Metodoloji funksiya. Bir çox konkret iqtisad elmləri mövcuddur və onlar üçün nəzəri baza olmalıdır. Belə bir nəzəri baza rolunu İqtisadi nəzəriyyə elmi oynayır.
1.4. İqtisadi kateqoriya və qanunlar
İqtisadiyyat elmi iqtisadi anlayışlar, iqtisadi kateqoriyaların köməkliyi ilə hadisə və prosesləri öyrənir, araşdırır, onların mahiyyətini və qanunlarını açıb göstərir. Lakin hər cür anlayış kateqoriya deyildir. İqtisadi kateqoriya dedikdə real iqtisadi gerçəkliyi əks etdirən məntiqi anlayış baa düşülür. İqtisadi kateqoriyalar cəmiyyətin iqtisadi həyatını ümumiləşdirilmiş şəkildə əks etdirir, onun ayrı-ayrı cəhətlərini nəzəri olaraq ifadə edir. Yəni iqtisadi kateqoriyalarda İqtisadi münasibətlər nəzəri olaraq ifadə olunur. Mülkiyyət, kapital, pul, mənfəət, əmtəə, dəyər, tələb, təklif, maliyyə və s. iqtisadi kateqoriyalardır.
İqtisadi qanun da kateqoriyadır, lakin mürəkkəb məzmunlu kateqoriyadır. Nəzəri tədqiqatların gedişində iqtisadi qanunun məzmunu, fəaliyyət mexanizmi və onlardan istifadə etməyin üsul və vasitələri müəyyən edilir.
Ən ümumi formada QANUN - hadisələr və proseslər arasındakı müəyyən zəruri münasibətdir, bu da onların daxili təbiəti və mahiyyətindən irəli gəlir. Hər cür əlaqə forması qanun deyildir. Qanun hadisələrdəki mühüm, möhkəm, sabit, təkrarlanan, səbəb və nəticə əlaqələrinin ifadəsidir. İqtisadi qanunları insanlar yaratmır, onlar obyektiv baş verən hadisələr və ya proseslərə məxsusdur. Bu cür hadisə və proseslər həm təbiət, həm də cəmiyyətdə baş verir. Ancaq onların qanunları, o cümlədən də iqtisadi qanunlar bir-birindən fərqlidirlər.
Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektivdirlər, yəni onlar insanların iradəsindən asılı olmayaraq meydana gəlib fəaliyyət göstərirlər. Ancaq təbiət qanunları insanların iştirakı olmadan fəaliyyət göstərirlər və daha uzun ömürlüdürlər.
İqtisadi qanunlar ən ümumi, ümumi və xüsusi qanunlar olmaqla fərqlənirlər.
Dostları ilə paylaş: |