1.6. Əsas iqtisadi məktəblər və cərəyanlar
Tarix boyu toplanmış iqtisadi biliklərə yiyələnmədən iqtisadi şüuru formalaşdırmaq, inkişaf etdirmək və fəallaşdırmaq qeyri-mümkündür.
Qədim elmin ən yüksək nümunələrini antik yunanlar və romalılar yaratmışlar. Bir çox iqtisadi hadisələr: mübadilə, pul, qiymət, ticarət, mənfəət, borc faizi hələ qədim misirlilərdə, yunanlarda və bəzi şərq mütəfəkkirlərinə məlum olmuşdur. Lakin quldarlıq cəmiyyətinin iqtisadi sisteminin, təsərrüfat fəaliyyətinin öyrənilməsi yunan filosofları Ksenofont, Platon və Aristotelə məxsusdur.
İqtisadi təlimin sistemli inkişafın mərhələsindən biri də merkantilizmdir. Merkantilizm (ital.merkante, ticarət, tacir) – iqtisadi nəzəriyyə məktəbi kimi İngiltərədə, Fransa və İtaliyada mövcud olmuşdur.
İctimai əmək bölgüsünün və mübadilənin inkişafı qapalı natural təsərrüfatın hüdudlarını aşmağa və iqtisadiyyatın müəyyən bir dövlətin hüdudları çərçivəsində vahid halda formalaşmasına gətirib çıxartdı. Bütün ölkənin xalq təsərrüfatı haqqında biliklərin yaradılmasına ehtiyac duyuldu.
1615-ci ildə Fransız iqtisadçısı Antuan de Monkretyen (1575-1621) özünün “Siyasi iqtisadın traktatları”nı nəşr etdirir. Burada o, təklif edir ki, istehsalın başlıca məqsədi olan ticarətin genişləndirilməsi siyasəti yeritmək lazımdır və sübut edir ki, istehsalın başlıca məqsədi ticarətdir.
Monkretyen “Ekonomiya” adını “Siyasi iqtisad”la əvəz edir ki, elmin bu adı indiyə kimi saxlanılır. Elmin adındakı “politiçeskaya” sözü də qədim yunan mənşəlidir. O, “polis” (şəhər, dövlət) sözündən götürülmüş və geniş məna yükünə malikdir – dövlət təsərrüfatını, ictimai təsərrüfatı idarə etmək mədəniyyətidir (bacarığıdır). Bu dövrün siyasi iqtisadı empirik xarakterdə olub dövlətin istifadə edəcəyi faktları, tövsiyələri verirdi. Bunlar isə dövlətin və monarxların gəlirinin artmasına xidmət edirdi.
Merkantilistlər qızıl və gümüşü sərvətin əsas mənbəyi hesab edir, daxili və xarici ticarət vasitəsilə bu sərvətin artırılması yollarını göstərməyə çalışırdılar. Merkantilizm elmi təlim və dövlətin əsas iqtisadi siyasəti idi. Dövlət öz iqtisadi siyasəti ilə daxili və xarici ticarətin genişlənməsinə, daxili bazarın xarici müdaxilədən qorunmasına yönəldilmiş tədbirlər həyata keçirməli idi. Hansı ölkədə olmasından asılı olmayaraq bütün merkantilistlər dövlətin iqtisadi proseslərə fəal müdaxiləsinə tərəfdar idilər.
Merkantilizmin görkəmli nümayəndələri sırasında İngiltərədə Tomas Man (1571-1641), Fransada A.Monkretyen (1575-1621), Jan Batista Kolber (1619-1683), Rusiyada İvan Pasaşkov (1652-1726) və b. göstərmək olar.
Fiziokratlar (yunanca fizis – təbiət; kratos – güc, hakimiyyət) – siyasi iqtisad məktəbi, XVIII əsrin ortalarında Fransada meydana gəlmiş, İtaliyada, İngiltərədə və Almaniyada yayılmışdır. Fransada bu məktəbin yaradıcıları Fransua Kene (1694-1774) və A.Tyurqodur (1727-1781). Fiziokratiya təliminə görə yalnız əkinçilik ictimai sərvəti artırır. Yalnız kənd təsərrüfatı əməyi məhsuldardır və “xalis gəlir” yaradır. Sənaye və ticarətdə “xalis məhsul” yaranmır və qeyri-məhsuldar sahələrdir. Sənaye kənd təsərrüfatının verdiyi xammalı emal edir, ticarət isə hazır əmtəələri satır. Onların gəlirləri “ikinci əldən” asılıdır.
F.Kene ilk dəfə olaraq ictimai məhsulun təkrar istehsalı prosesini və xalis məhsulun cəmiyyətdə bölgüsü məsələsini öyrənməyə səy göstərir. Cəmiyyətin üç sinifdən ibarət olduğunu və xalis məhsulun bu siniflər arasındakı bölgüsünü özünün “İqtisadi cədvəl”ində şərh edir.
Dostları ilə paylaş: |