Təşəbbüskarlığa qarşı günahkarlıq duyğusu (3–6 yaş): Bu yaş dövründə uşaqlar yeni‐yeni inkişaf etdirdikləri sərbəstlik duyğusunu istifadə edərək ətrafı araşdırmağa, dildən istifadəyə, bilik və sosial bacarıqlarını inkişaf etdirməyə başlayırlar. Bütün bu cəhdlər, adətən, təşəbbüskarlıq olaraq qiymətləndirilir. Başqa sözlə desək, bacarıqlarını artırmağa, daha çox çalışmağa və daha yaxşı etməyə başlayırlar. Bu dövrün ən təhlükəli cəhəti günahkarlıq hissinin oyanmasıdır. Daha sosial və artıq bir qrupun tərkibi olmağa başlayan uşaq, yavaş‐yavaş öz potensialını dərk etməyə başlayır. Bununla yanaşı uşaqda ətrafda baş verən pisliklərlə bağlı anlayış formalaşmağa başlayır. Bu dövrdə yaxın və ya uzaq ətrafı tərəfindən dəstəklənən, səhvlərini anlamasında, üzə çıxarmasında kömək görən, həvəsləndirilən uşaqlarda təşəbbüskarlıq hissi inkişaf etdiyi halda, əksinə davamlı olaraq tənqid edilən, cəzalandırılan uşaqlarda günahkarlıq hissi inkişaf etməyə başlayır18.
Çalışqanlıq və müvəffəqiyyətli olmağa qarşı özünəinamsızlıq hissi (6 – 12 yaş): Bu yaşlarda uşaqların maraqları oyuna yox, artıq akademik və sosial mövzular üzərində cəmlənməyə başlayır. Eyni zamanda, uşaq bu meyarlar baxımından özünü həmyaşıdlarıyla müqayisə edir. Öyrəndiyi və öhdəsindən gəldiyi işlərə görə tərif və dəstək gözləyir. Bu dövrdə uşaqlara qabiliyyətlərinə uyğun işlər verərək onlara özləriylə yarışmaq öyrədilərsə, müəyyən dövrdən sonra uşaqda qabiliyyətli olma duyğusu yaranmağa başlayacaq. Əks təqdirdə, onlardan bacardıqlarından artıq nəticə gözlənilməsi, üstəlik, elədiklərinin bəyənilməməsi, hətta ondan qabiliyyətli uşaqlarla müqayisə edilməsi uşaqda özünəinamsızlıq və ya zəiflik duyğusunun yaranmasına səbəb olar. Bu dövr, məlum olduğu kimi, uşağın ibtidai sinifdə oxuduğu dövrdür və bu zaman uşaqlar müəllimlərinin onların gördüyü işi tərifləməsini və qiymətləndirməsini istəyir. Belə olduqda, uşaq özünü çox böyük bir nailiyyət qazanmış kimi hiss edər və özünəinamı artar. Əks təqdirdə, uşaq özünü uğursuz, işbilməz kimi görər və onda özünəinamsızlıq duyğusu yaranmağa başlayar16.