5.
Portuqaliyalıların yeni torpaq axtarışları
Portuqaliyalılar hələ çoxdan Afrika sahillərini tədqiq etmək sahəsində Avropada
əslində aparıcı mövqeyə malik idi. 1441-ci ildə Portuqaliya gəmiləri Keyp Verdedən bir
qədər şimalda olan Seneqal çayına çatdılar və vətənə qara afrikalılardan ibarət olan
yüklə qayıtdılar. Onların çoxu sonra qul kimi Avropanın hər tərəfindəki varlı alıcılara
satıldı. Bir neçə il ərzində ildə bir minə qədər qul həmin zonadan Lissabona daşınırdı.
1471-ci ildə portuqaliyalılar Qərbi Afrikada qızıl mənbəyi tapdılar (bu zona
avropalılar üçün həmin vaxtdan Qızıl sahil kimi tanınır). Bir neçə il sonra onlar Mərkəzi
Afrikada Zair (Konqo) çayının mənsəbinə çatdılar. Qızıl, fil sümüyü və qul ticarətinə
yiyələnmək üçün portuqaliyalılar yerli hökmdarlardan torpağı icarəyə götürüb, orada
sahil boyunca daş istehkamlar tikdilər. 1498-ci ildə Vasko da Qama on il ondan əvvəl
Bartolomey Diasın kəşf etdiyi Xoş Ümid Burnunu dolanıb keçərək, cənubi-qərbi
Hindistan sahilindəki limana (Kelikat) gəlib çıxdı. O, burada «xristianları və
ədviyyatları» axtarmağa gəlmişdi, lakin heç bir xristian tapmadı, axtardığı ədviyyatları
isə tapdı. Salamat qalan gəmilərini ədviyyatla doldurub, geri qayıtdı, buna sərmayə
qoyanlar bir neçə min faizlə ölçülən mənfəətə sahib oldular.
Portuqaliya donanması hər il bu zonaya yollanır, ərəb gəmilərinin yükünü ələ
keçirmək və ədviyyat ticarətində öz inhisarını qurmaq istəyirdi. 1509-cu ildə
Portuqaliya armadası birgə türk və hind gəmilərindən ibarət donanmanı Hindistan
sahilində məğlub etdi və Qırmızı dənizin girişinə blokada qoydu. Bu vaxt onlar
ədviyyat ticarəti üçün daha geniş axtarışlara başladılar, 1511-ci ildə Malay
yarımadasındakı Malakka limanına gəlib çıxdılar. Molukkalara, indi ora Ədviyyat
adaları kimi tanınır, yol üzərində stansiya qurdular. Qanlı döyüşdə portuqaliyalılar
şəhəri tutub, yerli ərəb əhalisini qırdılar, bu, iki xalq arasında qəzəbli mübarizənin
başlanmasına səbəb oldu. Portuqaliya imperiyası Hindistanın və Çinin sahillərində
postlar yaratdılar, onlar Asiya regionunu müstəmləkəyə çevirməyi arzu edirdilər. Bu
istəyin reallaşmasında onların uğuru toplarına və fərasətli dənizçilərinə əsaslanırdı.
Dostları ilə paylaş: |