Elmi idrak. Elmi idrak deyildikdə obyekti hissi dünyaya birbaşa, və yaxud müxtəlif cihazlar vasitəsilə açıq olan obyektiv gerçəkliyin bu və ya digər hissəsi olan idrak başa düşülür: təbiət, ictimai və mədəni proseslərin zahiri cəhətləri və s. Elmin əsasını ümuməhəmiyyətli və məntiqi zərurət xassəsinə malik olan anlayış, hökm, əqlinəticə, prinsip, ideya və qanunlarda ifadə olunmuş rasional idrak təşkil edir.
Bədii idrak –incəsənət sferasında gerçəkləşir. O insan və dünyanın obraz və simvollar vasitəsilə qavranılmasıdır. Biz roman, və yaxud povest oxuyarkən, kinoya baxarkən müxtəlif epoxa və mədəniyyətləri dərk etmək imkanı qazanırıq. Ona görə ki, oxucu və tamaşaçı həmişə özünü bədii əsərin personajları ilə eyniləşdirir, təsvir edilən hadisələrin birbaşa iştirakçısına çevrilir. Bədii obraz və simvolların fərqləndirici xüsusiyyətləri onların çoxmənalılığıdır. Bədii əsər nə qədər çoxmənalıdırsa, mənəvi məzmunu bir o qədər çoxölçülüdür. Məhz bunu sayəsində o, mədəniyyətdə əbədi aktual olaraq qalır, bəşəriyyətin klassik irsinə çevrilir.