Şimali Azərbaycanda sosial vəziyyət. XX əsrin başlanğıcında çarizmin milli müstəmləkə zülmü və kapitalist münasibətlərinin inkişafı
Şimali Azərbaycanda əhalinin sosial tərkibinə ciddi təsir göstərmişdi. Belə bir şəraitdə sənaye və
ticarət burjuaziyasının xüsusi çəkisi artırdı. Artıq əsrin son illərində Şimali Azərbaycanda çoxmillətli
fəhlə təbəqəsi təşəkkül tapmışdı.
Əsrin əvvəllərində Azərbaycan tədricən aqrar-sənaye ölkəsinə çevrilməkdə idi. Kənddə sosial
təbəqələşmə kəndlilərin içərisindən kənd varlılarının və qolçomaqların ayrılmasına gətirib çıxarırdı.
Kəndlilərin qəsbkarlıq dalınca getməsi kənddə ictimai təbəqələşməni göstərən əlamətlərdən biri idi.
Mülkədarların bir qismi çarizmin müstəmləkə əsarətinə nifrət edir, xalqın sosial-iqtisadi
vəziyyətini yaxşılaşdırmaq üçün yollar axtarırdılar. Məşhur Gəncə mülkədarı İsmayıl xan
Ziyadxanlının yaratmış olduğu "Müdafiə" Partiyasının proqramında kəndlilərin həyatının
yaxşılaşdırılması və kənddə mədəniyyətin yüksəldilməsi nəzərdə tutulurdu. Mülkədarlardan Allahyar
bəy Zülqədərov, Fərrux bəy Vəzirov və b. da hamişə yoxsullara kömək edirdilər. Lakin ümumilikdə
Şimali Azərbaycan kəndlərində sosial münasibətlər kəskin idi.
Azərbaycan şəhərlərində isə fəhlələrlə sahibkarlar arasında ziddiyyət getdikcə kəskinləşirdi. Milli
burjuaziyanın H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Səlimxanov, M.C.Əliyev kimi nümayəndələri
müsəlman fəhlələrinin qayğısına qalır, onların maddi vəziyyətinin qismən yaxşılaşmasına nail
olurdular. Məsələn, H.Z.Tağıyevin toxuculuq fabrikində əsasən müsəlman fəhlələri çalışırdı. Fabrikdə
fəhlələr üçün tibb məntəqəsi, məscid, kitabxana var idi. Təşkil olunmuş axşam kurslarında fəhlələr və
uşaqlar pulsuz təhsil alırdılar.
XIX əsrdə çarizmin həyata keçirdiyi koçürmə siyasəti nəticəsində Şimali Azərbaycanın bir sıra
bölgələrində etnik mənzərə dəyişmişdi. XX əsrin əvvəllərində kəndlərdə və şəhərlərdə sistemli şəkildə
davam etdirilən bu siyasət rusların müsəlmanların yaşadıqları kəndlərdə yerləşdirilməsinə xidmət
edirdi. Buna görə də həmin dövrdə Cənubi Qafqazın əhalisinin 10 faizi, Bakı əhalisinin isə 30 faizi
ruslardan ibarət idi.
Ermənilər Ramana, Balaxanı, Sabunçu, Zabrat kəndlərindən azərbaycanlıların köçürülməsini tələb
edirdilər. Lakin əhalinin ayağa qalxması, milli burjuaziyanın qətiyyətli mövqeyi bu çirkin planın
həyata keçirilməsinə imkan vermədi.