VII
KELTLƏRDƏ VƏ GERMANLARDA QƏBİLƏ
Bu əsərin həcmi ən müxtəlif vəhşi və barbar xalqlarda hələ indi də az-çox saf şəkildə mövcud olan qəbilə quruluşu tə'sisatını, yaxud Asiyanın mədəni xalqlarının qədim tarixində bu tə'sisatın izlərini ətraflı gözdən keçirmək üçün bizə imkan vermir (Bu abzasda «burada biz keltlərdə və germanlarda» sözlərinə qədər sonrakı mətn Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.). Bunların hər ikisinə hər yerdə təsadüf olunur. Bir neçə misal kifayətdir. Hələ qəbilənin nə olduğunu biləndən əvvəl, bu anlayışın mə'nasını dolaşdırmaq üçün ən çox sə'y etmiş olan Mak-Lennan kalmıklar, çərkəzlər, samoyedlər (Nenlərin keçmiş adıdır. Red.) arasında və üç hind xalqı–varlilər, maqarlar və manipurilər arasında qəbilənin mövcud olduğunu sübut etmiş və onu ümumiyyətlə düzgün təsvir etmişdir. Bu yaxınlarda M.Kovalevski pşavlar, xevsurlar, svanlar və başqa Qafqaz tayfaları arasında qəbilə olduğunu aşkara çıxarmış və onu təsvir etmişdir. Burada biz keltlərdə və germanlarda qəbilənin mövcud olduğu haqqında bə'zi qısa qeydlərlə kifayətlənəcəyik.
Bizə gəlib çatmış olan kelt qanunlarından ən qədimləri bizə hələ tam həyat sürən qəbiləni göstərir; İrlandiyada hələ indi, ingilislər qəbiləni zorla dağıtdıqdan sonra da, xalqın şüurunda, hər halda instinktiv surətdə yaşayır; Şotlandiyada qəbilə hələ keçən əsrin ortalarında tam çiçəklənmə halında idi və burada da yalnız ingilislərin silahı, qanunları və məhkəmələri vasitəsi ilə məhv edilmişdir.
İngilislərin fəthindən28 bir çox əsr əvvəl, ən geci XI əsrdə yazılmış olan qədim uels qanunları, əvvəllər geniş yayılmış adətin ancaq bir istisna kimi qalığı şəklində olsa da, torpağın bütöv kəndlər tərəfindən birlikdə becərilməsi halının hələ mövcud olduğunu göstərir; hər bir ailənin müstəqil becərilmək üçün beş akr torpağı vardı, bununla yanaşı bir sahə birgə becərilirdi və məhsul bölüşdürülməli idi. Şübhə yoxdur ki, bu kənd icmaları qəbilələrdən və ya qəbilələrin bölmələrindən ibarətdir; hətta Uels qanunlarının yeni tədqiqi,–bunun üçün isə mənim vaxtım yoxdur (mənim çıxarışlarım 1869-cu ildə edilmişdir29),–bunu bilavasitə təsdiq etməsəydi də, İrlandiya və Şotlandiya ilə analogiya bunu artıq sübut edir. Lakin Uels mə'xəzləri, bunlarla da birlikdə İrlandiya mə'xəzləri açıqca sübut edir ki, XI əsrdə keltlərdə ikili nigahı monoqamiya hələ heç də sıxışdırıb aradan çıxarmamışdı. Uelsdə yalnız yeddi il keçəndən sonra nigah daha pozula bilməzdi və ya, daha doğrusu, tərəflərdən birinin tələbi ilə ləğv edilə bilməzdi. Əgər yeddi ilin tamamına üçcə gecə qalsaydı, ər-arvad bir-birindən ayrıla bilərdi. Onda əmlak bölünürdü: arvad bölür, ər isə öz payını seçirdi. Ev şeyləri müəyyən, çox qəribə qaydada bölünürdü. Əgər nigahı ər pozurdusa o, arvadın cehizini və bə'zi başqa şeyləri ona qaytarmalı idi; əgər arvad pozurdusa, onda o az şey alırdı. Uşaqlardan ikisi ərə, biri, yə'ni ortancılı arvada çatırdı. Talaqdan sonra arvad yenidən ərə getdikdə, birinci əri isə onu yenidən almaq istədikdə, o, hətta bir ayağını yeni ərin yatağına qoymuş olsa da, əvvəlki ərinin yanına getməli idi. Lakin onlar yeddi il birgə yaşamışdılarsa, hətta onların nigahı əvvəllər rəsmi şəklə salınmamış olsa da, onlar ər-arvad olurdular. nigaha qədər qızların bakirəliyi heç də ciddi surətdə gözlənmir və tələb olunmurdu; buraya aid olan qaydalar olduqca ədəbdən kənardır və burjua əxlaqına qətiyyən uyğun gəlmir. Əgər qadın ər-arvad sədaqətini pozursa, ər onu döyə bilərdi (bu, arvadı döymək üçün ərə icazə verilən üç haldan biridir, bütün başqa hallarda bunun üstündə cəza verilməli idi), lakin bundan sonra arvadın həmin hərəkəti üstündə ərin başqa bir şey tələb etməyə haqqı yox idi, çünki
«eyni bir hərəkət üstündə ya günahı yudurtmaq, ya da intiqam almaq olar, amma birlikdə bunların hər ikisi olmaz»30.
Arvadın talaq tələb edib əmlak bölgüsündə öz hüquqlarından heç birini itirməməsi səbəbləri çox müxtəlif idi: ərinin ağzından pis iy gəlməsi kifayət idi. Tayfa başçısına və ya krala birinci gecə hüququ əvəzinə verilən ödənc pulu («gobr merch, buradan da orta əsrlərdəki «marcheta», fransızca–«marquette» adı yaranmışdır) qanun məcmuəsində əhəmiyyətli rol oynayır. Qadınlar xalq yığıncaqlarında səs vermək hüququna malik idilər. Buna əlavə edək ki, İrlandiyada da bu cür qaydalar olduğu sübut edilmişdir; orada da müvəqqəti nigahlar tamamilə adi hal idi və talaq zamanı arvada dürüst müəyyən edilən böyük üstünlüklər verilməsi, hətta ev təsərrüfatında işlədiyinə görə bunun əvəzinin ödənməsi tə'min olunurdu; orada başqa arvadlarla yanaşı «birinci arvada» təsadüf olunurdu və irs qalan əmlak bölünərkən nigahdan doğulan uşaqlarla nigahsız doğulan uşaqlar arasında heç bir fərq qoyulmurdu. Beləliklə, qarşımızda ikili nigah mənzərəsi durur; buna nisbətən Şimali Amerikada mövcud olan nigah forması ciddi görünür, lakin hələ Sezar zamanı qrup nigahı halında yaşayan bir xalqda XI əsrdə bunun olması heç təəccüblü deyildir.
İrlandiya qəbiləsinin («step», tayfa «clainne», klan adlanırdı) mövcud olması təsdiq edilir və bu qəbilə təkcə qədim qanun məcmuələrində deyil, habelə klanların torpaqlarını ingilis kralının malikanələrinə çevirmək üçün İrlandiyaya göndərilmiş XVII əsr ingilis hüquqçuları tərəfindən də təsvir edilmişdir. Torpaq artıq başçılar tərəfindən onların xüsusi domenial malikanələrinə çevrilməmişdisə, lap bu vaxtlara qədər klan və ya qəbilənin ümumi mülkiyyəti idi. Qəbilənin hər hansı bir üzvü öldükdə və, deməli, təsərrüfatlardan biri sıradan çıxdıqda, ağsaqqal (ingilis hüquqçularının adlandırdıqları kimi, «caput cognationis») bütün torpağı qalan təsərrüfatlar arasında yenidən bölürdü. Bu bölgü, görünür, ümumiyyətlə Almaniyada qüvvədə olan qaydalar üzrə olurdu. Hələ indi də bə'zi kəndlərdə «rundale» sistemi dsyilən sistemə daxil olan tarlalara təsaduf edilir, qırx və ya əlli il bundan əvvəl bu cür tarlalar olduqca çox idi. Əvvəllər bütün qəbiləyə məxsus olub sonradan ingilis fatehləri tərəfindən tutulmuş torpağın fərdi icarədarları olan kəndlilərdən hər biri öz sahəsi üçün icarə haqqı verir, lakin onlar öz sahələrinin bütün əkin torpaqlarını və çəmənliklərini birləşdirir, bunu yerindən və keyfiyyətindən asılı olaraq, Mozeldə deyildiyi kimi, «konlara» [«Gewanne»] bölür və hər bir konda hər kəsə öz payını verirlər; bataqlıqlar və örüşlər umumi istifadədə olur. Hələ əlli il bundan əvvəl torpaq arabir, bə'zən hər il yenidən bölünürdü. «Rundale» sisteminin qüvvədə olduğu bu cür bir kəndin mərz planı tamamilə Mozeldə və ya hoxvaldda olan hər hansı bir alman həyət icmasının [«Gehöferscşaft»] planına bənzəyir. Qəbilə həmçinin «factions»da («partiyalarda». Red.) yaşamaqda davam edir. Çox vaxt İrlandiya kəndliləri zahirən tamamilə mə'nasız və ya cəfəng, ingilislər üçün əsla anlaşılmaz əlamətlərə görə fərqlənən partiyalara bölünür və təntənəli günlərdə bu partiyaların adətən törətdikləri mə'rəkədən başqa guya heç bir məqsəd güdmürlər. Bu, məhz edilmiş qəbilələrin sün'i surətdə dirçəldilməsi, bunların məhvindən sonra meydana çıxan əvəzidir; bu da irs qalmış qəbilə instinktinin davamlı olduğunu bir növ göstərir. Lakin bə'zi yerlərdə qəbilə üzvləri hələ köhnə ərazidə birlikdə yaşayırlar; məsələn, hələ otuzuncu illərdə Monaxan qraflığı əhalisinin xeyli böyük əksəriyyətinin cəmi dörd familiyası var idi, yə'ni onlar dörd qəbilə və ya klandan əmələ gəlmişdilər (İrlandiyada keçirdiyim bir neçə gün ərzində31 mən bir daha aydın başa düşdüm ki, orada kənd əhalisi hələ nə dərəcədə qəbilə dövrünün təsəvvürləri ilə yaşayır. Kəndlinin torpaq icarəyə götürdüyü torpaq sahibi həmin kəndliyə hələ də torpağı hamının xeyrinə idarə etməli olan klan başçısı kimi görünür; kəndli güman edir ki, ona icarə haqqı formasında bac verir, lakin ehtiyacı olduqda ondan kömək almalıdır. Orada habelə hesab edirlər ki, hər bir daha varlı adam özünün az tavanalı qonşuları ehtiyac çəkdikdə, bunlara kömək etməlidir. Belə bir kömək sədəqə deyildir, klanın az tavanalı üzvünə daha varlı klan üzvü və ya klan başçısı bu köməyi göstərməyə borcludur. Müasir burjua mülkiyyəti anlayışını İrlandiya kəndlisinə başa salmağın mümkün olmadığı haqqında iqtisadçıların və huquqçuların şikayətləri aydındır; yalnız hüquqları olan və heç bir vəzifəsi olmayan bir mülkiyyət əsla irlandiyalının ağlına sığışmır. Lakin bu da aydındır ai, bu qədər sadəlövh, qəbilə quruluşuna xas təsəvvurləri olan irlandiyalılar birdən-birə İngiltərə və ya Amerikanın böyük şəhərlərinə, tamamilə başqa əxlaq və hüquq baxışları olan bir mühitə düşdükdə, onlar əxlaq və hüquq masələlərində tamamilə başlarını itirirlər, ayaqları altında hər bir zəmindən məhrum olurlar və çox zaman kütləvi surətdə pozğunluq qurbanı olurlar (1891-ci il nəşrinə Engelsin qeydi).).
Şotlandiyada qəbilə quruluşunun məhv olması 1745-ci il üsyanının32 yatırılması ilə bir vaxta düşür. Hələ tədqiq etmək lazımdır ki, Şotlandiya klanı bu quruluşun məhz hansı vəsiləsini təşkil edir, lakin bu klanın belə bir vəsilə olduğuna şübhə yoxdur. Valter Skottun romanlarında dağlıq Şotlandiyanın bu klanı bizim qarşımızda bir canlı kimi durur. Morqan deyir ki, bu klan
«öz təşkili və öz ruhu e'tibarı ilə qəbilənin çox gözəl bir nümunəsidir, qəbilə üzvləri üzərində qəbilə məişətinin hökmranlığına parlaq misaldır... Onların çəkişmələrində və onların qan intiqamında, ərazinin klanlar üzrə bölünməsində, onların torpaqdan birgə istifadə etməsində, klan üzvlərinin başçıya və bir-birinə sədaqətində biz hər yerdə qəbilə cəmiyyətinin sabit cəhətlərini görürük... Mənşə ata hüququna görə götürülürdü, belə ki, kişilərin uşaqları klanda qalır, qadınların uşaqları isə öz atalarının klanlarına keçirdi»33.
Lakin Şotlandiyada əvvəllər ana hüququnun hökm sürdüyünü belə bir fakt sübut edir ki, Bedanın dediyinə görə, piktlərin kral familiyasında vərəsəlik qadın xətti ilə gedirdi. Hətta punalua ailəsinin qaldığı da birinci gecə hüququ şəklində istər uelslilərdə, istərsə skottlarda orta əsrlərə qədər qalmışdı; əgər bu hüququn əvəzi ödənilməmişdisə, klan başçısı və ya kral, əvvəlki ümumi ərlərin axırıncı nümayəndəsi olaraq, bu hüquqdan hər bir gəlin barəsində istifadə edə bilərdi (1884-cü il nəşrində bu sözlərdən sonra gələn aşağıdakı mətni Engels 1891-ci il nəşrində verməmişdir: «Belə bir hüquq–buna Şimali Amerikanın uzaq şimal-qərbində çox təsadüf olunur–ruslarda da qüvvə də olmuşdur; bu hüququ X əsrdə böyük knyaginya Olqa ləğv etmişdir». Daha sonra «Niveridə və Franş-Kontda olan və serb-xorvat torpaqlarındakı slavyan ailə icmalarına oxşayan təhkimli ailələrinin kommunist icmaları» haqqında bir abzas gəlir, Engels bu abzası 1891-ci il nəşrində II fəslə köçürmüş və bir qədər dəyişdirilmiş şəkildə həmin fəslə əlavələrdən birinə daxil etmişdir.).
Şübhə yoxdur ki, germanlar lap xalqlar köçən vaxta qədər qəbilələr halında təşkil olunmuşdular. Onlar, görünür, bizim eradan yalnız bir neçə əsr əvvəl Dunay, Reyn, Visla və şimal dənizləri arasındakı ərazini tutmuşlar; kimvrlərin və tevtonların köçməsi o zaman hələ tam qızğın vəziyyətdə idi, svevlər isə yalnız Sezar zamanı möhkəm oturaq həyata keçmişdilər. Bu axırıncılar haqqında Sezar aydın deyir ki, onlar qəbilələr və qohum qruplar (gentibus cognationibusque) halında məskunlaşmışdılar, «gens Julia»dan (Yuli qəbiləsi. Red.) olan romalıların dilində isə bu «gentibus» sözününü tamamilə müəyyən və şübhəsiz mə'nası vardır. Bu bütün germanlara aid idi; hətta fəth edilmiş Roma əyalətlərində də onlar, görünür, qəbilələr halında məskunlaşırdılar. „Alema hüquq məcəlləsi"ndə təsdiq olunur ki, Dunaydan cənuba tutulan torpaqda xalq qəbilələr halında (genealogiae) məskunlaşmışdı34, burada «genealogia» anlayışı tamamilə sonrakı icma–marka və ya kənd icması mə'nasında işlədilmişdir («Meksikalılarda və yunanlarda olduğu kimi, germanlarda da» sözlərinə qədər sonrakı mətni Engels 1891-ci il nəşrinə 1884-cü il nəşrində çap edilən aşağıdakı mətn əvəzinə daxil etmişdi: «Beləliklə, biz görürük ki, german xalqlarından biri və yenə də məhz svevlər burada qəbilələr, «gentes» halında məskən salmışdı və hər bir qəbiləyə ərazi ayrılmışdı. Burqundlarda və lanqobardlarda qəbiləyə qaqa deyilirdi, «Burqund hüquq məcəlləsində» işlədilən qəbilə üzvləri (faramanni) adı isə, təbiidir ki, burqund qəbilələrinin tərkibinə daxil olmayan Roma əhalisinin əksinə olaraq, eyni zamanda burqundların özü deməkdir. Deməli, burqundlarda da torpaqlar qəbilələr üzrə bölüşdürülürdü, Alman hüquqçularının yüz illər ərzində əbəs yerə baş sındırdıqları «faramanni» haqqındakı məsələ belə həll edilir. Çətin ki, «farf» adı bütün qermanlarda qəbilənin ümumi adı olmuşdur, hərçənd biz onu bir qot budağından olan xalqda və bir də herminon (yuxarı alman) budağından olan xalqda görürük. Alman dilində qohumluğu bildirmək üçün çoxlu söz kökləri vardır və bunlardan, fərz edə biləcəyimiz kimi, eyni zamanda qəbiləyə daxil olan ifadələrdə istifadə edilir» Red.). Bu yaxınlarda Kovalevski belə bir baxış irəli sürmüşdür ki, bu «genealogiae» iri ev icmalarından ibarət idi, torpaq bunların arasında bölünmuşdü və yalnız bunlardan kənd icması əmələ gəlmişdi. Onda «fara» ifadəsi haqqında da eyni sözləri demək olar; burqundlar və lanqobardlarda,–deməli, qot və herminon, yaxud yuxarı alman tayfasında,–bu ifadə „Aleman Hüquq məcəlləsi"ndə olan «genealogia» sözünün ifadə etdiyi anlayışın tamamilə eyni olmasa da, az qala eyni mə'nanı bildirirdi. Qarşımızdakı həqiqətən qəbilə və ya ev icmasıdırmı–bunu hələ tədqiq etmək lazımdır. Dil abidələri bizə elə bir sualın cavabını vermir ki, bütün germanlarda qəbiləni bildirmək üçün ümumi bir ifadə olmuşdurmu,–olmuşdursa, bu, məhz hansı ifadədir. Etimoloji cəhətdən yunanca «genos», latınca «gens» sözünə qotca «kuni», orta yuxarı almanca «künne» sözü uyğun gəlir və bu söz eyni mə'nada işlənir. Belə bir hal ana hüququ zamanlarını göstərir ki, qadını bildirən söz həmin kökdəndir: yunanca «gyne», slavyanca «zena», qotca «bvino», qədim skandinavca «kona, kuna».–Lanqobardlarda və burqundlarda biz, yuxarıda deyildiyi kimi, «fara» sözünə, rast gəlirik və Qrimm bunun fəraiyyəyə əsaslanan «fisan»–doğmaq kökündən əmələ gəldiyini göstərir. Mən daha aydın olan «faran»–getmək (almanca «fahren» Red.), köçmək, qayıtmaq kökündən əmələ gəldiynni əsas tutmağı daha üstün bilərdim, bu söz köçəri qrupun müəyyən bir hissəsini bildirir, həmin qrup da, özlüyündə aydın olduğu kimi, yalnız qohumlardan ibarət idi,–bu söz uzun əsrlər boyu əvvəlcə şərqə, sonra da qərbə tərəf köçmək nəticəsində tədricən qəbilə icmasının özünə şamil edilmişdir. Sonra, qotca «sibja», ingilis-saksca «sib», qədim yuxarı almanca «sippia, sippa»–qohum (almanca «Sippe». Red.) sözü. Qədim skandinav dilində yalnız cəm halı «sifjar»-qohumlar sözünə təsadüf edilir; tək halda yalnız ilahə Sifin («Sif») adı olaraq rast gəlir.–Nəhayət, „Hildebrand haqqında mahnı"da35 daha başqa bir ifadəyə təsadüf olunur, məhz o yerdədir ki, Hildebrand Hadubranddan soruşur:
«Xalq arasında kişilərdən sənin atan kimdir... yaxud sən hansı qəzilədənsən?» («eddo huelihhes cnuosles du sis»).
Əgər ümumiyyətlə qəbilə üçün ümumn bir german adı olmuşdursa, bu, görünür, qotca «kuni» kimi səslənmişdir; bunu qohum dillərdəki müvafiq ifadə ilə olan eynilikdən başqa həmçinin belə bir hal da göstərir ki, bu sözdən «kuning»–kral (almanca «König». Red.) sözü əmələ gəlmişdir, bu da əvvəllər qəbilə və ya tayfa ağsaqqalı demək idi. «sibja», qohum sözünü, görünür, nəzərə almaq lazım gəlmir; hər halda «sifjar» qədim skandinav dilində təkcə qan qohumlarını deyil, habelə nigah qohumlarını da bildirir, yə'ni azı iki qəbilənin üzvlərini əhatə edir: beləliklə, «sif» sözünün özü qəbiləni bildirə bilməzdi.
Meksikalılarda və yunanlarda olduğu kimi, germanlarda da süvari dəstəsində və paz şəkilli piyada dəstəsində döyüş sırası qəbilə birləşmələri üzrə düzülürdü; əgər Tatsit deyirsə ki, ailolər və qohumlar qruplar üzrə düzülür,–bu qeyri-müəyyən ifadə onunla izah olunur ki, onun vaxtında Romada qəbilə yaşamağa qadir bir vahid kimi artıq çoxdan aradan qalxmışdı.
Tatsitdə bir yerin həlledici əhəmiyyəti vardır; orada deyilir ki, dayı öz bacısı oğluna bir oğul kimi baxır; bə'ziləri isə hətta dayı ilə bacıoğlunu birləşdirən qan qohumluğu əlaqələrini ata ilə oğul arasındakı əlaqədən daha müqəddəs və sıx hesab edirlər, belə ki, girov adam tələb olunduqda, girov qoyanın bacısı oğlu onun öz oğlundan daha böyük bir tə'minat hesab edilir. Biz burada ana hüququna müvafiq təşkil olunmuş qəbilənin, deməli, ilkin qəbilənin, həm də germanları fərqləidirən bir qəbilənin canlı qalığını görürük (Dayı ilə bacıoğlu arasında öz təbiəti e'tibarı ilə xüsusilə sıx olan, öz mənşəyini ana hüququ dövründən alan və bir çox xalqlarda təsadüf edilən əlaqə yunanlara yalnız qəhrəmanlıq dövrünün mifologiyasından mə'lumdur. Diodora görə (IV, 34), Meleaqr Testinin oğullarını, öz anası Alteyanın qardaşlarını öldürur. Alteya bu hərəkəti heç bir şeylə bağışlanıla bilməyəcək elə bir cinayət sayır ki, öz oğlu olan qatilə qarğış edir və onun ölümünü arzulayır. «Deyildiyinə görə, allahlar onun arzularını eşitmiş və Meleaqrın ömrünə son qoymuşlar». Yenə həmin Diodorun dediyinə görə (IV, 43 və 44), Heraklın başçılığı ilə arqonavtlar Frakiya sahilinə çıxır və orada görürlər ki, öz yeni arvadı tərəfindən təhrik edilən Finey rədd etmiş olduğu arvadı Boreada Kleopatradan doğulmuş iki oğluna rüsvayçı işgənçə verir. Lakin aqronavtların içərisində Kleopatranın qardaşları olan Boreadalar, yə'ni işgəncə verilənlərin dayıları da olur. Onlar dərhal öz bacısı uşaqlarının köməyinə gəlir, onları azad edir və keşikçiləri öldürürlər.). Əgər belə bir qəbilənin üzvü öz oğlunu müəyyən bir təntənəli iltizam müqabilində girov qoyurdusa və oğul müqavilənin ata tərəfindən pozulmasının qurbanı olurdusa, bu ancaq atanın öz işi idi. Lakin bacıoğlu qurban olurdusa, bununla ən müqəddəs bir qəbilə hüququ pozulmuş olurdu; oğlanın və ya gəncin ən yaxın qan qohumu olan və onu başqalarından artıq qorumalı olan adam onun ölümünə bais hesab edilirdi; bu qohum ya onu girov qoymamalı idi, ya da müqaviləni yerinə yetirməli idi. Əgər biz germanlarda qəbilə quruluşunun heç bir başqa izini tapmasaydıq da təkcə bu yer kifayət olardı («Lakin Tatsitin vaxtında» sözlərinə qədər sonrakı mətn Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.).
Allahların qürubu və dünyanın məhvi haqqında «Völuspa» adlı qədim Skandinaviya mahnısından bir yerin daha çox həlledici əhəmiyyəti vardır, çünki bu şəhadət daha sonrakı dövrə, az qala 800 il keçəndən sonrakı vaxta aiddir. İndi Banq və Buqqe tərəfindən sübut edildiyi kimi, xristianlıq ünsürlərinin də qatılmış olduğu bu «Qeybdən xəbər verən qadının vəhyi» əsərində, böyük fəlakətdən əvvəlki ümumi pozğunluq və korlanma dövrü təsvir edilərkən, deyilir:
«Broedhr munu berjask ok Atatürk bönum verdask, munu systrungar sifjun spilla».
«Qardaşlar bir-biri ilə düşmənçilik edəcək və bir-birini öldürəcək, bacı uşaqları qohumluq tellərini qıracaqlar».
«Systrung»r–xalaoğlu deməkdir və onların, bacı uşaqlarının qarşılıqlı qan qohumluğundan imtina edəcəkləri şairə qardaş qardaşı öldürməkdən daha böyük bir cinayət kimi görünür. Cinayətin belə ağırlaşması ana tərəfindən qohumluğu bildirən «systrungar» sözü ilə ifadə edilmişdir; əgər bunun əvəzində «syskina-börn»–qardaş və bacı uşaqları–və ya «syskina-synir»–qardaş və bacı oğulları deyilmiş olsaydı, onda ikinci misra birincisinə nisbətən cinayətin ağırlaşması deyil, yüngülləşməsi demək olardı. Beləliklə, hətta «Qeybdən xəbər verən qadının vəhyi» meydana gəldiyi vikinqlər zamanı da Skandinaviyada ana hüququ barəsində xatirə hələ yox olmamışdı.
Lakin Tatsitin vaxtında, hər halda ona ən çox mə'lum olan («Hər halda ona ən çox mə'lum olan» sözləri Engels tərəfindəa 1891-ci il nəşrində əlavə edilmişdir. Red.) germanlarda ana hüququ öz yerini artıq ata hüququna vermişdi; uşaqlar atanın vərəsəsi olurdular; uşaq olmadıqda, qardaşlar, əmi və dayılar vərəsə olurdular. Dayının vərəsəlikdə iştirakına yol verilməsi indicə göstərilən adətin qalması ilə əlaqədardır və habelə sübut edir ki, o zaman germanlarda ata hüququ hələ nə qədər də yeni bir şey idi. Ana hüququnun izlərinə də orta əsrlərdə hələ uzun müddət təsadüf olunur. Hələ o zamanlar, xüsusilə təhkimlilər arasında, uşağın atadan mənşəyinə, görünür, o qədər də e'tibar etmirdilər; belə ki, feodal qaçmış olan təhkimlini müəyyən bir şəhərdən geri istədikdə, məsələn, Auqsburqda, Bazeldə, Kayzerslauteridə olduğu kimi, cavabdehin təhkimli vəziyyətini onun altı nəfər ən yaxın qan qohumu and içib təsdiq etməli idi, həm də bunlar ancaq ana tərəfin qohumları olmalı idilər (Maurer, «Şəhər quruluşu», I, səh. 381).
Yenicə ölüb getmiş ana hüququnun daha bir qalığını germanlarda qadın cinsinə olan elə hörmətdə görmək olar ki, bu, romalılar üçün demək olar anlaşılmaz olurdu. Nəcib ailədən olan qızlar germanlarla müqavilələr bağlanarkən ən e'tibarlı girov hesab edilirdilər; arvad və qızlarının əsir və ya qul ola biləcəyi fikri germanları dəhşətə salır və döyüşdə onların mərdliyini hər şeydən çox artırır; onlar qadında nə isə müqəddəs və peyğəmbəranə bir şey görürlər; onlar hətta ən mühüm işlərdə də qadının məsləhətinə qulaq asırlar; məsələn, Lippedə brukterlər tayfasının qadın kahini Veleda batavların bütün üsyanının canı idi, həmin üsyan zamanı germanlara və belqlərə başçılıq edən Sivilis bütün Qalliyada Roma hökmranlığını sarsıtmışdı36. Evdə arvadın hökmranlığı, görünür, şübHəsizdir; doğrudur, bütün ev işləri onun, qocaların və uşaqların öhdəsinə düşür; ər ov edir, içir və ya heç bir iş görmür. Tatsit belə deyir; lakin o, tarlanı kimin becərdiyini. söyləmədiyinə və qulların yalnız töycü verdiklərini, amma heç bir biyar iş görmədiklərini aydın-aşkar bildirdiyinə görə, görünür ki, yaşlı kişilər kütləsi hər halda əkinçiliyin tələb etdiyi kiçik bir işi görməli idi.
Artıq yuxarıda deyildiyi kimi, nigah forması tədricən monoqamiyaya yaxınlaşan ikili nigah idi. Bu hələ ciddi bir monoqamiya deyildi, çünki ə'yanların çoxarvadlılığına yol verilirdi. Qızların isməti (ketlərin əksinə olaraq) ümumiyyətlə ciddi gözlənirdi; eyni ilə də Tatsit germanlarda nigah ittifaqının pozulmazlığından xüsusi bir rəğbətlə danışır. O, talaq üçün əsas olaraq ancaq arvadın zinakarlığını göstərir. Lakin onun nağılının bu yerində çatışmazlıq çoxdur və bundan əlavə, o, pozğun romalılar üçün çox aydın surətdə fəzilət güzgüsü xidməti görür. Bir şey şübhəsizdir: germanlar öz meşələrində belə müstəsna fəzilət rıtsarları olsalar da, xarici aləmlə yalnız azaçıq əlaqəyə girmək kifayət idi ki, onlar Avropanın qalan orta adamları səviyyəsinə ensinlər; Roma aləmi içərisində əxlaq ciddiliyinin son izi german dilindən xeyli tez aradan qalxdı. Qriqori Turlunu oxumaq kifayətdir. Özlüyündə aydındır ki, əl dəyməmiş german meşələrində hissi zövq cəhətdən Romadakı kimi kəskin bir israfçılıq hökm sürə bilməzdi və, beləliklə, biz hətta cismani işlərdə özünü saxlama kimi bir halı, bütöv bir xəlq üçün heç bir yerdə və heç vaxt ümumi qayda olmayan bu halı germanlara isnad verməsək də, Roma aləminə nisbətən germanlarda bu cəhətdən də kifayət qədər üstünlük qalır.
Qəbilə quruluşundan ata və ya qohumların təkcə dostluq əlaqələrini deyil, habelə düşmənçilik münasibətlərini də irs götürmək təəhhüdü irəli gəlirdi; eyni ilə də verkeld–öldürmək və ya zərər vurmaq üstündə qan intiqamı əvəzində bağışlanma cəriməsi də–irsən keçirdi. Hələ keçən nəsil tərəfindən sırf germanlara məxsus bir tə'sisat hesab edilən bu verkeldin yüzlərlə xalqlarda mövcud olduğu indi sübut edilmişdir. Bu, qəbilə quruluşundan irəli gələn qan intiqamını yumşaltmaq üçün ümumi formadır. Biz buna, həmçinin hökmən qonaqpərəstliyə Amerika hindilərində də təsadüf edirik; Tatsitdə («Almaniya», 21-ci fəsil) qonaqpərəstliyin təsviri Morqanın hindilərdə olan qonaqtqərəstlik haqqında söylədiklərinə, demək olar, ən xırda şeylərə qədər uyğun gəlir.
Tatsit zamanındakı germanların öz tarlalarını artıq qəti bölüşdürmüş olub-olmadıqları və bu barədə bəhs olunan yerləri necə başa düşmək lazım gəldiyi haqqındakı qızğın və sonsuz mübahisə indi keçmişə aiddir. Sübut edilmişdir ki, demək olar bütün xalqlarda əkin yeri qəbilə tərəfindən, sonralar isə kommunist ailə icmaları tərəfindan birlikdə becərilirmiş və Sezarın dediyinə görə, hələ svevlərdə belə icmalar var imiş, bu qaydanın yerini torpağın ayrı-ayrı ailələr arasında bölüşdürülməsi və vaxtaşırı yenidən bölüşdürülməsi tutmuşdur, müəyyən edilmişdir ki, əkin yerinin belə vaxtaşırı yenidən bölüşdürülmosi Almaniyanın özündə bə'zi yerlərdə bizim zəmanəmizə qədər qalmışdır,–bundan sonra həmin mübahisəni hətta xatırlamaq, çətin ki, lazım gəlsin. Əkor germanlar Sezarın söylədiklərindən Tatsitin göstərdiklərinə qədər keçən 150 il ərzində Sezarın svevlərə aşkar isnad verdiyi kimi torpağın birgə becorilməsindən (o deyir ki, svevlərdə bölünmüş və ya xüsusi tarla heç yoxdur) torpağın ayrı-ayrı ailələr tərəfindən becərilməsinə və hər il yenidən bölüşdürülməsinə keçmişlərsə, bu həqiqətən əhəmiyyətli bir təroqqidir; belə qısa müddətdə və kənardan heç bir müdaxilə olmadan torpağın birgə becərilməsindən torpaq üzərində tam xüsusi mülkiyyətə keçilməsi sadəcə qeyri-mümkün kimi görünür. Deməli, mən Tatsitdə onun ancaq yığcam söylədiyini oxuyuram: onlar becərilən torpağı hər il dəyişirlər (və ya yenidən bölüşdürürlər) və bu halda hələ kifayət qədər ümumi torpaq qalır. Bu, əkinçilikdə və torpaqdan istifadə olunmasında germanların o zamankı qəbilə quruluşuna ta' mamilə uyğun gələn bir pillədir («Sezara görə, germanlar qismən» sözlərinə qədər sonrakı mətn Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.)
Bundan əvvəlki abzası mən dəyişdirməyib, əvvəlki nəşrlərdə olduğu kimi, saxlayıram. Bu müddət ərzində məsələ başqa bir şəkil almışdır. Kovalevski (yuxarıya bax, səh. 44) ana hüququna əsaslanan kommunist ailəsi ilə təcrid olunmuş müasir .ailə arasında aralıq pillə olmaq e'tibarı ilə patriarxal ev icmasının geniş miqyasda, bəlkə dəhər yerdə yayıldığını sübut etdikdən sonra, məsələ daha heç də Maurerlə Vayts arasındakı mübahisədə olduğu kimi qoyulmur,–deyilmir ki, torpaq üzərində ümumi mülkiyyət olmuşdur, yoxsa xüsusi mülkiyyət,–məsələ belə qoyulur ki, ümumi mülkiyyətin forması necə idi. Heç bir şübhə yoxdur ki, Sezar zamanı svevlərdə nəinki ümumi mülkiyyət var idi, həmçinin torpaq ümumi qüvvələrlə birgə becərilirdi. Hələ uzun zaman mübahisə etmək olar ki, təsərrüfat vahidi qəbiləmi olmuşdur, yoxsa ev icması, yaxud bunların arasındakı hər hansı bir aralıq kommunist qohumlar qrunu olmuşdur, ya da torpaq şəraitindən asılı olaraq, hər üç qrup mövcud olmuşdur; lakin bax Kovalevski təsdiq edir, ki, Tatsit tərəfindən təsvir edilən qaydalar markaicmanın və ya kənd icmasının mövcud olduğunu deyil, əksinə, ailə icmasının mövcud olduğunu nəzərdə tutur, çox sonralar, əhalinin artması nəticəsində, yalnız bu ev icmasından kənd icması inkişaf etmişdir.
Bu baxışa görə, germanların Roma zamanı yerləşdikləri ərazidə, habelə sonralar romalılardan aldıqları ərazidə olan yaşayış yerləri kəndlərdən deyil, böyük ailə icmalarından ibarət idi, bunlar bir neçə nəsli əhatə edirdilər, becərmək üçün müvafiq torpaq sahəsinə malik idilər və qonşuları ilə birlikdə ümumi bir marka olmaq e'tibarı ilə ətrafdakı boş yerdərdən istifadə edirdilər. Belə olduqda, becərilən torpağı onların dəyişdirməsi haqqında Tatsitin dediklərini həqiqətən aqronomik mə'nada başa düşmak lazımdır: icma hər il başqa bir sahəni becərirdi, keçən ilki əkin yerini isə herikə qoyurdu və ya bu yeri tamamilə ot basırdı. Əhali seyrək olduğuna görə, həmişə xeyli boş yer qalırdı, buna görə də torpağa sahib olmaq üstündə hər cür mübahisə lüzumsuz olurdu. Yalnız əsrlər keçdikdən sonra, ev icmaları üzvlərinin sayı xeyli artdıqda və o zamankı istehsal şəraitində ümumi təsərrüfatla məşğul olmaq daha mümkün olmadıqda, bu icmalar dağıldı; o vaxta qədər ümumi sahiblikdə olan əkin yerləri və çəmənlər indi meydana gələn ayrı-ayrı ev təsərrüfatları arasında artıq mə'lum olan üsulla əvvəlcə müvəqqəti, sonralar isə həmişəlik bölüşdürülməyə başlandı, hərçənd meşələr, örüşlər və sular ümumi istifadədə qalırdı.
Rusiya üçün belə bir inkişafın gedişi tarixən tamamilə sübut edilmiş görünür. Almaniyaya və, ikinci növbədə, qalan alman ölkələrinə gəldikdə isə, inkar etmək olmaz ki, bu fərziyyə, indiyədək hökm sürən və kənd icmasının mövcud olmasını hələ Tatsit vaxtlarına çəkib aparan nöqteyi-nəzərə nisbətən, məxəzləri bir çox cəhətdən daha yaxşı izah edir və çətinlikləri daha asan həll edir. Ən qədim sənədlər, məsələn, «Codex Laureshamensis»37, ümumiyyətlə kənd marka-icmasına nisbətən ev icması vasitəsi ilə xeyli yaxşı izah olunur. Digər tərəfdən, bu izahat özü hələ öz həllini tələb edən yeni çətinliklər və yeni məsələlər doğurur. Burada yalnız yeni tədqiqatlar qəti qərara gətirə bilər; lakin mən aralıq pillə olmaq e'tibarı ilə ev icmasının Almaniyada, Skandinaviyada və İngiltərədə də mövcud olmasının çox ehtimal edilə biləcəyini inkar edə bilmərəm. Sezara görə, germanlar qismən torpaqda hələ yenicə məskunlaşdığı, qismən də daimi məskən üçün yer axtardığı halda, Tatsit zamanı onların artıq arxada tam bir əsrlik oturaq həyatı var idi; buna uyğun olaraq yaşayış vasitələri istehsalı da şübhəsiz tərəqqi etmiş idi. Onlar tirlərdən tikilmiş evlərdə yaşayırlar, hələ meşə əhlinə məxsus ibtidai paltar keyirlər: qaba yun ləbbadə, vəhşi heyvan dərisi; qadınların və ə'yanların kətandan alt paltarı olurdu. Onların yeməyi süd, ət, cır meyvə idi və Plininin əlavə etdiyi kimi, yulaf sıyığı idi (bu hələ indi də İrlandiyada və Şotlandiyada keltlərin milli xörəyidir). Onların sərvəti malqaradan, lakin pis cinsli malqaradan ibarətdir; eküz və inəklər xırda boy, görkəmsiz, buynuzsuz idi; atlar xırda ponilər olub, pis qaçırdı. Pul nadir hallarda və az işlənirdi, həm də yalnız Roma pulu işlənirdi. Onlar qızıl və gümüş şeylər hazırlamırdılar və bunları qiymətləndirmirdilər, dəmir az idi və, hər halda, Reyn və Dunay boyunda yaşayan tayfalarda, görünür, müstəqil hasil edilmirdi, demək olar yalnız kənardan gətirilirdi. Runa yazıları (yunan və ya latın hərflərinə oxşatma) yalnız gizli yazı kimi mə'lum idi və yalnız dinisehrbazlıq məqsədləri üçün işlədilirdi. Adam qurban vermək hələ də adət idi. Bir sözlə, burada qarşımızda barbarlığın orta pilləsindən hələ yenicə yüksək pilləsinə qalxmış bir xalq durur. Lakin romalılarla bilavasitə həmsərhəd olan tayfalarda müstəqil metal və toxuculuq istehsalının inkişafına Roma sənaye məhsullarının asanlıqla gətirilməsi mane olduğu halda, belə bir istehsal, heç şübhəsiz, şimal-şərqdə, Baltik dənizi sahillərində yaradılmışdı. Şlezviq bataqlıqlarında II əsrin axırlarındakı Roma sikkələri ilə birlikdə tapılan silah şeyləri–uzun dəmir qılınc, zirehli geyim, gümüş dəbilqə və s, habelə xalqların köçməsi sayəsində yayılmış olan german metal mə'mulatı, hətta silar əvvəllərdəki Roma nümunələrinə yaxınlaşdığı hallarda da xeyli yüksək inkişaf səviyyəsi ilə fərqlənən tamamilə orijinal bir tipdir. Sivilizasiyalı Roma imperiyasına köçmək İngiltərədən başqa hər yerdə bu özünəməxsus istehsal sahəsinə son qoydu. Bu istehsalın meydana çıxmasında və daha da inkişaf etməsində olan eyniliyi, məsələn, tunc toqqalar göstərir; Burqundiyada, Rumıniyada, Azov dənizi sahillərində tapılan bu toqqalar eyni ingilis və İsveç e'malatxanalarından çıxa bilərdi və bunlar eyni dərəcədə şübhəsiz german mənşəlidir.
İdarəçiliyin təşkili də barbarlığın yüksək pilləsinə uyğundur. Tatsitə görə, hər yerdə ağsaqqallar (principes) şurası var idi, bu şura nisbətən kiçik məsələləri həll edirdi, daha mühüm məsələləri isə xalq yığıncağında həll olunmaq üçün hazırlayırdı; xalq yığıicağı barbarlığın aşağı pilləsində, hər halda bizim bildiyimiz yerdə, amerikalılar arasında, tayfa və ya tayfalar ittifaqı üçün də deyil, yalnız qəbilə üçün mövcuddur. Tamamilə İrokezlərdə olduğu kimi, ağsaqqallar (principes) hərbi başçılardan (duces) hələ kəskin surətdə fərqlənirlər. Ağsaqqallar artıq qismən, tayfa üzvlərinin şərəf bilib gətirdikləri malqara, taxıl və s. kimi hədiyyələr hesabına yaşayırlar; Amerikada olduğu kimi, onları çox zaman eyni bir ailədən seçirlər; Yunanıstanda və Romada olduğu kimi, ata hüququna keçidməsi seçki qaydasının tədricən irsi hüquqa çevrilməsinə və beləliklə, hər qəbilədə ə'yan ailəsinin meydana gəlməsinə kömək edir. Tayfa ə'yanları adlanan bu qədim ə'yanların əksəriyyəti xalqlar köçdüyü zaman və ya bundan bir az sonra məhv olub getmişdi. Hərbi rəislər mənşələrindən asılı olmayaraq yalnız bacarıqlarına görə seçilirdilər. Onların hakimiyyəti kiçik idi və onlar nümunə olmaqla tə'sir göstərməli idilər; qoşunda əsl intizam hakimiyyətini Tatsit aydın şəkildə kahinlərə isnad verir. Həqiqi hakimiyyət xalq yığınçağının əlində idi. Kral və ya tayfa ağsaqqalı sədrlik edir; xalq öz qərarını çıxarır: mənfi qərarı uğultu ilə, müsbət qərarı bəyənmə səsləri ilə və silah oynatmaqla. Xalq yığıncağı eyni zamanda məhkəmə xidməti görür; buraya şikayətlə müraciət edirlər və şikayətləri buradaca həll edirlər, burada ölüm hökmləri çıxarılır, həm də yalnız qorxaqlıq, öz xalqına xəyanət və qeyri-təbii əxlaq pozğunluğu üstündə ölüm cəzası kəsilir. Qəbilələr və ba.şqa bölmələr daxilində də mühakimə ağsaqqalın sədrliyi ilə hamı tərəfindən birlikdə icra edilir, bütün qədim german məhkəməsində olduğu kimi, ağsaqtal yalnız prosesə rəhbərlik edə bilər və suallar verə bilərdi; germanlarda həmişə və hər yerdə hökmü bütün kollektiv çıxarırdı.
Sezar zamanından bəri tayfaların ittifaqları meydana gəlmişdir; bunların bə'zilərində artıq krallar var idi; yunanlarda və romalılarda olduğu kimi, ali sərkərdə tiran hakimiyyətinə can atır və bə'zən buna nail olurdu. Lakin belə uğurlu qəsbkarlar heç də qeyri-məhdud hökmdarlar deyildilər; amma onlar artıq qəbilə quruluşunun buxovlarını qırmağa başlayırdılar. Azad edilmiş qullar ümumən heç bir qəbiləyə mənsub ola bilmədiklərindən tabe mövqe tutmalı olduqları halda, həmin qullar içərisindən yeni kralların istəkli adamları çox zaman yüksək vəzifələrə çatır, sərvət və şöhrət sahibi olurdular. Roma imperiyasının işğalından sonra sərkərdələr də bu vəziyyətdə idilər, onlar indi böyük ölkələrin kralları olurdular. Franklarda kralın qulları və azad edilmiş adamları əvvəllər sarayda, sonra dövdətdə böyük rol oynayırdılar; yeni ə'yanların böyük hissəsi öz mənşəyini onlardan alır.
Kral hakimiyyətinin meydana gəlməsinə bir tə'sisat–drujinalar kömək etmişdi. Artıq biz Amerikanın qırmızı dərililəri arasında qəbilə quruluşu ilə yanaşı olaraq, öz bildikləri kimi müharibə etmək üçün xüsusi birləşmələrin necə yarandığını gördük. Bu xüsusi birləşmələr germanlarda artıq daimi ittifaqlar halını almışdı. Şöhrət qazanmış hərbi başçı öz ətrafına qənimət hərisi olan gənclərdən bir dəstə toplayırdı, onlar həmin başçıya, başçı da onlara şəxsən sadiq olmağa borclu idi. Başçı onları saxlayır və təltif edirdi, onların arasında müəyyən aşağıyuxarı rütbələr qoyurdu; kiçik yürüşlərdə onlar başçı üçün şəxsi mühafizəçilər dəstəsi və həmişə döyüşə hazır qoşun olur, daha böyük yürüşlərdə hazır zabitlər korpusu olurdular. Bu drujinalar nə qədər zəif olmalı idilərsə də və həqiqətən nə qədər zəif olmuşdularsa da,–məsələn, sonralar İtaliyada Odoakr yaxınlığında,–hər halda bunların mövcud olması artıq qədim xalq azadlığının tənəzzülü rüşeymi idi, xalqların köçməsi zamanı və bundan sonra onlar məhz belə bir rol oynamışdılar. Zira, əvvələn, onlar kral hakimiyyətinin meydana gəlməsinə kömək edirdilər; ikincisi artıq Tatsitin qeyd etdiyi kimi, onları mütəşəkkil bir tam halında yalnız daimi müharibələr və quldur basqınları ilə saxlamaq olardı. Soyğunçuluq bir məqsəd olmuşdu. Əgər drujinanın başçısı üçün yaxınlıqda görüləsi bir iş olmurdusa, o öz adamları ilə birlikdə müharibə edən başqa xalqlara tərəf üz tuturdu, çünki orada qənimət əldə etməyə ümidi olurdu; böyük qüvvələr halında Roma bayrağı altında hətta germanların özlərinə qarşı vuruşan yardımçı german qoşunları qismən bu cür drujinalardan toplanırdı. Hərbi muzdluluq sistemi–almanlar üçün rüsvayçılıq və lə'nət–burada öz ilkin formasında artıq mövcud idi. Roma imperiyasının işğalından sonra kralların bu drujinaçıları, azad olmayanlardan və romalılardan ibarət saray xidmətçiləri ilə yanaşı, sonrakı ə'yanların başlıca tərkib hissələrindən ikincisini təşkil etdilər.
Beləliklə, ümumiyyətlə, xalqlar halında birləşmiş german tayfalarında da, qəhrəmanlıq dövründəki yunanlarda və çarlar dövrü adlandırılan dövrdəki romalılarda olan eyni idarəçilik təşkilatı var idi: xalq yığıncağı, qəbilə ağsaqqalları şurası, artıq əsl kral hakimiyyətinə can atan sərkərdə. Bu, qəbilə quruluşunda ümumiyyətlə mümkün ola bilən ən çox inkişaf etmiş idarəçilik təşkilatı idi; barbarlığın yüksək pilləsi üçün ö nümunəvi idi. Cəmiyyət bu təşkilatın öz vəzifəsinə cavab verdiyi çərçivədən kənara çıxdıqda, qəbilə quruluşunun sonu gəlib çatırdı; bu quruluş dağılır, onun yerini dövlət tuturdu.
Dostları ilə paylaş: |