VI
ROMADA QƏBİLƏ VƏ DÖVLƏT
Romanın əsasının qoyulması haqqındakı nağıldan görünür ki, burada ilk məskəni bir tayfa halında birləşən bir sıra latın qəbiləsi salmış (nağıla görə, onların sayı yüz olmuş), az sonra onlara, guya habelə yüz qəbilədən ibarət bir sabel tayfası qoşulmuş, daha sonra müxtəlif ünsürlərdən və rəvayətə görə, yenə yüz qəbilədən, ibarət üçüncü bir tayfa qoşulmuşdur. İlk nəzərdə bütün bu nağıl göstərir ki, burada qəbilədən başqa təbii surətdə yaranmış heç bir şey yox idi, bə'zi hallarda qəbilə özü də köhnə vətənində yaşamaqda davam edən ilk qəbilənin yalnız bir qolu idi. Tayfalarda sün'i yaranma əlaməti görünür, lakin əsas e'tibarı ilə qohum ünsürlərdən və süni surətdə yaradılmış deyil, təbii surətdə, qədim nümunə üzrə əmələ gəlmiş bir tayfa əlaməti görünür, həm də ola bilər ki, üç tayfadan hər birinin özəyini əsl köhnə tayfa təşkil etsin. Aralıq vəsiləsi, fratriya on qəbilədən ibarət idi və kuriya adlanırdı; beləliklə, bunlar otuz idi.
Ümumən qəbul edilmişdir ki, Roma qəbiləsi də yunan qəbiləsi kimi bir tə'sisat idi; əgər yunan qəbiləsi, ibtidai formasını qırmızı dərili amerikalılarda gördüyümüz ictimai özəyin sonrakı inkişafından ibarətdirsə, bu tamamilə Roma qəbiləsinə də aiddir. Buna görə də biz burada daha müxtəsər bəhs edə bilərik.
Roma qəbiləsi hər halda şəhərin mövcud olduğu ən qədim dövrdə aşağıdakı quruluşda idi:
1. Qəbilə üzvlərinin bir-birinə vərəsə olmaq hüququ; əmlak qəbilə daxilində qalırdı. Yunan qəbiləsində olduğu kimi Roma qəbiləsində də artıq ata hüququ hökm sürdüyünə görə, qadın xətti ilə olan nəsil vərəsəlikdən kənar edilirdi. Roma hüququnun bizə mə'lum çox qədim yazılı abidəsi olan On iki cədvəl qanunlarına26 görə, bilavasitə varis kimi birinci növbədə uşaqlar vərəsə olurdular, onlar olmadıqda aqnatlar (kişi xətti ilə olan qohumlar), bunlar da olmadıqda qəbilə üzvləri vərəsə olurdular. Bütün hallarda əmlak qəbilə daxilində qalırdı. Biz burada sərvətin artmasından və monoqamiyadan doğan yeni hüquq normalarının tədriclə qəbilə adətinə daxil olduğunu görürük: ibtidadan bütün qəbilə üzvlərinin bərabər olan vərəsəlik hüququ praktikada əvvəlcə–və, yuxarıda göstərildiyi kimi, çox erkən–aqnatlara məxsus olur, son nəticədə isə, uşaqlara və onların kişi xətti ilə olan övladlarına keçir; özlüyündə aydındır ki, On iki cədvəldə bu hal əks qaydada verilmişdir.
2. Ümumi dəfn yeri olması, Klavdi patrisi qəbiləsi Rekill şəhərindən Romaya köçərkən, torpaq sahəsi və bundan əlavə, şəhərin özündə ümumi dəfn yeri almışdı. Hələ Avqust zamanı Tevtoburq meşəsində həlak olmuş Varın Romaya gətirilən başı «gentilius tumulus»-da (qəbilə məqbərəsi. Red.) dəfn edilmişdi–deməli, qəbilənin (Kvintili qəbiləsinin) daha xüsusi bir məqbərəsi də var («deməli, qəbilənin (Kvintili qəbiləsinin) daha xüsusi bir məqbərəsi də var idi» sözləri Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.).
3. Ümumidini bayramlar. Bu «sacra gentilitia» (müqəddəs qəbilə bayramları. Red.) mə'lumdur.
4. Qəbilə daxilində nigah əlaqəsinə girməmək təəhhüdü. Bu, görünür, Romada heç vaxt yazılı bir qanuna çevrilməmişdi, lakin bir adət olaraq qalmışdır. Adları bizə gəlib çatmış olan çoxlu Roma ər-arvadları içərisində heç bir ər və arvad üçün eyni qəbilə adı yoxdur. Vərəsəlik hüququ da bu qaydanı təsdiq edir. Qadın ərə getdikdə, öz aqnatik hüquqlarını itirir, öz qəbiləsindən çıxır; nə o özü, nə də onun uşaqları onun atasının və ya əmilərinin vərəsəsi ola bilməz, çünki əks halda ata qəbiləsinə çatan vərəsəlik payının bir hissəsi əldən çıxardı. Bunun yalnız belə bir ehtimal olduqda mə'nası var ki, qadın öz qəbiləsinin üzvünə ərə gedə bilmir.
5. Ümumi torpaq sahibliyi. Bu isə ibtidai dövrdə, tayfanın torpağı bölüşdürülməyə başlandığı vaxtdan e'tibarən həmişə mövcud olmuşdur. Latın tayfaları içərisində biz torpağın qismən tayfa sahibliyində, qismən qəbilə sahibliyində, qismən də ev təsərrüfatlarının sahibliyində olduğunu görürük, o zaman isə belə ev təsərrüfatlarının ayrı-ayrı ailələrdən ibarət olması çətin idi (1884-cü il nəşrində «çətin idi» sözləri əvəzində «məcburi deyildi» çap edilmişdir. Red.). Torpağın birinci olaraq ayrı-ayrı şəxslər arasında, təxminən adambaşına bir hektar (iki yuger) hesabı ilə bölüşdürülməsi Romula isnad verilir. Lakin biz sonralar da qəbilələrə məxsus torpaq mülklərinə təsadüf edirik, respublikanın bütün daxili tarixi üçün bir mehvər olan dövlət torpağı hələ bir yana dursun.
6. Qəbilə üzvlərinin bir-birini müdafiə etməyə və bir-birinə yardım göstərməyə borclu olması. Yazılı tarix bizə bu adətin yalnız qırıntılarını göstərir; Roma dövləti dərhal meydana elə bir əzəmətli qüvvə kimi çıxdı ki, şərdən müdafiə hüququ ona keçdi. Appi Klavdi həbsə alındıqda, onun bütün qəbilə üzvləri, hətta onun şəxsi düşmənləri də matəm saxladılar. İkinci Pun müharibəsi27 zamanı qəbilələr əsir düşmüş öz həmqəbilələrini satın almaq üçün birləşirdilər; senat bunu onlara qadağan etmişdi.
7. Qəbilə adı daşımaq hüququ. Bu hüquq imperiya vaxtlarına qədər qalmışdı; azad edilənlərə icazə verilirdi ki, öz keçmiş ağalarının qəbilə adını qəbul etsinlər, lakin onlar qəbilə üzvü hüquqları əldə edə bilməzdilər.
8. Qəbiləyə kənar adamları qəbul etmək hüququ. Bu, ailələrdən birinin (hindilərdə olduğu kimi) oğulluğa götürməsi yolu ilə olurdu, bu da qəbilə tərkibinə qəbul olunmaqla nəticələnirdi.
9. Ağsaqqal seçmək və onu vəzifədən götürmək hüququ barəsində heç bir yerdə danışılmır. Lakin Roma tarixinin ilk dövründə seçki ilə olan çardan başlayaraq, bütün vəzifələr seçkiyə və ya tə'yinata əsasən tutulduğuna görə və kuriyaların kahinləri də kuriyalar tərəfindən secildiyinə görə, biz qəbilələrin ağsaqqalları (principes) barəsində də eyni şeyi fərz edə bilərik, hərçənd qəbilədə eyni ailədən seçmək artıq bir qayda ola bilərdi.
Roma qəbiləsinin vəzifələri belə idi. Ata hüququna keçirilməsinin başa çatması istisna olmaqla, bu vəzifələr İrokez qəbiləsinin hüquq və vəzifələrinin tam eynidir; burada da «İrokez aydın görünür» (Bax: «Marks və Engelsin arxivi», IX cild, səh.134. Red.).
Təkcə («Romanmn əsası qoyulandan hələ az qala üç yüz il sonra» sözlərinə qədər bütün bu mətn Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.) bir misalla göstərək ki, hələ indi də bizim hətta ən məşhur tarixçilər arasında Roma qəbilə quruluşu məsələsində nə kimi dolaşıqlıq hökm sürməkdədir. Respublika və Avqust zamanlarının Roma xüsusi adları haqqında Mommzenin əsərində («Roma tarixinə dair tədqiqlər», Berlin, 1864, I cild) belə deyilir:
«Əlbəttə, qullar istisna edilməklə, lakin qəbilə tərəfindən qəbul edilən və onun himayəsində olan şəxslər daxil edilməklə, qəbilə adı bütün kişi qəbilə üzvlərindən əlavə, qadınlara da şamil edilir... Tayfa» («gens» sözünü Mommzen burada belə tərcümə edir) «bu ...birlikdir–həqiqi və ya fərz olunan, yaxud hətta uydurma–mənşə əsasında meydana gəlmiş, bayram, dəfn yeri və vərəsəlik barəsində yoldaşlıq telləri ilə bağlanmış birlikdir, elə bir birlikdir ki, şəxsən azad olan bütün fərdlər, deməli, qadınlar da özlərini bu birliyə mənsub hesab etməlidirlər və edə bilərlər. Yalnız ərli qadınların qəbilə adını tə'yin etmək çətin olur. Nə qədər ki, qadın yalnız öz qəbiləsinin üzvünə ərə gedə bilərdi, bu çətinlik, əlbəttə, yox idi, həm də sübut edilə bildiyinə görə, uzun müddət qadının öz qəbiləsindən kənarda ərə getməsi bu qəbilə daxilində ərə getməsindən çətin idi, çünki axı qəbilədən kənarda–«gentis enuptio»–nigah bağlamaq üçün olan bu hütuq hələ VI əsrdə şəxsə imtiyaz şəklində mükafat olaraq verilirdi... Lakin qəbilədən kənarda bu cür nigahlar olduğu yerdə qadın ən qədim dövrdə, görünür, ərinin tayfasına keçməli idi. Heç bir şübhə yoxdur ki, qədim dini nigaha görə, qadın tamamilə ərinin hüquqi və dini icmasına daxil olur, öz icmasından isə çıxır. Kim bilmir ki, ərli qadın vərəsəlik hüququnu və öz əmlakını özünün qəbilə üzvlərinə vermək barəsindəki hüququnu itirir, əvəzində ümumi vərəsəlik hüquqları olan ittifaqa, onun ərinin, uşaqlarının və ümumiyyətlə onların qəbilə üzvlərinin mənsub olduqları bir ittifaqa girir. Həm də əgər qadın öz əri tərəfindən sanki qızlığa götürülürsə və onun ailəsinə daxil olursa, onda ərinin qəbiləsinə necə yad ola bilər?» (səh. 8–11).
Beləliklə, Mommzen təsdiq edir ki, müəyyən bir qəbiləyə mənsub olan Roma qadınları ilk əvvəl yalnız öz qəbiləsi daxilində ərə gedə bilərdi, deməli, Roma qəbiləsi ekzoqam deyil, endoqam qəbilə idi. Başqa xalqların bütün praktikasına zidd olan bu baxış başlıca olaraq, müstəsna olmasa da, Livinin əsərinin çoxlu mübahisəyə səbəb olmuş yeganə bir yerinə əsaslanır (XXXIX kitab, 19-cu fəsil); orada deyildiyinə görə, şəhər tə'sis edildiyi vaxtdan götürülən 568-ci ildə, yə'ni bizim tarixdən əvvəl 186-cı ildə senat belə qərara almışdır:
«uti Feceniae Hispalae datio, deminutio gentis, enuptio, tutoris ortio item esset quasi ei vir testamento dedisset; utique ei ingenuo nubere liceret, neu quid ei qui eam duxisset, ob id fraudi ignominiaeve esset»–«Feseniya Hispalanın öz əmlakı barəsində sərəncam vermək, onu azaltmaq, qəbidədən kənarda ərə getmək və özünə qəyyum seçmək hüququ olsun, elə bil ki, ona bu hüququ öz» (ölmüş) «əri vəsiyyət üzrə vermişdir; o, azad doğulmuş adama ərə gedə bilsin və onu özünə arvad edən üçün bu, bir pis hərəkət və ya şərəfsizlik hesab olunmasın».
Beləliklə, şübhəsizdir ki, burada azad edilmiş Feseniyaya qəbilədən kənarda ərə getmək hüququ verilir. Buradan eyni dərəcədə şübhəsiz olan belə bir nəticə çıxır: ərin ixtiyarı var idi.vəsiyyət edib arvadına hüquq versin ki, özü öləndən sonra arvadı qəbilədən kənarda ərə getsin. Lakin hansı qəbilədən kənarda?
Qadın, Mommzenin güman etdiyi kimi, öz qəbiləsi daxilində ərə getməyə borclu idisə, o, ərə getdikdən sonra da həmin qəbilədə qalırdı. Lakin, əvvələn, qəbilənin endoqam olduğu haqqındakı məhz bu müddəanı sübut etmək lazım gəlir. İkincisi də, əgər qadın öz qəbiləsi daxilində nigah əlaqəsinə girməli idisə, onda təbiidir ki, kişi də belə etməli idi, çünki əks halda kişi arvad tapa bilməzdi. Lakin onda belə aşkar olur: ər vəsiyyət edib öz arvadına elə hüquq verə bilərmiş ki, onun özünün belə bir hüququ yox idi və o özü üçün bundan istifadə edə bilmirdi; bu isə hüquqi nöqteyi-nəzərdən mə'nasızlıqdır. Mommzen də bunu hiss edir və buna görə aşağıdakı fərziyyəni qurur:
«qəbilədən kənarda nigah əlaqəsinə girmək üçün hüquqi cəhətdən, görünür, nəinki hakimiyyəti olanın, habelə bütün qəbilə üzvlərinin razılığı lazım gəlirmiş» (səh. 10, qeyd).
Bu, əvvələn, çox cəsarətli bir fərziyyədir, ikincisi, gətirilmiş parçanın aydın mətninə ziddir; senat ona bu hüququ ərinin əvəzində verir, senatın qadına verdiyi, ona ərinin verə biləcəyindən nə çox, nə də azdır, lakin onun qadına verdiyi hüquq heç bir başqa məhdudluqla bağlı olmayan mütləq hüquqdur, belə ki, qadın həmin hüquqdan istifadə etsə, onun yeni əri də bundan əzab çəkməməlidir; senat hətta hazırki və gələcək konsullara və pretorlara onun da qayğısına qalmağı tapşırır ki, bunun nəticəsində qadına heç bir zərər dəyməsin. Beləliklə, Mommzenin fərziyyəsi əsla qəbul edilə bilməz.
Yaxud başqa bir hal fərz edək: qadın başqa qəbilədən olan bir kişiyə ərə gedirdi, lakin özü öz əvvəlki qəbiləsində qalırdı. Onda yuxarıda gətirilən parçaya görə ərin hüququ olmalı idi ki, arvadının öz qəbiləsindən kənarda nigah əlaqəsinə girməsinə icazə versin. Bu o deməkdir ki, ərin əsla mənsub olmadığı qəbiləyə aid olan işlərə qarışmaq hüququ var idi. Bu elə bir mə'nasızlıqdır ki, bu barədə daha danışmağına da dəyməz.
Beləliklə, ancaq bunu fərz etmək qalır ki, qadın birinci nigahda başqa qəbilədən olan kişiyə ərə getmişdir və Həmin nigah nəticəsində dərhal ərin qəbiləsinə keçmişdir,–fe'lən bu cür hallar üçün Mommzen məhz belə də güman edir. Onda bütün qarşılıqlı münasibətlər dərhal aydın olur. Ərə getmək nəticəsində öz köhnə qəbiləsindən ayrılan və ərinin yeni qəbilə ittifaqına qəbul edilən qadın orada tamamilə xüsusi bir mövqe tutur. O, həmin qəbilənin üzvü olsa da, bu qəbilə ilə onun qan qohumluğu yoxdur; onun qəbul edilməsi xarakterinin özü irəlicədən onu, məhz ərə getmək yolu ilə daxil olduğu qəbilənin içərisində nigah əlaqəsinə girmək kimi ümumi bir qadağandan azad edir; sonra, o, ümumi vərəsəlik hüququ olan qəbilə ittifaqına qəbul edilmişdir və əri öldükdə, onun, yə'ni qəbilə üzvünün əmlakına vərəsə olur. Əmlakı qəbilədə saxlamaq məqsədi ilə qadını başqa birisinə deyil, birinci ərinin qəbilə üzvünə ərə getməyə məcbur edən qaydadan daha təbii nə ola bidər? həm də istisna lazım gəlirsə, ona bu hüququ vermək üçün, həmin əmlakı ona vəsiyyət etmiş öz birinci ərindən başqa kimin kifayət qədər səlahiyyəti ola bilər? O, əmlakının bir hissəsini arvadına vəsiyyət etdiyi və eyni zamanda əmlakının bu hissəsinin nigah yolu ilə və ya nigah nəticəsində özgə qəbiləyə keçirməyə icazə verdiyi zaman bu əmlak hələ ona məxsusdur; deməli, o ancaq öz mülkiyyəti barəsində sərəncam verir. Arvadının özünə və onun öz ərinin qəbiləsinə münasibətinə gəldikdə, onu bu qəbiləyə məhz əri öz iradəsini azad bildirməklə–nigah vasitəsi ilə daxil etmişdir; buna görə də eyni ilə təbiidir ki, məhz ər arvadına ikinci nigah vasitəsi ilə bu qəbilədən çıxmaq hüququ verə bilən bir şəxsdir. Bir sözlə, biz Roma qəbiləsinin endoqamlığı haqqındakı qəribə təsəvvürü bir kənara atıb, snun əvvəllər ekzoqam olduğunu Morqanla birlikdə qəbul etdikdə, məsələ dərhal sadə və özlüyündə aydın olur.
Bir də axırıncı fərziyyə qalır ki, bunun da tərəfdarları tapılmış, özü də olsun ki, ən çox tərəfdarı tapılıışdır: göstərilən parça guya yalnız onu göstərir ki,
«azad edilmiş qulluqçu qadınlar (libertae) xüsusi icazə olmadan «egente enubere»» (qəbilədən kənarda nigah əlaqəsinə girə) bilməzlər «və ya heç elə bir başqa iş görə bilməzdilər ki, bu da «diminutio minima» (ailə hüquqlarını itirməklə. Red.) ilə əlaqədar olub «liberta»-nın qəbilə ittifaqından çıxmasi ilə nəticələnsin» (Lange, «Roma qədimlikləri», Berlin, 1856, 1, səh.195, orada bizim Lividən sitat gətirdiyimiz parça münasibəti ilə Huşkeyə istinad edidir).
Əgər bu fərziyyə doğrudursa, gətirilən parça azad doğulmuş romalı qadınların vəziyyəti barəsində daha əsla heç bir şeyi sübut etmir və belə olduqda onların qəbilə daxilində ərə getməyə borclu olması barəsində heç danışmaq da ola bilməz.
Bu «enuptio gentis» ifadəsinə təkcə bu yerdə təsadüf edilir və bütün Roma ədəbiyyatında daha heç bir yerdə təsadüf olunmur; «enubere»–kənarda nigah əlaqəsinə girmək–sözünə yalnız üç dəfə, özü də yenə Lividə təsadüf olunur, həm də bu, qəbilə ilə əlaqədar deyildir. Romalı qadınların guya yalnız qəbilə daxilində nigah əlaqəsinə girə bildikləri haqqındakı fantastik ideya meydana gəlməsi ilə yalnız bu parçaya borcludur. Lakin bu ideya əsla tənqidə dözmür. Doğrudan da, ya bu parça azad edilmiş qadınlar üçün olan xüsusi məhdudluqlara aiddir və onda azad doğulanlar (ingenuae) haqqında heç bir şeyi sübut etmir; yaxud azad doğulanlara da aiddir və onda daha çox bunu sübut edir ki, qadın, ümumi bir qayda olaraq, öz qəbiləsindən kənarda ərə gedirdi, həm də ərə getməsilə ərinin qəbiləsinə keçirdi, deməli, bu parça Mommzenin əleyhinə və Morqanın lehinədir.
Romanın əsası qoyulandan hələ az qala üç yüz il sonra qəbilə əlaqələri o qədər möhkəm idi ki, bir patrisi qəbiləsi, məhz Fabilər qəbiləsi senatın icazəsi. ilə qonşuluqdakı Veyi şəhəri üzərinə öz qüvvələri ilə hərbi yürüşə başlaya bilmişdi. Guya 306 nəfər Fabi yürüşə başlamış və pusquda duranlar tərəfindən hamısı öldürülmüşdü; sağ qalan yeganə bir oğlan nəsli davam etdirmişdir.
Yuxarıda deyildiyi kimi, on qəbilə bir fratriya təşkil edirdi və burada kuriya adlanan həmin fratriya yunan fratriyasından daha mühüm ictimai vəzifələr daşıyırdı. Hər kuriyanın öz dini mərasimləri, müqəddəsləri və kahinləri var idi; bu axırıncılar birlikdə Roma kahinlik hey'ətlərindən birini təşkil edirdi. On kuriya bir tayfa təşkil edirdi, qalan latın tayfaları kimi, bunun da ehtimal ki, əvvəllər öz seçkili ağsaqqalı–sərkərdəsi və baş kahini olurdu. Birlikdə bütün üç tayfa Roma xalqını–«populus romanus» təşkil edirdi.
Beləliklə, Roma xalqına yalnız o adam mənsub ola bilərdi ki, qəbilənin üzvü olsun, öz qəbiləsi vasitəsi ilə də kuriya və tayfanın üzvü olsun. Bu xalqın ilk idarəçiliyinin təşkili aşağıdakı kimi idi. İctimai işləri əvvəllər senat idarə edirdi, senat da, Niburun ilk dəfə doğru qeyd etdiyi kimi, üç yüz qəbilənin ağsaqqallarından ibarət idi; məhz buna görə də qəbilə ağsaqqalları olmaq sifəti ilə onlar ata, «patres», onların məcmusu isə senat (ağsaqqallar şurası, «senex»–qoca sözündəndir) adlanırdı. Bir adət olaraq ağsaqqalların həmişə hər qəbilədə eyni bir ailədən seçilməsi burada da ilk qəbilə ə'yanları yaratdı; həmin ailələr patrisi adlanır və onlar senatın tərkibinə daxil olmaqda və butün başqa vəzifələri tutmaqda müetəsna hüquq iddiasında idilər. Xalqın bir müddət sonra bu iddiaların üstün olmasına imkan verməsi və bu iddiaların qüvvədə olan bir hüquqa çevrilməsi faktı öz ifadəsini belə bir nağılda tapmışdır ki, Romul ilk senatorlara və onların nəslinə müəyyən imtiyazlara malik patrisat vermişdi. Afina «bule»-si kimi, senat da bir çox məsələlər barəsində qəti qərarlar qəbul etmək və bunlardan ən çox mühüm olanlarını, xüsusilə yeni qanunları irəlicədən müzakirə etmək hüququna malik idi. Bu qanunlar «comitia curiata» (kuriyalar yığıncağı) adlanan xalq yığıncağı tərəfindən qəti qəbul edilirdi. Xalq toplaşarkən kuriyalar üzrə, hər bir kuriyada da ehtimal ki, qəbilələr üzrə qruplaşırdı; qərarlar qəbul edilərkən otuz kuriyadan hərəsinin bir səsi olurdu. Kuriyalar yığıncağı bütün qanunları qəbul və ya rədd edirdi, bütün yüksək vəzifəli şəxsləri, o cümlədən «rex» (çar adlananı) seçirdi, müharibə e'lan edirdi (lakin sülhü senat bağlayırdı) və Roma vətəndaşı haqqında ölüm hökmü verildiyi bütün hallarda tərəflərin şikayəti üzrə ən yüksək məhkəmə pilləsi olmaq e'tibarı ilə qəti qərar çıxarırdı.–Nəhayət, senat və xalq yığıncağı ilə yanaşı olaraq reks var idi, bu da eynilə yunan basileyinə mütabiq idi və heç də Mommzenin təsvir etdiyi kimi az qala mütləq monarx deyildi (Latınca «rex» sözü kelt–irlandca «ringh» (tayfa ağsaqqalı) və qotca «reiks» sözünə mütabiqdir; bu axırıncı sözün də, əvvəllər almanca «Fürst» (ingiliscə «first», danirmarkaca «forste», yə'ni «birinci» sözünün eynidir) kimi, eyni ilə qəbilə və ya tayfa ağsaqqalı demək olduğu ondan görunür ki, artıq IV əsrdə qotlarda sonrakı zamanın kralı, özxalqının sərkərdəsi üçün xüsusi bir «thiudans» sözü olmuşdur. Ulfila tərəfindən tərcümə edilən bibliyada Artakserks və İrod heç zaman «reiki» adlanmır, yalnız «thiudans» adlanır, imperator Tiberinin dövləti «reiki» deyil, «thiudinassus» adlanır. Qot tiudansının, yaxud, bizim dürüst tərcümə etmədiyimiz şəkildə desək, kral Tiudareyksin, Teodorixin, başqa cür desak, Didrixin adında bu hər iki ad bir vəhdət halında birləşmişdir.). O da sərkərdə, baş kahin idi və bə'zi məhkəmələrdə sədrlik edirdi. Onun mülki idarəçilik sahəsində səlahiyyəti, həmçinin vətəndaşların həyatı, azadlığı və mülkiyyəti üzərində hakimiyyəti əsla yox idi, əgər bunlar, əlbəttə, sərkərdənin intizam tələb edən hakimiyyətindən və ya məhkəmə orqanı başçısının hökmü icra etmək səlahiyyətindən irəli gəlməsəydi. Reks vəzifəsi irsi deyildi; əksinə, o əvvəlcə, görünür, həmin vəzifədəki sələfinin təklifi ilə, kuriyalar yığıncağı tərəfindən seçilirdi, sonra isə ikinci yığıncaqda təntənəli surətdə vəzifəyə keçirilirdi. Onun da vəzifədən götürülə biləcəyini Məğrur Tarkvininin taleyi sübut edir.
Qəhrəmanlıq dövründə yunanlarda olduğu kimi, çar addananlar zamanı romalılarda da qəbilələrə, fratriyalara və tayfalara əsaslanan və bunlardan inkişaf etmiş olan hərbi demokratiya mövcud idi. Kuriyalar və tayfalar, doğrudur, qismən sün'i birləşmələr idi, lakin bunlar hansı cəmiyyətin içərisindən əmələ gəlmişdilərsə və hələ onları hər tərəfdən hansı cəmiyyət əhatə edirdisə, həmin cəmiyyətin əsl, təbii surətdə meydana gəlmiş formaları timsalında təşkil edilmişdi. Kortəbii surətdə inkişaf edən patrisi ə'yanları artıq möhkəm bir zəmin əldə etmiş olsalar da, rekslər öz səlahiyyətlərini yavaş-yavaş genişləndirməyə çalışsalar da, bütün bunlar quruluşun əvvəldəki əsas xarakterini dəyişdirmir, bütün məsələ isə bundadır.
Halbuki Roma şəhərinin və fəthlər sayəsində genişlənmiş Roma vilayətinin əhalisi qismən gəlmələr hesabına, qismən də tabe edilən mahalların, başlıca olaraq latın mahallarının əhalisi hesabına artırdı. Dövlətin bütün bu yeni təbəələri (biz burada müştərilər məsələsindən bəhs etmirik) köhnə qəbilələrdən, kuriyalardan və tayfalardan kənarda idilər və deməli, «populus romanus»-un, əsl Roma xalqının tərkib hissəsi deyildilər. Onlar şəxsən azad, adamlar idilər, torpaq mülkiyyətinə sahib ola bilərdilər, vergi verməli və hərbi xidmət keçməli idilər. Lakin onlar heç bir vəzifə tuta bilməzdilər və nə kuriyalıların yığıncağında, nə də fəth yolu ilə əldə edilən dövlət torpaqlarının bölüşdürülməsində iştirak edə bilməzdilər. Onlar bütün siyasi hüquqlardan məhrum plebs idilər. Onlar özlərinin sayca daim artması, hərbi tə'lim keçməsi və silahlanması sayəsində, indi kəlmə ünsürlər hesabına hər cür artımdan möhkəm qorunulmuş köhnə «populus»-a qarşı duran zəhmli bir qüvvə olmuşdular. Buna əlavə olaraq torpaq mülkiyyəti, görünür, «populus» ilə plebs arasında demək olar, bərabər bölüşdürülmüşdü, halbuki hələ güclü inkişaf etməmiş olan ticarət və sənaye sərvəti əsasən plebsin əlində idi.
Romanın bütün ən qədim əfsanəvi tarixini bürüyən sıx bir zülmət üzündən,–rasionalist-praqmatist ruhda şərh etmək cəhdləri sayəsində və əsərlərindən bir mənbə kimi istifadə etdiyimiz daha sonrakı hüquqçu alimlərin də bu cür təsviri sayəsində daha çox qatılaşmış olan zülmət üzündən,–qədim qəbilə quruluşuna son qoymuş inqilabın nə vaxtı, nə gedişi, nə də baş verdiyi şərait haqqında müəyyən heç bir şey söyləmək mümkün deyildir. Yalnız bu şübhəsizdir ki, onun səbəbi plebs ilə «populus» arasındakı mübarizə olmuşdur.
Reks Servi Tulliyə isnad verilən və yunan nümunələrinə, xüsusən Solona əsaslanan idarəçiliyin yeni təşkilinə görə yeni bir xalq yığıncağı yaradılmışdı və hərbi xidmət daşıyıb-daşımadıqlarından asılı olaraq «populus» və plebeylər fərq qoyulmadan burada iştirak edir və ya buradan kənar edilirdilər. Hərbi mükəlləfiyyət daşıyan bütün kişi əhali öz əmlakına görə altı sinfə bölünmüşdü. Beş sinifdən hər biri üçün minimum əmlak dərəcəsi belə idi: I–100000 ass, II–75000, III–50000, IV–25000, V–11000 ass, bu da Düro de La Malın fikrincə, təxminən 14000, 10500, 7000, 3600 və 1750 marka təşkil edir. Altıncı sinif, proletarlar, hərbi xidmətdən və vergilərdən azad olan aztavanalılardan ibarət idi. Yeni xalq senturiyalar yığıncağında (comitia centuriata) vətəndaşlar hərbi qayda ilə, necə deyərlər, rotalar üzrə, 100 nəfərlik senturiyalarla yerləşdirdilər, həm də hər senturiyanın bir səsi var idi.
Lakin birinci sinif 80 senturiya, ikincisi 22, üçüncüsü 20, dördüncüsü 22, beşincisi 30, altıncısı da ədəb-ərkan xatirinə, bir senturiya çıxarırdı. Bundan əlavə, ən çox varlı vətəndaşlardan toplanan süvarilər 18 senturiya təşkil edirdi; cəmi 193 senturiya olurdu; səs çoxluğu üçün 97 səs kifayət idi. Lakin süvarilərlə birinci sinfin birlikdə 98 səsi var idi, yə'ni çoxluq təşkil edirdilər; onlar həmrə'y olduqda, qalanların rə'yini heç soruşmurdular, qəti qərar qəbul edilmiş hesab olunurdu.
Əvvəlki kuriyalar yığıncağının bütün siyasi hüquqları (bə'zi nominal hüquqlardan başqa) indi bu yeni senturiyalar yığıncağına keçmişdi; beləliklə, kuriyalar və bunları təşkil edən qəbilələr, Afinada olduğu kimi, sadəcə xüsusi və dini cəmiyyətlər rolu oynamaq dərəcəsinə endirilmişdi və hələ uzun müddət belə bir rol oynamağa məhkum idi, halbuki kuriyalar yığıncağı tezliklə büsbutün meydandan çıxdı. Üç köhnə qəbilə tayfasını da dövlətdən kənar etmək üçün dörd ərazi tayfası yaradılmışdı və bunlardan hər biri şəhərin ayrıca bir məhəlləsində yaşayırdı, ona bir sıra siyasi hüquqlar verilmişdi.
Beləliklə, Romada da, çar hakimiyyəti deyilən hakimiyyət hələ ləğv edilməzdən əvvəl, şəxsi qan qohumluğu əlaqələrinə əsaslanan qədim ictimai quruluş dağıdılmış, onun yerində isə ərazi bölgüsünə və əmlak fərqlərinə əsaslanan yeni quruluş, həqiqətən dövlət quruluşu yaradılmışdı. Burada kütləvi hakimiyyət hərbi mükəlləfiyyətli vətəndaşların əlində toplanmışdı və yalnız qullara qarşı deyil, habelə hərbi xidmətdən kənar edilən və silah daşımaqdan məhrum olan proletar adlananlara qarşı yönəldilmişdi.
Əsl çar hakimiyyətini qəsb etmiş axırıncı reks, Məğrur Tarkvini qovulduqdan və reks eyni səlahiyyətə malik (İrokezlərdə olduğu kimi) iki sərkərdə (konsul) ilə əvəz edildikdən sonra daha çox inkişaf etmiş olan bu yeni quruluş çərçivəsində Roma respublikasının bütün tarixi və vəzifələrə yol tapmaq uğrunda, dövlət torpaqlarından istifadə olunmasında iştirak etmək uğrunda patrisilərlə plebeylər arasındakı bütün mübarizənin tarixi inkişaf edir, nəhayət, patrisi ə'yanları iri torpaq sahibləri və pul maqnatlarından ibarət yeni bir sinif içərisində əriyib ona qarışır; bunlar isə hərbi xidmət nəticəsində var-yoxdan çıxmış kəndlilərin bütün torpaq mülkiyyətini tədricən ələ keçirmişdilər, bu yolla əmələ gələn böyük malikanələri qulların əli ilə becərirdilər, İtaliyanı adamsız qoymuşdular və beləliklə də təkcə imperiya üçün deyil, habelə onun xələfləri–german barbarları üçün də yol açmışdılar.
Dostları ilə paylaş: |