VIII
GERMANLARDA DÖVLƏTİN YARANMASI
Tatsitin dediyinə görə, germanlar sayca çox böyük bir xalq olmuşlar. Biz ayrı-ayrı german xalqlarının sayı haqqında Sezarın əsərindən təxmini təsəvvür əldə edirik; Reynin sol sahilinə gələn uzipetlərin və tenkterlərin sayını Sezar, qadınlar və uşaqlar da daxil olmaqla, 180000 nəfər hesab edir. Deməli, hər bir ayrıca xalqa 100000 nəfərə qədər düşür (Burada qəbul edilan rəqəmi Diodorun əsərində Qalliya keltlərindən bəhs olunan bir yer təsdiq edir; «Qalliyada sayca bərabər olmayan bir çöx xalqlar yaşayır. Bunlardan ən böyüklərində əhalinin sayı təxminən 200000 nəfərə, ən kiçiklərində 50000 nəfərə çatır» (Diodorus Siculus, V, 25). Deməli, orta hesabla–125000 nəfər; ayrı-ayrı Qalliya xalqları daha yüksək dərəcədə inkişaf etdiklərinə görə, şübhəsiz, german xalqlarından sayca bir qədər çox hesab edilməlidir.), bu isə məsələn, irokezlərin tərəqqisi dövründə onların ümumi sayından xeyli çoxdur; o zaman İrokezlər 20000 nəfərə çatmadıqları halda, Böyük göllərdən tutmuş Ohayo və Potomaka qədər bütün ölkə üçün zəhimli bir qüvvə idilər. Bizə gəlib çatan mə'lumata görə, Reyn yaxınlığında məskunlaşan ən məşhur xalqların neçə yerləşdiyini xəritədə qeyd etməyə çalışsaq, hər bir belə xalq ayrılıqda orta hesabla Prussiya inzibati mahalının sahəsi qədər, yə'ni 10000 kv. kilometrə qədər, yaxud 182 kv. coğrafi mil qədər yer tutur. Lakin romalıların «Germania Magna» (Böyük Almaniya. Red.) Vislaya qədər, yuvarlaq rəqəmlə 500000 kv. kilometr əhatə edir. Ayrı-ayrı xalqların sayı orta hesabla 100000 nəfər olduqda, bütün «Germania Magna» əhalisinin ümumi sayı beş milyona çatmalı idi; barbar xalqlar qrunu üçün bu rəqəm xeyli böyükdür, bizim şərait üçün–bir kvadratkilometrə 10 nəfər, yaxud bir kvadrat coğrafi milə 550 nəfər–olduqca kiçik rəqəmdir. Lakin bu heç də o zaman yaşayan bütün germanların sayını əhatə etmir. Biz bilirik ki, Karpat boyunca lap Dunayın ağzına qədər qot tayfaları qrupundan olan german xalqları–bastarilar, pevkinlər və başqaları yaşayırdılar; bunlar o qədər çox idi ki, Plini bunları german tayfalarının beşinci əsas qrunu hesab edirdi; bizim tarixdən 180 il əvvəl Makedoniya çarı Perseyin yanında muzdla xidmət edən bu tayfalar Avqustun hakimiyyətinin hələ birinci illərində Adrianopol ətrafına qədər gedib çıxmışdılar. Əgər biz onların sayını bircə milyon hesab etsək, onda bizim tarixin əvvəlində germanların təxmini sayı ən azı altı milyon olar.
Onlar Almaniyada məskunlaşdıqdan sonra, əhali getdikcə daha böyük sür'ətlə artmalı idi; istehsalın inkişafı sahəsində təkcə yuxarıda göstərilən müvəffəqiyyətlər bunu subut edə bilərdi. Şlezviq bataqlıqlarında tapılan şeylər, burada ələ keçən Roma sikkələrinə görə fikir yeridilərsə, III əsrə aiddir. Beləliklə, bu zaman Baltik dənizi sahillərində artıq inkişaf etmiş metal və toxuculuq mə'mulatı istehsalı yayılmışdı, Roma imperiyası ilə qızğın ticarət əlaqəsi saxlanırdı və daha varlılar artıq müəyyən cah-cəlal içərisində yaşayırdı–bütün bunlar əhalinin daha sıx olması əlamətləridir. Yenə bu vaxtlara yaxın həmçinin bütün Reyn, Roma sərhəd səddi və Dunay xətti boyunca, Şimal dənizindən Qara dənizə qədər sahədə germanların ümumi hərbi hücumu başlanır–bu da öz torpaqlarını genişləndirməyə can atan əhalinin getdikcə daha çox artdığını açıqca sübut edir. Mübarizə üç yüz il davam etmişdi və bu mübarizə zamanı qot xalqlarının bütün əsas hissəsi (skandinav qotları və burqundlar istisna olmaqla); cənubşərqə hərəkət etmiş və geniş hüçum xəttinin sol qanadını təşkil etmişdir, bu xəttin mərkəzində isə yuxarı germanlar (germinonlar) Yuxarı Dunaya gəlib çatmış, sağ qanadda isə indi franklar adını alan iskevonlar Reynə tərəf getmişlər; ingevonların payına Britaniyanı fəth. etmək düşmuşdü. V əsrin axırlarında gücsüz, taqətsiz və köməksiz Roma imperiyasına germanların soxulması üçün yol açılmışdı.
Yuxarıda biz antik yunan və Roma sivilizasiyasının beşiyi başında durmuşduq. Burada biz onun məzarı önündə dayanmışıq. Aralıq dənizi hövzəsindəki bütün ölkələrdə. yüz illər boyu Roma dünya hökmranlığının hamarlayıcı. rəndəsi işləmişdir. Yunan dilinin müqavimət göstərmədiyi; yerlərdə bütün milli dillər öz yerini korlanmış latın dilinə verməli olurdu; bütün milli fərqlər aradan qalxmışdı, daha qallar, iberlər, liqurlar, noriklər yox idi–onların hamısı dönüb romalı olmuşdu. Roma idarəçiliyi və Roma hüququ hər yerdə qədim qəbilə birləşmələrini, bunlarla da birlikdə, yerli və milli özfəaliyyətin son qalıqlarını dağıtmışdı. Yeni meydana çıxmış Roma vətəndaşlığı bunun əvəzində heç bir şey təklif etmirdi; o heç bir milliyyəti ifadə etmirdi, yalnız milliyyət olmamasının ifadəsi idi. Hər yerdə yeni millətlərin ünsürləri var idi; müxtəlif əyalətlərin latın dialektləri bir-birindən getdikcə daha çox fərqlənirdi; bir zamanlar, İtaliyanı, Qalliyanı, İspaniyanı, Afrikanı müstəqil ərazilərə çevirmiş olan təbii sərhədlər hələ mövcud idi və hələ də özünü hissetdirirdi. Lakin bu ünsürləri yeni millətlər halında birləşdirə biləcək qüvvə heç bir yerdə yox idi; yaradıcılıq qüvvəsi hələ bir yana dursun, hələ heç yerdə inkişaf etmək və müqazimət göstərmək bacarığının izi də yox idi. Çox böyük ərazidə yaşayan külli miqdarda adamı birləşdirəcək yeganə əlaqə Roma dövləti idi, bu dövlət isə zaman keçdikcə həmin adamların ən qəddar düşməni və zalımı oldu. Əyalətlər Romanı məhv etdilər; Roma özü başqaları kimi əyalət şəhərinə çevrildi, o imtiyazlı idi, lakin daha hökmranlıq etmirdi, daha dünya imperiyasının mərkəzi və hətta imperatorlar üçün, həmçinin onların çanişinləri üçün iqamətgah deyildi; indi onlar Konstantinopolda,Trirdə, Milanda yaşayırdılar. Roma dövləti yalnız öz təbəələrinin qanını sormaq üçün nəhəng bir mürəkkəb maşına çevrilmişdi. Vergilər, dövlət mükəlləfiyyətləri və müxtəlif töycülər əhali kütləsini getdikcə daha dərin bir səfalətə düçar edirdi; canişinlərin, vergi toplayanların, əsgərlərin soyğunçuluq hərəkətləri bu zülmü gücləndirir və dözülməz edirdi. Dünya hökmranlığına çatmış Roma dövlətinin aqibəti məhz belə oldu: o öz yaşamaq hüququnu daxildə qayda-qanunu qorumaq və xaricdə barbarlardan müdafiə olunmaq üzərində qururdu; lakin onun qoyduğu qayda ən qəddar bir qaydasızlıqdan da pis idi, onun barbarlardan qorumaq istədiyi vətəndaşlar isə həmin barbarları bir xilaskar kimi gözləyirdilər.
Cəmiyyətnn vəziyyəti də bu cür dözülməz idi. Respublikanın son zamanlarından e'tibarən Roma hokmranlığı artıq işğal olunmuş əyalətlərin amansız istismarına əsaslanırdı; imperiya bu istismarı nəinki aradan qaldırmamışdı, əksinə, onu bir sistam halına salmışdı. İmperiya nə qədər tənəzzül edirdisə, vergilər və mükəlləfiyyətlər bir o qədər artırdı, mə'murlər bır o qədər daha həyasızlıqla talançılıq və soyğunçuluq edirdilər. Ticarət və sənaye heç zaman xalqları itaət altına alan romalıların işi olmamışdır; yalnız sələmçilikdə onlar özlərindən əvvəl və sonra olanların hamısını ötüb keçmişdilər. Ticarət sahəsində əvvəllər nə vardısa və nə saxlanmışdısa, mə'murların soyğunçuluğu üzündən məhv oldu; ticarətdən salamat qalan nə vardısa, imperiyanın şərq hissəsində, yunan hissəsində idi, bu da bizim tədqiqat sahəmizdən kənara çıxır. Hamı səfalət içində idi, ticarət, sənət və incəsənət tənəzzül etmişdi, əhali azalmışdı, şəhərlər viran qalmışdı, əkinçilik daha aşağı səviyyəyə qayıtmışdı–Romanın dünya hökmranlığının son nəticəsi belə idi.
Bütün qədim dünyada istehsalın həlledici sahəsi ölan əkinçilik indi yenidən həmişəkindən daha çox dərəcədə belə bir əhəmiyyət kəsb etmişdi. İtaliyada respublikanın süqutundan sonra demək olar bütün ərazini əhatə edən nəhəng malikanə komplekslərindən (latifundiyalardan) iki cür istifadə olunurdu: ya bir otlaq kimi–burada əhalinin yerini qoyunlar və öküzlər tutmuşdu, bunlara baxmaq üçün isə yalnız az miqdar qul lazım gəlirdi; ya da villalar şəklində–burada qullar kütləsinin əli ilə böyük miqyasda bağçılıq yaradılmışdı–bu da qismən cah-cəlal içərisində yaşayan sahibin tələbatını ödəmək üçün, qismən də şəhər bazarlarında satmaq üçün idi. Boyük otlaqlar qalmışdı və hətta genişləndirilmişdi; villamalikanələr və buradakı bağçılıq öz sahiblərinin var-yoxdan çıxması və şəhərlərin viran qalması ilə birlikdə tənəzzül etdi. Latifundiyaların qul əməyinə əsaslanan təsərrüfatı daha gəlir vermirdi; lakin bu dövrdə həmin təsərrüfat iri kənd təsərrüfatının mümkün olan yeganə forması idi. Xırda təsərrüfat yenidən əkinçiliyin yeganə faydalı forması, oldu. Villalar bir-birinin ardınca kiçik parsellərə bölünürdü, bunlar da müəyyən məbləğ müqabilində irsi icarədarlara verilirdi, yaxud bunları icarədardan daha çox, müdir olan və öz əməyi müqabilində illik məhsulun altıda bir hissəsini, bə'zən də cəmi yalnız doqquzda bir hissəsinin alan «partiarii» (paydarlar. Red.) əldə edirdilər. Lakin ən çox hallarda bu, xırda parsellər hər il müəyyən məbləğ ödəyən, torpağa təhkim edilən və öz parseli ilə birlikdə satıla bilən kolonlara, icarəyə verilirdi; doğrudur, onlar qul deyildilər, lakin. azad da hesab olunmurdular, azad şəxslərlə evlənə bilməzdilər və onların öz aralarındakı nigahları qanuni hesab edilmirdi, qulların nigahları kimi, sadəcə bir-biri ilə yaşamaq (contubernium) hesab olunurdu. Onlar orta əsrlərdəki təhkimlilərin sələfləri idilər.
Antik köləlik öz dövrünü bitirmişdi. Nə iri kənd təsərrüsratında, nə də şəhər manufakturalarında köləlik daha sərf edilən əməyi doğruldacaq qədər gəlir vermirdi,–onun məhsulları üçün olan bazar aradan qalxmışdı. İmperiyanın tərəqqisi dövründəki nəhəng istehsalın kiçilərək gəlib çatdığı xırda əkinçilik və xırda sənətdə isə çoxlu qul tətbiq etmək üçün yer yox idi. Yalnız varlıların ev təsərrüfatında işləyən və onların cah-cəlallı həyat sürməsina: xidmət edən qullar üçün cəmiyyətdə hələ yer qalmışdı. Lakin ölüb getməkdə olan köləlik hələ belə bir təsəvvürü yaşada bilirdi ki, hər bir məhsuldar əmək azad romalılara layiq olmayan qul əməyidir, indi isə bütün vətəndaşlar belələridir. Nəticədə, bir tərəfdən, lüzumsuz və bir yük olub azad edilən qulların sayı artmışdı, digər tərəfdən də, kolonların və yoxsullaşmış (Amerikanın keçmiş quldarlıq ştatlarındakı «whites»-i (ağ yoxsulları. Red.) xatırladan) azad adamların sayı artmışdı. Antik köləliyin tədriclə ölüb getməsində xristianlıq əsla müqəssir deyildir. Xristianlıq tam yüz illər boyu Roma imperiyasında köləliklə yola getmiş və sonralar heç zaman xristianlarda: nə şimalda germanlar, nə Aralıq dənizində venesiyalılar arasında qul alverinə, nə də sonralar zənci alverinə mane olmamışdır (Yepiskop Kremonski Liutprandın dediyinə görə, X əsrdə Verdendə, deməli, Müqəddəs german imperiyasında38 başlıca peşə xədimlər hazırlamaq idi, onlar böyük mənfəətlə İspaniyaya, mavritan hərəmxanaları üçün ixrac edilirdi.). Kvləlik daha öz xərcini ödəmədi və buna görə də ölüb getdi. Lakin ölməkdə olan köləlik azad adamların məhsuldar əməyə nifrəti şəklində öz zəhərli neştərini qoyub getdi. Bu, Roma aləminin düşdüyü çıxılmaz vəziyyət idi: köləlik iqtisadi cəhətdən daha mümkün deyildi, azad adamların əməyi əxlaq nöqteyi-nəzərindən mənfur bir şey hesab edilirdi. Birincisi artıq ictimai istehsalın əsas forması ola bilmirdi, ikincisi isə hələ ola bilməzdi. Bu vəziyyətdən yalnız köklü bir inqilab xilas edə bilərdi.
Əyalətlərdə vəziyyət bundan yaxşı deyildi. Bizim əlimizdə ən çox Qalliya haqqında mə'lumat vardır. Kolonlarla yanaşı olaraq burada hələ azad xırda kəndlilər var idi. Onlar mə'murların, hakimlərin və sələmçilərin zorakılığından özlərini qorumaq üçün çox zaman qüdrətli bir şəxsin havadarlığına, himayəsinə sığınırdılar; təkcə ayrı-ayrı kəndlilər deyil, bütöv icmalar bu cür hərəkət edirdi, belə ki, IV əsrdə imperatorlar bunun qadağan edilməsi haqqında dəfələrlə fərmanlar vermişdilər. Lakin bu, himayə axtaranlara nə verirdi? Himayəçi onlara belə bir şərt qoyurdu ki, öz torpaq sahələri üzərində mülkiyyət hüququnu ona versinlər, o da bunun əvəzində onların həmin sahələrindən ömürlük istifadə etmələrini tə'min edirdi. Müqəddəs kilsə bu hiyləni qavradı və bundan IX və X əsrlərdə ilahi səltənəti və öz torpaq mülklərini genişləndirmək məqsədi ilə sə'ylə istifadə etdi. Doğrudur, o zaman, təxminən 475-ci ildə yepiskop Marselli Salvian belə bir soyğunçuluğa qarşı hələ hiddətlənir və belə söyləyir: Roma mə'murlarının və iri torpaq sahiblərinin zülmü o qədər dözülməz olmuşdur ki, bir çox «romalılar» artıq barbarlar tərəfindən tutulmuş yerlərə qaçırlar, orada yaşayan Roma vətəndaşları isə yenidən Romanın hökmranlığı altına düşməkdən qorxduqları qədər heç bir şeydən qorxmurlar. O zaman ata-anaların yoxsulluq üzündən çox vaxt öz uşaqlarını köləliyə satdıqlarını buna qarşı verilən qanun təsdiq edir.
German barbarları romalıları onların öz dövlətindən azad etmək müqabilində romalıların bütün torpaqlarının üçdə iki hissəsini əllərindən alıb öz aralarında bölüşdürmüşdülər. Bölgü qəbilə quruluşu qaydaları ilə olurdu; işğalçılar sayca nisbətən çox olmadıqlarına görə, geniş torpaqlar bölünməmiş qalırdı, bunların bir hissəsi bütün xalqın, bir hissəsi də ayrı-ayrı tayfa və qəbilələrin ixtiyarında qalırdı. Hər bir qəbilə daxilində əkin yeri və çəmənlər püşk atmaq yolu ilə ayrı-ayrı təsərrüfatlar arasında bərabər sahələrlə bölünmüşdü; torpağın yenidən bölüşdürülməsinin sonralar təkrar edilib-edilmədiyi bizə mə'lum deyildir, hər halda Roma əyalətlərində torpaq bülgüsü tezliklə aradan qalxmışdı və ayrı-ayrı sahələr özgəninkiləşdirilə bilən xüsusi mülkiyyətə–alloda çevrilmişdi. Meşə və örüşlər bölünmədən ümumi istifadədə qalırdı; onlardan belə istifadə edilməsi, həmçinin bölünmüş əkin yerinin becərilməsi üsulu qədim adət üzrə və bütün icmanın qərarları ilə tənzim olunurdu. Qəbilə öz kəndində nə qədər çox yaşayırdısa və romalılar tədricən bir-birinə nə qədər çox qarışırdısa, əlaqənin ərazi xarakteri qarşısında qohumluq xarakteri getdikcə daha çox arxa sıraya keçirdi; icma-marka daxilində qəbilə əriyib gedirdi, həm də onun icma-markada icma üzvlərinin qohumluq münasibətlərindən əmələ gəlməsi izləri hələ kifayət qədər tez-tez görünür. Beləliklə nəzərə çarpmadan, hər halda icma-markanın qaldığı ölkələrdə–Fransanın şimalında, İngiltərədə, Almaniyada və Skandinaviyada,–qəbilə təşkilatı ərazi təşkilatına keçirdi və buna görə də dövlətə uyğunlaşa bilmişdi. Lakin bu təşkilat hər halda, təbii surətdə yaranmış olan və bütün qəbilə quruluşunu fərqləndirən öz demokratik xarakterini davam etdirirdi və hətta sonralar ona zorla qəbul etdirilmiş pozulma formasında həmin quruluşun canlı ünsürlərini, bununla da məzlumların əlindəki bu silahı ən yeni zamana qədər saxlamışdı.
Beləliklə, əgər qəbilədə qan əlaqəsi tezliklə öz əhəmiyyətini itirmişdisə, bu ondan irəli gəlmişdi ki, işğal nəticəsində tayfa və bütün xalq içərisində də onun orqanları pozulmuşdu. Biz bilirik ki, itaət alına alınanlar üzərində hökmranlıq qəbilə quruluşu ilə bir yerə sığmır. Burada aiz bunu böyük miqyasda görürük. Roma əyalətlərinin ağası olmuş german xalqları özlərinin fəth etdikləri bu ərazinin idarə olunmasını təşkil etməli idilər. Lakin nə romalı kütlələri qəbilə birləşmələrinə qəbul etmək, nə də həmin birləşmələr vasitəsi ilə bu kütlələr üzərində hökmranlıq etmək mümkün deyildi. Əvvəllər hələ çox hissəsinin mövcud olmaqda davam etdiyi yerli Roma idarəçiliyi orqanlarına başçılıq etmək üçün Roma dövlətinin yerinə yeni bir əvəzedici qoymaq lazım idi, bu isə yalnız başqa bir dövlət ola bilərdi. Buna görə də qəbilə quruluşu orqanları dövlət orqanlarına çevrilməli idi, həm də vəziyyət üzündən çox tezliklə çevrilməli idi. Lakin fateh xalqın ən yaxın nümayəndəsi sərkərdə idi. Fəth edilən vilayətin daxili və xarici təhlükədən müdafiəsi sərkərdənin hakimiyyətini gücləndirməyi tələb edirdi. Sərkərdənin hakimiyyətinin kral hakimiyyətinə çevrilməsi vaxtı gəlib çatdı və bu çevrilmə baş verdi.
Frank krallığı üzərində dayanaq. Burada qalib sali frankları xalqı nəinki geniş Roma dövlət malikanələrini tamamilə ələ keçirdi, habelə bölgü zamanı böyük və kiçik; mahalların (Gau) və icma-markaların icma mülklərinə daxil edilməmiş olan bütün geniş torpaq sahələrinə–xüsusilə də bütün böyük meşə sahələrinə sahib oldu. Adi bir ali sərkərdədən əsl monarxa çevrilmiş olan frank: kralının gördüyü birinci iş həmin xalq malını kral əmlakına çevirmək, bunu xalqdan oğurlayıb hədiyyə və ya bəxşişlər şəklində öz drujinasına paylamaq oldu. Əvvəlləq» onun şəxsi hərbi müşayiətçilərindən və ona tabe başqa sərkərdələrdən ibarət olan bu drujina tezliklə nəinki romalılar, yə'ni romanlaşmış qallar hesabına böyüdü–bu qallar öz yazı banarıqları, öz təhsilləri, roman danışıq dilini və latın ədəbi dilini, həmçinin yerli hüququ bilmələri sayəsində tezliklə onun üçün zəruri olmuşdular; bu drujina həmçinin qullar, təhkimlilər və azad edilmişlər hesabına böyüdü, bunlar isə onun saray güruhunu təşkil edirdilər və bunların içərisindən o özünə istəkli adamlar seçirdi. Bunların hamısı xalqa məxsus olan torpaqdan sahələr alırdılar, özü də ilk zamanlar əsasən hədiyyə olaraq alır, sonralar isə bu sahələr onlara benefisyalar şəklində bağışlanırdı, həm də əvvəllər, bir qayda olaraq, kralın ömrünün axırlarına qədər verilirdi39. Beləliklə, xalqın hesabına yeni ə'yanların əsası yaranırdı.
Bundan əlavə. Dövlət çox geniş olduğuna görə, köhnə qəbilə quruluşu vasitələrindən istifadə etməklə onu idarə etmək mümkün deyildi; ağsaqqallar şurası, çoxdan aradan qalxmamışdısa, toplaşa da bilmirdi və tezliklə kralın daimi yaxın adamları ilə əvəz edildi; köhnə xalq yığıncağı görkəm üçün qalmaqda davam edirdi, lakin o da getdikcə daha artıq dərəcədə ancaq krala tabe olan sərkərdələrin və yeni yaranmaqda olan ə'yanların yığıncağından ibarət olurdu. Əvvəllər Roma kəndlilərinin respublikanın son zamanlarında var-yoxdan çıxdıqları kimi, torpağa sahib olan və frank xalqının əsas hissəsini təşkil adən azad kəndlilər də daimi daxili müharibələr və işğalçılıq müharibələri, xüsusən Böyük Karlın vaxtında aparılan son işğalçılıq müharibələri nəticəsində taqətdən düşmüş və var-yoxdan çıxmışdılar. Əvvəllər bütün qoşunu, Fransa ərazisi işğal edildikdən sonra isə onun əsas özəyini təşkil edən bu kəndlilər IX əsrin əvvəllərində o qədər yoxsullaşmışdılar ki, beş kəndlidən az qala ancaq biri yürüşə gedə bilirdi. Bilavasitə kral tərəfindən çağırılan və azad kəndlilərdən ibarət olan yığma qoşunun yerini yeni meydana çıxan ə'yanlar içərisindəki xidmətli adamlardan düzəldilən qoşun tutdu, həm də buraya asılı kəndlilər də daxil edildi, bunlar isə keçmişdə kraldan başqa heç bir ağa tanımayan, daha əvvəllər isə ümumiyyətlə heç bir ağa, o cümlədən kralı da tanımayan adamların nəsilləri idi. Karlın xələfləri zamanı frank kəndli silkinin var-yoxdan çıxmasını daxili müharibələr, kral hakimiyyətinin zəifliyi və maqnatların müvafiq qəsdləri başa çatdırmışdı,–bunlara bir də Karl tərəfindən tə'yin edilən və öz vəzifələrini irsi vəzifəyə çevirməyə çalışan mahal qrafları [Gaugrafen]40 əlavə olunmuşdu,–nəhayət, bunu normanların basqınları başa çatdırmışdı. Böyük Karlın vəfatından əlli il sonra frankların imperiyası da, ondan dörd yuz il əvvəl Roma imperiyasının frankların ayaqları altına düşdüyü kimi, əlacsız olaraq normanların ayaqları altına düşmüşdü.
Həm də o, təkcə xarici düşməilər qarşısında öz gücsüzlüyü cəhətdən deyil, habelə öz daxili ictimai qaydası və ya, daha doğrusu, qaydasızlığı cohətdən də demək olar eyni ilə belə olmuşdu. Azad frank kəndliləri də öz sələfləri olan Roma kolonları kimi bir vəziyyətə düşmüşdülər. Onlar müharibələr və qarətlər nəticəsində var-yoxdan çıxaraq, yeni meydana gələn ə'yanların və ya kilsənin himayəsinə əl atmalı idilər, çünki kral hakimiyyəti çox zəif olduğuna görə, onları müdafiə edə bilmirdi; lakin onlar bu himayəni baha qiymətə əldə etməli olurdular. Əvvəllər Qalliya kəndliləri kimi onlar da öz torpaq sahəsi üzərində mülkiyyət hüququnu himayəçiyə verməli idilər, sonra bu sahəni ondan müxtəlif və dəyişilən şərtlərlə asılı şəkildə geri alıb saxlaya bilirdilər, lakin həmişə mükəlləfiyyətlər icra etmək və töycü vermək müqabilində geri alırdılar; bir dəfə bu asılılığa düşdükdə, onlar yavaş-yavaş öz şəxsi azadlıqlarını da itirirdilər; bir neçə nəsildən sonra onların əksəriyyəti artıq təhkimli idi. Azad kəndli silkinin nə qədər tezliklə aradan qalxdığını o zaman Paris yaxınlığında, indi isə Parisin özündə olan Sen-Jermen-de-Pre abbatlığının torpaq mülklərinin İrminon tərəfindən tərtib edilən siyahısı göstərir. Bu abbatlığın ətrafa yayılmış olan geniş mülklərində o zaman, hələ Böyük Karlın sağlığında 2788 təsərrüfat var idi və burada yalnız german adları daşıyan franklar yaşayırdılar. Bu rəqəmə 2080 kolon, 35 lit, 220 qul və ancaq 8 nəfər azad sakin daxil idi! Belə bir adət var idi ki, himayəçi kəndlini öz torpaq sahəsini onun mülkiyyətinə verməyə məcbur edirdi, sonra da bu sahəni kəndliyə yalnız ömürlük istifadəyə verirdi; Salvian tərəfindən allahsızlıq e'lan edilmiş olan bu adətdən indi hər yerdə kilsə kəndlilərə qarşı istifadə edirdi. İndi getdikcə daha artıq dərəcədə adi bir hal olan biyar mükəlləfiyyətlərinin ilk timsalı həm Roma anqariyaları, dövlət üçün görülən məcburi işlər idi41, həm də körpü tikmək, yol çəkmək və başqa ümumi məqsədlər üçün german: icma-markası üzvləri tərəfindən yerinə yetirilən mükəlləfiyyətlər idi. Beləliklə, əhali kütləsi dörd yüz ildən sonra sanki öz ilk vəziyyətinə qayıtmışdı.
Bu isə yalnız onu sübut edirdi ki, əvvələn, tənəzzül dövründəki Roma imperiyasında ictimai təbəqələşmə və mülkiyyətin bölüşdürülməsi əkinçilik və sənayedə istehsalın o zamankı səviyyəsinə tamamilə uyğun idi, deməli, labüd idi; ikincisi, sonrakı dörd yüz il ərzində istehsalın bu səviyyəsk. Əhəmiyyətli dərəcədə nə aşağı enmiş və nə də yüksəlmişdi, buna görə də eyni bir zərurətlə yenidən mülkiyyətin bu cür bölüşdürülməsinə səbəb olmuş və eyni əhali siniflərini doğurmuşdu. Roma imperiyasının mövcud olduğu son yüz illər ərzində şəhər kənd üzərində öz əvvəlki hökmranlığını: itirmişdi və germanların hökmran olduqları ilk yüz illər ərzində bu hökmranlığı yenidən əldə edə bilməmişdi. Bu isə həm əkinçiliyin, həm də sənayenin aşağı inkişaf pilləsində durduğunu göstərir. Belə bir ümumi vəziyyət zəruri olaraq, hakimiyyətə malik iri torpaq sahiblərini və asılı xırda kəndliləri doğurur. Belə bir cəmiyyətə, bir tərəfdən, qul işlədən Roma latifundiyaları təsərrüfatını, digər tərəfdən biyar əməyi tətbiq edilən ən yeni iri təsərrüfatı qəbul etdirmək üçün nə qədər az imkan olduğunu məşhur imperator villaları barəsində Böyük Karlın keçirdiyi əzəmətli, lakin demək olar heç bir izi qalmayan təcrübələr sübut edir. Bu təcrübələri yalnız monastırlar davam etdirirdi və yalnız burada həmin təcrübələr səmərəli olurdu; lakin monastırlar subaysızlığa əsaslanan qeyri-normal ictimai orqanizmlər idi; bunlar müstəsna nəticələr verə bilərdi, lakin məhz buna görə də özləri bir istisna olaraq qalmaqda idi.
Hər halda bu dörd yüz il ərzində irəliyə doğru addım atılmışdı. Əgər bu dövrün axırlarında da biz onun əvvəllərindəki az qala eyni əsas siniflərə təsadüf ediriksə də, həmin siniflərin ibarət olduğu adamlar hər halda başqalaşmışdılar. Antik köləlik aradan qalxmışdı, əməyə bir qul məşğələsi kimi nifrət edən, var-yoxdan çıxıb, dilənçiləşmiş azad adamlar aradan qalxmışdı. Roma kolonu ilə yeni təhkimli arasında azad frank kəndlisi dururdu. Məhv olmağa üz qoymuş Roma aləminin «faydasız xatirələri və əbəs mübarizəsi» həmişəlik yox olmuşdu. IX əsrdəki ictimai siniflər məhv olmağa üz qoymuş sivilizasiyanın tənəzzülü şəraitində deyil, yeni sivilizasiyanın doğum əzabları şəraitində meydana gəlmişdi. Yeni nəsil–istər ağalar, istərsə nökərlər–öz Roma sələflərinə nisbətən kişilər nəsli idi. Qüdrətli torpaq maqnatları ilə onlardan asılı olan kəndlilər arasındakı münasibətlər, romalılar üçün antik dünyanın qəti məhvini ifadə etmək forması olan bu münasibətlər yeni nəsil üçün yeni inkişafın başlanğıc nöqtəsi idi. Sonra, həmin dörd yüz il nə qədər səmərəsiz görünsə də, bu illərin bir böyük nəticəsi qalmışdı: müasir millətlər meydana gəlmişdi, gələcək tarix üçün bəşəriyyətin Qərbi Avropada olan hissəsi yenidən təşəkkül tapmış və parçalanmışdı. Germanlar Avropanı həqiqətən yenidən canlandırdılar, buna görə də german dövründə dövlətlərin dağılması norman-sarasin əsarəti ilə bitmədi, əksinə, benefisiyalar və himayə (kommendasiya42) münasibətləri sisteminin yüksəlib feodalizmə keçməsi ilə və əhalinin o qədər çox artması ilə bitdi ki, iki yüz ildən də az bir müddətdən sonra səlib yürüşlərində dəhşətli dərəcədə qan axıdılmasının zərəri hiss edilmədi (İbarənin «və əhalinin o qədər çox artması ilə» sözlərindən sonra gələn hissəsi Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.).
Bəs bu necə əsrarəngiz sehrli bir vasitə idi ki, bunun köməyi ilə germanlar ölməkdə olan Avropaya yeni bir həyat qüvvəsi verdilər? Bu qüvvə, bizim şovinist tarixnəvisliyin uydurduğu kimi, german irqinə fitrətən xas olan ayrıca bir e’cazkar qüvvə idimi? Qətiyyən yox. Germanlar, xüsusən o zaman, ari qrupunun yüksək dərəcədə iste'dadlı bir budağı idilər, həm də həyat qüvvələrinin tam çiçəkləndiyi pillədə idilər. Lakin Avropanı onların spesifik milli xüsusiyyətləri deyil, sadəcə olaraq onların barbarlığı, onların qəbilə quruluşu cavanlaşdırdı.
Onların şəxsi bacarığı və igidliyi, azadlıqsevərliyi və bütün ictimai işlərə öz işi kimi baxmağa sövq edən demokratik instinkti,–bir sözlə, romalıların itirdikləri və Roma aləmi lehməsindən yeni dövlətlər yaradıb yeni millətlərin meydana gəlməsinə təkan verə biləcək bütün keyfiyyətlər,–bütün bunlar barbarlığın yüksək pilləsində duran adamın səciyyəvi cəhətləri, onun qəbilə quruluşunun bəhrələri deyildisə bəs nə idi?
Əgər germanlar monoqamiyanın antik formasını dəyişmişdilərsə, ailədə kişinin hökmranlığını yumşaltmışdılarsa, qadını klassik dünyada heç zaman görünməyən daha yüksək bir mövqeyə qaldırmışdılarsa,–onları buna qadir edən onların barbarlığı, onların qəbilə adətləri, onların arasında ana hüququ dövründən hələ yaşayan qalıqlar deyildisə bəs nə idi?
Əgər onlar, hər halda üç ən mühüm ölkədə, Almaniyada, Şimali Fransada və İngiltərədə əsl qəbilə quruluşunun icma-marka formasında qalığını xilas edib feodal dövlətinə keçirə bilmişdilərsə və bununla da məzlum sinfə, kəndlilərə hətta ən ağır orta əsrlər təhkimçilik qaydaları şəraitində, nə antik qulların, nə də müasir proletarların hazır şəkildə görə bilmədikləri məhəlli birlik və müqavimət vasitəsi vermişdilərsə,–buna səbəb onların barbarlığı, onların qəbilələrlə məskunlaşmaq üsulu, yalnız barbarlıq dövrünə xas olan bu üsul deyildisə, bəs nə idi?
Nəhayət, onlar Roma imperiyasında da köləliyin getdikcə daha artıq dərəcədə keçməkdə olduğu daha yumşaq bir asılılıq formasını, onların öz vətənində artıq mövcud olmuş bu formanı inkişaf etdirib ən ümumi bir forma halına sala bilmişdilərsə,–bu forma, Furyenin ilk dəfə qeyd etdiyi kimi, məhkumlara onların bir sinif kimi tədriclə azad olması vasitəsini verir (fournit aux cultivateurs des moyens d'affranchissement collectif et progressit (əkinçilərə kollektiv surətdə və tədrici olaraq azadlığa çıxmaq üçün vasitələr verir. Red.)), bunun da sayəsində həmin forma köləlikdən çox yüksəkdə dururdu, həm də bu forma şəraitində yalnız ayrıca şəxsin aralıq vəziyyət keçirmədən dərhal azadlığa buraxılması mümkün idi (qədim dünya qalibiyyətli üsyan vasitəsi ilə köləliyi məhv etməyi bilmirdi); halbuki orta əsrlərdəki təhkimlilər həqiqətən bir sinif kimi özlərini tədricən azad etməyə çalışırdılar,–bunun üçün biz onların öz barbarlığına deyilsə, bəs nəyə borcluyuq?–axı həmin barbarlıq üzündən onlar bu asılılığı öz yerlərində tam inkişaf etmiş köləliyə çatdırmamışlar: nə antik kölə əməyi formasına, nə də Şərqdəki ev köləliyinə çatdırmışlar.
Roma aləminə germanların verdikləri canlı və səmərəli nə varsa, bunların hamısı barbarlığa məxsus idi. Doğrudan da, məhv olmağa üz qoyan qocalmış sivilizasiya dünyasını yalnız barbarlar cavanlandıra bilərdilər. Xalqların köçməsi ərəfəsində germanların gəlib çatdıqları və yüksəldikləri pillə–barbarlığın yüksək pilləsi–bu proses üçün məhz ən çox əlverişli idi. Bununla hər şey izah edilmiş olur.
Dostları ilə paylaş: |