Elmi abstraksiya – iqtisadi proseslərdə ən vacib amilin seçilməsi ilə ikinci dərəcəlilərin sərf-nəzər edilməsi deməkdir. Məsələn, Tələb və ya Təklif qanunu. Tələbə və təklifə çoxsaylı amillər təsir göstərir. Bunlardan əsası qiymətdir. Qiymətdən başqa bütün digər amillərin sərf-nəzər edilməsi ilə Tələb və Təklif qanunları ifadə olunur. Əks halda, çoxsaylı qeyri-qiymət amillərinin təsiri altında bu qanunauyğunluğu aşkara çıxarmaq olmazdı.
Təhlil və sintez – mürəkkəb iqtisadi hadisə və prosesin tam halında öyrənilməsi çətin olduqda, onun hissələrə ayrılması və hər bir hissənin ayrılıqda öyrənilməsindən (təhlilindən) sonra onların birləşdirilməsi (sintez edilməsi) deməkdir. Məsələn, İqtisadi münasibətlərin tam halında öyrənilməsi çətinlik törətdiyi üçün, onun tərkib hissələri olan mülkiyyət, istehsal, bölgü, mübadilə, istehlak münasibətləri ayrı-ayrılıqda öyrənilir. Sonra isə həmin biliklər əsasında iqtisadi münasibətlər haqqında fikirlər ümumiləşdirilir. İnfrastruktur kifayət qədər mürəkkəb bir sistem olmaqla, özündə çoxsaylı elementləri birləşdirir. Bu elementlərdən hər biri ayrılıqda öyrənildikdən sonra bütöv sistem haqqında dəqiq təsəvvür yaranır.
Həmçinin, təhlilin kəmiyyət və keyfiyyət tərəflərini və müqayisəli təhlili də qeyd etmək lazımdır.