I FƏSİL
Gürcüstan ərazisində türkmənşəli toponimlər müxtəlif tarixi dövrlərdə yaranmışdır. Bu məsələyə keçməzdən əvvəl “türk” anlayışı haqqında bir neçə söz demək lazımdır.
“Türk” etnonimi müasir türkoloji ədəbiyyatda iki mə’nada işlədilir: birinci, Altay-dil ailəsinin Türk qoluna mənsub olan (qədim dövr üçün mənsub edilə bilən) etnoslar üçün ümumi ad; ikinci, qədim türk etnoslarından biri olmuş və V1 əsrdə Altaydan Cənub- şərqi Avropaya qədər nəhəng ərazidə Türk xaqanlığı adlı imperiya yaratmış bir etnosun konkret adı. Deməli, elə bir etnos mövcud olmuşdur ki, onun etnik adı “Türk” idi; lakin elə etnoslar da olmuşdur ki, onlar özlərinə “Türk” demirdilər, onlar Altay-dil ailəsinin Türk qoluna mənsubdurlar və ona görə də həmin etnoslar üçün türkoloji ədəbiyyatda “Türk mənşəli” yaxud “Türkdilli” ifadələri işlədilir. Həmin qədim etnosların öz etnik adları vardı: skut, saka, kəmər, sarmat, massaqet, usun, hun, qıpçaq,peçeneq,abar,xəzər və s.
Bu qədim etnosların hamısı e.ə. 1X-VIII əsrlərdən başlayaraq dalğalarla Sibir, Orta Asiya və Altaydan Cənub-şərqi Avropaya gəlmiş, oradan müəyyən hissələri Cənubi Qafqaza və Ön Asiyaya keçmiş, bununla da azərbaycanlıların etnik tarixində mühüm rol oynamışlar. Aşağıda bu barədə bəhs edəcəyik.
Qədim etnosların şərqdən qərbə hərəkəti nə ilə əlaqədardır? Bu suala arxeoloci qazıntılar cavab verir ki, e.ə. 11 minilliyin əvvəllərində (e.ə. XVII- X1V əsrlərdə) Sibirdə və Mərkəzi Asiyada Tunc dövrü başlanır və deməli, ilk dəfə bəşər tarixində metal silahlar yaradılır. Bu dövr türkmənşəli əkinçi-maldar tayfaların göstərilən regionda, yə’ni Avrasiyada köçəri maldarlığa keçməsi ilə eyni vaxta düşmüşdü. Təsərrüfatın intensiv forması olan maldarlığın inkişafı və bununla əlaqədar olaraq qoyun sürülərinin və at ilxılarının artması yeni otlaqlara malik olmaq zərurətini qarşıya qoymuşdu. Atdan istifadə və metaldan silahların hazırlanması başqa etnoslara mənsub ərazilərin işğalına şərait yaradırdı. Məhz bu dövrdə Mərkəzi Asiyanı, Altayı, Qazaxıstan çöllərini, Cənubi Uralı və Tyanşanı əhatə edən vahid arxeoloci mədəniyyət təşəkkül tapır(137,55). Arxeoloji ədəbiyyatda Andronovo mədəniyyəti adlanan bu mədəniyyətin səciyyəvi cəhəti ox ucluqları, baltalar, xəncərlər, qılınclar və incəsənətdə “Skif heyvan stili”dir.Bunlar e.əv.I minilliyin əvvəllərindən başlayaraq Cənub- şərqi Avropada yaşamaları mə’lum olan və antik mənbələrdə Kimmer, Sak və Sarmat adlanan etnoslara mənsub qəbirlərdə də aşkarlanmışdır.
Avrasiyada (Altay-Dunayarası ərazidə) e.ə. VIII-VII əsrlərdən mə’lum olan “Skif heyvan stili” (bəbirin və ya pələngin maralı və ya dağ keçisini qamarlaması səhnəsi) Uraldan Dağlıq Altayın cənub şərqinə qədər böyük ərazidə təşəkkül tapmış və türk tayfalarının qərbə hərəkəti ilə Qara dənizin şimal çöllərinə gətirilmişdir(249,13,14). Rus arxeoloqu yazmışdır ki, antik mənbələrdə “Skif” adlandırılmış və Qara dənizin şimal çöllərində e.ə. VII -V1 əsrlərdə yaşamış tayfalar, yə’ni skiflər Sibir mədəniyyətinin varisləridir(250,258). Aydındır ki, bu mədəniyyət yaradıcıları İrandilli tayfalar ola bilməzdi. Elə ona görə də kimmerlərin, skiflərin, sakların və sarmatların İrandilli sayılması, bununla da Cənubi Qafqazda və Cənubi Azərbaycanda e.ə. I minilliyini əvvəllərindən başlayaraq İrandilli tayfaların yaşadığı fikri tamamilə yanlışdır.
Bir qrup rus tarixçicinin fikrinə görə, guya e.ə. 1 minillikdə Çindən Dunaya qədər bütün tayfalar İrandillilər idi. Bir neçə misal göstərək: Sak-skif tayfaları Çindən Qara dənizin şimal çöllərinə qədər İrandillilər idi(251,12) Minillikdə İrandilli tayfalar Çindən Dunaya qədər yayılmışdı. (252,3).E.ə. 1 minilikdə Çindən Macarıstana qədər ərazidə irandilli saklar və skiflər yaşayırdılar (253,15). həmin minillikdə Şərqi Avropa çöllərində İran dialektləri yayılmışdı (254,138) və s. Bütün bu fikirlər sadəcə olaraq qədim türk xalqlarının tarixinə qarşı açıq düşmənçilikdir. E.ə. 1 minillikdə Cənub- şərqi Avropada yaşayan skiflər və saklar İrandillilərdirsə, onda rus arxeoloqu S.V. Kiselyovun Altayda e.ə. minilliyə aid aşkar etdiyi arxeoloci mədəniyyət skif mədəniyyətidir (255,487). Guya irandillilər Altayda arxeoloci mədəniyyət yaratmışlar və Altayın qədim sakinləri də irandillilər imiş. Elmi dəlillər sübut edir ki, minillikdə Cənub şərqi Avropadan Cənubi Qafqaza gəlmiş kimmerlər, skiflər və saklar qədim türkdilli olmuşlar.
Azərbaycanda çoxminillik etnik prosesin bir səciyyəvi prosesi olmuşdur: e.ə. VIII-VII əsrlərdən başlayaraq şimaldan və cənubdan türkmənşəli tayfaların gəlməsi etnik prosesin uzunmüddətli getməsini şərtləndirmişdir.Yuxarıda deyildiyi kimi, hər dəfə etnik prosesə yeni-yeni türk etnik komponentləri daxil olunurdu.Digər tərəfdən, Azərbaycanın etnik və dövlət sərhədləri də tez-tez dəyişirdi.Etnik prosesin uzunmüddətli gedişi üçün sərhədlər sabit olmalıydı. Ona görə də xalqımızın formalaşması prosesində konsolidasiya (gəlmə türk tayfalarının ondan əvvəlki yerli türkdilli əhali ilə qaynayıb qarışması) vaxt baxımından uzun sürmüşdü. Bu proses həm də yerli Dağıstandilli və İrandilli tayfaların qismən assimilyasiyasını da şərtləndirirdi.
Cənubi Qafqaza ilk türkmənşəli tayfaların gəlməsi e.ə. VIII-VII əsrlərdə kimmerlərdən və saklardan başlamış və eramızın XII-XIII əsrlərinə qədər davam etmişdir. Cənubi Qafqazda, xüsusilə indiki Şimali Azərbaycan və Ermənistan əraziləri e.ə VII əsrdə gəlmiş sakların yurdu olmuşdur. Bizcə Azərbaycan ərazisində Azərbaycan xalqının təşəkkülündə türkdilli saklar mühüm rol oynamışlar. Ona görə ki, Şimali Azərbaycanda, Ermənistanda və Borçalı bölgəsində sakların tərkibində gəlmələri ehtimal olunan Alban, Qarqar, Quqar, Basin, Şamak, Şarvan,Gəncə, Uti, Şirak və b. tayfaların(bax: 13) adları erkən orta əsrlərdə mövcud toponimlərdə öz əksini tapmışdır. Azərbaycanda türkmənşəli tayfalar e.ə. 1 minillikdə artıq aparıcı rola malik idilər.
Azərbaycan dili Oğuz dilləri qrupuna daxildir. Bu onunla bağlıdır ki, əvvələn, X1-XII əsrlərdə Azərbaycanda və ona bitişik bölgələrdə kütləvi surətdə məskunlaşmış oğuzlar ondan əvvəlki yerli türktipli Azərbaycan dilinə güclü tə’sir etmişdir. Digər tərəfdən, Azərbaycanın hər iki hissəsində eramızın ilk əsrlərindən e’tibarən məskunlaşmış hunlar, qıpçaqlar, peçeneqlər, xəzərlər, avarlar və b. məhz oğuzların əcdadları ilə mənşə birliyinə malikdirlər. Xəzərlərin bir tayfasının Uğuz adlandığı da mə’lumdur. XVIII əsr müəllifi Əbülqazi xan Xivəli Şərqi Hun çarlığının məşhur xaqanı Meteni ( e.ə. IV əsr) Oğuz xaqan adlandırır. Deməli, indi Oğuz dilləri qrupuna məxsus fonetik xüsusiyyətlər adlarını sadaladığımız qədim türk tayfalarının dillərində də vardı. Məsələn, türkmən dili Oğuz dillər qrupuna aiddir, lakin türkmənlərin etnogenezində Orta Asiyada e.ə. I minillikdə yaşamış saklar və onların qolları olmuş massaqetlər, abdallar(ağ hunlar), kuşanlar (quşçular) və nəhayət Səlcuq oğuzları iştirak etmişlər. Bu tayfalar Azərbaycan xalqının etnik tarixində də mühüm rol oynamışlar.
Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanda və Ermənistanda yaşayan azərbaycanlılarla eyni qədim türk tayfaları əsasında formalaşmışlar.
Bununla əlaqədar olaraq həm də güman etmək olar ki, e.ə. III minilliyi (Erkən Tunc dövrünü) əhatə edən Kür-Araz arxeoloci mədəniyyətinin yaradıcıları içərisində türkmənşəli etnoslar da vardı. Bütün tədqiqatçılar bu fikirdə yekdildirlər ki, bu mədəniyyət gəlmə tayfalara mənsubdur. Həm də aydındır ki, bu gəlmələr semit (sami) və İranmənşəli tayfalar ola bilməzdilər.
Kür-Araz mədəniyyətinin mənşəyi haqqında yazmış tədqiqatçılara görə bu gəlmələr şimaldan (100, 1-4), qərbdən (132), şərqdən və ya cənubdan (229,111) gəlmişlər. Lakin O.M.Caparidze bu mədəniyyətin ümumkartvel (gürcü) dil ailəsi mənşəli tayfalara mənsub olduğunu yazmışdır (122). Halbuki Kür-Araz mədəniyyəti Gürcüstanın qərb rayonlarını əhatə etmir. Tədqiqatçılara görə bu mədəniyyət Cənubi Azərbaycanın Urmiya gölündən Araza qədər və Şimali Qafqazı əhatə edir. İ.M.Dyakonov və İ.Starostin Kür-Araz mədəniyyəti barədə yazmışlar: "Predelı rasprostraneniə xurritov v Perdney Azii sovpadaöt s qraniüami rassprostraneniə Kura-Araksskoy kulğturı"(128).
Şimali Qafqazın qədim tarixi üzrə mütəxəssis arxeoloqlardan M.Munçaev bu mədəniyyəti Qafqaz-dil mənşəli tayfalara aid etmişdir (171, 164). E.İ. Krupnov da bu mədəniyyətin Qafqazdilli tayfalara aid olduğu yazır.
Bu fikirlərin hamısı gələcəkdə araşdırılacaqdır. Bununla belə Arazdan cənubda və ümumiyyətlə Ön Asiyada türkmənşəli tayfaların hələ eradan əvvəlki minilliklərdə yaşaması faktı nəzərə alındıqda Kür-Araz mədəniyyətinin etnik atribusiyası problemi yeni istiqamət alır. Hələlik elmi məxəzlərdə Cənubi Qafqazda türkmənşəli tayfaların e.ə. VIII-VII əsrlərdən e’tibarən yaşadıqları şübhəsizdir. Biz Şimali Azərbaycanda və indiki Ermənistan ərazisində olduğu kimi Gürcüstanda da ilk türkmənşəli tayfaların göstərilən əsrlərdən məskunlaşmağa başladığını qəbul edirik.
Gürcüstanda türk tayfalarının məskunlaşmasının aşağıdakı dalğaları müəyyən olunur.
E.ə. VIII-VII əsrlərdə kəmərlər (kimmerlər) və saklar (sakların tərkibində alban, basian, qarqar,quqar, şamak, şarvan, şirak, uti və b. tayfalar var idi. Erkən orta əsrlərdə hun tayfaları (hunlar, kəngərlər, peçeneqlər, aranlar, qeruslar və b.), avarlar, xəzərlər, qıpçaqlar və nəhayət XI-XII əsrlərdə oğuzlar mövcud olmuşlar.
Gürcüstanda bir sıra dağ adları türk tayfalarının adlarını özündə saxlamışdır: Kuldaq, Gödəkdaq, İncədaq, Sakyurd və b.
Cənubi Qafqazda, o cümlədən Gürcüstan ərazisində və Şərqi Anadoluda e.ə. VIII əsrdə məskunlaşmış ilk türkdilli tayfa antik mənbələrdə “Kimmer” adlandırılmışdır. Bu etnonimin əsl forması “Kəmər” olmuşdur(bax:12;13).
Cənubi Qafqazdan Ön Asiyaya keçmiş kimmerlər Assur çarı II Sarqonun (e.ə.722-705) dövrünə aid assurca yazıda da Qamer adlandırılır. Kimmerlər aşağıda deyəcəyimiz kimi, Ön Asiyaya Şərqi Anadoludan keçmişdilər. Şərqi Anadoluda Karasu çayı ilə Kızıl İrmak çayı arasındakı bölgə indi də Kəmərək adlanır. Deməli, Assur mənbəyində çəkilən Qamer elə indiki Kəmərəkdir. Azərbaycanda ( o cümlədən Cənubi Azərbaycanda), Ermənistanda , Gürcüstanda, Şərqi Türkiyədə Kəmərli və Qəmərli kənd adları da “Kimmer” etnoniminin əslində Qəmər (Kəmər) olduğunu göstərir. X1X əsrdə Cənubi Qafqazda Kəmərli adlı 10 kənd vardı (181,111). Həmin kəndlərin hamısının əhalisi türkdilli idi. Kimmerlərin Cənubi Qafqazda və Ön Asiyada başçılarının assurca yazılışda adları da türkcədir: Teuşpa, türk dillərində tuş “qızıl bəzək” və bay sözlərindən (assurca “y” səsini verəcək işarə yox idi); Tuqdame, türk dillərində tuq “döyüş bayrağı” və tomay “bəzək” sözlərindən; Sandakur, türk dillərində sandı (adlı-sanlı, məşhur) və kür “möhkəm”, “səbatlı” sözlərindən və s.(bax: 13, 132-133).
Kəmərlərin Cənubi Qafqazda fəaliyyəti barədə mə’lumat azdır.Q.A.Melikişvili yazır ki, kimmerlərin hamısı Ön Asiyaya getməmişdi, onlar Cənubi Qafqazın bə’zi yerlərində yaşamaqda idilər (164,223). Azərbaycanda və onun Gürcüstanla həmsərhəd bölgəsində, habelə Ermənistanda Kəmərli və Qəmərli, Gürcüstanda Qomaro,Qomareti ,Kəmərli,Kəmərta kənd adlarında saxlanmışdır.
Cənubi Qafqaza gəlmiş kəmərlərin etnik tərkibi, yə’ni onlar içərisində olan tayfaların adları mə’lum deyil. Gürcü tədqiqatçıları kimmerlərdə (kəmərlərdə) bir tayfanın Trer adlandığını və bu etnonimin Gürcüstanın Borçalı bölgəsində Trialeti toponimində əks olunduğunu yazmışlar(164,35; 180, 1,213). Gürcü mənbələrində Trialeti adı X1 əsrdən mə’lumdur (170,32).
“Trer” tayfa adını ilk dəfə Strabon qeyd etmişdir (Strabon,X1,8.4). Deməli “Trer” etnoniminin əslində necə səsləndiyi mə’lum deyil, çünki Strabon bu etnonimi qədim yunan dilinə uyğun surətdə qeyd etmişdir. “Trialeti” toponimi də bu etnonimin əslini bərpa etməyə imkan vermir, ona görə ki, toponim gürcü dilinin qrammatik qaydaları əsasında yaranmışdır. Şübhəsiz ki, bu etnonimin Strabonun ifadəsində sonu bir sıra qədim türk etnonimləri üçün səciyyəvi “ar”, “ər” (kişi, döyüşçü və s.) və “el” sözləri vardır. Ermənicə mənbələrdə Trialetinin “Trel” kimi yazılışı (164,223) da bunu göstərir. Hər halda fakt budur ki, Borçalı bölgəsində həm kəmər (qəmər, qamər), həm də trer etnonimi toponimlərdə öz əksini tapmışdır.
Saklar. E.ə. VII əsrin əvvəllərində kəmərlərin ardınca şimaldan Cənubi Qafqaza Sak (əsli Saka, yaxud Şaka adlanmış bu tayfa barədə geniş mə‘lumat üçün bax: 154) adlı bir tayfa gəldi. Antik mənbələrdə onlar da ən’ənəvi surətdə “skif” adlanır. Bu tayfa İ.M.Dyakonova görə Saka adlanırdı (127, 244).
Qərbi Avropa və rus tarixşünaslığında saklar irandilli etnos hesab olunurlar. Bu, tamamilə uydurmadır.
Rus arxeoloqları Sak mədəniyyətinin Mərkəzi Asiya və Altayın Tunc dövrünə aid Andronova mədəniyyəti üzərində yarandığını yazmışlar. Həmin tədqiqatçılar qeyd edirlər ki, bu mədəniyyət e.ə. II minilliyin II yarısından e’tibarən Volqadan Sibirin cənub şərqinə qədər böyük bir ərazini əhatə edirdi. Sakların e.ə. V111-V11 əsrlərə aid silahları, ox ucluqları, at yüyəni və s. məhz Tunc dövründə göstərilən ərazilərdə təşəkkül tapmışdır. Qədim müəlliflər də sakların türkmənşəli olduğunu yazmışlar. Məsələn, Bizans tarixçisi Menandr 568-ci ildə yazmışdır ki, türklər qədimdə Saka adlanırdılar (96,17).
E.ə. V111 əsrdə mə’lum olmayan səbəblərə görə Orta Asiya və Qazaxıstan saklarının bir hissəsi Cənub-şərqi Avropaya hərəkət edərək Qara dənizin şimalına gəldilər. E.ə. V əsr müəllifi Herodot Qara dənizin şimal çöllərində yaşayan skiflərin bir hissəsinin Araz (Sır-Dərya) çayına keçərək Qara dənizin şimal çöllərində yaşayan kimmerlərin ərazisinə gəldiklərini yazmışdır. Müəllif bu miqrasiyanın səbəbini sakların Orta Asiyada Massaqet adlanan tayfalar tərəfindən sıxışdırılması ilə əlaqələndirmişdir. Həmin müəllif yazır ki, kimmerlərin çarlarının saklara qarşı vuruşmaq təklifini tayfa yığıncaqlarında əhali rədd etmiş və başqa ölkəyə çıxıb getmək qərarını qəbul etmişdi. Onda kimmerlərin tayfa başçıları başqa qərar qəbul etmişdilər: onlar heç yana getməyəcəklərini demiş və bir-birini xəncərlə öldürmüşdülər. Kimmerlər yığıncaqlarda özlərinə yeni başçılar seçmiş və onların başçılığı ilə Cənubi Qafqaza gəlmişdilər. Saklar kimmerlərin ərazisində çox qalmayaraq e.ə. 680-ci ildə Dərbənd keçidi ilə Cənubi Qafqaz gəldilər və Kür-Arazarası ərazini işğal etdilər. Urartu hökmdarı II Rusanın (e.ə.680-646) hakimiyyəti illərində saklar indiki Ermənistan ərazisini ələ keçirdilər və Urartu sərhədlərinə yaxınlaşdılar. Beləliklə, indiki Ermənistan ərazisi Urartunun tə’sir dairəsindən çıxdı II Rusa e.ə.678-ci ildə kəmərləri ittifaqa cəlb edib saklara qarşı çıxmaq istəsə də, kəmərlər buna razı olmadılar. Yuxarıda deyildiyi kimi sakların təzyiqi altında onlar Cənubi Qafqazdan (və indiki Ermənistan ərazisindən) Şərqi Anadoluya keçdilər və Kızıl-İrmak çayı sahillərinə gəldilər. E.ə. 676-675-ci illərdə kəmərlər Kiçik Asiya ərazisində Friqiya, e.ə. 652-ci ildə Lidiya dövlətlərini yıxdılar (237,66-67). Kəmərlər Şərqi Anadoluda yunan mənbələrində Kappadokiya adlanan əyalətdə məskunlaşdılar. Bundan sonra həmin əyalət Assur mənbələrində Qamer (erməni mənbələrində Qamirk) adlanmağa başladı. Türkiyənin şərqində həmin ərazi indi də Kəmərək adlanır. Orada Qəmərli və Kəmərli adlı kəndlər də vardır.
Tədqiqatçılara görə, saklar Cənubi Qafqazda əsasən Kür-Araz arası ərazidə, o cümlədən indiki Ermənistan ərazisində məskunlaşmışdılar. Aşağıda deyəcəyik ki, onlar həm də Kür çayı ilə Alazan (Qanıx) çayarası əraziyə yiyələnmişdilər. Saklara qədər Gürcüstanda və Azərbaycan Dağıstan sərhəd bölgələrində Qafqazdilli əhali ilə yanaşı Kürdən cənubda Azərbaycan ərazisi sahillərində türkdilli tayfalar da yaşayırdılar. Kür çayı adının hələ kəmərlərdən və saklardan əvvəl mövcud olması (bax yuxarıda) bu faktı bir daha təsdiq elir. İ.M.Dyakonova görə Cənubi Qafqazda sakların mərkəzi indiki Gəncə bölgəsi idi (127,250-251).
Çox qısa şəkildə biz sakların türkdilli olduqlarını göstərən faktları bir daha təkrar edirik. Birinci, arxeoloci qazıntılar zamanı sakların 20 faizində monqolid irqin əlamətləri müəyyən edilmişdir; ikinci, “Avesta” da saklar həm də tur, yaşadıqları ərazi Turan adlanır; üçüncü, sakların Orta Asiya, Cənubi Qafqaz və Ön Asiyadan olan başçılarının (Sirak,Tanay, İşpakay,Kartaz,Eslak,Amorq və b.) adları yalnız qədim türk dillərində izah edilir (bax:12); dördüncü, qazaxlarda Şaqa( mə’lum olduğu kimi, tarixşünaslıqda “Sak” kimi yazılan etnonim əslində “Saka” və “Şaka”dır), özbəklərdə Şakay, Şekey, qırğızlarda Saka və Sake, türkmənlərdə Şaklar və Saklar, noqaylarda Şaukay, xakaslarda Sakay və Saqay,Altay türklərində Sakait və Saqal (Saka + el) adlı türkdilli tayfalar vardır (97,67) və onları qədim Saka (Şaka) etnonimindən ayırmaq olmaz: beşinci,Azərbaycanda,Ermənistanda,İranda,Türkiyədə,Tatarıstana Şəki (Şaki) adlı məntəqələr var və onların hamısının əhalisi türkmənşəlidir; altıncı, e.ə. 521-ci ilə aid Bisütun qaya yazısında sakların “şişpapaq” qoyduqları göstərilir. Keçədən tikildiyinə görə başda dik dayanan konusvarı belə papaq növü “tumak” və “çobak” adları ilə yalnız türk xalqlarında olmuşdur və indi də vardır. Bu faktlar sakların qədim türk mənşəli olmasına şübhə yeri qoymur (bax: 12,s.152-157).
Gürcü tarixçiləri “Xəzər dili” ifadəsində e.ə. V1 əsrdə Gürcüstanda məskunlaşmış skiflərin (yə’ni sakların) dilinin nəzərdə tutulduğunu yazırlar(194,35).Həqiqətən də e.ə. 1V əsrdə Xəzər etnonimi hələ mövcud deyildi.
Orta Asiyanın və Qazaxıstanın tarixlərinə dair ümumiləşdirilmiş əsərlərdə oralarda sakların hələ Tunc dövründə (e.ə. III-II minilliklər) yaşamaları və həm də türkmənşəli olduqları göstərilmişdir(137,38-40).
Cənubi Qafqazda sakların yaşaması bir sıra qədim toponimlərlə təsdiqlənir. Kürdən cənubda-Gəncə bölgəsində qədim yunanca yazılışda (Cənubi Azərbaycan ərazisində, Xəzərin cənub qərbində də bir əyalət Sakasena və Şərqi Anadoluda da bir mahal Sakasena adlanırdı), Dağlıq Qarabağda Artsak (“Sak yüksəkliyi”), Zəngəzurda Si-Sakan (indiki Sisyan), Kür çayının sol sahilində, indiki Muğan düzündə Balasakan (“Sak düzü”) əyalət adlarını misal göstərmək olar (bax: 12).
Kür-Araz arası ərazidə Turan tayfasının hələ e.ə. yaşadığını və onun Sak adlandığını İran tarixçisi Məhəmməd Həsən xan da təsdiqləyir(51,28).
Sakların tərkibində tayfaların adları qədim mənbələrdə çəkilmir.Cənubi Qafqazda eradan əvvəlki əsrlərə aid bə’zi türk- mənşəli mahal və əyalət adları əsasında biz sakların Alban, Basian, Qarqar, Quqar, Gəncək, Şamak, Şarvan, Şirak və Uti tayfalarından ibarət olduqlarını yazmışıq(bax. 13) Bu tayfalardan Alban, Qarqar, Quqar və Şarvan tayfaları Gürcüstan ərazisində də yaşamışdır. Bu fikri həmin etnonimləri əks etdirən toponimlər aydın göstərir. Ona görə də biz həmin tayfalarla bağlı adları lüğətdə ayrı-ayrılıqda nəzərdən keçirəcəyik.
Qədim gürcü mənbələrində “sak” adı çəkilmir. Lakin bu mənbələrdə Makedoniyalı İsgəndər vaxtında (e.ə. 1V əsrdə) Gürcüstanda Xəzər dilində danışan əhalinin yaşadığı qeyd olunmuşdur. Q.A.Melikişvili haqlı olaraq yazmışdır ki, Xəzər adı altında ümumiyyətlə şimaldan Gürcüstana gəlib məskunlaşmış skif tayfaları nəzərdə tutulur(164). E.ə. 1V əsr üçün bu gəlmələrin içərisində saklar da olmalıdır. Deməli, gürcü mənbələri e.ə. minilliyin ortalarında gəlmiş türkmənşəli sakları erkən orta əsrlərdə yaxşı tanıdıqları xəzərlərlə eyniləşdirmişlər. Bu eyniləşdirmə hər iki etnosun türk dillərində danışmaları ilə bağlıdır. Sak etnonimi Gürcüstanda Sak-Yurd,Sakaosmta, Sakuriani,Sakadaqio və Şaqalı toponimlərində qalmışdır.
Quqarlar. Gürcüstan ərazisində azərbaycanlıların etnik tarixində sakların içərisində gəlməsi ehtimal olunan türkdilli quqarların da rolu olmuşdur.
Qafqazda qədim dövrdə quqarlar bir neçə bölgədə yaşayırdılar. Cənubi Qafqazda quqarlar əsasən Ermənistan-Gürcüstan sərhəd bölgələrində məskun idilər. A.Qrekə görə quqarlar Gürcüstanın indiki Borçalı-Axalkalaki rayonlarında məskunlaşmışdılar (110, 37). K.V.Trever Strabonun Kürdən cənubda qeyd etdiyi Qoqarena əyalətini Albaniya-İberiya sərhədlərində lokalizə etmişdir (222-98). Gürcü tədqiqatçıları quqarları gürcümənşəli tayfa hesab edirlər.Bu yanlış mülahizə Azərbaycanın Şəki-Zaqatala bölgəsinin tarixən Gürcüstana aid olmasını sübut etmək niyyəti ilə əlaqədardır. Aşağıda , 11 fəsildə bu barədə danışılacaqdır.
Gürcü tarixçiləri, xüsusilə A.Q.Şanidze və Q.A.Melikişvili hesab edirlər ki, qoqar etnonimi “Bibliya”da çəkilən qoq və maqoq tayfalarının adları ilə eynidir. “Bibliya”da isə qoq və maqoqların skif tayfaları olması fikri çoxdan mə’lumdur. A.Q.Şanidze başqa fikir də irəli sürmüşdür: qoqar etnonimində gürcü dilindəki “eri” sözü iştirak edir (232,365-372). Bizcə, gürcü dilindəki eri (er və “i” adlıq şəxs şəkilçisindən) qədim türkmənşəli ar, ər “kişi”,”döyüşçü” sözüdür. Bu barədə aşağıda deyəcəyik.
Quqar etnonimi quruluşca başqa qədim türkmənşəli avar, avşar, bolqar, qacar, gəngər, xəzər və s. etnonimlərlə eynidir.
Quqar adlı türk tayfasının mövcudluğu X əsr müəllifi Konstantin Baqryanorodnının Cənub-şərqi Avropada peçeneqlər içərisində bir tayfanı Kuyarçi adlandırması (bu barədə bax: 108,106-107) ilə təsdiqlənir. Türkoloqlar müəyyən etmişlər ki, peçeneqlərin dilində “y” səsi başqa türk dillərində “q” səsini ifadə edirdi (81 ). Bu belədirsə, onda Kuyarçi tayfasının adı Kuqarçi kimi bərpa oluna bilər. Bu etnonimin “çi” şəkilçisi bir sıra qədim türk tayfalarının adları üçün də səciyyəvidir (Danaçi, Qazançi, Quşçu və b.). Bir mə’lumata görə, Quqar adlı tayfa Orta Asiyada və ağ hunların içərisində də var idi.
Quqarların Cənubi Qafqaza gəlmə vaxtı müəyyən deyil. Q.A.Melikişvili quqarları saklarla eyniləşdirir. Bu fikir quqarların saklar içərisində gəlmə olması ehtimalımıza yaxındır.
VII əsrə aid ermənicə mənbədə Quqark əyalətinin 9 mahaldan ibarət olduğu göstərilir: Şorapor (Şor dərəsi), Çopapor (Çöp dərəsi), Kolpapor (Kolb dərəsi), Taşir, Trel, Kəngər, Ardaxan, Cavak və Klarçeti (71 ). Bu mahal adlarının hamısı (Çavak, gürcü mənbələrində Cavaxeti adından başqa, bu yer adı hələ e.ə. VIII əsrə aid Urartu mənbəyində Zavax kimi qeyd olunmuşdur) qədim türk tayfalarının adlarından ibarətdir.
Şorapor mahal adı Şor etnonimindən və ermənicə sonuna əlavə olunmuş por “dərə”, “vadi” sözündən ibarət olmaqla sözsüz ki, Qərbi Sibirdə indi də yaşamaqda olan türkdilli şorların etnik adını əks etdirir. Qeyd etmək lazımdır ki, aşağıda deyəcəyimiz kimi, X əsrdə Cənub- şərqi Avropada peçeneqlərin bir tayfası da Çor adlanırdı (bax: 106,108 ). Bu tayfa Azərbaycanda Çor-Yurt (yurt sözü göstərir ki, Çor müəyyən bir elin adıdır) və Corlu toponimlərində indiyədək qalmışdır. Bu tayfa adı Ermənistan ərazisində bir neçə kəndin adında təhrif olunmuş formada Şöllü (Şorlu-Şollu -Şöllü) kimi qalmışdır (bax: 6,s.443-444).
Əyalətin Tsopapor mahal adı (Çöp tayfa adından və ermənicə sonuna əlavə olunmuş por ”dərə” sözündən) quqarların içərisində Çop (Çöp) tayfasının adını əks etdirir.
V-VII əsrə aid erməni mənbələrində bu tayfanın yaşadığı mahal həm də Tsopk kimi yazılmışdır. Bu mahal Şərqi Gürcüstanda Banuşçay (Bənövşəçay dərəsi) və Dəbəd çayının aşağı axarı ilə lokalizə olunur (98,14). Bu adın ermənicə yazılışında “ts” səsi köklü “ç” səsini ifadə edir. Tsopk adının sonundakı “k” səsi qədim ermənicə əlavə olunmadır. Bir qayda olaraq bu səs tayfa adlarının sonlarına əlavə olunaraq həmin tayfanının məskunlaşdığı ərazini bildirir.
Ehtimal ki, bu tayfa Cənubi Qafqaza eranın ilk əsrlərində peçeneqlərin tərkibində gəlmişdir. Ona görə ki, Cənub- şərqi Avropada peçeneqlərin bir tayfası yunanca “ç” səsi olmadığına görə Tsopan (əsli Çopan) kimidir, bu da Çop tayfasının adından və “an“ şəkilçisindən ibarətdir.
Ermənistanda Pəmbək bölgəsində Altı-Çöp və Qara-Çöp kənd adları mə’lumdur. Lüğətdə bu barədə danışacağıq.
Kolpabor (Kolb dərəsi) mahal adı maraqlıdır. Bu elin adı barədə aşağıda ayrıca danışacağıq. Mənbədə qeyd olunan Taşir mahal adı V əsrdən mə’lumdur. Bu ad türk dillərində “Daş yeri” (Qayalıq yer) mə’nasındadır və tədqiqatçılara görə sonrakı Lori nahiyəsinin qədim adıdır.
Beləliklə, Quqar təmiz qədim türkdilli tayfa adıdır və ona görə də rus tarixçisi A.P.Novoseltsevin Quqark əyalətində əhalinin binadan gürcü və erməni olması fikri uydurmadır.
1 əsr müəllifi Strabona görə Qoqarena əslən gürcü əyalətidir və bu əyalət e.ə. 11 əsrdə Erməniyəyə birləşdirilmişdir. Lakin eramızın 1V əsrində bu əyalət yenidən Gürcüstana qaytarılmışdır (71,52).
Dostları ilə paylaş: |