdır. O, şeirə uyuşmayan sözlərdən, bir-birinə qovuşmayan kəlmələrdən qətiyyən istifadə etməyə çalışmır, əksinə, təkcə ədəbi dildən əxz etdiyi deyil, eldən-obadan, dialekt və şivədən də öyrəndiyi ən tutarlı, ən canlı sözləri özünün şeir dilinə gətirir. Yuxarıda göstərilən “ha” da belələrindəndir. Əgər Vaqif “ha”nı, “ki” ilə əvəz etsəydi, həmin misranın poetik çəkisi yüngülləşərdi. Məsələn, belə olardı: “Sən ki bir sonasan, cüda düşübsən...”. “Ki” ədatı, göründüyü kimi, “ha”nın yerini vermir...
Yeri gəlmişkən, onu da deyək ki, bir qrup dialekt sözləri, eləcə də yeni söz və ifadələr məhz Vaqif şeirinin, Vaqif sənətinin sayəsində yazılı ədəbiyyatımızda işlənmə hüququ qazanmış, ədəbi dilimizin lüğət fonduna daxil olmuşdur. Bu cəhətinə görə də Vaqif sənətinin ədəbiyyatımıza, ümumən söz sənətimizə təsiri olduqca yüksək qiymətləndirilməlidir!
Vaqifin şeirlərində atalar sözlərinə, zərbül-məsəllərə də tez-tez rast gəlirik. Şair müəyyən bir fikri qətiləşdirmək istəyəndə, eləcə də bədii ümumiləşdirmə aparanda atalar sözünə daha çox müraciət edir. Xalqdan alınmış bu müdrik kəlamlar şeirdə qoyulan fikri, şairin mətləbini xalqa asan bir dildə, anlaşıqlı bir şəkildə çatdırmağa kömək edir:
“Bahadur deməzlər hərgiz sayana,
Görüm lənət olsun yardan doyana,
Gözəl sevən kimsə gərək dayana:
Dost yolunda çovğun olur, qar olur” (5,115).
Yaxud:
“Siyah zülfün buxaq altda qayrılır,
Ala gözlər can almağa sayrılır.
“Canandan ayrılan candan ayrılır”
Xalq içində bir misaldı, sevdiyim!” (5,52)
Göründüyü kimi, “Xalq məişətinə, adət və ənənələrə yaxşı bələd olan şair, eyni zamanda canlı fikri yığcam, obrazlı şəkildə ifadə etmək məziyyətlərini də gözəl mənimsəmişdir. O, atalar sözü və məsəlləri yerli-yerində işlətməyin yeni yollarını sınaqdan keçirmişdir” (6).
Qeyd etmək lazımdır ki, Vaqif atalar sözü və məsəllərdən iki şəkildə istifadə edir. Birisi budur ki, şair belə sözləri heç bir dəyişiklik etmədən, olduğu kimi istifadə edir (Bayaq gətirdiyimiz misalları xatırlayaq: “Dost yolunda çovğun olur, qar olur”, “Canandan ayrılan candan ayrılır”). Digəri budur ki, onları yerinə, məqamına görə dəyişdirib işlədir. “Atalar sözü və məsəllərdən, hikmətli ifadələrdən yaradıcılıqla istifadə Vaqif dilinin təsir qüvvəsini daha da artırmış, şairin bədii təfəkkür tərzinin inkişafına kömək etmişdir” (6).
Yuxarıda göstərilən “Dost yolunda çovğun olur, qar olur” kəlamı heç bir dəyişikliyə uğramayan atalar sözüdür. Vaqif həmin atalar sözündən görün, başqa şeirində necə istifadə edir: “Dost dostun yolunda düşər ziyana” (5,12). Buradan aydındır ki, Vaqif atalar sözünün məzmununu məqsədə müvafiq olaraq dəyişmişdir.
M.P.Vaqif atalar sözü, zərbül-məsəl, hikmətli sözlə yanaşı öz şeirlərində başqa frazeoloji birləşmələrdən-idiom və ibarələrdən də yeri gəldikcə istifadə edir. İstər idiomlar, istərsə də ibarələr məcazi məna daşıyır. Belə məcazlara Vaqif lirikasında tez-tez rast gəlirik. “Şamama” rədifli qoşmanın son bəndinə nəzər salaq:
“Gribandan nagah olanda aşkar,
Dağılır ağılım, huşum – hər nə var,
Xəstə Vaqif tifil kimi qan ağlar,
Neçün qılmazsan bir çarə, şamama?” (5, 72).
Əgər müstəqim mənada götürsək, nə “ağıl” “dağıla” bilər, nə də “qan ağlamaq” olar. Hər iki söz birləşməsi məcazi məna daşıyan frazeoloji birləşmədir.
Vaqif, dilimizin bədii təsvir vasitələrindən geniş şəkildə, bolluca istifadə edən şairlərimizdəndir. Onun əsərlərində özünəməxsus yeni təşbeh, istiarə, kinayə, təzad, mübaliğə, təkrir və s. bədii vasitələr o qədər gözəl işlədilmişdir ki, oxucu şairin sənətkarlığına valeh olur.
Vaqif bircə bənd şeirdə gözəlin bütün məziyyətlərini sadalamaq istəyir. Poeziya tarixində belə təşbeh silsiləsinə çox nadir halda rast gəlmək olur:
“Bir süsən muylunun, səmən boylunun,
Fəriştə xoylunun, mələk soylunun,
Bir cənnət kuylunun, tuba boylunun,
Bir şümşad qollunun qurbanıyam mən” (5.42).
Yaxud:
“Boyun sürahıdır, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri” (5,37).
Bu bəndlərdə görünən bənzətmələr nə qədər uğurludur. Şairin uğuru bundadır ki, dəfələrlə işlədilmiş təşbehləri unudaraq özünəməxsus yeni, orijinal təşbehlər tapır. Onun şeirlərində istər mükəmməl, istərsə də müfəssəl bənzətmələrə tez-tez rast gəlirik. Hər iki halda Vaqifin sənətkarlıq məharəti, bənzəyənlə bənzədilən arasındakı məntiqi uyğunluq oxucunu valeh edir.
Şair poeziyamızda çox geniş yayılan mübaliğədən də bir bədii vasitə kimi tez-tez istifadə edir. “Dolanır” rədifli şeirinin bir bəndinə nəzər salaq:
“Mən bir Fərhad, sən bir Şirin dəhansan,
Dərdin zahir, amma özün nəhansan,
Gözəllik babında şahi-cəhansan,
Eşiyində yüz min qullar dolanır” (14,108).
Bəndin son misrasına diqqət yetirək: “Eşiyində yüz min qullar dolanır”. Əlbəttə, bu, şairin şişirtməsidir, mübaliğəsidir. Təsvir etdiyi gözəlin şahanəliyini göstərmək üçün Vaqif belə bir “poetik yalandan” istifadə edir. Bu “yalan” isə oxucuda şeirin qəhrəmanı haqqında doğru təsəvvür yaratmağa yardım edir...
Başqa bir şeirində Vaqif təsvir etdiyi gözəli tamamilə ilahiləşdirir, onu adi insanlardan ayırıb göydən enmiş mələyə bənzədir. Bu mübaliğənin özü də oxucuda şirin bir emosiya yaradır:
“Gülabilən zülfün çığasın əyər,
Üzünə baxanda qan olur ciyər,
Göydən yerə enmiş mələkdir məyər,
Yoxsa insan olmaz belə surətdə” (5,18).
Bunlarla yanaşı, Vaqif, ədəbiyyatda fiqur adlanan bədii vasitələrdən də yeri gəldikcə çox məharətlə istifadə edir. “Fiqur dedikdə, dilin ifadə və qüvvətini artırmaq üçün işlədilən, intonasiyalı-sintaktik növlər nəzərdə tutulur (1,147). Belə intonasiyalı-sintaktik növlərdən biri təkrirdir. Təkrir, eyni bir söz, eyni bir intonasiyanın təkrarı ilə yaranır. Lakin təkrir istənilən sözün təkrarından yarana bilməz. Sənətkar təkrirdən istifadə etmək istəyərkən elə söz, ifadə, intonasiya seçməlidir ki, bunlar cümlədəki, misradakı fikrin daha da qüvvətlənməsinə xidmət etsin. Əks halda təkrir əvəzinə təkrara yol verilə bilər. Vaqifin təkrirləri bu cəhətdən qənaətbəxş hesab olunmalıdır. Onun şeirlərində təkririn bir neçə qrupuna rast gəlirik. Bunlardan biri adi təkrirdir. Məsələn:
“Həsrətindən Vaqif düşdü dərdə, gəl,
Heç əylənmə irəlidə, gerdə, gəl,
Bir gəlibsən, kərəm eylə, bir də gəl,
Könlüm çəkir sənə intizar, gəlin!” (5,77)
Bəndin üçüncü misrasında təkrar olunan “bir” kəlməsi adi təkrirə nümunədir. Başqa bir təkrir növü anaforadır (ön təkrirdir). Vaqif poeziyasında anaforaya aid nümunə çoxdur. Belə təkrirlər bir qayda olaraq misraların əvvəlində gəlməlidir. Məhz öndə gəldiyinə görə ədəbiyyatşünaslıqda belə təkrirlərə ön təkrir deyirlər.
Ön təkrirə misal olaraq Vaqifin aşağıdakı bəndini nəzərdən keçirək:
“Biri laçın gözlü, tərlan qəmzəli,
Biri qırğı başlı, sona cilvəli,
Biri şəkkər sözlü, şirin kəlməli,
Biri qənd ağızlı, qaymaq dodaqlı” (14,134).
Ümumi həcmi beş bənddən, yəni iyirmi misradan ibarət olan bu qoşmada “biri” kəlməsi on altı dəfə işlənmişdir. Şair bu kəlməni elə yerində işlədir ki, təkrir təkrara çevrilib oxucunu, dinləyicini yormur, əksinə, ona bədii zövq verir. Qeyd etmək lazımdır ki, təkriri çox olan şeirlərin intonasiyalı oxunuşu da vacib şərt hesab edilir. Buna görə də istər Vaqifin, istərsə də başqa şairlərimizin bu qəbildən olan şeirlərini oxuyarkən diqqətli olmaq tələb olunur. Qiraət zamanı yerinə düşməyən bir vurğu az qala bir şeiri alt-üst edir...
Vaqifdə eyni sözün qoşa təkrarından əmələ gələn təkrirlərə də tez-tez rast gəlirik. Təkririn bu növü onun yaradıcılığına şifahi xalq ədəbiyyatından, folklordan gəlmişdir desək, yanılmarıq. Çünki şifahi ədəbiyyatda, danışıq dilində gedə-gedə, baxa-baxa, qaça-qaça və s. bu kimi qoşa sözlər çox işlədilir. Vaqif də dilin bu xüsusiyyətindən məharətlə istifadə edərək öz poeziyasını zənginləşdirməyə çalışmışdır. O, bir sənətkar kimi danışıq dilində adi görünən belə kəlmələri öz misralarına elə düzmüşdür ki, həmin kəlmələr yüksək poeziya elementlərinə çevrilmişdir:
“Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır.
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadən, nə şanədəndir! (14,106)
Yaxud:
“Nazənin-nazənin edərsiz avaz,
Ruhlar təzələnir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz,
Hərdən sizin ilə gəzə, durnalar” (14,106).
Vaqifin müxtəlif şeirlərindən misal gətirdiyimiz bu bəndlərdəki qoşa sözlərin yaratdığı assosiasiya göz qabağındadır.
Yeri gəlmişkən qeyd edək ki, Vaqifin dil xüsusiyyətləri onun sənətkarlıq xüsusiyyətləri ilə üzvi şəkildə bağlıdır. Bu iki xüsusiyyətin ayrılmazlığı, bir-birilə tam vəhdət təşkil etməsi şairin bütün şeirlərində özünü çox qabarıq göstərir. “Vaqifin sənətkarlıq xüsusiyyətinin ən ümdə və ən qiymətli cəhətlərindən biri odur ki, şairin işlətdiyi istiarələr, təşbehlər, yaratdığı bədii obrazlar və s. Azərbaycan fikir tərzini əks etdirir, Azərbaycan dilinin qanun-qaydasına uyğundur” (1,148).
Vaqifin şeir dilindən danışarkən bir vacib məsələni unutmaq olmaz ki, Azərbaycan dilində yaradılan ədəbiyyatın xarici tərkiblərdən azad edilib saflaşmasında onun böyük xidməti olmuşdur. Bu xidmət Vaqifin yaratdığı anadilli şeirin xəlqi ruhu, saf və koloritli mayası ilə bağlıdır.
Dostları ilə paylaş: |