Genetika elminin tədqiqat üsulları:
Müasir genetika, irsiyyət və dəyişkənlik hadisəsini- biokimya, biofizik, sitologiya , embriologiya, mikrobiologiya, zoologiya, botanika,seleksiya, butkiçilik və heyvandarlıq kimi bioloji elmlərin nailiyyətlərinə əsaslanaraq öyrənir. Genetik tədqiqatlar, biologiyanın nəzəri sahəsini və habelə zootexnikanı,baytarlığı, kənd təsərrüfatı heyvanlarının seleksiyasını, bitkilərin seleksiya və toxumçuluğunu, tibb sahəsini xeyli zənginləşdirmişdir.
Molekulyar sahədə genetik tədqiqatların əsas obyekti nuklein turşuları – DNT və RNT –nin molekullarıdır.Bunlar irsi informasiyanın saxlanılmasını,ötürülməsini və realizə olunmasını təmin edir.
Virusları,bakteriyaları, göbələkləri, bitki və heyvan hüceyrələrini orqanizmdən kənar ( in vitro ) becərmək və onların nuklein turşularını öyrənmək, orqanizmlərin həyat fəaliyyəti prosesində genlərin təsirinin qanunauyğunluqlarını müəyyən etməyə imkan verir.
Genetikada hüceyrə səviyyəsində irsiyyət hadisəsini sitogenetika bölməsi öyrənir.
Sitoloji üsulun əsas obyekti bitki və heyvan hüceyrələri, həm də virus bakteriyalarıdır. Son illərdə, orqanizmdən kənar somatik hüceyrələri çoxaldaraq tədqiqatlar aparılır.Bu tədqiqatlarda əsasən xromosomların öyrənilməsinə və DNT daşıyan bəzi orqanoidlərə - mitoxondri,plastid, plazmid, ribosomlara diqqət verilir.
Hibridoloji üsul ilk dəfə Qreqor Mendel tərəfindən 1856-1863-cü illərdə əlamətlərin irsən keçməsini öyrənmək üçün işlənilib istifadə edilmişdir. O vaxtdan etibarən həmin üsul genetik tədqiqatlarda əsas yer tutur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, əvvəlcədən seçilmiş və bir-birindən bir,iki və ya bir neçə alternativ əlamətlərə görə fərqlənən valideynlərin çarpazlaşması nəticəsində alınan nəsil öyrənilir.
Birinci, ikinci, üçüncü və lazım olarsa növbəti nəsillərdə alınan hibridlər dəqiq analiz olunur. Bu üsul bitkilərin və heyvanların seleksiyasında mühüm rol oynayır. Bu üsulu rekombinativ üsul da adlandırırlar. Bunun mahiyyəti ondan ibarətdir ki, krossinqover hadisəsi əsasında birinci meyozun profaza mərhələsində homoloji xromosomların xromatidləri arasında homoloji hissələrin mübadiləsi baş verir.
Monosom üsulla bu və ya digər genin hansı xromosomda yerləşməsini və rekombinativ üsulla birgə genin xromosomda yerləşdiyi yeri müəyyən etmək mümkün olur.
Geneoloji üsul – hibridoloji üsulun bir variantı kimi istifadə olunur.Bu üsuldan əsasən insan və heyvanların nəsil şəcərəsini analiz etmək üçün istifadə edirlər.
Əkizlər üsulundan- əsasən xarici mühitin faktorlarının təsirini və onların genotiplə mübadiləsini öyrənmək üçün istifadə edilir.Əkizlər iki tip olur: bir yumurtadan əmələ gələn( biryumurta), iki və yaxud çox yumurtanın mayalanması nəticəsində əmələ gələn ( çoxyumurta).
Mutasion üsul ( mutagenez) hüceyrədə genetik aparatın , DNT-nin , xromosomların, əlamət və xüsusuyyətlərin dəyişilməsində mutagen faktorların təsir xarakterinin müəyyən olunmasına imkan verir. Mutagenezdən kənd- təsərrüfat bitkilərinin seleksiyasında, mikrobiologiyada yeni bakteriya ştammlarının alınmasında istifadə olunur. Bu üsul barama qurdunun seleksiyasında da öz istifadəsini tapıb.
Populyasiya üsulundan, populyasiyalarda irsiyyət hadisəsinin öyrənilməsində istifadə olunur. Bu üsuldan müxtəlif əlamətləri müəyyən edən dominant və ressesiv allellərin tezliyini, dominant və ressesiv homoziqot və heteroziqot orqanizmlərin tezliyini, habelə populyasiyalarda mutasiyanın, təcridin və seçmənin təsiri nəticəsində genetik strukturun dinamikasının müəyyən olunmasını öyrənmək üçüm istifadə olunur.
Fenogenetik üsul orqanizmlərin ontogenezində, genlərin və xarici mühitin, əlamət və xüsusiyyətlərin inkişafına təsir dərəcəsini müəyyən etməyə imkan verir. Mühitin və qidanın dəyişilməsi orqanizmlərdə irsən müəyyən olunmuş əlamət və xüsusiyyətlərin təzahürünə təsir edir.
Biometrik üsul bütün üsulların tərkib hissəsini təşkil edən statistik analizidir.Bu üsul bir qrup riyazi üsullardan ibarətdir.Bunun əsasında alınan nəticələrin ehtimallılıq dərəcəsini müəyyən edərək tədqiqat və nəzarət qrup orqanizmlərin arasında fərqin nə dərəcədə düzgün olduğunu müəyyən etmək olur.
Son illərdə genetikada modelləşdirmə üsulundan da geniş istifadə edirlər.Elektron hesablayıcı maşınlardan istifadə edərək populyasiyalarda kəmiyyət əlamətlərinin nəslə keçməsini öyrənir və bunun əsasında seleksiyada istifadə olunan üsullara qiymət verirlər. Modelləşdirmə üsulu əsasən gen mühəndisliyində və molekulyar biologiyada öz geniş istifadəsini tapmışdır.
Dostları ilə paylaş: |