4.4. GEOKİMYƏVİ ÜSULLAR
Geokimyəvi üsulların əsasını geokimyəvi meyarlar (neftqazlılığın əsas göstəriciləri və əlamətləri) təşkil edir. Bu üsullar yataqlardan miqrasiya edən karbohidrogenlərin birbaşa müəyyən olunmasına əsaslanır. Karbohidrogenlərin müəyyən edərkən geokimyəvi üsullar onların fiziki-kimyəvi xassələrini, süxurlarda, bitki və heyvanat aləmində, yeraltı sularda və torpaqda əmələ gətirdikləri dəyişiklikləri də öyrənir. Karbohidrogenlər neft və qaz yataqları üzərində miqrasiya nəticəsində (qırılmalar, çatlar və məsaməli süxurlarla) sərbəst sularda həll olmuş şəkildə geokimyəvi sahələr əmələ gətirir ki, buna geokimyəvi anomaliya deyilir. Belə geokimyəvi anomaliyalara karbohidrogen qazları, neft izləri, süxurlarda, torpaqda və lay sularında rast gələn neft sıralı bitumoidlər daxildir. Belə anomaliyalarda karbohidrogenlərin konsentrasiyası onların fon qiymətlərindən çox olur.
Neft və qaz yataqlarının axtarışında geokimyəvi tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır: 1. Yer səthində neft-qaz əlaməti görünməyən neftli-qazlı laylarda (qazma quyuları vasitəsilə), 2. Yeraltı sularda, 3. Neft və qaz yataqlarını örtən çökmə qatlarında.
Hazırda neft və qaz axtarışı işlərində aşağıdakı geokimyəvi tədqiqat üsulları tətbiq edilir: 1. Qaz planalması. 2. Bitum-lüminesstent planalması 3. Bakteriya planalması 4. Oksidləşmə-reduksiya potensialı 5. Qaz karotajı.
Yuxarıda qeyd olunan tədqiqat üsulları tətbiq olunma xüsusiyyətlərindən asılı olaraq iki yerə ayrılır: 1) Yer səthindən aparılan geokimyəvi üsullar (qaz, bitum və bakterial planalmalar). Bu tədqiqat üsullarından mükəmməl və regional axtarış işlərində istifadə edilir. 2) Qazma quyularında aparılan geokimyəvi üsullar (qazkarataj, qaz-kern və bitum-karotaj planalması). Quyularda aparılan geokimyəvi üsullar geoloji regionlarda qazılan struktur, dayaq, parametrik, axtarış qazma quyuları ilə əlaqədar olur. Dərinlik geokimyəvi tədqiqatları seçilmiş dayaq horizontundan götürülən süxur və su nümunələri üzərində aparılır. Belə tədqiqatların aparılma təcrübəsi göstərir ki, 100-500 m dərinlikdə yerləşən qaz, neft və su layları üçün ekran rolunu oynayan pis keçirici (örtük) süxurlarda geokimyəvi sahə (anomaliya) daha yaxşı müşahidə edilir. Geokimyəvi tədqiqatlar geoloji və geofiziki üsullarla birlikdə tətbiq olunduqda daha effektli olur.
Dostları ilə paylaş: |