Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
9
MÖVZU 6.
Yuxarı və aşağı çənə üçün protez bazisinin sərhədləri.
Mum bazis. Hissəvi çıxan protezlərin çənə sərhədləri.
Protez bazisinin sərhəddi vestibulyar tərəfdən, dişsiz alveol çıxıntı nahiyəsində keçid
büküşündən 0,5-1 mm aşağı keçir. Bazis alveol çıxıntını yəhər şəklində əhatə edərək, prorezin
stabilizasiyasına kömək edir və çeynəmə yükünün böyük sahəyə yayılmasına şərait yaradır. Yuxarı
dodaq yüyəni və yanaq-alveol dartıları nahiyəsində bazisdə kəsiklər aparılır.
Bazisin distal sərhədləri qüsurun lokalizasiyasından və ölçüsündən asılıdır. Ön dişlərin olmaması
zamanı distal sərhəd sərt damağın ön 1/3-i nahiyəsindən keçir, yan dişlər olmadıqda A xəttindən bir
qədər öndə yuxarı çənə qabarları səviyyəsində yerləşir. Alveol çıxıntı və yuxarı çənə qabarları çox
atrofiyalaşıbsa, protez bazisinin sahəsi yüklənmənin qarşısının alınması üçün böyüdülür, bu zaman
protezin fiksasiyası üçün adgeziya qabiliyyəti də artır.
Çənədə dişlər qaldıqda bazis ön və yan şöbələrdə müxtəlif cür yerləşdirilə bilər. Ön dişlər mum
lövhəciyin qalınlığı qədər (1,8 mm) bazislə örtülür, dərin dişləmdə bu sahə tamamilə bazisdən azad
olunur (dişləmin hündürləşməsinin qarşısının alınması və antoqanist dişlərin dişarası məməciklərinə
artıq təzyiqin düşməməsi üçün).
Yan dişlər bazislə diş tacının 2/3-si qədər örtülür ki, bu da bazisin qonşu toxumalara oturmasının
və təbii dişlər nahiyəsində boyunətrafı dişəti kənarının aralanmasının qarşısını alır, dişlərə düşən
təzyiqin bərabər paylanmasına və protezin stabilizasiyasına kömək edir. Sərt damaqda torus olarsa,
onun zədələnməsinin və protezin balanslaşmasının qarşısının alınması üçün bazisin bu törəmənin
selikli qişası ilə kontaktına yol vermək olmaz. Bunun üçün bazisin daxili səthində torusun yerləşdiyi
yerdə dərinliyi 0,5 mm olan izolyasiya (kamera) yaradılır.
Yuxarı çənədə bazisin qalınlığı adətən mum lövhəciyin qalınlığı qədər olur, təbii dişlər
nahiyəsində gələcəkdə ediləcək korreksiya nəzərə alınıb, bir qədər qalınlaşdırılır. Bazisin kənarları
lazımi qalınlıqda və dairəvi olmalıdır.
Dostları ilə paylaş: |