“Hər vaxt təbiəti gətirək yada,
O bizi duyğusuz, ruhsuz sanmasın
Binalar tikilib, yollar artsa da,
Çinarlar qırılıb yaralanmasın...”
65
“Hər bir dərdin dərmanı torpaqda bitir.”
(Atalar sözü).
Dərman bitkiləri
Orqanizmdəki müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında bitkilərdən istifadə olunur.
Dünya üzrə qəbul olunmuş tibb farmakopeasındakı dərmanların əksəriyyəti bitkilərdən hazırlanır.
Xüsusilə ürək-damar xəstəlikləri üçün işlədilən dərmanlar yalnız bitkilərdən hazırlanılır. Dərman
bitkilərinin də əksəriyyəti təbiətdə yabanı halda yayılmışdır. Elə nadir bitki növləri vardır ki, dövlət
qoruqlarında əkilib becərilir. Onlardan isitməotu, əzvay, nanə, jenşen (yeradamı) və s.-ni göstərmək olar.
Aşağıda dərman bitkilərindən bir neçəsi ilə tanış olaq;
İsitməotu (Centaurium)- Açıqçiçək fəsiləsindən olan çoxillik ot bitkisi, dünyanın hər yerində dağ
ətəyi çəmənliklərdə yayılmışdır.
Azərbaycanda (Naxçıvan MR-da) dərman bitkisinin Centarium pulchellum və Centarium
umbellatum növləri yabanı halda yayılmışdır.
Çoxillik ot bitkisi 35-45 sm hündürlükdə olaraq, açıq yaşıl rəngdə düz (sivri) kənarlı yarpaqları və ağ
çəhrayı dörd üzvülü çiçəkləri vardır.
Bitkinin tərkibində vitaminlər, alkoloidlər, qlikozidlər və başqa maddələr də vardır. Cavan bitkinin
yarpaqlı gövdəsindən bişirilmiş həlimi və qaynadılmış dəmləməsi (o cümlədən də arağı) insandakı
iştahanı artırmaqla həzm prosesini yüngülləşdirir və qurd qovucu xassəyə malikdir.
Xalq təbabətində bitkidən isitmə, qaraciyər və öd xəstəliklərinə qarşı istifadə edirlər.
Yayılması toxumları vasitəsilədir. Həyətyanı sahələrdə bitkini mədəni şəkildə əkib-becərmək olar.
Quşəppəyi- (Capsella)- Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim
qurşaqlarında yayılmışdır. Azərbaycanda (Naxçıvan MR-da) bitkinin yalnız bir növü olan adi quşəppəyi
(Capsella bursa pastoris) vardır.
Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq
rozet formalıdır.
Quşəppəyinin xırda ağ rəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq
şəkillidir.
Quşəppəyi faydalı dərman bitkisidir. Bitkinin tərkibində efir yağı, aşı maddəsi, askorbin turşusu,
alma və limon turşuları da vardır. Bundan başqa bitkinin tərkibində xolin, asetilxolin, tiramin və s.
qiymətli maddələr də vardır.
Quşəppəyi toxumlarının tərkibində 20 %-dək bitki yağı olur. Buna görə də həmin bitki heyvanlar və
insanlar tərəfindən həvəslə yeyilir.
Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə) cövhərindən hazırlanmış məlhəmlə hamilə
qadınlarda uşaqlıq yolu qanaxmasına qarşı (tampon qoymaqla) istifadə edirlər.
Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini,
alaq otu bilərək məhv edirlər. Bitkinin cavan zoğlarından təzə və qurudulmuş halda milli xörəklərdə
istifadə olunur.
Jenşen (yeradamı) (Panax Cinseng)- Daşsarmaşığı fəsiləsindən olan çoxillik ot bitkisidir ki, onun
yerüstü və kökümsov gövdəsindən istifadə olunur. Vətəni Çin və Şimali Koreyadır.
Ətli, ağımtıl-boz rəngli mil şəkilli kökü torpaqda qalmaqla çoxillik dərman bitkisidir.
Bitkinin hündürlüyü 50 sm olaraq, uzun saplaqlı, barmaqvari bölümlü yarpaqlarının kənarı mişar
dişlidir. Açıq-yaşıl rəngli 5 üzvülü çiçəkləri gövdənin ucunda çətir formalıdır. Al-qırmızı meyvələri 2-3
toxumlu və çəyirdəkli olur.
Bitki torpaqda 100 ildən artıq qalaraq inkişaf edir. Jenşen bitkisini 1953-cü ildə Xabarovski (Rusiya)
vilayətində Azərbaycanın Zaqatala ərazilərinə gətirmişlər.
Jenşenin əsas hissəsi olan kökü (400qr-a qədər olur) toplanaraq dərmanlar düzəldilir.
Jenşen kökü hipertoniya, yorğunluq, nervasteniya zamanı əhval ruhiyyəni qaldırır.
Azərbaycanda Böyük Qafqaz və Muxtar Respublikadakı Salvartı yaylasında bu qiymətli bitkinin
oxşar növü yayılmışdır. Təəssüf ki, bitki ot biçini zamanı laqeydliklə məhv olunub vegetasiya dövrünü
başa çatdıra bilmir.
66
At pıtrağı (Afctium)- Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir.
Bitkinin gövdəsi uca və şaxəli, yarpaqları iri və ürəkşəkillidir. Çiçək səbətcikləri “meyvə” verdikdə
asanlıqla saplaqdan qoparaq heyvanların tüklərinə yapışır.
Azərbaycanda bitkinin 4 növü (Naxçıvan MR-da 2 növü) yayılmışdır.
At pıtrağının gövdəsinin tərkibində üzvi turşular, efir yağı və inulin maddəsi vardır. Həmin maddələr
ən çox bitkinin kökündə toplanır.
Bal verən bitkinin kökü və təzə göyərmiş zoğları yeyilir.
Muxtar Respublikanın bütün rayonlarında çəmənlik və dağ ətəyi otlaqlarda at pıtrağı bitkisi
yayılmışdır.
Xalq təbabətində bitkinin kökündən bişirilmiş həlim ilə tərlədici dərman hazırlanır. Bundan başqa
kök həlimi revmatik, podaqra və dəri xəstəliklərinin müalicəsində işlədilir.
Bitkinin yayılması toxumları ilə olaraq külək və digər amillərlə çoxalır.
Azərbaycanda 800-ə qədər dərman bitkiləri aşkar edilmişdir. Milli E.A.-nın Naxçıvan bölməsinin
Bioresurslar İnstitutu tərfindən Muxtar Respublikadakı dərman bitkiləri
mütəxəssislər tərəfindən tədarük edilir, çeşidlənir və “yaşıl aptek” vasitəsilə təbabətdə istifadəyə
verilir.
Azərbaycanda 52 növ dərman bitkisi sənaye əhəmiyyətlidir. Muxtar Respublika ərazilərində
yayılmış dərman bitkiləri aşağıdakı xəstəliklərin müalicəsində tətbiq olunur;
1) Mərkəzi sinir sistemi xəstəlikləri müalicəsində pişikotu (Valeriana officinalis l.), jenşen (Panax
Cinseng) və s.
2) Ürək-damar sistemi xəstəlikləri müalicəsində xoruzgülü (Adonis vernalis l.), yemişan
(Crataegus) və s.
3) Spazmolitik və ağrəkəsən xəstəliklərin müalicəsində xanımotu (Atropa belladona l.), bat-bat
(Hyoscyamus niger l.), kəklikotu (Thymus vulgaris), nanə (Mentha piperita), şüyüd (Anethum
graviolens) və s.
4) Tənəffüs orqanları xəstəlikləri müalicəsində gülxətmi (Althae officinalis), ardıc (Juniperus),
biyan (Gtycyrrhiza gtabra l.),andız (Znula) və s.
5) Mədə-bağırsaq xəstəlikləri müalicəsində zəncirotu (Taraxacum), bağyarpağı (Plantago),
çaytikanı (Hippophae rhamnoides l.), günəbaxan (Helianthus annuus), kələm (Brassica oleracea) və s.
6) Qaraciyər, öd kisəsi, böyrək və sidik yolları xəstəlikləri müalicəsində dağtərxunu
(Fanacetum), zirinc (Berberis vulgaris),qarğıdalı (Zea maus),itburnu (Rosa caninal) və s.
7) Qankəsən və daxili qanaxmaların müalicəsində gicitkan (Urtica l.), zirinc (Berberis vulgaris),
quşəppəyi (Capsella), çaytikanı (Hippophae rhamnoides l.) və s.
8) Dəri xəstəlikləri müalicəsində dazı (Hypericum l.) ardıc (Juniperus), soğan (Allium cepa),
sarımsaq (Allium sativum) və s.
9) Bağırsaq qurtlarına qarşı balqabaq tumu (Cucurbita maxima), kəklikotu (Thymus vulgaris),
dağtərxunu (Fanacetum) və s.
10) Antiseptik və soyuqdəyməyə qarşı kəklikotu (Thymus vulgaris), sumaq (Rhus coriaria),
badam (Amygdalis comamunis), quşüzümü (Solanum) və s.
11) Göz xəstliklərinin müalicəsində sumaq (Rhus coriaria), nar (Punica granatum) qara ağacın
meyvələri (Ulmus) və s.
67
“Acı dərmanın şəfası şirin olar.”
(Atalar sözü).
Zəhərli bitkilər
Zəhərli bitkilər- tərkiblərində (gövdə, yarpaq, çiçək və s.) zəhərləyici maddələr olan bitkilərdir. Bu
cür bitkilər göbələklər, qıjılar, çılpaqtoxumlu və örtülütoxumlulardır.
Bitkilərin zəhəri insan və heyvan orqanizmi üçün təhlükəlidir.
Azərbaycanda (o cümlədən də Muxtar Respublikada) otlaq sahələrdə 300-dən artıq zəhərli bitki
növləri yayılmışdır ki, onlardan güclü təsirli, zəhərli bitkilər aşağıdakılardır;
1) İtboğan (Colchicum antumnale)
2) Xaş-xaş (Papaver somniferum)
3) Qaymaqçiçəyi (Ranunculusacer)
4) Çöl qərənfili (Agrostemma Githago)
5) Canavar gözü (Daphne mezereum)
6) Küstüşam (Bryonia dioica)
7) Bat-bat (Hgoscyamus niger)
8) Qaraçöhrə (Taxus baccata)
9) Dəlibənd (Datura stramonium)
10) Kəpənək çiçək (Aconitum napellus)
Muxtar Respublika ərazilərində zəif təsirli zəhərli bitkilər də, vardır ki, onlar öldürgən, acılıq,
qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl sarmaşıq (küc), yapışqan otu, mahmız çiçək,
ayı döşəyi, süddüyən, acı biyan, süsən, lalə, üzərlik, birə otu, qaytarma, asırqal, həlməd,
dəmirtikan, xaçgülü, ardıc, sarı kol, kərməşov, şümşad və.s göstərmək olar.
Göbələklər- (Mycetes və ya Fungi)- İbtidai bitkilər qurupuna məxsus olaraq, xlorofilsiz olduğundan,
parazit və ya saprofit şəkildə qidalanırlar.
Göbələklərin növü dünyada 100 mindən çoxdur. Əsasən sporları ilə çoxalan göbələkləri öyrənən
elmə mikologiya deyirlər.
Göbələklər təbiətdə maddələr dövranında iştirak etdiyindən onlardan antibiotik kimi müxtəlif dərman
maddələrinin alınmasında və çörək-pendir sənayesində istifadə edirlər.
Göbələklərin bir qismi yeyildiyindən onları təbiətdə yığaraq, duza qoyularaq və suni yolla da
çoxalırlar.
Zəhərli göbələklər. Azərbaycanda (Muxtar Respublikada) zəhərli göbələklər də yayılmışdır. Onlar
əsasən kənd təsərrüfatı bitkilərindən üzümdə (mildum və oidium göbələkləri), taxıl bitkilərində (pas,
sürmə göbələyi), kartofda (fitoftora göbələyi) və.s insan və heyvan orqanizmində zəhərlənmə verir.
Otlaq sahələrində, kol və meşələrdə olan zəhərli göbələklər aşağıdakılardır;
1) Solğun amanita (Amanita phalloides)
2) Çəhrayılı Lepiota (Lepiota brunneo-incarnata)
3) Oyuqlu entoloma (Entoloma sinuatum)
4) Qırmızı amanta (Amanita muscaria)
5) Yalançı kötük göbələyi (Hupholoma sublateritium)
Yeməli göbələkləri tanımaq üçün, şirin göbələklərdən böcək (Muketophagidae) vardır ki, 3-6 mm
uzunluğunda olaraq üstündə açıq qonur-qara rəngli ləkələri vardır. Həmin böcəklər yalnız yeməli
göbələklərlə qidalanırlar.
68
“Quşları quşla tutarlar,heyvanı çuvalda saxlarlar.”
(Atalar sözü)
Mədəni bitkilərin zərərvericiləri və onlarla mübarizə
tədbirləri
Bitkiçilik kənd təsərrüfatının əsas sahələrindəndir. Mədəni bitkilər insanlara qida, heyvanlara yem,
sənaye sahələrinə isə xammaldır.
Yüksək keyfiyyətli məhsul götürmək üçün mədəni bitkilərin becərilmə üsullarını bilmək gərəkdir.
Bitkilərə uşaq kimi qayğı və nəvaziş bəsləməklə onlardan istənilən məhsuldarlığı əldə etmək mümkündür.
Mədəni bitkilərin məhsuldarlığını artırmaq üçün bitki seleksiyası və toxum əsas şərtlərdəndir.
Bitkilər günəş enerjisindən istifadə etməklə torpaqdan qidalanaraq fotosintez və biokimyəvi proseslər
nəticəsində böyüyərək məhsul verməklə digər canlılardan fərqlidir. Bunun üçün ali bitkiləri (çiçəkliləri)
saxlamaq üçün təbiətdəki zərərverici bitki xəstəliklərindən (bakteriozlardan) və bitki zərərvericilərindən
aqrotexniki üsullarla qorunmalıdır.
Bitki zərərvericiləri mədəni bitkilər ilə qidalanaraq onların böyüyüb inkişaf etməsinə maneçilik
törədirlər. Nəticədə mədəni bitkilərin məhsuldarlığı nəinki aşağı düşür, həmçinin meyvə, yarpaq və
toxumları zədələnərək (hətta kök sistemlərini də) məhv olur.
Bitki zərərvericilərinin əksəriyyəti buğumayaqlılar tipinə məxsusdur. Bu tipə yer üzərində 5 mindən
çox həşəratlar daxildir. Onlardan kələm kəpənəyi, böcəklərdən noxud böcəyi və.s göstərmək olar.
Bundan başqa bitkilərə zərərverən düzqanadlı, torqanadlı, ikiqanadlı böcəklər də vardır ki, onların
sürfələri torpaq altında, bitki yarpağında, gövdə və bəzən də meyvələrin içərisində qalaraq yaşayır.
Bitki zərərvericiləri arasında gənələr, sapvari qurdlar, qarınayaqlılar, gəmirici bitlər və.s ilə yanaşı
bir çox quş növləri də vardır.
Bitki zərərvericiləri elmidə 3 qrupa bölünmüşlər ki, onlar aşağıdakılardır;
1) polifatlar (çəyirtkələr),
2) oliqofaqlar (bağacıqlar),
3) monofotlar (milçəkkimilər) aiddir.
Bitki zərərvericilərinin bəziləri bitkidəki məhsulu viruslarla xəstələndirir və nəticədə keyfiyyət aşağı
düşür.
Mədəni bitkilərə qarşı zərərvericilərlə mübarizə aparılmaqla məhsuldarlığı artırmaq mümkündür.
Bitkiləri mühafizə etmək üçün aqrotexniki, bioloji, kimyəvi və mexaniki üsullardan istifadə olunmalıdır.
Ən əlverişli mübarizə kimyəvi-zəhərli maddələr və təbii (bioloji) üsullardır. Hər növ zərərvericiyə qarşı
mübarizə aparmaq üçün bunların yayıldığı bitkilər müəyyən edilməlidir.
Kimyəvi üsulla aparılan mübarizə tədbirləri məhsuldarlığı artırsa da, məhsulların içərisində qalaraq
insan orqanizminə keçməklə sonradan fəsadlar törədir.
Təbii (bioloji) mübarizə məqsədi ilə bağ və bostanlarda zərərvericilərə qarşı quş yuvaları
düzəltməklə, sanitar quşlar tərəfindən zərərverici həşəratlar məhv edilməlidir.
Naxçıvan MR ərazilərindəki meyvə və bostan bitkilərinə zərər vuran ziyanvericilərdən Asiya
çəyirtkəsi, Afrika çəyirtkəsi, İtaliya çəyirtkəsi və danadişi (buzovburnu), ilbizlər və s. göstərmək
olar.
Taxıl ziyanvericilərindən ziyankar bağacıq, taxıl böcəyi, taxıl mənənəsi və s.-dir.
Paxlalı bitki ziyanvericilərindən yonca uzunburunu, noxud dənyeyəni, paxla odlucası və s.-dir.
Bostan bitkiləri ziyanvericilərindən kələm kəpənəyi, soğan milçəyi və s.-ni göstərmək olar.
Meyvə ağaclarında olan ziyanvericilərdən alma çiçəkqurdu, albalı uzunburunu, yemişan (ərik)
kəpənəyi və s.-ni göstərmək olar.
Üzüm və giləmeyvə ziyanvericiləri filloksera, mərmər böcəyi, tənək yarpaqbükəni və s.-dir.
Naxçıvan Muxtar Respublikası ərazilərində yayılmış bitki zərərvericiləri aşağıdakı kimidir;
1) Asiya çəyirtkəsi- (Locusta migratoria) Düzqanadlılar dəstəsindən olan həşərat Azərbaycanda
(Qafqazda) yayılaraq tək-tək və dəstə halında yaşayırlar. Əsasən onlar taxıl bitkilərinə zərər vururlar.
Göllərdəki qamışlıqlarda yaşayıb çoxalırlar. Dişi çəyirtkənin qoyduğu 2-3 yumurta kisəciyində 50-100
yumurta olur.
Çəyirtkələr əsasən may ayında yumurtlayırlar, sürfələri 40-50 gündən sonra yetkin olur.
69
Mübarizə üsulu təbii (bioloji) surətdə quşlarla və kimyəvi aldadıcı zəhərli yemlərlə (kalsium-arsenat,
heksaxloron və s.) aqrotexniki tədbirlər görülməlidir.
2) İtaliya çəyirtkəsi- (Calliptamus italicus) Çəyirtkəkimilər fəsiləsindən olan qanadlı həşərat, taxıl
və bostan bitkiləri üçün təhlükəli ziyanvericidir. Uzunluqları 14-40 mm-dir. Dişiləri ildə bir dəfə qumsal
torpaqlarda 25-40 yumurta qoyurlar. Çəyirtkənin sürfələri iyul-sentyabr aylarında yumurtadan çıxaraq,
sürü formasında yaşayırlar.
Mübarizə məqsədilə çəyirtkələrin yumurtaları qalan torpaqları şumlamaq və aldadıcı zəhərli yemlərlə
məhv edilməlidir.
3) Danadişi (Buzovburnu)- (Grullota lpidac) Düzqanadlılar fəsiləsindən olan həşəratların
Azərbaycanda 2 növü (G. grullotalpa və G. unispinas) yayılmışdır. Danadişilər qüvvətli qabaq ayaqları ilə
nəm torpağı eşərək bitkilərin cavan zoğlarını yeyirlər. Dişiləri torpaqdakı yuvalarına 60-dək yumurta
qoyur. Erkəkləri gecələr uçaraq, bostan-tərəvəz bitkilərini yeyib məhv edir.
Mübarizə məqsədilə suvarılma vasitəsi ilə zəhərli mayelərdən istifadə etməklə və bostan
kənarlarında 1-1,5 m dərinlikdə çalalar qazmaqla quşlar (bioloji) tərəfindən yeyilərək məhv edilməlidir.
4) Kələm kəpənəyi- (Pieris brassicae) Kəpənəklər fəsiləsindən olan növün ağ rəngli qanadları 50-60
mm-dir. Azərbaycanda kələm kəpənəyi 3-4 il yaşayaraq, xaççiçəkli mədəni bostan bitkilərini yeyib
zədələyir. Kəpənəyin baraması (pupu) torpaq altında qışlayaraq yaz aylarında 300-dək yumurta qoyurlar.
Yaşıl rəngli tırtıllar bitkilərin yarpaqlarını yeməklə sürətlə böyüyürlər.
Mübarizə məqsədilə bostandakı alaq otlarını yığıb yandırmaq, bitkilərə zəhərli kimyəvi mayelər
çiləmək və bostan yaxınlığındakı ağaclarda quş yuvaları qurmaq lazımdır.
5) Taxıl böcəyi- (Carabidae) Böcəklər fəsiləsindən olan zərərverici həşəratın Azərbaycanda iki
(Zabrus tenebrioides) və (Zelon gatus) növləri yayılmışdır.
Böcəklərin özü və sürfələri taxıl zəmilərinə ciddi zərər verirlər. Böcəyin uzunluğu 14-16 mm olaraq,
sürfələri payızlıq taxıl zəmilərindəki torpaqda qalır. Mayın əvvəllərində sürfələr pup halına keçməklə iki
həftədən sonra yetkinləşirlər. Zərərverici böcəklərə dəmyə əkin sahələrində daha çox rast gəlinir.
Mübarizə məqsədilə aqrotexniki və zəhərli kimyəvi dərmanlardan istifadə edilməlidir.
6) Taxıl mənənəsi- (Schizaphis gramina) Mənənələr yarım dəstəsindən olan taxılyeyən cücüdür.
Cücülər əkin yerlərində bitki üzərində yumurtlayaraq qışlayırlar. Sürfələr yaz aylarında əmələ gəlib
qanadsız dişilərə çevrilirlər. İldə 10-15 nəsil verərək buğda bitkisinin yarpaqlarına yapışıb qalırlar.
Mübarizə məqsədilə aqrotexniki, kimyəvi tədbirlər aparılmalıdır.
7) Sürmə göbələkləri- (Ust ilaginales)- Bazıdili göbələklər sırasından olaraq çiçəkli bitkilərdə
əsasən sürmə xəstəliyini törədirlər. Əsasən taxıl və bostan tərəvəz bitkilərinə zərər vururlar.
Azərbaycanda 9 cinsi (79 növü) məlumdur ki, Muxtar Respublika ərazilərində də toxumları üzərində
qalaraq bitkiləri yoluxdururlar.
Sürmə göbələyinin sporları xlamidospor adlanaraq bitkinin çiçək, yarpaq, gövdə və kök sistemində
əmələ gəlir. Bitkinin hər hansı bir yerində xəstəlik baş verərkən həmin yer tünd qara rəngli hislənmiş
örtüklə bürünür.
Sürmə göbələyi xəstəliyi soğanaqlı bitkilərdə geniş yayılmışdır.
Naxçıvan MR-ın bütün rayonlarında sürmə göbələyi xəstəliyi yayılaraq mədəni və nadir bitki
növlərinə ciddi ziyan vururlar.
Mübarizə məqsədilə bitkiçilikdə xüsusi (xəstəliyə dözümlü) toxum əldə etmək, aqrotexniki tədbirləri
aparmaq, səpindən qabaq toxum materialını ziyanvericilərə qarşı kimyəvi dərmanlarla qarışdırmaq
lazımdır.
8) Taxıl birələri- (Chactocnema Chrysomelidae)- Yarpaqyeyən böcəklər fəsiləsindən cücü cinsidir.
Ən çox dənli bitkilərdən taxıla zərər vururlar. Taxıl birələri qış aylarında çöldə quru otların üzərində
yaşayır və payızlıq buğda cücərtiləri ilə qidalanırlar.
Dişilər yumurtalarını taxıl bitkisinin kökünə yaxın torpaqda tökərək, sürfələri bitkinin gövdəsini
yeyərək zədələyir. İki həftədən sonra isə sürfələr böyüyüb pup halına düşürlər.
Zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərindən istifadə olunmalıdır.
70
9) Taxıl bığlıcaları- (Doroadion)- Uzunbığlı böcəklər fəsiləsindən olan cücü cinsidir.
Azərbaycanda 26 növü yayılmışdır ki, onlardan Muxtar Respublikanın taxılçılıqla məşğul olan
təsərrüfatlarında da rast gəlinir.
Əsasən taxıl bitkisinə zərər vuran böcəklər qış aylarında sürfələri payızlıq əkinlərdə (torpaqda)
keçirərək bitkilərin kökü ilə qidalanırlar. Yay aylarında böcəklər yenidən pup halına keçərək torpaqda
qalır.
Mübarizə tədbirləri yalnız kimyəvi zəhərləyici maddələrlə aparılmalıdır.
10) Alma qurdu- (Laspeyresia pomonella) Tortricidae fəsiləsindən kəpənək növü, meyvə
ağaclarından alma, armud, heyva, ərik, şaftalı və başqa meyvələrə ciddi zərər vurur. Kəpənəyin qanadları
tünd boz rəngdə olaraq, yaşıl-ağ rəngli 18 mm uzunluğunda tırtılları olur.
Tırtıllar əsasən ağacın qabığında və anbardakı baramasının (pupun) içərisində qışlayırlar. Yaz
aylarında pupdan çıxan kəpənəklər yarpaq və meyvə üzərində 100-150 yumurta qoyur. Yumurtadan çıxan
tırtıllar dərhal ağacdakı meyvələri zədələyərək içərisinə girirlər.
Tırtıllara qarşı mübarizə məqsədilə payız aylarında ağacın gövdəsindəki çatlamış qabığına 0,2-0,3
%-li zəhərli (sevin) məhlulu çilənməlidir.
11) Meyvə (armud) taxtabitisi- (Hemiptera və ya Heteroptera) Taxtabitilər həşərat dəstəsinin
Azərbaycanda 900 növü vardır.
Armud taxtabitiləri ağacın qabığındakı çatlarda yaşayaraq, 0,7-10 mm-lik yastı bədənində cüt
qanadları olur.
Mübarizə məqsədilə bioloji (quşlarla) üsulla və kimyəvi zəhərli maddələrlə məhv etmək olar.
12) Albalı böcəyi- (Coleoptera Cerasus) Sərtqanadlı həşəratlar sinfinin böcəklər dəstəsidir. Bitkinin
meyvələri ilə qidalanaraq (fitofaqmalar) zədələyirlər.
Böcək yaxşı inkişaf etmiş qanadları ilə uçur və dişi fərdlər yumurta qoyurlar. Yumurtalar sürfə və
pup mərhələsindən sonra yetkin böcəyə çevrilirlər.
Mübarizə məqsədilə albalı bağını (ağacları) payız və yaz aylarında zəhərli kimyəvi maddələrlə
dərmanlamaq lazımdır.
13) Qanlı mənənə- (Eriosoma lanigerum) Mənənələr fəsiləsindən olan qara və tünd qonur rəngli
(öldürəndə qırmızı qanı çıxır) həşəratdır. Alma, ərik, alça ağaclarının budaqlarında dəstə halında qabığa
yapışaraq şirəsini (üzvi maddələri) sorurlar. Qanlı mənənə meyvə bağları üçün ən qorxulu həşəratdır.
Parazit həşəratları əvvəllər ABŞ-dan ölkəmizə gətirilərək Qafqazda da yayılmışdır.
Mənənələr yaz-yay aylarında 19 nəsil verirlər. Əsasən payız və qış aylarında mənənələr ağacların
yapışdıqları gövdələrində qışlayırlar. Onlar ağacın şirəsini soraraq, qabığında çatlarla fırların əmələ
gəlməsinə səbəb yaradır. Nəticədə meyvə ağacları inkişafdan düşərək məhsuldarlığı azalır. Qanlı
mənənədən cavan toxmacar bitkilər daha çox zərər çəkir.
Mübarizə məqsədilə toxmacarlar dezinfeksiya olunmalı, bağlarda qanlı mənəniyə qarşı bioloji üsul
olan minici-afelinus (Aphelinus mali) parazit həşəratını buraxmaq lazımdır. Mənənəli ağaclar kimyəvi
insektisidlərlə çilənməli və kök pöhrələri qazılıb yandırılmalıdır.
14) Minici afelinus- (Aphelinus mali) Pərdəqanadlılar dəstəsindən olan minicilər (Lchneumonidae)
parazit həşəratlardır. Dünyanın hər yerində yayılmışdır. Bədənini uzunluğu 0,4-5 sm olan həşəratın 1250-
dək cinsi (60 mindən çox növü) o cümlədən də Azərbaycanda (Qafqazda) 330 növü məlumdur.
Minici-afelinus sürfələrini ağac və bitkilərdə zərərverici həşəratların (tırtılların) bədəninə uzunsov
“neştər” ilə batırmaqla həmin tırtılı ifliz edib bitki zərərvericisini məhv edir.
Minici-afelinuslar əsasən çiçəklərin şirəsilə qidalanır, ağaclarda olan qanlı mənənəyə qarşı bioloji
mübarizə aparırlar. Parazit minicilər meyvə bağlarında kimyəvi mübarizə tədbirləri aparılarkən digər
həşəratlarla birlikdə məhv olurlar.
15) Unlu yastıcası (Koksidlər)- (Coc coidea) Yastıcalar-bərabərqanadlı həşərat yarım dəstəsidir.
Bədəninin uzunluğu 1-7 mm-dir. Dişiləri zəif inkişaf etmiş, bədənləri yastı, şişkin, oval və sair
şəkildə qanadsız və hərəkətsizdirlər.
71
Erkəklərin adətən bir cüt qanadları olaraq, hərəkətlidirlər. Dişiləri və süfrələri bitkinin şirəsini
soraraq qidalanır. Erkək yastıcalar isə bundan fərqli olaraq qidalanmırlar. Yastıcaların elmidə indiyədək
7000 növü məlumdur.
Azərbaycanda əsasən subtropik bitkilər əkilən Lənkəran-Astara rayonlarında yayılaraq sitrus
bitkilərindən limon və portağal meyvələrinə ciddi zərər vurur. Xarici ölkələrdən gətirilmiş sitrus
meyvələri ilə Naxçıvan Muxtar Respublikası ərazilərindəki üzüm və limon bitkilərini də yoluxdurmuşdur.
Parazit həşəratlarla mübarizə məqsədilə üzümlüklərdə kimyəvi zəhərli maddələri yağışdan sonra
dərmanlanmalı, limon bitkisinin yarpaqları isə qıcqırdılmış tənbəki məhlulu və sabunlu su ilə yuyulmalı,
lazım gələrsə torpağı dəyişdirilməlidir.
16) Parəbüzən- (Coccinellidae) Böcəklər fəsiləsindən olan, qırmızı bərk qalxanvari qanadları
üzərində 7 ədəd qara xalları olan növü faydalıdır.
Bədənin uzunluğu 4-7 mm, girdə və üstü qabarıq (sferik) formalıdır. Dünyanın hər yerində müxtəlif
növləri yayılmışdır. Azərbaycanda 60-dan çox, Muxtar Respublikada isə 10 növü vardır.
Parəbüzənlərə xalq arasında nənəm oğlan doğdu- qız doğdu, başmaqtikən və s. adlar da deyirlər.
Böcəklər əsasən bitkilərdəki zərərverici həşəratlardan mənənə, yastıca və onların sürfələri ilə
qidalanır.
Kənd təsərrüfatı bitkilərinə zərərverənlərə qarşı bioloji mübarizə məqsədilə insanlara xeyir verən
böcəkdir.
Parəbüzənləri kimyəvi mübarizə üsullarından qorumaqla onların çoxalmasına səbəb yaradılmalıdır.
17) Qarışqalar- (Formicidae) Pərdəqanadlılar dəstəsinin 9 (10) yarımfəsiləsi olan, işlək “əməkçi”
həşəratların yer üzərində 360 cinsi və 7000 növü məlumdur.
Qarışqalar ən çox isti ölkələrdə daha çox yayılaraq, mülaim qurşaqlarda isə növləri azdır. Qafqazda
bu həşəratların 160-dan çox, Azərbaycanda isə 90-na qədər növü yayılmışdır.
Qarışqalar əsasən torpaqda yuva qursalar da onlar həm çürük ağacların koğuşunda və gövdənin çiçək
saplağında da yaşayırlar.
Qarışqalar dəstə (ailə) halında yaşayaraq qanadlı erkək və dişilərdən, yumurtlayan qanadsız
dişilərdən “ məlikə”dən ibarətdirlər. İşçi qarışqanın uzunluğu 0,8-30 mm olur.
Qarışqalar əsasən yuva qurub, yaz və yay aylarında dəstə ilə, qış ayları üçün özlərinə yem (azuqə)
toplayırlar. Qanadlı erkək qarışqalar ilin isti aylarında uçub yuvalarını tərk edir, cütləşmiş dişi
qarışqaların isə qanadları tökülərək və yuvasında yumurtlayırlar.
Dişi qarışqaların yumurtasından çıxan ağ rəngli sürfələrə işçi qarışqalar tərəfindən lazimi qida
gətirilərək verilir. Puplar yetkin qarışqalara oxşasalar da, onlar hərəkətsiz olurlar.
Qarışqaların bəziləri “döyüşkən” olmaqla yuvasının keşiyini çəkirlər. Qarışqalar bir-birləri ilə
bığcıqları vasitəsilə “söhbət” edirlər.
Qarışqalar bitkilərdəki parazit həşərat və bitləri (mənənələri) qoyun kimi “sağırlar”. Onlar yaşıl
mənənələri bir növ “otararaq” parazitlərin ifrazatlarını yalayırlar.
Qarışqalar təbiətsevənlərin dostlarıdır. Beləki sutka ərzində onlar yuvalarına 30 mindən çox müxtəlif
kiçik tırtılları daşıyırlar. Bununla da tırtılları meyvə bağlarından təmizləməklə mədəni bitkiləri
zərəvericilərdən təmizləyirlər. Çalışmaq lazımdır ki, meyvə bağlarındakı qarışqa yuvaları təsadüfən
uçurulub dağıdılmasın.
Dostları ilə paylaş: |