Azərbaycan döyüşçüləri ön cəbhədə Müharibənin ilk günlərindən minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə
vuruşurdu. 1941-ci ildə Brest qalasının qəhrəman müdafiəçilərinin arasında 44 nəfər azərbaycanlı var
idi. 1941-ci ildə kiçik leytenant İsrafil Məmmədov Novqorod yaxınlığında Pustinka kəndi uğrunda
döyüşlərdə göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı oldu.
Moskva yaxınlığındakı döyüşlərdə fərqləndiyinə görə tank bölməsinin komandiri Həzi Aslanov
Qırmızı ulduz medalı ilə təltif olundu. Borodina çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev
düşmənin 50-dən çox əsgərini məhv etdi. Təyyarəçi Hüseynbala Əliyev Leninqrad göylərində
qəhrəmanlıq götərərək düşmənin 6 təyyarəsini vurub saldı.
1942-ci ilin mayında faşistlər Kerç və Xarkovu ələ keçirdi və Volqaya tərəf irəlilədi. İyulun 25-
də Krasnodar və Maykop tutuldu. Vəziyyət ağır idi. Faşistlər Edelveys planı üzrə Qafqza hücuma
hazırlaşırdılar.
1942-ci il sentyabrın 9-da Azərbaycan SSRİ-də hərbi vəziyyət elan olundu. Bakıda müdafiə
rayonu yaradıldı. Düşmən 1942-ci ildə 71 dəfə, 1943-cü ildə isə 3 dəfə Bakının səmasına soxulmağa
cəhd göstərdi. Faşistlər Bakı üzərində 96 hərbi təyyarəsi məhv edildi.
Qafqazın Mozdok rayonundakı döyüşlərdə 402, 416 və 223-cü il Azərbaycan diviziyaları iştirak
edirdi. Sovet Ordusunun Şimali Qafqazı azad etmək əməliyyatlarında Azərbaycan diviziyalarının
döyüşçüləri böyük əsgəri rəşadət göstərdilər. 77-ci milli diviziya Şimali Qafqazın Kerç, Mozdok,
Stavropol və Rostov şəhərlərinin geri alınmasında iştirak etdi. 416-cı diviziya Şimali Qafqaz və Azov
dənizi sahillərinin azad edilməsidə böyük rol oynadı. Tuapse uğrunda döyüşlərdə Qafur Məmmədov
düşmənin 13 əsgərini öldürdü və həyatı bahasına komandiri xilas etdi. Ölümündən sonra ona Sovet
İttifaqı Qəhrəmanı adı verildi. Qafqazda alman ordularının darmadağın edilməsi Azərbaycanı faşist
istilası təhlükəsindən qurtardı.
1942-ci ildə Stalinqradda döyüşlərdə göstərdiyi igidliyə görə Həzi Aslanov Sovet İttifaqı
Qəhrəmanı adını aldı. 1943-cü ilin fevralında alman ordusu Stalinqrad ətrafında tamamilə darmadağın
edildi. Bu qələbədən sonra müharibənin gedişində əsaslı dönüş yarandı.
1943-cü ilin yay hücumu zamanı Nəcəf Əjdərov Oryol şəhəri üzərinə qələbə bayrağını sancdı.
Hərbi təyyarəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqləndilər.
Taqanroq şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə 416-cı diviziyaya Taqanroq
diviziyası fəxri adı verildi. Hərbi əməliyyatlarda qəhrəmanlığına görə 271-ci diviziya Qorlovka
diviziya fəxri adını aldı. 416-cı və 77-ci diviziyalar İkinci dərəcəli Suvorov ordeni ilə təltif olundular.
1944-cü il iyunun 29-30-da H.Aslanov komandanlıq etdiyi 35-ci qvardiya-tank briqadası Berezina
çayını keçib Pleşşenitsi şəhərini azad etdi. 1944-cü ildə ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı
Qəhrəmanı adı ilə təltif olunmağa təqdim edildi. Lakin bu fərman haqda fərman onun ölümündən 47il
sonra, 1991-ci ildə həyata keçirildi. H.Aslanovun tank briqadası Pribltikanın azad edilməsində də fəal
iştirak etdi. Lakin o, 1945-ci il yanvarın 24-də döyüş əməliyyatları getməyən bir yerdə, müəmmalı
şəkildə həlak oldu.
SSRİ-ərazisi faşist işğalçılarından təmizləndikdən sonra milli Azərbaycan diviziyaları Şərqi
Avropanın azad edilməsi əməliyyatlarında iştirak etdilər. 223-cü diviziya Yuqoslaviyanın azad
edilməsində fəal iştirak etdiyinə görə fəxri Belqrad diviziya adını aldı. Polşa və Çexoslovakiyanın azad
edilməsi uğrunda döyüşlərdə 271-ci diviziya iştirak etdi və bu zaman Ziya Bünyadovda daxil olmaqla
20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1945-ci ilin fevralında 416-cı
diviziya Oder çayı sahilini çıxaraq Berlin üzərinə yeridi və mayın 2-də Berlinin Brandenburq darvazası
üzərinə qələbə bayrağı sancdı. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet
İttifaqı Qəhrəmanı adına layiq görüldü.