Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
42
MÖVZU 25.
Çənədə bir diş qalması zamanı qıfıllı çıxan protezin hazırlanması.
Stomatologiyanın aktual məsələlərindən biri yuxarı və aşağı çənələrdə bir diş qaldıqda
protezləmədir. Praktik stomatologiyada çənədə bir diş qalması zamanı klammerli hissəvi çıxan protez
hazırlanır. Lakin bu kimi üsullar az effektiv olduğu üçün digər metodlara üstünlük verilməyə
başlanmışdır.
Hissəvi çıxan protezin qıfılla fiksasiyasını yaxşılaşdırmaq üçün məlum olan metodda protezin
mexaniki retensiyası hesabına bazisin sınma riski azalır və estetik görkəm yaxşılaşır.
Diş metal-keramik və ya metal-plastmas qapaq altına yonulur, silikon ölçü götürülür və super
gipsdən model tökülür. Sonra mumdan tac və onun aproksimal səthinin patrisaları modelləşdirilir.
Metaldan patrisa ilə birlikdə qapaq tökülür, ağız boşluğuna daxil edilir. Qapağa keramik və ya
plastmas örtük çəkilir və hazır qapaq ağız boşluğuna daxil edilir. Qapaqla birlikdə çənədən silikon ölçü
alınır və super gipsdən model tökülür. Bu model odadavamlı modellə əvəz olunur. Sonra odadavamlı
model üzərinə gələcək karkasın şəkli çəkilir, mumdan karkas modelləşdirilir. Karkas armatur tordan,
matrisadan, oral və aproksimal tərəflərdən qapağa söykənən elementdən ibarətdir. Sonda metal karkas
tökülür.
Karkas qapaqla birlikdə ağız boşluğuna daxil edilir. Mərkəzi okklüziyanın təyini üçün dişləm
yastıqlı mum bazis hazırlanır. Mərkəzi okklüziya təyin olunur və mum bazis modelləşdirilir.
Modelləşdirmə zamanı karkas bazisə yerləşdirilir. Sonra süni dişlər qoyulur və konstruksiya ağız
boşluğunda yoxlanır. Mum plastmasla əvəz olunur. Sonra patrisalı qapağın və çıxan protez eyni anda
çənəyə oturdulur. Patrisanın matrisada yaxşı retensiya üçün plastmas borucuqdan istifadə olunur.
Bu üsulla protezləmədə çeynəmə təzyiqi protez yatağı selikli qışasına ötürülür. Buna görə də
qapaqda dayaq pilləkəni yaratmaq lazım deyil. Qapaq və patrisalı diş protezin mexaniki fiksasiyasını
yaxşılaşdırır, karkas isə bazisin sınmasının qarşısını alır.
Qıfıllı çıxan protez hazırlanmış xəstələr protezə digərlərindən 2 dəfə tez adaptasiya olunurlar.
|