HƏQİQİ HƏRBİ XİDMƏTDƏN BURAXILMA
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır:
a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar;
b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.
Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər.
Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:
a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa);
b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar;
v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar;
q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları).
Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar:
uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə;
hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə;
mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə;
qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda);
həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda;
e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar:
a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda;
b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda.
158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar:
a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar;
b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər.
Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar.
Bu maddənin «b» bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası çəkməkdən amnistiya ilə azad olunanlardan başqa) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər.
Şərti məhkum edilmiş, yaxud cəzasının icrası təxirə salınmaqla məhkum edilmiş və müvafiq birbaşa rəislər tərəfindən həqiqi hərbi xidmətdə saxlanılan hərbi qulluqçuların davranışlarına nəzarət müəyyən edilmiş qayda ilə hərbi hissə komandirləri tərəfindən həyata keçirilir.
Göstərilən həqiqi hərbi xidmətdə saxlanılan şəxslərin barəsində sonradan buraxılma üçün qərar verildiyi hallarda buraxılma belə icra olunur:
sınaq müddəti, yaxud hökmün icrası başa çatanadək (hökmün çıxarıldığı gündən iki ildən çox keçməmək şərti ilə) — bu maddənin «b» bəndi ilə şərti məhkum olunması, yaxud hökmün icrasının təxirə salınması və müttəhimin cəzasını azadlıqdan məhrum olunma kimi çəkmək üçün göndərilməsi barədə məhkəmə qərardad çıxardıqda, bu maddənin «a» bəndi ilə;
sınaq müddəti, yaxud hökmün icrasının təxirə salınması qurtardıqdan sonra və bundan asılı olmadan şərti olaraq, hökmün çıxarılmasından iki il ötdükdən sonra bu Əsasnamənin 156 və 157-ci maddələrində nəzərdə tutulmuş tələblər əsasında.
Xidməti vəzifəsini yerinə yetirərkən xəstələnmiş, yaxud xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular həmçinin sınaq, yaxud hökmün icrasının təxirə salınma müddətləri başa çatmadan bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslara görə ehtiyata, yaxud istefaya buraxıla bilərlər.
Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər.
Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar.
Törətdikləri cinayətə görə hərbi rütbələrindən məhrum olunmadan azadlıqdan məhrum edilmiş hərbi qulluqçular cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra əgər onlar bu Əsasnamənin 155-ci maddəsinin «a» bəndinin tələblərinə uyğun gəlsələr, ehtiyatda olan hərbi qulluqçuların müvafiq heyətinin hərbi uçotuna alınırlar.
159. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarələrə və onlara tabe olan idarələrə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçular bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslarla, həmin orqanların, idarə və təşkilatların təqdimatı ilə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar.
160. Dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir:
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, ali zabit heyəti — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları vaxtından əvvəl (bu Əsasnamənin 15-ci maddəsi) səhhətlərinə görə — hərbi hissə komandiri, ona bərabər və ondan yuxarı olanlar tərəfindən, ailə vəziyyətlərinə görə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən;
gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən;
zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar.
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir.
Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır.
Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.
Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir.
Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır:
polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən;
korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən;
Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən;
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən;
polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;
general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.
Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər.
Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir.
İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir.
Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər:
həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər.
Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.
Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir.
164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir.
Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir.
Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.
Müsbət attestasiya olunub ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular üçün işlərini və vəzifəsini təhvil verdikdən sonra aşağıdakı şəkildə təntənəli yola salma mərasimi keçirilir:
həqiqi hərbi xidmətdən buraxılan bölmə, hərbi hissə və birləşmə komandirlərini, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — hərbi bölmə komandirlərinin təntənəli yola salınması qaydası barədə göstərişə uyğun olaraq şəxsi heyətin düzülməsi ilə (16 saylı əlavə);
həqiqi hərbi xidmətdən buraxılan digər hərbi qulluqçulara — hərbi hissənin şəxsi heyətinin iclasında.
Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir.
Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir.
Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir.
Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.
Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir.
166. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz.
167. Ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular «Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat»la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Dinc dövrdə xəbərsiz itkin düşmüş və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılması korpus (diviziya) komandirinin, Silahlı Qüvvələr növlərinin komandanlarının, mərkəzi tabelikdə olan bölmələrin və hərbi hissələrin komandirlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarə, müstəqil şöbə (xidmət) rəislərinin vəsatəti əsasında hərbi qulluqçunun yoxa çıxması haqqında məlumatın alınmasından 3 ay gec olmayaraq onun xəbərsiz yoxa çıxmasının səbəblərinin və şəraitin təhqiqatının nəticələrinə görə müvafiq icra hakimiyyəti orqanının əmri ilə həyata keçirilir.
Əgər hərbi qulluqçu:
a) Azərbaycan Respublikasının müdafiəsi zamanı və ya başqa hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində;
b) hərbi əməliyyatlarda iştirak edən birləşmələrin və birliklərin tərkibinə daxil olan hərbi hissələrdə, qərargahlarda və ya idarələrdə hərbi xidmətkeçmə zamanı xəstələnmə nəticəsində;
v) //çıxarılıb// hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində həlak olmuşsa (ölmüşsə), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılma barədə əmrdə, hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrası ilə bağlı ölümünün səbəbləri göstərilir.
Əmlak və ya digər mülki hüquq məsələlərinin həllinə ehtiyac olduqda, hərbi qulluqçunun məhkəmə qaydasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunması Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
Törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası barədə sərəncamı hərbi hissəyə daxil olduğu andan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılırlar.
168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
XII fəsil
AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNDƏ EHTİYATDA OLANLARIN XİDMƏT KEÇMƏSİ
169. Hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılanlardan başqa) ehtiyata keçirilirlər.
170. Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından buraxılan hərbi qulluqçular, habelə hərbi xidmətdən azad edilən və ehtiyata keçirilən şəxslər yaşayış yerlərinə çatandan sonra üç gün müddətində hərbi uçota durmaq üçün hərbi komissarlıqlara gəlməyə borcludurlar.
Yaşayış yerlərini 3 aydan artıq müddətə dəyişən hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerləri üzrə hərbi uçotdan çıxmalı, yeni, yaxud müvəqqəti yaşayış yerində hərbi uçotda durmalıdırlar.
Ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında belə məqsədlər üçün yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu komissiyaların tərkibində iştirak etmək üçün həkimlər və başqa lazımi tibbi heyət müalicə müəssisələrindən müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılırlar.
Göstərilən komissiyaların işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əmək haqları saxlanılır.
171. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan yaradılır:
a) əsgərlərdən, matroslardan və çavuşlardan:
Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq həqiqi hərbi xidməti qurtardıqdan sonra, habelə xəstəliklərə, yaxud ailə vəziyyətinə görə ehtiyata buraxılmış əsgərlərdən, matroslardan, çavuşlardan və hərbi inşaatçılardan;
rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız sayılmış kişi cinsindən olan çağırış yaşlı (18—35 yaşlı) vətəndaşlardan;
Azərbaycan Respublikasının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında» Qanununun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlardan;
bu maddədə göstərilən cəzaçəkmə müəssisələrindən azad edilmiş və məhkəmənin hökmü ilə müəyyən edilmiş cəza növlərini çəkib qayıtmış vətəndaşlardan;
b) müddətdən artıq həqiqi hərbi xidmət əsgərlərindən, matroslarından və çavuşlarından;
Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış hərbi qulluqçulardan;
Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər, matros və çavuş vəzifələrində könüllü surətdə həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış qadın hərbi qulluqçulardan;
Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərində, Azərbaycan Respublikasının KHVİTC-nin təhsil təşkilatlarında, kurslarda, yaxud əməli işdə tibbi və başqa ixtisaslara yiyələnmiş, yaxud «Ehtiyatda olan gizir, miçman, əsgər və çavuşların uçotu haqqında Təlimatda göstərilən ixtisaslar almış, Azərbaycan Respublikası Silahlı Qüvvələri ehtiyatında olan 19 yaşından 45 yaşına qədər hərbi xidmətə yararlı olan qadınlardan;
v) gizirlərdən və miçmanlardan:
Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış gizir və miçmanlardan;
q) zabitlərdən:
həqiqi hərbi xidmətdən buraxılıb ehtiyata keçirilmiş zabitlərdən;
həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılarkən müəyyən olunmuş imtahanları verdikdən sonra zabit rütbəsi almış ali təhsilli çavuşlardan, əsgərlərdən və matroslardan;
mülki ali və orta ixtisas məktəblərində hərbi hazırlıq keçmiş müəyyən olunmuş imtahanları verdikdən sonra zabit rütbəsi almış şəxslərdən;
hazırlıq profilinə görə müvafiq hərbi ixtisasa yaxın olan mülki ali, yaxud orta ixtisas təhsili almış gizirlərdən, miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan onlara zabit rütbəsi verildikdən sonra;
həqiqi hərbi xidmətdə olmuş ali və orta təhsillə təlim toplanışlarından sonra ehtiyat zabitləri hazırlanması üçün müəyyən olunmuş imtahanları vermiş ehtiyatda olan gizirlərdən, miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan.
172. Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq, ehtiyatda olan hərbi vəzifəlilər yaş dərəcələrinə bölünür və aşağıdakı yaş hədlərinə qədər ehtiyatda qalırlar:
Hərbi vəzifəli qadınlar yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli ehtiyata keçirilirlər.
Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50 yaşdır.
Hərbi həkim komissiyası tərəfindən xəstəliyə görə dinc dövrdə 6, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə, müharibə dövründə hərbi xidmətə yararsız sayılan hərbi vəzifəlilər üçüncü dərəcəli ehtiyata keçirilirlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan gizirləri, miçmanları, çavuşları, əsgərləri və matroslarının uçotu qaydası «Ehtiyatda olan gizir, miçman, əsgər və çavuşların uçotu» haqqında Təlimata» uyğun tərzdə təşkil olunur, hərbi vəzifəlilərin və ehtiyatda olan zabit heyətinin attestasiyası, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi qulluqçuların ilk ehtiyat zabiti rütbəsinə təqdim olunmaları, ehtiyat zabitlərinin növbəti hərbi rütbələrə təqdim edilmələri, habelə ehtiyat zabitlərinin uçotunun təşkili qaydaları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat zabitlərinin uçotu və attestasiyasına dair Təlimatın tələbləri əsasında təşkil edilir.
173. Ehtiyatda olmağın yaş həddini keçmiş, yaxud hərbi-həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular hərbi qeydiyyatdan və hərbi uçotdan çıxarılır və istefaya keçirilirlər.
174. Hərbi vəzifəlilər hər an Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında durmaq üçün daim hazır olmağa, özlərinin hərbi hazırlıqlarını inadla artırmağa borcludurlar.
175. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi (təlim və yoxlama) və xüsusi toplanışlara çağırılırlar.
Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar:
birinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;
ikinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;
üçüncü dərəcəli ehtiyatda olanlar — bir ay müddətinə bir dəfə. Ehtiyatda olan birinci dərəcəli uçuş heyəti bu maddədə göstərilən təlim toplanışlarında iştirakdan başqa, birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər biri 40 gün müddətinə olmaqla beş dəfə toplanışa çağırılırlar.
Toplanışlar arasında ehtiyatda olan zabitlərlə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və hərbi komissarlıqlar tərəfindən təşkil edilən 30-60 tədris saatı həcmində komandir məşğələləri keçirilir. Ehtiyatda olan zabitlər komandir məşğələlərinə üç ildə bir dəfə cəlb olunurlar. Məşğələlər yaşayış yerləri üzrə keçirilir: şəhərdə yaşayanlarla — istehsalatdan ayrılmadan, yaxud cüzi ayrılmaqla (bütün təlim müddətində iki sutkayadək): kənd yerlərində yaşayanlarla — istehsalatdan ayrılmaqla.
Zabit vəzifəsi tutmaq üçün hazırlanan birinci dərəcəli hərbi vəzifəlilər üç aylıq təlim toplanışına çağırılırlar.
Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.
Hərbi toplanışların vaxtı və müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Hərbi toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı hər il Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Ehtiyatda olma dövründə hərbi toplanışların ümumi müddəti 18 aydan çox olmamalıdır.
Hərbi vəzifəlilər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə fövqəladə vəziyyət şəraitində, fövqəladə vəziyyətlərin nəticələrini aradan qaldırmaq, yaxud qarşısını almaq üçün (böyük qəzalar, təbii fəlakət, güclü epidemiya və başqa hallarda respublika əhalisinin hamısının, yaxud bir qisminin həyatını, yaxud normal həyat şəraitini təhlükəyə uğradan, yaxud uğrada bilən vəziyyətlərdə) üç ay müddətinə xüsusi toplanışlara çağırıla bilərlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə lazım gəldikdə hərbi vəzifəlilər qüvvədə olan qanunlara əsasən müəyyən edilmiş hərbi və xüsusi toplanışlarda vaxtından artıq üç ay müddətinə saxlanıla bilərlər.
176. Hərbi vəzifəlilərə ilk zabit rütbəsi bu Əsasnamənin 57 və 58-ci maddələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
177. Ehtiyatda olan zabitlərin hərbi rütbələrdə olma müddəti belə müəyyən edilir:
kiçik leytenant rütbəsində — 3 il;
leytenant rütbəsində — 3 il;
baş leytenant rütbəsində — 4 il;
kapitan rütbəsində — 4 il;
mayor rütbəsində — 5 il;
polkovnik-leytenant rütbəsində — 6 il.
178. Ehtiyatda olan zabitlərə baş leytenant hərbi rütbəsi də daxil olmaqla baş leytenantadək növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci maddəsinə əsasən əvvəlki rütbədə olma müddəti bitdikdən sonra və müsbət attestasiya olunduqda verilir.
Ehtiyatda olan zabitlərə kapitandan polkovnikədək (polkovnik hərbi rütbəsi də daxil olmaqla) növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci maddəsinə əsasən əvvəlki rütbədə olma müddəti bitdikdən sonra, müsbət attestasiya olunduqda və vəzifəsi üzrə tədris toplanışlarını müvəffəqiyyətlə keçdikdə verilir.
Verilmiş hərbi rütbədə olma müddətində toplanışlardan keçməmiş ehtiyat zabitlərinə kapitandan başlayaraq yuxarı növbəti hərbi rütbələr xalq təsərrüfatında hərbi uçot ixtisaslara yaxın lazımi iş təcrübəsi, yaxud onların həqiqi hərbi xidmətə çağırılacaqları halda təyin ediləcəkləri vəzifələr nəzərə alınmaqla zabit heyəti vəzifələrində xidmət təcrübəsi olduqda verilir.
179. Dinc dövrdə ehtiyatda olan zabitlərə hərbi rütbələr aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən verilir:
kiçik zabitlərə — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
baş zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
ali zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.
180. Ehtiyatda olan zabitlərə növbəti hərbi rütbələr ardıcıllıqla verilir.
Yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrı-ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda), yaxud müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə, istisna qaydasında, xidməti illərindən asılı olmayaraq, bu Əsasnamənin 177-ci maddəsində nəzərdə tutulduğu qaydada, lakin onun təyin edildiyi vəzifədə nəzərdə tutulan hərbi rütbədən yuxarı olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir — üç pillə yuxarı hərbi rütbə verilə bilər.
181. Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər:
gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.
Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər.
Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər.
Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağı salına, sonra müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud istefada olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər.
Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri hüquq və güzəştlər verilir.
Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda, yaxud istefada olarkən əvvəlki hərbi rütbələri verilibsə, onda onlar həqiqi hərbi xidmətdən buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər.
182. Ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, məhkəmənin hökmü ilə hərbi rütbələrindən məhrum edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan gizirlər, miçmanlar və zabitlər müvafiq icra hakimiyyəti orqanı, ali zabitlər isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi rütbədən məhrum edilə bilərlər.
Hərbi rütbələrindən məhrum edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların qüsursuz davranışlarından sonra bu Əsasnamənin 68-ci maddəsinə əsasən hərbi rütbələr verilə bilər.
183. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaqdan məhrum edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.
184. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir.
XIII fəsil
MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏT KEÇMƏNİN XÜSUSİYYƏTLƏRİ
185. Müharibə dövründə hərbi qulluqçular hərbi xidməti bu fəsillə və müharibə dövrü üçün qəbul edilmiş digər normativ hüquqi aktlarda nəzərdə tutulan xüsusiyyətlərin uçotu ilə keçirlər.
Bu fəsildə və müharibə dövrü üçün qəbul edilmiş başqa normativ hüququ aktlarda müharibə dövründə hərbi qulluqçularla iş aparılması, onlara hərbi rütbələr verilməsi, attestasiyadan keçirilməsi, məzuniyyətlərin verilməsi və hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamı ilə tətbiq olunur.
186. Səfərbərlik elan edildikdə:
a) həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar (bu Əsasnamənin 21-ci maddəsi). Hərbi hissələrin heyətləri siyahısından çıxarılmamış hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları barədəki əmrlər, xəstəliklərinə görə istefaya buraxılanlardan başqa ləğv edilir. Bu hərbi qulluqçular əvvəlki vəzifələrini icra etməyə başlayırlar, bu vəzifələrin başqa hərbi qulluqçular tərəfindən tutulduğu təqdirdə — müvafiq birbaşa rəislərinin göstərişləri ilə istifadə olunurlar;
b) bütün məzuniyyətlər, xəstəliyə, hamiləliyə və doğuşla əlaqədar məzuniyyətlərdən başqa (bu Əsasnamənin 119-cu maddəsi), habelə ezamiyyətlər (bu Əsasnamənin 145-ci maddəsi) dayandırılır və məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz xidmət yerlərinə qayıtmağa borcludurlar;
v) müəyyən edilmiş müddətli xidmət yerlərində xidmət edən hərbi qulluqçuların dəyişdirilməsi dayandırılır;
q) hərbi vəzifəlilər səfərbərlik əmrnamələrində, rayon (şəhər) hərbi komissarlarından aldıqları çağırış vərəqələrində, yaxud əmrlərində göstərilən müddət ərzində məntəqələrə gəlməlidirlər;
d) həqiqi hərbi xidmətdə olan və müharibə dövrünün ştatına görə əvvəlcədən vəzifələrə təyin edilmiş hərbi qulluqçular, habelə hərbi hissələrə təhkim edilmiş hərbi vəzifəlilər səfərbərliyə görə əvvəlcədən təyin olunduqları öz vəzifələrinin icrasına başlayırlar.
Səfərbərliklə əlaqədar göstərilmiş məntəqələrə vaxtında gəlməyən hərbi vəzifəlilər, vətəndaşların bu çağırış məntəqələrinə vaxtında gəlmələrinə mane olan idarə, müəssisə və təşkilatların, o cümlədən təhsil müəssisələrinin vəzifəli şəxsləri və başqa vəzifəli şəxslər, habelə üzürlü səbəblər olmadan məzuniyyətlərdən və ezamiyyətlərdən öz xidmət yerlərinə qayıtmayan hərbi qulluqçular müharibə dövrünün qanunları ilə məsuliyyət daşıyırlar.
187. Müharibə dövründə hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə səfərbərliyə görə sonrakı çağırılmaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanının əmrlərinə müvafiq olaraq hərbi komissarlıqlar tərəfindən həyata keçirilir.
188. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti müharibə dövründə bu Əsasnamənin 32, 33, 38, 40 («b» və «q» bəndlərindən başqa) və 171-ci maddələrinə uyğun hərbi qulluqçularla və hərbi vəzifəlilərlə komplektləşdirilir.
189. Hərbi rütbələrin verilməsi (bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilmiş döyüş fəaliyyətində iştirak edən hərbi qulluqçuların hərbi rütbələrdə xidmət müddətləri nəzərə alınmaqla), hərbi rütbələrin aşağı salınması, vəzifələrə təyin edilmə, hərbi qulluqçuların müharibə dövründə xidmət yerinin dəyişdirilməsi dinc dövrdəki kimi yerinə yetirilir.
190. Döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin hərbi qulluqçuları üçün hərbi rütbədə olması müddəti aşağıdakı kimi müəyyən edilir:
Korpus idarələri hərbi qulluqçuları üçün qoyulmuş xidmət müddətləri müharibə dövründə növbəti hərbi rütbə verilərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı idarələrinin, müstəqil şöbələrinin, Silahlı Qüvvələrin növləri xidmətlərinin hərbi qulluqçularına onların döyüş əməliyyatlarında yerinə yetirdikləri tapşırıqların xarakterindən və əhəmiyyətindən asılı olaraq tətbiq oluna bilər. Belə hallarda hərbi rütbədə olma illərinin ixtisarı məsələsini şəxsən göstərilən hərbi qulluqçulara şəxsən növbəti hərbi rütbə verən rəislər icra edir.
191. Müharibə dövründə hərbi qulluqçuların hərbi rütbədən məhrum edilməsi, yaxud rütbədə bərpa olunması bu Əsasnamənin 5-ci fəslində müəyyən edilmiş qaydalar üzrə yerinə yetirilir.
Müharibə dövründə hərbi rütbədən məhrum edilmiş şəxslərə sonradan özlərini əvvəlki, yaxud ona bərabər vəzifələri tutmağa layiq göstərsələr, onda onlara əvvəlki rütbələrinə bərabər, yaxud aşağı rütbələr verilə bilər. Belə hallarda rütbələrin verilməsi bu rütbəni verməyə hüququ olan vəzifəli şəxslər tərəfindən icra olunur.
192. Müharibə dövründə hərbi qulluqçuları vəzifələrə təyin etmək hüququna malik olan komandirlər və rəislər boş qalan yerləri vaxtında komplektləşdirmək məqsədi ilə daim vəzifədə irəli çəkilmək üçün namizədlər ehtiyatına malik olmalıdır.
Döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr, birləşmələr və idarəetmə orqanları hərbi qulluqçularla birinci növbədə daha tam komplektləşdirilməlidir.
193. Müharibə dövründə gizirlərin, miçmanların və zabitlərin attestasiyadan keçirilməsi onların xidmət üzrə başqa hərbi hissələrə yerdəyişməsi zamanı, eləcə də yuxarı birbaşa rəislərin tələbləri ilə aparılır. Attestasiya, onu imzalayan şəxsin alay (briqada), əlahiddə tabor komandirləri və onlara bərabər komandirlərdən aşağı olmayan ən yaxın birbaşa rəisi tərəfindən, attestasiya komissiyasında baxılmadan təsdiq edilir.
194. Müharibə dövründə hərbi qulluqçulara məzuniyyət yerlərinə gedib-qayıtma vaxtı sayılmadan 10 gün müddətində (bu Əsasnamənin 129-cu maddəsi) qısa müddətli məzuniyyətlər verilə bilər:
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin komandanlarına, qoşun növləri komandanlarına (rəislərinə), birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan idarələrin, müstəqil şöbələrin, xidmətlərin rəislərinə, korpus (diviziya), alay (briqada) komandirlərinə, həmçinin onların müavinlərinə — müvafiq icra hakimiyyəti orqanı tərəfindən;
Silahlı Qüvvələrin və qoşun növlərinin əlahiddə bölmələri, hərbi hissələrin və birləşmələrin komandirlərinə və onların müavinlərinə qoşun növlərinin komandanları tərəfindən;
Mərkəzə tabe olan əlahiddə bölmələrin hissələrinin komandirlərinə, habelə onların müavinlərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına qoşun növlərinin komandanları (rəisləri), idarə, müstəqil şöbələri rəisləri tərəfindən;
Qalan hərbi qulluqçulara — hərbi hissə komandirləri və onlara bərabər və yuxarı birbaşa rəislər (onların bilavasitə rəislərinin razılığı ilə) tərəfindən.
195. Müharibə dövründə hərbi qulluqçuların müalicəsi müalicə müəssisələrində başa çatdırılmalıdır. Hərbi həkim komissiyasının qərarı ilə müstəsna hallarda hərbi hissələrin komandirləri (bəzi hallarda isə hərbi hissənin siyahısından çıxarıldıqda hərbi müalicə müəssisəsinin rəisləri) tərəfindən xəstəliyə görə 30 gün müddətində məzuniyyət verilə bilər. Bu müddət qurtardıqdan sonra hərbi-həkim komissiyasının qərarı ilə xəstəliyə görə məzuniyyət yenə bu müddətə artırıla bilər, müvafiq tibbi göstəricilərə görə daha bir dəfə artırıla bilər. Ümumilikdə xəstəliyə görə məzuniyyət üç aydan çox olmamalıdır. Xəstəliyə görə məzuniyyət başa çatdıqdan sonra hərbi-həkim komissiyası hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmaması barədə qərar çıxarır.
196. Həqiqi hərbi xidmətdə olan, hərbi-həkim komissiyası tərəfindən müharibə dövründə hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular xəstəliyə görə istefaya buraxılırlar. Müharibə dövründə 6, yaxud 12 aydan sonra yenidən tibbi müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar isə ehtiyata buraxılırlar;
onların buraxılma əmrlərində göstərilən müddət keçdikdən sonra yenidən tibbi müayinədən keçmələrinin zəruri olduğu göstərilir.
Müharibə dövründə hərbi-həkim komissiyasının qərarına görə hərbi xidmətə yararsız, yaxud 6, ya da 12 aydan sonra yenidən tibbi müayinədən keçirilməklə müharibə dövründə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasını bu Əsasnamənin 160-cı maddəsində göstərilən, dinc dövrdə buraxılmanı həyata keçirən rəislər icra edirlər.
197. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir.
Səfərbərlikdən tərxisetmə üzrə hərbi xidmətdən buraxılan hərbi qulluqçular bir dəst geyim və ayaqqabı ilə təmin olunurlar. Belə hərbi qulluqçuların yaşayış yerlərinə aparılması və yolda qida ilə təmin edilməsi dövlət hesabına edilir.
198. Müharibə dövründə hərbi qulluqçuların uçotunun xüsusiyyətləri «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin uçotuna dair Təlimat»la müəyyən edilir.
«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə
1 saylı əlavə
___________________________________________ Komandirinə (rəisinə)
«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq son yaş həddindən artıq 5 il müddətinə qədər həqiqi hərbi xidmətdə saxlanmaları məqsədəuyğun olan ______________________________________________________________ siyahısını təqdim edirəm.
(hərbi hissənin adı, hərbi qulluqçuların heyəti)
|
Sıra №-si
|
Hərbi rütbəsi, soyadı, adı, atasının adı və tutduğu vəzifə
|
Təvəllüdü, nə vaxt və hansı hərbi, yaxud mülki ixtisas məktəbini bitirmişdir
|
Hansı müddətə xidmətdə saxlanması təklif edilir
|
Xidmətdə saxlanmasının məqsədəuyğunluğunun əsaslandırılması
|
1
|
Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik Cəfərov İlqar Mahmud oğlu, Bakı Ali hərbi Birləşmiş, Komandanlıq məktəbinin taktika kafedrasının rəisi (ştat kateqoriyası polkovnik-leytenant)
|
28 yanvar 1946-cı il, Frunze adına Hərbi Akademiya, 1976-cı il, hərb elmləri namizədi
|
_____ ilə qədər
|
Yüksək ixtisaslı, döyüş təcrübəsinə malik mütəxəssisdir
|
________________________________
(hərbi hissənin adı)
|
komandiri (rəisi) _____________________________________
(hərbi rütbəsi, imzası, soyadı)
«_____»____________________ 19___ il
|
|
|
|
|
|
|
«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə
2 saylı əlavə
__________________________________ Komandirinə (rəisinə)
«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanmaları məqsədəuyğun olan ____________________ _______________________________________________________________________________________
(hərbi hissənin adı, hərbi qulluqçuların heyəti)
siyahısını təqdim edirəm.
|
Sıra №-si
|
Hərbi rütbəsi, soyadı, adı, atasının adı və tutduğu vəzifə
|
Təvəllüdü, nə vaxt və hansı hərbi, yaxud mülki ixtisas məktəbini bitirmişdir
|
Hansı müddətə xidmətdə saxlanması təklif edilir
|
Xidmətdə saxlanmasının məqsədəuyğunluğunun əsaslandırılması
|
1
|
2
|
3
|
4
|
5
|
1
|
Baş gizir Rzayev Samir İmran oğlu, radio stansiyasının rəisi
|
18 avqust 1950-ci il, Bakı Rabitə texnikumu Xidmət illəri: (təqvim üzrə) — 18 il 7 ay,
güzəştli ____ il
|
_____ ilə qədər
|
İş bacarandır.
Xidmət illəri 20 il olana qədər
|
________________________________
(hərbi hissənin adı)
|
komandiri (rəisi) _____________________________________
(hərbi rütbəsi, imzası, soyadı)
«_____»____________________ 19___ il
|
|
|
|
|
|
|
«Hərbi xidmətkeçmə haqqında»
Əsasnaməyə
3 saylı ƏLAVƏ
|
Dostları ilə paylaş: |