Praktiki funksiya. İqtisadi nəzəriyyənin bu funksiyası dövlətin iqtisadi siyasətinin əsaslandırılması, səmərəli təsərrüfatçılıq etməyin prinsip və metodlarını müəyyən etmək üçün əhəmiyyətlidir. İqtisadi nəzəriyyə qarşıya qoyulmuş vəzifələrin (məqsədlərin) yerinə yetirilməsinin mümkün olub-olmayacağını müəyyən etməlidir. İqtisadi nəzəriyyə dövlətin iqtisadi fəaliyyəti və sahibkarlıqla bağlı tövsiyələr hazırlayıb təklif edə bilər. Elmə əsaslanmaqla hazırlanmış iqtisadi siyasət daha uğurla reallaşdırılır.
İdeoloji funksiya. İqtisadi nəzəriyyə istənilən iqtisadi sistemin ziddiyyətlərini və onların həlli yollarını açıb göstərməlidir. İqtisadi nəzəriyyə təsərrüfatçı subyektlərin yaradıcı fəaliyyətinin ideya-nəzəri əsasını təşkil etməli və onu istiqamətləndirməlidir. Bu bir elm olmaqla, real gercəkliyi olduğu kimi, qərəzsiz əks etdirməlidir. İdeyalarda, baxışlarda dolaşıqlıq, kəskin mübarizə şəraitində yalnız elmilik prinsipi iqtisadi nəzəriyyənin obyektivliyini təmin edə bilər və mövcud iqtisadi sistemin həqiqi mənzərəsini açıb göstərə bilər.